- Daxili siyasət
- 11:02 02.10.2024
Hayastan radikal müxalifəti bir aydan çoxdur ki, Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya sahəsində əldə etdiyi razılaşmaya görə, Qazax rayonunun 1990-cı illərdə işğal edilmiş 4 kəndinin ölkəmizə qaytarılmasına etiraz əlaməti olaraq, kütləvi aksiyalar keçirir. Aksiyalara apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hər kəsə məlumdur. Hayastan mediasında və teleqram kanallarında B.Qalstanyanın qaranlıq keçmişi, xüsusilə onun Kanada yeparxiyasına başçılıq etdiyi dövrdə yol verdiyi nöqsanlarla bağlı vaxtaşırı yazılar dərc olunur. Maraqlıdır ki, bu cür yazılar təkcə hakimiyyətə yaxınlığı ilə seçilən KİV resurslarında deyil, müstəqil media vasitələrində yerləşdirilir.
Kimdir Qalstanyan?
Etirazçıların baş nazirliyə namizədi 1971-ci il mayın 20-də Leninakanda (indiki Gümrü) anadan olub. Dünyaya Vazgen adı ilə gəlib. Dini xidmətə başlayandan sonra Baqrat adını götürüb. Yeri gəlmişkən, Baqrat adının mənasını araşdırarkən məlum oldu ki, bu söz fars mənşəlidir. Onun dərin tarixi kökləri var və qədim ənənələrlə bağlıdır. Tərcümədə “Allahın verdiyi, Yaradanın hədiyyəsi” mənalarına gəlir.
Baqratın valideynləri İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Sanqibaran kəndindəndirlər. Onlar 1971-ci ildə Leninakana, 1977-ci ildə isə İrəvana köçüblər. Qalstanyan 1978-1988-ci illərdə İrəvandakı 156 saylı məktəbdə, 1988-1994-cü illərdə Gevorkyan ilahiyyat seminariyasında təhsil alıb. 1995-ci ildə seminariyanı bitirib və yepiskop Xosrova həsr olunmuş dissertasiya müdafiə edib. 1996-cı ildə bütün ermənilərin katolikosluğunun rəsmi nəşri olan “Eçmiədzin” jurnalının baş redaktoru təyin olunub. O, 2002-ci ildə katolikosluğun mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin direktoru və “Şoqakat” telekanalının direktorlar şurasının sədri olub. “İncili tanı” televiziya proqramında aparıcılıq edib.
2003-cü ildə Kanada erməni yeparxiyasının rəhbəri seçilib və yepiskop rütbəsi ilə mükafatlandırılıb. Qalstanyan Kanadada çalışdığı müddətdə həmin ölkənin vətəndaşlığını alıb. Hazırda ikili vətəndaşlığa malikdir. 2012-ci ildə Konkordiya Universitetini bitirib. 2013-cü ildə Ermənistana qayıdıb. 2013-2015-ci illərdə katolikosluğun kilsə konseptual məsələlər idarəsinin direktoru olub. 2015-ci ildə katolikos II Qaregin onu Tavuş yeparxiyasının rəhbəri təyin edib. 2017-ci ildə isə erməni apostol kilsəsinin ali ruhani şurasının üzvü seçilib. Şura katolikosun yanında fəaliyyət göstərən inzibati-məşvərətçi orqandır. Baqratın II Qareginlə yaxınlığı onun 2023-cü ildə arxiyepiskop dini rütbəsinə layiq görülməsi ilə nəticələnib.
Kilsəni girov qoyan “din xadimi”
Baqratın adı Ermənistanda geniş xalq kütləsinə bu ilin aprelində məlum olub. Məlum olduğu kimi, o, Tavuş vilayətində başlanan etiraz aksiyaları zamanı önə çıxıb. Onun başçılığı ilə tərəfdarları mayın 4-də Tavuşdan İrəvana doğru yürüşə başlayıblar. Yürüş iştrakçıları mayın 9-da paytaxtın Respublika meydanında ilk mitinqlərini keçiriblər. Mitinqdə Qalstanyan Nikol Paşinyanın istefasını tələb edib. Mayın 26-da erməni müxalifəti arxiyepiskopun baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Mayın 31-də isə etirazçılar xarici işlər nazirliyinin binası qarşısında ilk dəfə polislə qarşıdurmaya gediblər. Görünən odur ki, onlar qarşıdakı günlərdə də təxribatçı addımlar atmağa davam edəcəklər.
Ümumilikdə, etiraz aksiyaları nəticəsində Ermənistan paytaxtında həyatın ritmi tam olmasa da, qismən pozulub. Baş verənlər qeyd etdiyimiz kimi, Baqratın qaranlıq keçmişi ilə bağlı məsələlərin də gündəmə gəlməsinə səbəb olub. Bu istiqamətdə daha dolğun, faktlarla bol olan yazı Kanadada nəşr olunan həftəlik “Armenian Mirror-Spectator” qəzetində dərc edilib. Qəzet Baqratın hələ Kanadada işlədiyi dövrdə – 2013-cü ilin 20 iyul tarixli sayında yol verdiyi qeyri-qanuni əməllərin təfərrüatlarını təqdim edib. Məqalədə bildirilib ki, Qalstanyan əvvəlcə Kanada yeparxiyasını külli miqdarda borclarla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə (Kanadanın əhalisinin 80 faizi fransızdilli olan və ərazisinə görə ən böyük əyaləti–S.H.) erməni kilsəsini girov qoymağa cəhd edib.
Qəzet yazıb ki, Qalstanyanın macəraları bununla bitmir. O, bir neçə şəriki ilə kilsənin girov qoyulması istiqamətində gizli və qeyri-qanuni danışıqlar aparıb: “Proses yalnız növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb edən və qanunsuz sövdələşmənin üstünü açan vicdanlı həmyerlilərimizin (Kanadada yaşayan haylar nəzərdə tutulur–S.H.) operativ hərəkətləri sayəsində dayandırılıb”.
Üstəlik, Qalstanyan Kvebek əyalətinin ən böyük şəhəri olan Monreal yaxınlığındakı Laval şəhərindəki Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunub. Qeyd edilib ki, hazırda kilsənin borcu 1 milyon dolları ötür. Baş verənlər haqqında ətraflı hesabat Laval kilsə şurasının yeparxiya şurası və qəyyumlarla birgə iclasında təqdim edilib.
“Srbazan” özünü faş etdi
Yeri gəlmişkən, Baqrat jurnalistlərin ona Kanadadakı fəaliyyəti barədə suallar ünvanlamasını sevmir. Nəinki sevmir, hətta, bu zaman möhkəm əsəbiləşir. Elə bir neçə gün öncə də belə bir hal yaşanıb. Baş nazirliyə iddialı olan şəxs Kanadadakı əməlləri barədə ona sual ünvanlayan jurnalistə məntiqli, aydın və tutarlı cavab vermək əvəzinə deyib: “Bu, sənin işin deyil. Mən sənin tərcümeyi-halına qarışmadığım kimi, sən də mənim tərcümeyi-halıma qarışma. Sənin mənə belə suallar verməyə mənəvi haqqın varmı?! Sənin mənəvi keyfiyyətlərin yerindədirmi?!”
... Başqa kilsəyə beyət edibmiş
“Baqramyan 26” teleqram kanalı isə diqqəti digər incə nüansa yönəldib. Qeyd edib ki, Kanada vətəndaşlığını qəbul edən hər bir şəxs həm də Böyük Britaniya kralına və onun varislərinə sədaqət andı içir. Böyük Britaniya monarxı isə eyni zamanda, başqa bir kilsənin – Anqlikan kilsəsinin ali rəhbəridir. Kral və ya kraliça Böyük Britaniya baş nazirinin tövsiyəsi ilə arxiyepiskopları, yepiskopları və kafedralların rəhbərlərini təyin edir. “Baqramyan 26” yazıb ki, yəni, erməni apostol kilsəsinin ruhanisi kimi kilsəyə beyət edən şəxs gedib Anqlikan kilsəsinə rəhbərlik edən Britaniya monarxına sadiqlik andı içib.
“Baqrata elə gəlir ki...”
Hayastanın kifayət qədər populyar olan “Civil.net” saytı “srbazan”ın ikili vətəndaşlığının yaratdığı hüquqi maneələrlə bağlı yazısında bunları qeyd edib: “Baqrata, daha doğrusu, Vazgen Qalstanyana və onun arxasında duranlara elə gəlir ki, Ermənistanda hamı ya axmaqdır, ya da konstitusiya quruluşunun və konstitusiyanın nə olduğunu bilməyən neandertallardır. Vazgen Qalstanyanın ikili vətəndaşlığı var. O, həm də Kanada vətəndaşıdır və hazırkı Ermənistan konstitusiyasına görə heç bir halda baş nazir postunu tuta bilməz. Kanada vətəndaşlığından imtina etsə belə, baş nazir olmaq üçün konstitusion tələbləri yerinə yetirmək üçün 4 il gözləməli olacaq”.
Bildirilib ki, istənilən halda, heç bir səbəbdən, heç bir şəxs, qrup və ya kütlə tərəfindən Ermənistanda konstitusiya, konstitusiya quruluşu pozulmamalıdır və pozulmayacaqdır: “Ermənistan Respublikasında konstitusiya quruluşu əvvəllər heç vaxt – nə 1990-cı, nə 2000-ci illərdə, nə də 2018-ci ildə pozulub. Ruhani zehniyyəti olan kimsə konstitusiyanı və ya konstitusiya quruluşunu devirə biləcəyini düşünürsə, o zaman cinayət məsuliyyəti daşıdığını da bütün ciddiliyi ilə anlamalıdır”.
Daha bir erməni resursu – “Armenian Report”da yerləşdirilmiş “Srbazan layihəsinin iflası” sərlövhəli məqalədə qeyd edilir ki, Baqrat bütün Ermənistanda insanları itaətsizlik aksiyaları keçirməyə çağırsa da, onun çağırışına çox az insan cavab verir: “Arxiyepiskopun azsaylı tərəfdarları hələ də paytaxt küçələrində barrikadalar qurmağa və küçələri bağlamağa çalışırlar, lakin bunlar yaxın günlərdə sönəcək, necə deyərlər, afterşoklardır. Bəs Tavuşdan başlayan etiraz hərəkatı niyə İrəvan küçələrində söndü? Bunun bir neçə səbəbi var. Birincisi, xalqın böyük hissəsini öz ətrafına toplamaq üçün ləkəsiz, təmiz reputasiyaya malik fiqur lazımdır. Həmin şəxs xalqın bir nümayəndəsi olmasa belə, ən azı onların etibarını qazanmış şəxs olmalıdır. Baqrat Qalstanyan belə biri ola bilməz. Təkcə Kanadadan ona doğru uzanan korrupsiya ittihamlarının izlərinə baxın. Razılaşın ki, təkcə bu olay özünü “kristal kimi təmiz, xalqın xilaskarı” adlandıran Qalstanyanı rədd etmək üçün kifayətdir”.
Qeyd olunur ki, ikincisi, o, heç vaxt fəaliyyət proqramı təqdim etməyib: “Nə təklif edir? Paşinyanı devirməyi və Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmağı. Xüsusilə qeyd edək ki, bu, bizim hazır olmadığımız yeni müharibə təhlükəsidir. Necə ki, yeni qurbanlar verməyə də hazır deyilik. Baqrat heç bir alternativ təklif etməyib. Ermənistana yeni baxış haqqında heç nə deməyib”.
Ümumiyyətlə, maliyyə maxinasiyaları, xalqın sərvətlərinin oğurlanması, talan edilməsi hayların ən həssas yeridir. Təsadüfi deyil ki, Hayastan cəmiyyətinin əksər hissəsi Robert Koçaryan və Serj Sarkisyan iqtidarını hazırda məhz bunda ittiham edir. “YouTube” videohostinqində yerləşdirilən videolarda erməni cəmiyyətinin aktiv nümayəndələrinin “sabiqlər”in ünvanına tez-tez qəzəblə “talançineri” sözünü işlətdiklərini görmək mümkündür. Ehtimal edilir ki, bu söz erməni dilinə Azərbaycan dilindən keçib və dilimizdəki “talançılar” sözünün təhrif edilmiş formasıdır. Baqratın Kanadada işlədiyi dövrdə baş vermiş maliyyə yeyintiləri, dələduzluq əməlləri də onu cəmiyyətin gözündən salan əsas amildir. Bu səbəbdəndir ki, erməni xalqı onun siyasi tamaşasında epizodik rol da almaq istəmir.
Səxavət HƏMİD