- Daxili siyasət
- 11:02 02.10.2024
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun ardınca, Müdafiə naziri Andrey Belousov da qlobal təhlükə ilə bağlı “həyəcan təbili” çaldı.
***
Yada salaq ki, A.Bortnikov bu günlərdə Müstəqil Dövlətlər Birliyi məkanında “rəngli inqilab” dalğası haqqında söz açmışdı. O, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş iclasında çıxışı zamanı Qərbi ittiham etmiş və bildirmişdi ki, Qərb mərkəzləri MDB ölkələrində vəziyyətin pisləşdiyi və kütləvi iğtişaşlar baş verəcəyi təqdirdə, hakimiyyəti ələ keçirmək üçün “mühacirətdə olan hökumətlər” formalaşdırırlar. Rusiyanın baş kəşfiyyatçısı onu da vurğulamışdı ki, nəzərdə tutulan ssenarinin gerçəkləşdirilməsi naminə daxili böhranlara şərait yaratmaq əsas götürülür, bu məqsədlə təsir agentləri, nəzarət edilən müxalifət partiyaları və hərəkatları, qeyri-kommersiya təşkilatlarından və psevdomüstəqil mediadan istifadə olunur.
Bortnikov, eyni zamanda, Qərbin inqilab ritorikası baxımından iqtisadi amillərin ön planda dayandığını diqqətə çatdırmış və demişdi ki, ABŞ və Böyük Britaniya Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar adı altında MDB məkanında ticarət və maliyyə əməliyyatları üzərində total nəzarət qurmaq istəyirlər. Onun sözlərindən belə çıxmışdı ki, Qərb MDB-yə üzv dövlətlərin iqtisadiyyatlarının zərər görməsinə çalışır. Zərərin aktuallaşdığı dövrdə isə yaşamaq uğrunda mübarizə başlanacaq. Mübarizə çərçivəsində siyasi tərəfdaşlığı və mənəvi bağı deyil, iqtisadi faydanı əsas götürüb Qərbə meyillənənlər qurtulacaq (yaxud itirəcək). Digərləri, yəni əyilməyənlər daxili təbəddülatlar fonunda sıradan çıxacaqlar. Beləliklə, cənab Bortnikovun barəsində ehtiyatlanırmış kimi söz açdığı ssenari gerçəkləşəcək. Bundan ən böyük zərər, əlbəttə ki, Rusiyaya dəyəcək.
Əslində, Bortnikov prosesin bilavasitə Moskvanın mənafelərinə ziyan vuracağını vurğulamamışdı. Aydındır ki, bir-biri ilə zəncirlənmiş iqtisadi struktura malik MDB məkanındakı halqalardan hansınınsa sıradan çıxması böyük bazar titrəyişi deməkdir. Bu titrəyiş öz növbəsində “rəngli inqilab” dalğası üçün münbit şəraitin formalaşmasıdır. İnqilab nəticəsində yaranacaq hökumətlər isə şübhəsiz ki, anti-Rusiya yönümlü olacaq, nəticə etibarilə proseslər Moskvanın iqtisadi baxımdan təcridi reallığını doğuracaq. Təsadüfi deyil ki, cənab Bortnikov “MDB ölkələrinə hərbi-siyasi və iqtisadi təzyiqlər və müdafiə sahəsində müxtəlif formatlı əməkdaşlıqların tətbiqi davam edir” kimi fikir də işlətmişdi.
***
Bəs, A.Belausov nələrdən söz açıb və harada? Qeyd etdiyimiz ki, Bortnikov fikirlərini MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının iclasında açıqlamışdı. Yəni Rusiyanın hakim rol oynadığı təşkilatın toplantısında. Kremlin söz sahibi olduğu digər qurum isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Belousov bu hərbi təyinatlı birliyin Qazaxıstanda bir neçə gün əvvəl keçirilmiş Müdafiə Nazirləri Şurasının iclasında çıxış edərkən, Bortnikovun “həyəcan təbili”ndəki motivləri nisbətən fərqli tərzdə yenidən irəli sürüb. O, bir çox mətləblərdən söz açıb. Ancaq nazirin üzərində dayandığı və bizim üçün vacib olan başlıca məsələ Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsidir.
Rusiya MN rəhbərinin mövcud xüsusda nələrdən söz açdığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə onu bildirək ki, Ermənistan da KTMT-nin üzvüdür, ancaq qurumu boykot yolu tutub və Belousovun qatıldığı tədbirə nümayəndə göndərməyib. Ümumən, rəsmi İrəvan KTMT-nin ötənilki toplantılarında iştirakdan da nümayişkəranə tərzdə boyun qaçırıb. Heç şübhəsiz, bu sayaq addımlar İrəvanın anti-KTMT, daha geniş anlamda isə anti-Rusiya xəttinin davamıdır. Görünür, Belousov məhz bu səbəbdən Ermənistan – Azərbaycan münasibətləri baxımından Qərb təsiri üzərində daha ciddi şəkildə dayanır. O deyir ki, bu iki Cənubi Qafqaz ölkəsinə yalnız Qərb platformalarında sülh müqaviləsi, habelə, vasitəçilik xidmətləri təklif və tətbiq edilir.
İlk baxışdan Bakı və İrəvan arasında vasitəçilik dövrü geridə qalıb. Yəni hazırda Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya xüsusunda qarşılıqlı razılıq əsasında hərəkət edirlər. Ancaq Bortnikov Qərbin yeni “rəngli inqilab” ssenarisi barədə səbəbsiz danışmadığı kimi, Belousov da əbəs yerə vasitəçilik məsələsini gündəmə gətirməz. Hər halda, birinci kimi ikinci də kifayət qədər məlumatlıdır və onun sözlərindən belə qənaətə gəlmək mümkündür ki, delimitasiya və demarkasiya prosesləri əsasında Bakı – İrəvan təmasları ilə yekun sülh müqaviləsi tamam başqa-başqa mövzulardır. Daha dəqiq desək, ikinci xüsus Qərb – Rusiya rəqabəti baxımından aktuallığını qoruyur.
Qeyd edək ki, Rusiyanın Müdafiə naziri çıxışında sözügedən rəqabətin digər vacib komponenti barədə də söz açıb. Bildirib ki, NATO Qafqazda öz mövqeyini möhkəmləndirməyə, Xəzərin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışır. Deməli, Azərbaycan və Ermənistan arasındakı vasitəçilik məsələsi də bu baxımdan dəyərləndirilməlidir. Hərçənd, vasitəçiliyin Belausovun haqqında söz açdığı NATO komponenti ilə əlaqəsini tutmaq bir qədər çətindir və daha çox ehtimallar üzərindədir. Yəni Xəzərin enerji resurslarına sahiblənmək hara, Bakı-İrəvan vasitəçiliyi hara? Ola bilər, ikinci birincinin reallaşması baxımından hansısa mənəvi seqment rolunu oynayır, yaxud da Rusiyanın Müdafiə naziri ümumən təhlükə istiqamətlərini səbəb-nəticə əlaqələri olmadan pərakəndə şəkildə sadalayır. Hər bir halda, aydın olur ki, Azərbaycanla sülh müqaviləsinin hansı platformada imzalanması aktualdır və məsələ geosiyasi rəqabət nöqteyi-nəzərdən qiymətləndirilir. O da məlumdur ki, həmin rəqabətdə yer alan tərəf Ermənistandır. Belə olan halda düşünülə bilərmi ki, ölkənin KTMT müstəvisindəki fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi Azərbaycanla sülh müqaviləsi fonundakı duruma təsirsiz ötüşəcək? Belousovun fikirləri təsirin qaçılmazlığına dair mesajdır. Yəni sırf İrəvan baxımından təsir olacaq. Azərbaycan üçün isə prinsipcə yekun sazişin harada imzalanmasının fərqi yoxdur və ölkəmiz bunu dəfələrlə bəyan edib. O zaman hadisələrin hansı səmtə doğru irəliləyəcəyi maraqlıdır.
***
Gələk Belousovun haqqında söz açdığı növbəti məqama. Əslində, bu məqam daha çox Bortnikovun “rəngli inqilab” məntiqinə uyğun seqmentdir. Söhbət Gürcüstanda yaşanan proseslərdən gedir. Ancaq Bortnikovdan fərqli olaraq, Belousov sırf həmin proseslər fonundakı təhlükəni qabardır. Yəni, o vurğulayır ki, Gürcüstanda aktiv anti-Rusiya hərəkətləri axtarılır. Bunun üçün Qərb ölkədəki etirazları maliyyələşdirir və vəziyyəti qeyri-sabit saxlamağa çalışır. Söhbət Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu məsələsində yaranmış etiraz dalğasından gedir.
Digər tərəfdən, Bortnikov MDB-nin cənub sərhədləri yaxınlığında silahlıların təlim düşərgələrinin yarandığını bildirmiş və bunu “anqlo-saksların Mərkəzi Asiyada hansısa şəkildə yer almaq və regiona təsir cəhdlərinin nəticəsi” hesab etmişdi. O, regional münaqişələrin kənardan alovlandırılması tendensiyasından danışarkən, beynəlxalq terrorçu strukturların qidalanmaları naminə əlverişli şəraitin yaradıldığını da vurğulamışdı. Belousov isə bildirir ki, Əfqanıstan Mərkəzi Asiya regionunda qeyri-sabitliyin əsas mənbəyi olaraq qalır. Necə deyərlər, eyni dalğa, eyni koordinat.
Sonda onu da deyək ki, Qərbin istər Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsi, istərsə də tərəflər arasında sülh müqaviləsinin imzalanması məsələsinə, eləcə də, digər məqamlara yanaşmasındakı rəqabət trayektoriyasında başlıca hədəf var. Əslində, həm Bortnikovun, həm də Belousovun çıxışlarındakı “həyəcan təbili” bundan qaynaqlanır. Ayının min oyunu bir armudun başında olduğu kimi, Qərbin istəyi Rusiyanı tamamilə çökdürməkdir. Düşünmək mümkündür ki, hər iki ölkə rəsmisi çıxışlarında məsələni subliminal şəkildə qabardır. Mövcud durumda istər MDB, istərsə də KTMT üzvü olan ölkələrin çıxaracaqları nəticələr önəmlidir. Onlar gələcəkdə baş verməsi ehtimal olunan proseslərə münasibətdəki mövqelərini dəqiqləşdiməlidirlər. Yəni, öz cinahlarını müəyyənləşdirməlidirlər. Ya Qərbin planları qarşısında sipər olmalıdırlar, ya da Rusiyaya qarşı çıxmalıdırlar. MDB və KTMT üzvləri hansı yolu tutacaqlar, bunu əlahəzrət zaman göstərəcək.
Ə.CAHANGİROĞLU