- Daxili siyasət
- 11:02 02.10.2024
Avropa Parlamenti (AP) böyük korrupsiya bataqlığına çevrilib. 2022-ci ildə Avropanı sarsıdan “Qətərqeyt” qalmaqalı buna sübutdur. Bu korrupsiya hekayəsinin əsas oyunçuları spiker müavini Eva Kaili, Avropa Parlamentinin deputatları Mark Tarabella, Andrea Kozzolino, Pier Antonio Panzeri və Nikolo Fiqa-Talamanka idi. Onların hamısı rüşvət almaqda və Aİ siyasətinə təsir etmək cəhdində ittiham olunurdular. Buna görə də AP-də maliyyə fırıldaqları adi hala çevrilib. Bu günlərdə “Politiko” saytının materialı da bunu təsdiqləyir.
“Köhnə qitə”də yenə köhnə qalmaqallar yeni formada gündəmi zəbt edib. ABŞ-nin “Politico” saytı yazır ki, Belçika polisi ötən çərşənbə günü Avropa Parlamentində reydlər keçirib. Brüsseldəki şəxsi iqamətgahda və Strasburq ofisində aparılan axtarışlar “Avropanın səsi” internet saytında “Rusiya propaqandasını” təbliğ etmək üçün avrodeputatlara pul ödənildiyi iddia olunan “Rusiyaqeyt” ilə bağlıdır. Belçika hüquq-mühafizə orqanlarından bildirilib ki, “Avropa Parlamenti əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”.
“Politico” istintaqla tanış olan iki anonim şəxsin sözlərinə istinadən yazır ki, Belçika polisi ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasında çalışmış parlament köməkçisinin əlaqələrini araşdırır. İndi həmin şəxs ifrat sağçı hollandiyalı deputat Marsel de Qraffın yanında işləyir. De Qraaffın ofisi saytın sorğusuna cavab verməyib. AfD son aylarda bir sıra qalmaqallarla üzləşib və aprel ayında Avropa Parlamentinin yüksək rütbəli deputatı Maksimilian Krahın köməkçisinin həbsi bütün media orqanlarının müzakirə mövzusuna çevrilmişdi. Almaniya hüquq-mühafizə orqanları Jian G. adlı köməkçinin “Çin məxfi xidmətinin əməkdaşı” olduğunu bildirmişdi.
Bundan qısa müddət sonra Almaniyanın Drezden dövlət prokurorları Krahın “Avropa Parlamenti deputatı kimi fəaliyyətinə görə” Rusiya və Çindən ödənişlər qəbul etməsi ilə bağlı ilkin araşdırmalara başlayıb. “Politico”nun məlumatına görə, bu ayın əvvəlində Belçika və Almaniya polisi casusluq təhqiqatı ilə əlaqədar Maksimilian Krahın Avropa Parlamentinin ofisində axtarış aparıb. Avropa Parlamentinə seçkilərdə AfD-nin əsas namizədi olan M.Krah casusluq və korrupsiya iddiaları, habelə nasist dövründən qalma Waffen-SS ilə bağlı son qalmaqallı ifadələrindən sonra seçki kampaniyasını dayandıracağını və partiyasının liderlik şurasından istefa verəcəyini açıqlayıb. Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı “Politico”ya şərh verməkdən imtina edib.
Xatırladaq ki, bu, Belçika polisinin keçirdiyi ilk belə əməliyyat deyil. Ötən ilin aprel ayında Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın etmişdilər. Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır və üzvləri ən çox yerə sahibdirlər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirib ki, basqın Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır. İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən mükafat alması ilə bağlı iddiaları araşdırır. Avropa Xalq Partiyasının üzvləri Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilərdir.
Yeri gəlmişkən, xatırladaq ki, Avropa Parlamentinin divarları arasında Avropa İttifaqının qanunverici orqanında ermənipərəst və anti-Azərbaycan qətnamələrini fəal şəkildə təbliğ edən erməni dostluq qrupu fəaliyyət göstərir. Qrupun fəaliyyətində əsas hərəkətverici qüvvə erməni mafioz lobbisinin “boz nüfuzu” milyarder Kaspar Karampetyanın rəhbərlik etdiyi Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyasıdır (EAFJD). Sonuncular Qarabağın işğalı illərində avropalı deputatların qeyri-qanuni səfərlərini təşkil edib, qondarma “artsax respublikası”nı beynəlxalq aləmdə tanıtmaq üçün dəfələrlə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə açıq çağırışlar ediblər. Eyni zamanda, EAFJD avropalı deputatların bütün antiazərbaycan təşəbbüslərini səxavətlə ödəyib.
Mayın 10-da ABŞ-nin “Atlantic Council” təşkilatının saytında da Avropa Parlamentini bürüyən qalmaqallarla bağlı məqalə dərc olunmuşdu. Materialda qeyd edilir ki, bu ilin əvvəlində Hollandiyanın “Pulları izləyin” platforması Avropa İttifaqının iyirmi iki üzv ölkəsindən olan Avropa Parlamentinin daimi üzvlərinin 25 faizinin milli və ya beynəlxalq səviyyədə hansısa qalmaqalda iştirak etdiyini bildirir. İstintaqın ümumi mövzusu avropalı deputatların xarici dövlət rəsmiləri ilə əlaqəsi olub. Hesabatda 2022-ci ilin dekabrında bir neçə avropalı deputatın “təsir üçün nağd pul” sxemində iştirak etdiklərinə görə həbs edildiyi yüksək profilli “Qətərqeyt” qalmaqalı da yer alıb.
“Atlantic Council” təşkilatının materialında yazılır ki, qarşıdan gələn seçkilər Avropa Parlamentinin xarici müdaxilədən qorunmasının aktuallığını artırır. Buna nail olmaq üçün Aİ təsisatları xarici təsirin daha sərt tərəflərini təqdim etməli, habelə hüquqi cəhətdən məcburi olan tənzimləmələrdə islahatlar aparmalıdır. Eyni zamanda, Aİ deputatları şəffaflıq və antikorrupsiya islahatlarının üzv dövlətlərin vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə xələl gətirməməsini təmin etməlidir. Saytda bildirilir ki, hazırda Avropa Parlamentinin hazırkı və keçmiş deputatları çox vaxt Rusiya və ya Çinlə əlaqəli xarici hökumətlərlə qalmaqallara qarışıblar: “Mart ayında Avropa Parlamenti 2004-cü ildən Rusiya agenti kimi işləməkdə ittiham olunan latviyalı deputat Tatyana Jdanokla bağlı araşdırmaya başlayıb. Xəbər saytları Jdanoku Rusiya FSB-də işləyən bir işçi ilə əlaqələndirən çoxsaylı məktublar dərc edib”. Bundan əlavə, “Atlantic Council” qeyd edir ki, “Avropanın səsi” saytının bəzi videoları, görünür, Avropa Parlamentinin şəxsi studiyası olan “VoxBox” da çəkilib və Kremlin tezislərini, o cümlədən Ukraynanın Aİ-yə daxil olmasına və Rusiya ilə sülh danışıqlarının lehinə arqumentləri yaymaq üçün qurumun yayım sisteminin “ürəyindən” istifadə edib.
ABŞ təşkilatı materialında belə bir suala cavab axtarıb: Aİ demokratiyanı qoruya biləcəkmi? “Qətərqeyt”dən sonra Avropa Parlamenti və Avropa Komissiyası Aİ-də demokratik prosesin qorunması qaydalarını sərtləşdirib. “Atlantic Council” xatırladır ki, ötən ilin sentyabr ayında parlament avrodeputatların şəxsi maraqlarına dair ətraflı bəyannamələr, ildə beş min avrodan çox xarici gəlirlərin hesabatı və Aİ-də qərar qəbuletmə prosesinə birbaşa təsir göstərə biləcək pullu lobbi fəaliyyətlərində iştirakın qadağan edilməsini tələb edən yeni qaydalar qəbul edib. Bundan başqa, Avropa Komissiyası 2023-cü ilin dekabrında Avropa Parlamentinin 2024-cü il seçkilərinə hazırlıqla bağlı islahatları ilə eyni vaxtda “Demokratiyanın qorunması” paketini qəbul edib. Plan şəffaflığı artırmaq və Avropa institutlarını korrupsiyadan qorumaq üçün hazırlanmış qaydaları ehtiva edir.
“Atlantic Council”in materialında ehtimal edilir ki, antikorrupsiya islahatları Aİ institutlarına öz reputasiyalarını bərpa etməyə və şəffaflıq, habelə dürüstlüyün təmin olunmasına kömək edəcək. Ancaq son qalmaqal xəbərləri göstərir ki, korrupsiya mərəzinə tutulmuş Avropa Parlamentinin fəaliyyətində şəffaflığı təmin etmək çox çətin olacaq.
S.ELAY