- Daxili siyasət
- 11:02 02.10.2024
Müharibə qurtarıb, Qarabağ münaqişəsi öz həllini tapıb, qalır ermənilərin “yeraltı tələ”lərini torpaqlarımızdan təmizləmək. Mina partlayışı təkcə insan həyatına təhlükə yaratmır, həm də ətraf mühitə ciddi ziyan vurur. Uzun müddət torpağın altında qalan minalarda zərərli kimyəvi reaksiyalar gedir, təhlükəyə görə istifadədən kənarda qalan torpaqlarda eroziya və aşınma baş verir. Bu mənada Azərbaycan 30 ildən çoxdur ki, mina problemindən əziyyət çəkir. Təsadüfi deyil ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrin siyahısına daxildir. Bu gün işğaldan azad etdiyi əraziləri öz hesabına yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsait sərf etməyə məcburdur.
Bu barədə dünən Zəngilanda işə başlayan “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransında geniş müzakirə aparılıb. Bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələrinin, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin, yerli və beynəlxalq mütəxəssislərin, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsinin qatıldığı konfrans mina təhlükəsizliyi kimi qlobal məsələyə həsr olunub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciəti oxunub.
Müraciətdə qeyd olunur ki, Azərbaycan minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işləri görür və hazırda imkanları əvvəlki illərlə müqayisədə xeyli artıb. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini, demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı mina qurbanlarının sayının artmasının başlıca səbəbinin Ermənistanın ərazimizdə basdırdığı minaların dəqiq xəritələrini verməkdən imtina etməsi olduğunu vurğulayıb.
* * *
Hələ də davam edən “yeraltı müharibə”nin fəsadlarına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Torpaqlarımızın minalardan təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, Qarabağda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün doğma yurduna qayıtmasına maneə olur. Separatçılar hətta cəbhə xəttindən uzaqdakı yollara, qəbiristanlıqlara, mülki təyinatlı başqa obyektlərə tələ xarakterli minalar yerləşdiriblər.
ARAYIŞ: Postmüharibə dövründə 361 mülki vətəndaşımız mina qurbanına çevrilib. Onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ötən əsrin 90-cı illərinin əvvəlindən bugünədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, 595-i həyatını itirib. Aparılan minatəmizləmə işləri nəticəsində Qarabağ iqtisadi rayonumuzda 140 min hektara yaxın ərazi 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. İlkin qiymətləndirməyə görə, ölkə ərazisinin təxminən 12 faizi 1,5 milyon mina, eləcə də naməlum mənşəli partlamamış hərbi sursatla çirkləndirilib.
Konfransda çıxış edənlər, həmçinin minaların vurduğu humanitar fəsadların aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin həm siyasi, həm də praktiki dəstəyinin əhəmiyyətini vurğuladılar. “Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun çıxışında minaları insanların yer üzündə yaratdığı xərçəng xəstəliyinə bənzədib. Onun sözlərinə görə, ərazilər minalardan təmizləndikdən sonra həmin torpaqlarda ağacların əkilməsi, üzüm plantasiyasının salınması onları yenidən həyata qaytaracaq: “Üstəlik, əkilən ağac karbon qazını udur. Beləliklə, bu, dünyanın biznes modelidir. Biz bütün dünyada dinc iqtisadiyyat, minalardan təmizlənmə, yaşayış məntəqələrinin bərpası və əhalinin məskunlaşdırılması ilə bağlı məsuliyyət daşıyırıq”.
* * *
“Qarabağda mina probleminin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq dəstəyi gücləndirmək lazımdır”. Bunu konfransdakı çıxışında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadratkilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.
Son üç il yarımda Azərbaycan üzləşdiyi mina probleminə paralel olaraq, dünyanın diqqətini bu bəlaya yönəltmək üçün çoxsaylı təşəbbüslər göstərib. Buna misal olaraq, keçən il humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilməsini göstərə bilərik. Bu istiqamətində ölkəmiz məqsədyönlü və davamlı iş aparır. Bundan başqa, Bakı Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması ideyasını da irəli sürüb.
Konfransda Qarabağa ilk dəfə qədəm qoyan xarici qonaqların çıxışları xüsusi maraqla qarşılanırdı. “Qarabağa səfərim çərçivəsində heyrətamiz minatəmizləmə və yenidənqurma işlərini gördükdən sonra Zəngilanda minatəmizləmə mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edirəm. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının Zəngilanda təşkil etdiyi konfransda Almaniyanın dünyada və Azərbaycanda minalarla mübarizə fəaliyyətinə verdiyi dəstəyi vurğulamaq imkanım var”. Bu paylaşımı Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
* * *
Çıxışında minalarla mübarizə üzrə konfransı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bir-biri ilə sıx bağlı olduğunu diqqətə çatdıran BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviçin sözlərinə görə, bu əlaqə tədbirlərin ətraf mühit və iqlim dəyişikliyinin dayanıqlılığına nail olmaq üçün dəyişikliyə səbəb olan fəaliyyətlərə yönəldilməsindən qaynaqlanır.
Qeyd edək ki, Azərbaycan son üç ildə BMT ilə müştərək mina təhlükəsinə həsr edilmiş bir sıra beynəlxalq konfranslara evsahibliyi edib. Zəngilan konfransı çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət protokolunun imzalanması gözlənilir. Yəni, Azərbaycan bu sahədə topladığı acı təcrübəsini oxşar problemlə üzləşən dünya ölkələri ilə bölüşəcək.
Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (MDİHK) Qarabağda infrastruktura dəyən bərpaolunmaz ziyanın miqyasından sarsıldığını konfrans iştirakçılarının nəzərinə çatdıran İslam Əməkdaşlıq Təşkilatının MDİHK-nın sədr müavini Hacı Ali Açıkgülün sözlərinə görə, minalar mülki şəxslər, o cümlədən uşaqlar arasında çoxsaylı itki və xəsarətlərə səbəb olub və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına əhəmiyyətli dərəcədə maneə törədib: “Minaların mövcudluğu, həmçinin kənd təsərrüfatı fəaliyyətlərinə, infrastrukturun inkişafına və təsirə məruz qalan rayonlarda ümumi iqtisadi bərpaya mane olur”.
Xankəndidən qovulmuş separatçıların basdırdıqları minalar, partlamamış hərbi sursatlar hələ də canlar almaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Mütəxəssislər deyirlər ki, minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və təhlükəli prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Eyni zamanda, Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz statusunu qazanıb.
Fərhad MƏMMƏDOV,
politoloq
– Mina təhlükəsi ölkəmiz üçün hələ uzun illər aktual olaraq qalacaq. Azərbaycan həm də dünyanın diqqətini artıq bu problemə cəlb etməyi bacarıb. Zəngilan konfransı bunun əyani nümunəsidir. Bakı donor təşkilat və ölkələrin mövcud resurslarını səfərbər etmək niyyətindədir. Məqsəd bu bəlaya düşənlərə yardım etmək üçün beynəlxalq ictimaiyyətin imkanlarını genişləndirməkdir.
Adətən, belə konfranslardan sonra bəzi ölkə və təşkilatların Azərbaycana dəstək vermələrinin şahidi oluruq. Burada əsas məqam, əlbəttə ki, Ermənistanın törətdiyi hərbi cinayətdir. Azərbaycan bu faktı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin unudulmaması çərçivəsində atılan addım kimi görür. Bu, çox doğru siyasətdir. Yəni İrəvana hər zaman işğalçı olduğu xatırladılmalıdır ki, gələcəkdə belə addımlar atmağa cürət eləməsin.
Üçüncü məqam isə ondan ibarətdir ki, dünyanın bir çox yerlərində müharibələrin getdiyi şəraitdə mina problemi də qloballaşır. Azərbaycanın bu sahədə qazandığı təcrübədən digər ölkələr də yararlana bilər. Minalanma müharibənin isti fazasının ayrılmaz hissəsidir. Və ona qarşı mübarizədə Azərbaycan həmişə fəal iştirak edəcək.
İmran BƏDİRXANLI