- Daxili siyasət
- 12:40 07.09.2024
Durum gərgindir. Söhbət Erməni apostol kilsəsi ilə Ermənistan hakimiyyəti arasındakı münasibətlər fonundakı vəziyyətdən gedir. O vəziyyətdən ki, getdikcə daha çox gərginləşmə ehtimalı var. Bütün ermənilərin katolikosu II Qareginin başçılığı ilə keçirilmiş toplantı və onun yekunları ilə bağlı verilmiş bəyanat da fikrimizin təsdiqidir. Belə qənaət formalaşır ki, həmin sənəd Erməni apostol kilsəsinin baş nazir Nikol Paşinyana qarşı müqavimət əzminin məhsuludur.
Kilsə Paşinyan və komandası qarşısında geri çəkilməyəcəyinə dair mesaj verir. Mesajın konkret nədən ibarət olduğundan söz açacağıq. Ancaq əvvəlcə Eçmiədzindəki məclislə bağlı diqqətçəkən bir məqamı vurğulayaq. Tədbiri əks etdirən fotolarda II Qareginin yanında Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yer aldığı görünür. Elə bu görüntülərə nəzərən kilsənin mesajının kifayət qədər aydın olduğunu söyləyə bilərik. II Qaregin Ermənistanı gələcəyə özü kimi keçmişin qalıqları ilə daşımaq niyyəti güdür.
Erməni apostol kilsəsinin ölkənin əvvəlki hakimiyyətinin təmsilçilərinə siyasi sərmayə yatırması reallıqdır. Arxiyepiskop Baqrat Qalstanyan kimilərinin ortaya atılması “planın” tərkib hissəsidir və aysberqin görünən tərəfidir. II Qareginin “arsenalında” daha fərqli kaliberli baqratların olması şübhə doğurmur. Ancaq bir məsələ də var ki, Ermənistan iqtidarı həmin baqratlar üçün mübarizə çəmbərini xeyli daraldır. Necə? Çox sadə şəkildə – kilsəni cəmiyyətin gözündən salmaqla.
Əslində, Erməni apostol kilsəsi daxilində baş verən proseslər, mənəvi aşınma halları cəmiyyətə çoxdan, özü də yaxşı bəllidir. Sadəcə, cəmiyyətin müəyyən kəsimi bu barədə danışmır, ümumən din amilinin həssaslığını nəzərə alaraq, mövzudan uzaq durur. Paşinyan və tərəfdarları isə tabuları sındırmaqda israrlıdırlar. Görünür, olanlardan nəticə çıxarırlar.
Bolşevizmin lideri Lenin deyirdi ki, bir quruluşu sıradan çıxarmaq istəyirsinizsə, ilk növbədə onun üzündəki müqəddəslik maskasını yırtıb atmalısınız. Hazırda Paşinyanın komandası məhz bu işlə məşğuldur. Məsələn, Nikolun jurnalist dostları müxtəlif sosial şəbəkə profillərində II Qaregin barədə son dərəcə alçaldıcı faktları tirajlayırlar. Baş katolikos uşaqbazlıqdan tutmuş kilsə əmlakının talanmasına, dövlətə vergi verməkdən boyun qaçırmaya və insan alverinədək bir çox nalayiq hərəkətlərdə günahlandırılır. Belə təəssürat yaranır ki, Ermənistanda əməlli- başlı kilsə monopoliyası hökm sürür.
Əslində, bu, təəssürat yox, aşkar reallıqdır. Sadəcə indiyədək onun barəsində söz açan yox idi, Paşinyan və tərəfdarlarının sayəsində, necə deyərlər, buzlar əriməyə başlayıb. Proses müqəddəslik maskalarını yırtır. Erməni apostol kilsəsinin keçirdiyi tədbir və tədbirin yekunları ilə bağlı bəyanat isə haqqında söz açdığımız tendensiyaya qarşı müqavimət hissini formalaşdırmaq məqsədi daşıyır.
Baş nazir Nikol Paşinyan bir müddət əvvəl hiddətlə sual vermişdi ki, nəyə görə ümumerməni hərəkatına rəhbərliyi din xadimi etməlidir? Hökumət rəhbərinin sualında bir çox mətləblər var idi. II Qareginin rəhbərliyi ilə gerçəkləşmiş toplantının gündəliyi də onu deməyə əsas verir ki, kilsə özü üçün “vətənin qarşısında duran vəzifələrə, cəmiyyətə təsir göstərən problemlərə”, eləcə də özünün missiyası ilə bağlı məsələlərə dair iş aparmaq səlahiyyətləri qondarıb. Yəni, o, dövlət içində dövlətdir, ayrıca sistemdir. Elə bir sistem ki, özünü dünyəviliyin pərdəsi arxasında gizlədərək fəaliyyət göstərir. Elə tarixən də belə olub.
Bəli, II Qaregin və başının dəstəsi Ermənistan hakimiyyətinin erməni kilsəsinə qarşı irəli sürdüyü ittihamları müzakirə predmetinə çevirib. Toplantının bəyanatında bildirilib ki, Tavuşda birtərəfli ərazi güzəştlərinə qarşı ictimai üsyanın baş qaldırdığı günlərdə erməni hakimiyyət orqanlarının müxtəlif nümayəndələri, o cümlədən baş nazir delimitasiya və demarkasiya məsələsindəki məqamlardan istifadə edərək, yenidən Erməni apostol kilsəsinə hücuma keçir, müxtəlif yalan və həqiqətləri əks etdirməyən məlumatlar yayır. Guya, bunlar kilsənin tarixi missiyası və müasir fəaliyyətinə dair həqiqətlərdən uzaq nəzəriyyələrdir.
Sən demə, Paşinyan və onun komanda üzvlərinin kilsə tərəfindən vergilərin ödənilməməsi xüsusundakı ittihamları öz yerində, II Qareginin “şayka”sını daha çox qayğılandıran Nikolun bu günlərdə səsləndirdiyi fikirlər imiş. Baş nazir demişdi ki, erməni kilsəsi həm keçmişdə, həm də hazırda təsir agenti funksiyasını yerinə yetirib. Bəyanatda bununla bağlı deyilir: “Təəssüf hissi ilə bildiririk ki, hazırkı hakimiyyət təhdid, təzyiq və dezinformasiyadan istifadə edərək, kilsə ilə dövlət arasında mövcud olan problemləri ləyaqətsiz şəkildə şişirdir”.
Doğrudur, Nikol və tərəfdarları erməni kilsəsinə və onun başında dayanan II Qareginə qarşı, belə demək mümkünsə, qurşaqdan aşağı zərbələr vurmaqla mübarizə aparır və hazırkı durum həqiqətən rəzil mənzərə formalaşdırmaqdadır. Ancaq görünür, başqa yol yoxdur. Mübarizədə bütün üsulların keçərliliyini əsas götürən indiki erməni iqtidarı onu devirmək istəyən qüvvəni neytrallaşdırmağa köklənib. Buna nə dərəcədə nail olur və tam şəkildə qarşıya qoyduğu vəzifənin öhdəsindən gələ biləcəkmi? Gedişatı zaman göstərəcək.
Nəzərə alsaq ki, Erməni apostol kilsəsinin keçirdiyi toplantı və verdiyi bəyanat Paşinyana və komandasına qarşı müqavimət göstərmək əzmidir. Burada hədə-qorxu və xəbərdarlıq motivlərinin mövcudluğu təəccüblü sayılmamalıdır. Belə dəst-xətt kilsənin məkrli demarşından, terrorçu mahiyyətindən qaynaqlanır. Baxın, II Qaregin durumu daha da gərginləşdirəcəyinə dair eyham vurur, faktiki olaraq, geri çəkilməyəcəyini bildirir. Bəyanatdakı fikirlər də gəldiyimiz qənaətin doğruluğunun sübutudur: “Ermənistan hakimiyyətinin nümayəndələri xalq və vətən qarşısında məsuliyyətlərini dərk edərək, ölkə konstitusiyasında təsbit olunmuş kilsənin tarixi vətənpərvərlik və millətçilik rolu haqqında düşünməli, öz siyasətlərinə yenidən baxmalıdırlar”.
Sonda onu da deyək ki, Erməni apostol kilsəsinin bəyanatındakı fikirlər onun Ermənistan hakimiyyətinə qarşı barışmaz mövqeyini davam etdirəcəyinin ifadəsidirsə, deməli, Paşinyanın daha qətiyyətli tədbirlərə əl atmasının vaxtı gəlib çatıb. Başlıca vəzifə qətiyyətli davranmağı bacarmaqdır. Nəzərə alaq ki, Nikol parlamentdə bir neçə gün əvvəlki çıxışında ölkəni məhvə sürükləyən amilləri sadalayarkən, mayın əvvəlindən start götürmüş hərəkat barədə də danışmışdı. Doğrudur, Paşinyan hərəkatın məqsədinə çatmadığını dilə gətirmişdi. Bu, həqiqətən də, belədir. Çünki zaman keçdikcə B.Qalstanyan kartının populyarlıq qazanmadığını gördük. Yəni, özü kənarda dayanmış II Qareginin həmləsi uğurlu alınmadı. Onun toplantı keçirməsi də bundan xəbər verir. Düşünmək mümkündür ki, yaxın günlərdə həmin toplantının ictimaiyyətə açıqlanmayan tərəfləri ilə bağlı “fəaliyyət” gerçəkləşdiriləcək. O zaman baş nazir və komandası hansı cavab tədbirləri görəcək? Bu da maraqlıdır. Hər bir halda, Ermənistanda cərəyan edən siyasi proseslər fonunda ortada aydın mənzərə var: hakimiyyət–kilsə qarşıdurması. Bu qarşıdurmanın yekun nəticəsindən Azərbaycan–Ermənistan sülhünün perspektivi asılıdır. Ermənistan adlı dövlətin gələcək varlığı da həmçinin.
Ə.CAHANGİROĞLU