USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan – Tacikistan: sınaqlardan çıxmış etibarlı dostluq


https://img.baki-baku.az/news/2024/05/photo_12596.jpg

Azərbaycanın bugünkü möhtəşəm uğurlarının təməli ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışının ilk illərində qoyulmuşdu. Ümummilli liderin siyasi müdrikliyi sayəsində ölkəmizin dostları qısa müddətdə çoxalmış, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqmətində heyrətamiz addımlar atılmışdı. Ulu öndər ölkəmizin yaxın qonşuları, türk dövlətləri, İslam dünyası, eləcə də, postsovet məkanı ölkələri ilə əlaqələrin bərpa edilməsi və əməkdaşlığın yaradılmasına müstəsna əhəmiyyət verirdi. 

Yadımdadır, Heydər Əliyev 1996-cı ilin oktyabrında Daşkənddə səfərdə olarkən – o, Özbəkistan paytaxtına Əmir Teymurun 660 illik yubileyində iştirak et­mək məqsədi ilə getmişdi – Tacikistan Prezidenti Emoməli Rəhmonla görüş­müşdü. Hər iki prezident yeni müstəqillik qazanmış respublikalarımızın keçid döv­ründə qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın çox vacib olduğunu vur­ğulamışdı. Şükürlər olsun ki, həm Bakı, həm də Düşənbə həmin dövrün çətinlik­lərini, həlli müşkül görünən problemləri böyük uğurla geridə qoymuşlar. 

Onu da əlavə edim ki, Tacikistan Pre­zidenti həmin görüşdə ölkəsinin Azər­baycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiyini bəyan etmiş və öz ölkəsindəki vəziyyət barədə Heydər Əliyevə ətraflı məlumat vermişdi. Hamı bilir ki, həmin dövrdə Heydər Əliyev öz ölkəsindəki vətəndaş müharibəsinin qar­şısını alsa da, Tacikistanda vətəndaş mü­haribəsi təhlükəsi hələ davam edirdi. Çox sonralar mən Azərbaycan mətbuatında “Heydər Əliyev Tacikistandakı vətəndaş müharibəsinin qarşısını necə almışdı?” adlı yazı oxumuşdum. Elə tacikistanlı həmkarlarımız da Azərbaycan xalqının ulu öndərinin Mərkəzi Asiyada böyük nü­fuza malik olduğunu yazırdılar.

Aradan 27 il keçəndən sonra – 2023-cü ildə Tacikistan Prezidenti bizim ulu öndərimiz haqqında danışarkən artıq Prezident İlham Əliyevin də ölkəsində, regionda və dünyada qazandığı nüfu­zu xatırlatmışdı: “Tacikistanda Heydər Əliyevin şəxsiyyətinə hər zaman dərin hörmət bəsləyiblər. İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Eləcə də, iki ölkə ara­sında çoxtərəfli münasibətlərin dərin­ləşməsində onun rolu danılmazdır. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfərində əldə edilən nəticələr bir daha sübut edir ki, iki xalq ortaq tarixə, dostluğa, qardaşlığa, qar­şılıqlı hörmətə və xoş münasibətə sa­diqdir. Əminəm ki, bu səfər zamanı əldə edilən razılıqlar iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını qoya­caq. İki ölkə arasındakı münasibətlər ar­dıcıl, müştərək addımlar nəticəsində ar­tan xətlə inkişaf edəcək. Bu da iki xalqın xeyrinə davam edəcək”.

Xatırladaq ki, Tacikistan Azərbay­canın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Bakı ilə Düşənbə arasın­dakı diplomatik münasibətlərin təməli isə 1992-ci il mayın 29-da qoyulmuşdur. Yəni Tacikistan Prezidentinin Bakı səfə­ri və bizim bu sətirlərimiz diplomatik əlaqələrimizin 32-ci ildönümü günlərinə təsadüf edir. O da vurğulanmalıdır ki, Ta­cikistan dövləti artıq tarixin arxivinə gön­dərilmiş keçmiş münaqişənin davam et­diyi bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləmiş, bizim Zəfərimizlə nə­ticələnən İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqları isə alqışlamış və xalqımızın sevincinə şərik olmuşdur. Məhz bütün bunlara görə Azərbaycan Prezidenti Tacikistan dövlətinə güvən­miş, inanmış və həmin ölkəyə 6 dəfə səfər etmişdir.

Prezident İlham Əliyevin xatırlatdığı kimi, Azərbaycan və tacik xalqları ara­sında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimizi tarixi dostluq əlaqələ­ri, siyasi, iqtisadi, hümanitar və digər sahələrdə münasibətlər birləşdirir. Azər­baycan Xarici İşlər Nazirliyinin elektron resurslarında göstərilir ki, ölkələrimiz arasında, ümumilikdə, 57 sənəd, o cüm­lədən 2007-ci il martın 15-də “Azərbay­can Respublikası və Tacikistan Respub­likası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Sözsüz ki, cənab Prezidentin ötən il aprelin 5-də Tacikistana dövlət səfəri bu inkişafın və ölkələrimiz arasında əlaqələrin daha da yüksəlişinə güclü təkan vermişdir.

Prezident kitabxanasının elektron materiallarında oxuyuruq ki, ötən il ap­relin 5-də Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Düşən­bə şəhərində mətbuata bəyanatla çıxış edərkən müştərək tariximizi xüsusi qeyd etmişlər. Azərbaycan Prezidenti xatırlat­mışdı ki, 1990-cı illərin əvvəllərində hər iki ölkə böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik po­zulmuşdu, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Vətəndaş müharibəsini qardaş qırğını və müharibələrin ən dəhşətlisi kimi xarakterizə edən Prezident İlham Əliyev o dövrdə Tacikistanda Prezident Emoməli Rəhmonun, Azərbaycanda isə ulu öndər Heydər Əliyevin qanlı səhifə­ni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə, etdik­lərini və məqsədlərinə nail olduqlarını yada salmışdı. Eyni zamanda, vurğulan­mışdı ki, bu gün həm Tacikistan, həm də Azərbaycan sabit dövlətlərdir. Təbii ki, bu sabitliyin əsas səbəblərindən biri hər iki dövlətin sülhsevər siyasəti və istənilən tərəfdaşla münasibətlərdə səmimi və sə­daqətli olmalarıdır.

Bu məqamda bir faktı xüsusilə qa­bartmaq istəyirəm. Prezident İlham Əliyev ötən ilin aprelində Tacikistanda dövlət səfərində olmasına baxmaya­raq, Emoməli Rəhmonun şəxsi dəvəti ilə həmin ilin sentyabrında da Düşən­bəyə getmişdi. Bu fakt ona görə bizim üçün əlamətdardır ki, ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə bu şəhərə gedən İlham Əliyev tədbirdə iştirak edən yeganə fəxri qo­naq – Mərkəzi Asiya dövlətlərini təmsil etməyən siyasətçi idi. O da xüsusilə vurğulanmalıdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmon da ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşün­də iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Yəni qarşılıqlı səfərlər, müntəzəm təmaslar və əlaqələrin sıxlaşdırılması hər iki ölkənin maraqlarını təmin edir və öz müsbət nəticələrini göstərir.

Bundan başqa, Milli Məclisin saytın­da vurğulanır ki, Azərbaycanla Tacikistan arasındakı münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisin­də Azərbaycan–Tacikistan parlamentlə­rarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eləcə də, Tacikistan Respubli­kasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlə­rarası dostluq və əməkdaşlıq qrupu möv­cuddur.

Mətbuat yazır ki, Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfə­sində – mayın 20-də Bakıda Azərbaycan – Tacikistan İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan la­yihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər ara­sında yeni əməkdaşlıqlar müzakirə olu­nub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

Təbii ki, mətbuatımız Prezident Emoməli Rəhmonun Bakıya dövlət səfə­ri barədə geniş məlumatlar yayacaq. Ona görə də biz təfərrüata varmırıq. Amma sonda onu xatırladırıq ki, eyni tarixi ya­şamış, eyni taleyi bölüşmüş və bərabər şəkildə inkişaf yolu keçmiş Azərbaycan­la Tacikistan daim bir-birinin yanında ol­muşlar və bundan sonra da həmin ənənə yaşadılacaqdır. 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İttifaq MİRZƏBƏYLİ