USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni kilsəsinin “azar bazarı” bağlanır

Paşinyan bu “nifaq yuvası”nın davakarlığına sədd çəkməyi düşünür


https://img.baki-baku.az/news/2024/05/photo_12595.jpg?v=MjAyNC0wNS0yNCAxMToxMzoxMA==

Ermənistanda bir aydan çoxdur ki, yüksək olan siyasi hərarət son günlərdə nisbətən aşağı düşüb, lakin həyat əvvəlki axarına tam qayıtmayıb. Daha doğrusu, radikal müxalifət siyasi münasibətlərdə mülayimliyin yaranmasına, gərginliyin aradan qalxmasına heç cür imkan vermir. Ölkə əhalisinin mütləq əksəriyyətinin revanşistlərin çağırışını rədd etməsinə, gündəlik iş-gücü, qayğıları ilə əlləşməsinə baxmayaraq, radikallar yenidən mitinq təyin ediblər. Mayın 26-da, saat 16:00-da Respublika meydanında keçirilməsi nəzərdə tutulan mitinqin bir çox məsələlərə aydınlıq gətirəcəyi gözlənilir. Həmin gün radikal müxalifətin ya siyasi avantüranı bundan sonra da davam etdirəcəyi, ya da birdəfəlik fiaskoya uğrayacağı məlum olacaq.

Hələlik yolların bağlanması və nəqliy­yat vasitələrinin hərəkətinin dayandırılması ilə müşahidə olunan itaətsizlik tədbirlərinə fasilə verilib. Lakin “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan siyasi qüvvələrin nümayəndələ­ri, mədəniyyət xadimləri, hüquqşünaslar və ehtiyatda olan hərbi qulluqçularla məsləhət­ləşmələr aparır, gələcək planlarını müzakirə edir. O, mayın 23-də bir qrup iqtisadçı və təhsil sahəsinin nümayəndəsi ilə görüşüb. Görüşlər barədə Baqrat hər axşam İrəvanın mərkəzində yerləşən Müqəddəs Anna kilsə­sinin həyətində tərəfdarlarına məlumat verir. Keçirdiyi məsləhətləşmələrdən sonra, “srba­zan” elan edib ki, mayın 26-na “böyük mi­tinq” planlaşdırılıb. Mitinqdə “mübarizənin yol xəritəsi” təqdim ediləcək.

Bu arada “Hraparak” qəzeti müxalif si­yasi qüvvələr arasında B.Qalstanyanın baş nazirliyə namizədliyinin irəli sürülməsi ilə bağlı razılaşma əldə edildiyinə dair məlumat yayıb. Nəşr bildirib ki, guya, Baqratın özü ehtimal edilən hakimiyyət dəyişikliyində müvəqqəti də olsa, baş nazir olmaq və gələ­cək seçkilərdə namizədliyini irəli sürmək istəmir: “Qalstanyanın namizədliyi ilə bağlı siyasi qüvvələrin əldə etdikləri konsensusa qədər həm siyasi sferadan, həm də dini kə­simdən bir sıra şəxslər müzakirə edilib. Bu zaman xüsusilə, sabiq ombudsman Arman Tatoyanın, üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturo­vun, eləcə də erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mikaеl Acapaxyanın və digərlərinin adları çəkilsə də, müzakirələr zamanı heç bir namizədlə bağlı konsensus əldə olunmayıb. Məlum olub ki, təkcə Tavuş yeparxiyasının rəhbəri ilə bağlı fikir ayrılığı yoxdur. Buna görə də onun namizədliyi ilə razılıq əldə edilib”.

Hakimiyyətdə olduğu dövrdə Ermənis­tanda çox cinayətlər törətmiş, Qarabağdakı separatizm hərəkatının və Xocalı soyqırımı­nın fəal iştirakçısı, əli dinc azərbaycanlılar­la yanaşı, erməni xalqının da qanına batmış (2008-ci il martın 1-dən 2-nə keçən gecə İrə­vanda müxalifətin kütləvi etiraz aksiyasının dağıdılması nəticəsində az 10 nəfər həlak ol­muş, 230-dan çox insan yaralanmışdır–S.H.) Serj Sarkisyan da bugünlərdə zühur edib. Törətdiyi əməllərə görə ədalət mühakimə­sinə cəlb edilən Sarkisyanı jurnalistlər məh­kəmə binası önündə, necə deyərlər, yaxala­yıblar. O, “Vətən naminə Tavuş” hərəkatının geniş vüsət aldığını və bütün imkanlardan ağılla istifadə olunarsa, uğur qazanacağını bildirib.

Sarkisyan Qalstanyanın baş nazir pos­tuna namizədliyini dəstəkləyib-dəstəkləmə­dikləri barədə suala cavab olaraq deyib: “Mən bu məsələ ilə bağlı yenidən fikir bildirmək istəmirəm. Biz öz mövqeyimizi “Respublika” partiyasının icra orqanının yaydığı bəyanatda açıqlamışıq. Eyni za­manda, bizim mövqeyimiz dəfələrlə parti­yadaşlarımız tərəfindən səsləndirilib. Biz arxiyepiskop Baqrat Qalstanyanın baş nazir postuna təklif etdiyi şəxsin namizədliyini dəstəkləyəcəyik”.

Sabiq prezident keşişin başçılıq etdiyi hərəkatı tam dəstəklədiklərini də bildirib. Ancaq onun açıqlamasının sonrakı hissəsin­dən belə məlum olur ki, bu, sözdə dəstəkdir. Jurnalistlərin mayın 26-da keçiriləcək aksi­yada çıxış edib-etməyəcəyinə dair sualına cavabında Sarkisyan bildirib: “Tribunaya çıxmağa nə arzum var, nə də həvəsim, amma buna ehtiyac olsa... Bu hərəkatın uğur qa­zanması və hakimiyyət dəyişikliyinin baş verməsi üçün hər şeyə hazırıq”.

Olduqca hiyləgər şəxs kimi xarakterizə olunan Sarkisyan yenə də biclik işlədib. Serj hazırkı hakimiyyət nümayəndələrinin Baq­ratın hərəkatı vasitəsilə Qarabağ klanının geri qayıtmağa çalışdığına dair açıqlamala­rını bu sözlərlə inkar etməyə çalışıb: “On­lar əvvəlki hakimiyyətin geri dönməsindən qorxurlar – qoy xaç çevirsinlər, qorxularına qalib gəlsinlər, soyuq su içsinlər, nə istəyir­lərsə, etsinlər, amma bizim geri qayıtmaq arzumuz yoxdur. Dəfələrlə bəyan etmişik ki, bizim heç bir gözləntimiz yoxdur, bizə haki­miyyət lazım deyil. Biz, sadəcə, hakimiyyət dəyişikliyi ideyasını dəstəkləyirik”.

Hayastanda fəaliyyət göstərən “Məlu­matlı vətəndaşlar ittifaqı” adlı qeyri-hökumət təşkilatının rəhbəri Daniel İoannisyan isə S.Sarkisyanın Ermənistan–Azərbaycan şər­ti sərhədində münaqişəli vəziyyətin davam etməsini istədiyini bildirib. Onun sözlərinə görə, Sarkisyan Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalmasında da maraqlıdır: “Sual yaranır ki, Serj Sarkisyan, bəzi keçmiş diplomatlar və çevrələri niyə sərhədlərin demarkasiyası ilə bağlı qeyri-müəyyənliyin tərəfdarıdırlar? Cavab sadədir: Onlar Ermə­nistanın əbədi münaqişə vəziyyətində və Ru­siyadan asılı vəziyyətdə qalması, dövlət sər­hədinin olmaması, həmişə hücum təhlükəsi ilə üzləşməsi üçün bunu istəyirlər. İstəyirlər ki, İrəvan və Bakı öz məsələlərinin həllində həmişə xarici “xilaskarlar”ın vasitəçiliyinə ehtiyac duysunlar. Eyni zamanda, onlar iqti­darın “yanlış addımlar”ından istifadə edərək hakimiyyəti ələ keçirmək arzusundadırlar”.

Siyasi icmalçı David Stepanyan he­sab edir ki, keşişin arxasında Ermənistanın keçmiş rusiyapərəst liderləri dayanır. Onun mübarizəyə qatılmasının səbəbi isə sərhə­din delimitasiya və demarkasiyası ilə bağlı deyil: “Qalstanyan yolla hərəkət edərkən jurnalistlərə deyirdi ki, siyasi tələbləri yox­dur. Respublika meydanına çatandan sonra, baxıb gördü ki, meydana 31 min adam yığı­lıb. O, belə olan təqdirdə Paşinyanın istefa­sını tələb etmək qərarına gəldi və ultimatum irəli sürdü. Mən hesab edirəm ki, burada ciddi siyasi məqsədlər gizlənir”. Politoloqun sözlərinə görə, arxiyepiskopun və onu əhatə edən siyasi qüvvələrin məqsədi Ermənistan­da Rusiyanın təsirini bərpa etməkdir.

Hakimiyyət isə ölkədəki son etiraz ak­siyalarında xüsusi canfəşanlıq edən kilsə ilə bağlı müəyyən addımlar atmağı düşünür. Hər halda Nikol Paşinyanın parlamentdəki son açıqlamasından gəlinən qənaət budur. Baş nazir kilsənin Ermənistanda ictimai fikrə ən böyük təsir agenti olduğunu və bunun ara­dan qaldırılacağını deyib. Nikol vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: “Ermənistan­da tarix boyu din xadimləri gedib xaricdə­ki dini mərkəzlərdə təhsil alıb, qayıtdıqdan sonra isə agentlərə çevriliblər. Görünən odur ki, həmin ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ay ərzində həll edəcəyik”.

Dünən parlamentdə keçirilən brifinqdə çıxış edən hakim “Mülki müqavilə” fraksi­yasının katibi Artur Ovannisyan bildirib ki, kilsənin vergiyə cəlb edilməsi məsələsi bu yaxınlarda nəzərdən keçirilməyə başlanma­yıb. “Ümumiyyətlə, biz uzun müddətdir ki, bütün qaranlıq fondların kölgədən çıxarıl­ması məsələsini müzakirə edirik” – deyən Ovannisyan əlavə edib ki, düzdür, erməni apostol kilsəsinin xüsusi mövqeyi var, lakin Ermənistandakı demokratik dəyişiklikləri nəzərə alsaq, o da kölgədən çıxmalıdır.

Qeyd edib ki, xristianlıq son nəticədə oğurluğun, korrupsiyanın, kölgənin olma­masından ibarətdir. Kilsə də bu məntiqi rəh­bər tutmalı və bunun nəticəsində korrupsiya təzahürlərinin baş verə biləcəyi vəziyyət ya­ratmamalıdır.

“Mülki müqavilə”nin deputatı Arusyak Culakyan əlavə edib ki, dövriyyənin hamı tərəfindən görünməsi dövlət üçün vacibdir. Ancaq kilsə dövlət və xalq üçün şəffaf olma­ğa hazır deyil.

Göründüyü kimi, Paşinyan iqtidarı atdı­ğı ardıcıl addımlarla müxalifət təmsilçilərini fakt qarşısında qoyub, onların arqumentləri­ni əllərindən alıb. Getdikcə hayların daha bö­yük hissəsi müxalifətin gerçək məqsədinin nə olduğunu anlamağa başlayıb. Onlar başa düşürlər ki, radikal müxalifətin hakimiyyətə qayıdışı üzləşdikləri problemləri nəinki həll edəcək, əksinə, onu birə-beş artıracaq. Eyni zamanda, hiss olunur ki, Paşinyanın hayları, necə deyərlər, ayıltmaq istiqamətində səyləri nəticə verir. Baş nazirin “tarixi” və müasir Ermənistan mövzusunda fikirləri getdikcə daha çox insan tərəfindən qəbul edilir.

Ermənistandakı proseslərin gələcəyi ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “XQ”yə bildirdi ki, proses ar­tıq yekunlaşmağa doğru gedir və Paşinyanın radikalları məğlub etdiyini demək mümkün­dür. O, öz fikirlərini bununla əsaslandırdı ki, proses nəinki genişlənmədi, əksinə zəifləyən xətt üzrə getdi: “Digər tərəfdən şərti sərhədin Qazax rayonu ilə Tavuş vilayəti istiqamə­tində demarkasiya işləri artıq yekunlaşıb. Radikallar bunun qarşısını ala bilmədilər. Onların uğursuzluğa düçar olacaqları əvvəl­dən məlum idi. Çünki hakimiyyəti devirmək üçün böyük etirazçı qüvvəyə ehtiyac var idi. Söhbət yüz mindən çox insandan gedir. Onlar dövlət qurumlarının işini iflic vəziyyətə salır və hakimiyyət də gec-tez belə böyük qüvvə ilə hesablaşmağa məcbur olur”.

F.Məmmədov qeyd etdi ki, radikal müxalifət Paşinyanın 6 il öncə etdiyini tək­rarlamaq istədi, amma buna nail ola bilmədi: “Paşinyan hakimiyyətə gəldiyi vaxt Sarkis­yanın partiyası parlamentdə çoxluqda idi. Amma həmin çoxluq Paşinyanı baş nazir seçmək məcburiyyətində qaldı. Paşinyan onları buna meydandan məcbur etdi. Nikol yalnız 6 aydan sonra – 2018-ci ilin dekab­rında seçki nəticəsində parlamentdə çoxluq əldə etdi. Altı ay ərzində isə Paşinyan Sar­kisyan tərəfdarlarının çoxluq təşkil etdikləri parlamentdə deputatları qorxudaraq istədiyi qərarı qəbul etdirirdi. Çünki onun bir sözü ilə arxasında dayanan 100 min nəfərlik qüv­və küçələrə çıxardı”.

Mərkəz rəhbəri qeyd etdi ki, Baqratın hərəkatı zamanı isə bu böyüklükdə qüvvə İrəvan küçələrində gözə dəyməyib. Yalnız bir dəfə – mayın 9-da 25–30 min nəfər pay­taxtın mərkəzi meydanına toplaşıb. Sonrakı günlərdə isə bu sayda əhalini bir yerə yığ­maq mümkün olmayıb. Bu səbəbdən heç katolikos özü də bununla bağlı rəsmi şəkildə bəyanatlar verməyib. Aksiyalar kilsə tərə­findən Tavuş yeparxiyası rəhbərinin şəxsi təşəbbüsü kimi qələmə verilib. Politoloq dü­şünür ki, proses yaxın vaxtlarda səngiyəcək.

Səxavət HƏMİD




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Səxavət HƏMİD