- Daxili siyasət
- 11:02 02.10.2024
Mayın əvvəllərində Tavuş vilayətindən İrəvana yürüş edən, burada mitinqlər keçirən, özünü “erməni xalqının xilaskarı” kimi göstərməyə çalışan arxiyepiskop Baqrat Qalstanyan hay-küydən bir şey çıxmadığını görüb yenidən Tavuşa – Kirants kəndinə qayıtmaq istəyib. İrəvana yürüşünü şouya çevirən Qalstanyan qayıdışını da teatrallaşdırmaq istəyib. Amma kəndin girişində onun üçün o qədər də xoş olmayan sürprizlə qarşılaşıb. Məlum olub ki, Baqratın kəndə daxil olmasına qadağa qoyulib. Ermənistan polisi onu kəndin girişində saxlayaraq, irəliləməsinə imkan verməyib. Kəndin girişinə çox sayda polis qüvvələri yerləşdirilib.
Elə orada jurnalistlərə müsahibə verən B.Qalstanyan deyib: “Hətta türklər də mənim girişimə (?) mane olmadılar. İndi bizə deyirlər ki, kəndə getməyə ixtiyarınız yoxdur. Bundan sonra biz pasportla kəndbəkənd dolaşmalıyıq”. Arxiyepiskop polisin alətə çevrildiyini də qeyd edib: “Bu uşaqların həyatını mənəvi olaraq, nəyə çevirdiklərini bilmirəm, amma onları bizimlə düşmən etdilər ki, biz gəlib onlarla problem yaşayaq”.
Bu arada Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın baş redaktoru olduğu “Aykakan jamanak” (“Erməni vaxtı”) qəzeti Kirants kəndində sərhədin demarkasiyası üzrə işlərin artıq yekunlaşmaq üzrə olduğu barədə məlumat yayıb. Məlumata görə, Ermənistan sərhədçiləri sərhədin demarkasiya olunmuş hissəsində sərhəd nəzarətini həyata keçirəcəklər. Artıq Kirantsda sərhəd dirəkləri quraşdırılıb. Əllərində avtomat, üzlərində maska olan sərhədçilər dirəklərin yanında dayanırlar. Bu zaman kənd əhalisi kəndin yoluna toplaşıb. Onlar deyiblər ki, sütunlar səhər saatlarında gizli quraşdırılıb. Kəndlilərə, eləcə də kənar təxribatçılara yaxınlaşmağa icazə verilməyib. Jurnalistlər xəbər verirlər ki, dirəklərin quraşdırılması zamanı yaşlı erməni sakinlərdən birinin vəziyyəti pisləşib. Bunun səbəbi onun evinin Azərbaycan tərəfə düşməsi ilə bağlıdır. O, tibb məntəqəsinə aparılıb.
Qeyd edilir ki, prosesi həyata keçirmək üçün Kirantsa giriş müvəqqəti olaraq, bağlanıb. Girişin bağlanmasının B.Qalstanyanla bu və ya digər şəkildə əlaqəsi yoxdur.
“Hraparak” qəzeti isə yazır ki, Qalstanyan keçirdiyi aktiv siyasi görüşlərdə son vaxtlar əsasən, dinləyici rolunda olur. O, siyasi qüvvələrin nümayəndələrinin fikirlərini, təkliflərini və müşahidələrini diqqətlə dinləyir, lakin öz planını açıqlamır. Yeganə istisna impiçment prosesi ilə bağlıdır. Arxiyepiskop siyasi qüvvələrdən parlamentdə Paşinyana etimadsızlıq prosesinin başlanmasını xahiş edir. Bəzi deputatlar ehtiyatlı şəkildə Baqratın fikirlərinə maraq göstərirlər. Məsələn, onlar parlamentdə Paşinyana etimadsızlıq səsverməsi prosesinin başlanmasına hansısa ümidlərin olması, Baqratın hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə danışıqlar aparıb-aparmaması, onları “doğru yola döndərməyin” mümkün olub-olmaması ilə maraqlanırlar.
Xüsusən də mayın 9-da keçirilən mitinq zamanı keşişin tribunadan “Mülki müqavilə”nin bir neçə üzvünün adını çəkməsi, onlarla yaxınlığını və bunun da nəticəsinin olduğunu deməsi bu tip sualların meydana çıxmasına rəvac verib. Ancaq o, yenə də susmağa üstünlük verir və yeganə ümidin insanların təzyiqi olduğunu vurğulayır. Dünən deputat Geqam Nazaryanın müxalifət dairələrində xoşagəlməz davranışından sonra impiçment proseduru üçün tələb olunan 36 səsin toplanmasının mümkün olub-olmayacağı ilə bağlı artıq şübhələr yaranıb.
Onu da bildirək ki, revanşistlər Kirantsda, guya, ərzaq qıtlığının yarandığını iddia edirlər. Onların bu yanaşması ötən il bu vaxtlar Qarabağ iqtisadi rayonunun erməni azlığın yaşadığı hissəsi ilə bağlı qaldırdıqları hay-küyə çox bənzəyir. Hamının yaxşı yadındadır ki, o vaxt rəsmi İrəvan tərəfindən dəstəklənən separatçılar Azərbaycanın, guya, Həkəri çayının üzərindəki “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən gündəlik tələbat mallarını buraxmadığını deyirdilər. Ancaq Azərbaycan tərəfi bildirirdi ki, onun bir bölgəsinə qida məhsulları başqa ölkədən daşına bilməz. 2023-cü ilin sentyabrında erməni əhalinin gedişindən sonra anbarların əsas qida məhsulları ilə dolu olduğu üzə çıxmışdı.
Bu mənada həmin ssenari indi Kirantsda oynanılır. Ermənistan media orqanları indi də bu kənddə çörək və ərzaq qıtlığının yaşandığını bildirirlər. Jurnalist Ani Gevorkyanla söhbətində mağaza işçisi bildirib ki, ərzaq məhsulları daşıyan avtomobillər mağazaya qədər gedə bilməz. “Polisin keçirdiyi əməliyyat nəticəsində Kırantsda ərzaq problemi yaranıb. Kəndə gedə bilməyən tədarükçülər geri qayıdırlar”, – mağaza işçisi deyib. Güman etmək olar ki, bir müddət sonra Ermənistandakı revanşistlər, məsələn sabiq ombudsman Arman Tatoyan kimiləri “Azərbaycanın yaratdığı vəziyyət üzündən Kirantsda humanitar fəlakət yaşanır, əhali soyqırımına məruz qalır” məzmununda beynəlxalq təşkilatlara donoslar yazıb göndərəcəklər.
A.Tatoyandan söz düşmüşkən bildirək ki, sabiq ombudsman hazırda Hayastanda demarkasiya prosesinə qarşı çıxanların önündə gedənlərdəndir. O, dünən “Facebook” səhifəsində yazıb: “Polis Kirantsda vətəndaşların, kənd sakinlərinin və peşə fəaliyyəti ilə məşğul olan jurnalistlərin sərbəst gediş-gəlişini məhdudlaşdırmaq üçün özbaşına qərarlar qəbul edib. Bəzi polis məntəqələri qanuni əsas olmadan yaradılıb və onlar insanların gediş-gəlişinə şəxsi mülahizələri əsasında icazə verirlər. Dövlət sərhədinin demarkasiyası deyilən hadisə heç bir izahat və əsaslandırma olmadan baş verir, hətta qətnamə layihəsi də yoxdur”.
Göründüyü kimi, Tatoyan yenə öz ampluasındadır. O, əvvəlki fikirlərini təkrarlamaqla gündəmdə qalmaq istəyir. Ancaq cəmiyyətin böyük əksəriyyəti onu da revanşistlərə aid etdiyindən fikirlərini ciddiyyə almır. Nəticədə ölkədə Tatoyanın nüfuzu xeyli aşağı düşüb.
“Armenian Report” saytı isə Qərbi Gürcüstandakı etirazçıları dəstəklədiyi halda Ermənistan hakimiyyətinə dəstək verməməkdə ittiham edib. “Dəhşətli səhv: Avropa niyə Ermənistanda demokratiyanı dəstəkləmir?” sərlövhəli məqalədə bildirilib ki, Avropa indi Ukraynanı satdığı kimi, bir vaxtlar Gürcüstana, bu ölkənin demokratik seçiminə xəyanət edib. Qeyd edilib ki, Avropa Rusiyanı 2008-ci ilin avqust müharibəsinə görə adekvat şəkildə qınamadı. Avropa İttifaqı o vaxt Rusiyaya qarşı sanksiyalar belə tətbiq etməmişdir: “Biz hazırda ABŞ və Aİ-nin Gürcüstandakı etirazçılara dəstəklərini necə bəyan etdiklərini görürük. Amma bunun çox gecikmiş reaksiya olduğu açıq-aydın görünür. Əvvəllər Rusiyayönlü oliqarx Bidzina İvanişvilinin bu ölkədə hakimiyyəti ələ keçirməsinin qarşısını almaq üçün Gürcüstanın demokratik, avropalı seçimini dəstəkləmək lazım idi. Ölkəmizdə baş verənlərlə bağlı da Aİ və ABŞ-yə eyni şeyi demək lazımdır.
Tamamilə aydındır ki, Rusiya və onun dövlətimizin keçmiş rəhbərləri olan tərəfdarları tarixin təkərini geri çevirmək arzusundadırlar. Onlar bəzi vətəndaşların İrəvan və digər şəhərlərin küçələrinə çıxarılması ilə bağlı bütün bu təxribatları maliyyələşdirir və ona informasiya dəstəyi verirlər. Bu təxribatın məqsədi o qədər aydın görünür ki, bu barədə yenidən danışmaq belə mənasızdır”.
Saytın yazarı Qalust Qriqoryan belə suallar qoyur: “Bəs biz Aİ-dən dəstək görürükmü? Yox! Avropanın müxtəlif ölkələrindən İrəvana gələn liderlərin, deputatların legitim hakimiyyəti dəstəklədiyini görürükmü? Yenə də yox! ABŞ Dövlət Departamentinin və ya Fransa Xarici İşlər Nazirliyinin Ermənistandakı hazırkı təxribatçı hərəkətlərin ölkəmizdə demokratiyaya zərbə vurmaq məqsədi daşıdığına dair bəyanatını görürükmü? Cavab yenə də yox! Və bu, onların çox nəticələri çox faciəvi ola biləcək böyük səhvidir”.
Nəhayət, dünən günün sonuna yaxın polisin qadağasına baxmayaraq, B.Qalstanyan Kirantsa daxil ola bilib. Bu barədə “Milli cəbhə” teleqram kanalı məlumat yayıb. Bundan sonra kənddə vəziyyət gərginləşib. Nəticədə, polis sərt addımlara əl atmaq, etirazçıları həbs etmək məcburiyyətində qalıb. Hüquq-mühafizə orqanları onlardan bəzilərini yerə yıxaraq saxlamağa müvəffəq olub və maşınlara mindirərək təcridxanaya aparıb.
Bütün bunlar din xadimi adlanan şəxsin əməllərindən əl çəkmədiyini və qarşıdakə günlərdə yenə də qarışıqlıq yaratmaq cəhdlərini davam etdirəcəyini göstərirş. Ancaq Ermənistan hakimiyyətinin, hüquq-mühafizə orqanlarının geri çəkilməməsi, etirazçıları həbs etməsi onları pərən-pərən salır, şanslarını azaldır. Nəticədə bir neçə gündən sonra onların olan-qalan tərəfdarının da dağılışaraq evlərinə dönəcəkləri ehtimal edilir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev “XQ”-yə açıqlamasında şərhində bildirdi ki, Paşinyan artıq 6 ildir hakimiyyətdədir və ötən dövrdə belə etirazları çox görüb. Onun sözlərinə görə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ona qarşı böyük bir hərəkat formalaşmışdı. Ancaq Nikol onları neytrallaşdırmağa nail olub.
C.Vəliyevin fikirncə, bu mənada, hazırkı etirazlar Paşinyan iqtidarına ciddi təhdidlər yaratmır: “Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, istefa vermədi. Ona qarşı 2021-ci ilin fevralında hərbçilərin qiyamı baş verdi. Ancaq o da uğursuz oldu. Daha sonra yaranmış siyasi böhran səbəbindən 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində qalib gəldi. Bundan sonra da İrəvan küçələrində dəfələrlə mitinqlər keçirildi. Ancaq onlar heç bir nəticə vermədi. Paşinyan iqtidarını devirmək üçün, hətta, xaricdən də bəzi müdaxilələr oldu. Onlar da uğursuzluğa düçar oldular”.
Politoloq bildirdi ki, qarşıdakı günlərdə, yaxud həftələrdə etiraz aksiyaları tədricən yatacaq. Çünki Qalstanyan əhalisinin siyasi baxımdan fəal kəsiminin yaşadığı İrəvandan istədiyi dəstəyi ala bilmədi. Bu səbəbdən o, geri dönərək yenidən tavuşlulardan dəstək almaq istəyir. Görünən odur ki, belə aksiyalarla Ermənistan və Azərbaycan arasında başlanan və artıq geridönməz şəkil alan demarkasiya prosesini durdurmaq mümkün olmayacaq.
Səxavət HƏMİD