- Daxili siyasət
- 11:02 02.10.2024
Azərbaycan ilə İran arasında münasibətlərin yolu heç də həmişə hamar və rəvan olmamışdır. Amma indi keçmişi elə keçmişdə qoymaq və irəli baxmaq məqamıdır. Artıq umu–küsüləri unudub, iki qonşunun tarixin yaratdığı fürsəti düzgün dəyərləndirib, əl-ələ verib üzü inkişafa doğru irəliəməsi üçün heç bir maneə görünmür. Əlbəttə, bədxahlarımızın arzuladıqlarının əksinə olaraq, ortaq tarix, mədəni və dini bağlarımız olan cənub qonşumuzla münasibətlərdəki soyuqluq sonsuza qədər davam edə bilməzdi. Aşkar reallığın, siyasi məntiqin diktəsi ilə bütün suallara cavabların tapıldığı bir vaxtda iki dövlətin, iki xalqın yeni yolla birgə addımlamasının məqamı yetişməli idi və yetişdi də.
Təxminən ötən ilin ortalarından başlayaraq, İran və Azərbaycan Xarici işlər nazirlərinin mütəmadi görüşləri ikitərəfli münasibətlərdə müsbət tendensiyanın üfüqlərini müəyyən etdi. Xüsusilə, keçən ilin payızından başlayaraq Bakı və Tehran tərəfindən bir-birinə yönəlik xoşməramlı, müsbət dəyərləndirmələrin səslənməsi də İlahi ədalətin qalib gəlməsindən xəbər verirdi. İndiyə qədər iki ölkə arasındakı münasibətlərin yumşalacağına skeptik yanaşan ekspertlər artıq “buzların əridiyi” qənaətinə gəldilər. Bu baxımdan, İranın “3+3” formatında keçirilən görüşə evsahibliyi etməsini beynəlxalq institutlar, “böyük güclər” maraqla izlədilər. Bununla da rəsmi Tehran, faktiki olaraq, Bakının təklif etdiyi “altılar”ın formatında iştirak etməyə razılığını verdi. Bunun ardınca Zəngəzur dəhlizinə alternativ olaraq Naxçıvana yolun İran ərazisindən çəkilməsi ikitərəfli münasibətlərdə normallaşmanın göstəricisi sayılmalıdır.
* * *
Beləliklə, təkcə bölgə ölkələri deyil, bütün dünya Azərbaycan–İran münasibətlərində böhran amilinin aradan qalxdığını gördü. Prezidentlərin görüşləri sayəsində ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlara tam aydınlıq gətirildi. Bütün bunlar qarşılıqlı etimad mühitinin bərpa olunmasına aparan yol oldu, – desək, səhvə yol vermərik. Azərbaycanın Tehranda səfirliyinin bu ilin iyul ayından etibarən yeni binada fəaliyyətini davam etdirməsi barədə müjdə də diplomatik münasibətlərin tam normallaşması kontektində qəbul edilməlidir. Diplomatik mənbədən aldığımız məlumata əsasən, İran Azərbaycan səfirliyinin fəaliyyətinin təhlükəsizliyi üçün yeni bina ayırıb və hazırda orada son tamamlama işləri aparılır. Ümumiyyətlə, hərbi, diplomatik və hökumətlərarası səviyyələrdə İran–Azərbaycan təmaslarının müsbət nəticələri onu deməyə əsas verir ki, son illərdə Tehran–Bakı arasında dominantlıq edən gərginlik fazası arxada qalıb. tərəflər tərəfdaşlıq və konstruktiv dialoq yolunu tutublar.
İki gün bundan əvvəlki görüşü isə yalnız tarixi hadisə kateqoriyasına aid etmək lazımdır. İki ölkə arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin reallaşması göstərir ki, Azərbaycan və İran öz aralarındakı səmərəli əməkdaşlıq imkanlarını uğura çevirməyi bacaran ölkələrdir. Yəni, ikitərəfli ticarət-iqtisadi əlaqələr Azərbaycan-İran əməkdaşlığının tərəqqi yoluna qədəm qoyduğunu göstərir.
Yeri gəlmişkən, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollarından biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Yaxın dörd-beş il ərzində dəmir yolunun çəkilməsi də nəzərdə tutulub. Birgə layihə Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Azərbaycanın İranla ikitərəfli əlaqələri daha da inkişaf etdirmək istiqamətində bütün addımları atacağı və bu siyasətinə sadiq qalacağı şühbəsizdir.
* * *
“İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir”. Bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib. İran–Azərbaycan birliyinin, dostluğunun sarsılmaz olduğunu deyən dövlətimizin başçısı bölgənin sabitliyi, tərəqqisi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bu dostluğun, qardaşlığın böyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıb.
Beləliklə, rəsmi Bakı öz mövqeyini ortaya qoydu və Tehranla münasibətlərin yeni, faydalı xəttini müəyyən etdi. Artıq ortada hər hansı anlaşılmazlıq yoxdur. Ona görə ki, Tehran Bakının çağırışlarına cavab verməklə, xoşniyyətli qonşuluq əlini sıxmaqla münasibətlərin uğurlu perspektivində maraqlı olduğunu nümayiş etdirdi. İranın mərhum Prezidenti İbrahim Rəisi iki gün əvvəl bunu açıq şəkildə bəyan etmişdi: “Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm”.
Artıq bölgənin geosiyasi coğrafiyasında yeni, müsbət təmayüllərin işartıları sezilməkdədir. Amma nəzərə alaq ki, İran–Azərbaycan əlaqələrinin inkişafı bəzi güclərin xoşuna gəlmir. Ola bilər. İntəhası, hər şeyin önündə gələn bizim maraqlarımız dayanır. Bədxahlarımız isə nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəyirlər.
“Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır”. Yazımıza son sitat kimi seçdiyimiz bu sözləri İranın mərhum Prezidenti İbrahim Rəisinin “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimindəki çıxışından götürmüşük. Bəli, tərəqqiyə aparan yolu əl-ələ tutub, yanaşı addımlamaqla daha tez qət edə bilərik. Artıq tərəflərin heç birində buna şübhə yeri qalmayıb.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Reallıq budur ki, Azərbaycan–İran münasibətləri hazırda normal və irəliyə doğru inkişaf edən səviyyədədir. Onu da demək lazımdır ki, bu inkişaf təkcə Azərbaycanın deyil, eyni zamanda, İranın da maraqlarına cavab verir. Bu fakt iki ölkə arasında həyata keçirilən müxtəlif layihələr, imzalanan müqavilə və sazişlər, eləcə də İranın mərhum prezidentinin Bakıya rəsmi səfəri ilə, İlham Əliyevlə görüşündə verdiyi açıqlamalarda öz təsdiqini tapıb. Xatırlayırıq ki, o, İran və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduqlarını bəyan etmişdi. Bir amili də nəzərə almalıyıq ki, İranın xarici siyasət kursunu müəyyənləşdirən və onu icra edən prezidentdir. Doğrudur, bu ölkədə bütün məsələlər, proseslər Ali Dini Rəhbər Əli Xamenei tərəfindən idarə olunur. Yəni, İİR Prezidentinin Bakıya səfərinə razılığını verməklə, Ali Dini Rəhbər Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlı olduğunu nümayiş etdirib.
İkitərəfli danışıqlar prosesində hansısa anlaşılmazlıq, problem üzə çıxa bilər. Amma, düşünürəm ki, hazırda qonşular arasında münasibətlər prinsipial şəkildə normal səviyyədədir və bundan sonra da müsbət məcrada davam edəcək. Güman edirik ki, təsdiqlənmiş layihələrin həyata keçməsində də heç bir problem olmayacaq.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, siyasi analitik
– Araz çayı üzərində “Xudafərin” hidroqovşağının istismara verilməsi, “Qız qalası” hidroqovşağının açılması müsbət addımdır. Bu, Azərbaycan və İranın müştərək layihələri həyata keçirmələrinin bariz nümunəsidir. Gələcək üçün də bu xarakterli layihələrin nəzərdə tutulması ikitərəfli münasibətlərdə müsbət tendensiyanın davam edəcəyinə ümidləri artırır. Əlbəttə, görüşdən və açılış mərasimindən az sonra baş vermiş məlum qəza və Prezident də daxil olmaqla, İİR-in yüksək çinli məmurlarının həlak olması hamımızı sarsıtdı. Axı, birgə layihələr üzrə ikitərəfli danışıqlar bu siyasi və iqtisadi kontingentlə aparılırdı. Doğrudur, burada müəyyən sualların ortaya çıxa biləcəyini ehtimal edə bilərik. Amma mən tamamilə əminəm ki, uzun quru sərhədinə malik cənub qonşumuzla münasibətlərimiz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində davam edəcək. Bizi bir-birimizə tarixi, milli, mədəni, dini tellər bağlayır. Yəni, biz əməkdaşlığa məhkumuq. İnanıram ki, İranda hakimiyətə gələcək yeni komanda da Azərbaycanla münasibətlərin yalnız yüksələn xətlə davam etdirilməsində maraqlı olacaq. Məhz bu istiqamətdə fəaliyyəti həm İranın, həm də Azərbaycanın milli maraqları tələb edir.
İmran BƏDİRXANLI