- Daxili siyasət
- 11:02 02.10.2024
Birbaşa mövzuya keçərək bildirək ki, Fransa parlamentinin Fransa – Ermənistan dostluq qrupunun sədri Ann-Laurens Petelin ölkənin baş nazirinə ünvanladığı məktub açıq-aydın anti-Azərbaycan ruhludur. Əslində, xanım Petelin belə mövqe tutması təəccüblü sayılmamalıdır. Çünki bu adam indyədək də “çoxgedişli” sayıqlamalarla gündəmə gəlib. Petelin hökumət rəhbərinə naməsində nələrdən söz açılır? Bu barədə bir qədər sonra. Hələlik isə...
Əvvəlcə bildirək ki, fransız deputat ötən ay da sərsəmləmişdi. O, özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, Ermənistan demokratiyasını “Azərbaycanın avtoritarlığından” qorumaq yönümlü çağırışa imza atmışdı. Bu şəxsin üzərində dayandığı ikinci məsələ isə “Qarabağın erməni mədəni irsinin məhvi” olmuşdu. Sən demə, separatçı rejimin “milli assambleyası” adlanan oyuncaq qurumun binası erməni mədəni mirası imiş.
Yeri gəlmişkən, xanım Petel bu ilin martında İrəvana səfəri zamanı demişdi ki, Fransa Ermənistanın müdafiə qabiliyyətini və suverenliyini gücləndirməlidir. Guya, Paris İrəvanın “təcavüzkar Azərbaycanla” münasibətlərini balanslaşdırmalıdır. Qızışdırıcı mövqe tutan xanım parlamentari, həmçinin artıq mövcud olmayan Qarabağ münaqişəsinin həllindən, ölkəsinin mövcud istiqamətdəki fəaliyyətindən və digər məsələlərdən söz açaraq bildirmişdi ki, “Fransa Azərbaycanın Ermənistana qarşı təcavüzünü dayandırmağa, Bakını Qarabağ ermənilərinin geri qayıtmaları, onların təhlükəsizliklərinin və rifah hallarının təminatı üçün müvafiq şərait yaratmağa çağırır”. Petel, eyni zamanda, Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini yada salmış və vurğulamışdı ki, Qarabağ ermənilərinin geri qayıtma hüquqlarının təminatı, onların təhlükəsizliyi və rifahı naminə çağırış ruhuna malik sənəd Azərbaycanı öz silahlı qüvvələrini Ermənistan ərazisindən çıxarmağı tələb edir. Ən əsası isə o, qətnamədə Bakıya sanksiyaların tətbiqi çağırışının yer aldığını qabartmışdı.
Bəli, Ann-Lourens Petelin istər Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə sövq edən fikirləri, istər onun erməni mədəni mirası məsələsindəki “təəssübkeşliyi”, istərsə də ölkənin baş nazirinə hazırkı məktubunda yer alanlar Parisin anti-Azərbaycan, ermənipərəst xəttinin tərkib hissəsidir.
Məktubda ilk olaraq ötən il martın 27-də Fransa Milli Assambleyasının xarici müdaxilənin qarşısının alınmasına yönəlmiş qanun layihəsini birinci oxunuşda qəbul etdiyi xatırlanıb. Bildirilib ki, Rusiya ilə yanaşı, Azərbaycan da Fransanın sabitliyini pozan hərəkətlərlə məşğuldur və bu pislənilməlidir.
Petel ölkəmizin ötən ildən başlayaraq, Fransaya qarşı, guya, geniş yayılmış dezinformasiya və qarayaxma kampaniyası apardığını, bu kampaniyanın bu il Parisdə keçiriləcək Olimpiya oyunlarını boykot motivli olduğunu vurğulayıb. Xanım parlamentarinin cəfəng məntiqindəki ən böyük uydurma isə rəsmi Bakının separatizmi dəstəklədiyini bildirməsidir. O, haqqında söz açdığı dəstəyin Fransanın birliyini pozmaq məqsədi daşıdığını iddia edib: “Ötən ilin yanvarında Azərbaycan Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsi açıq şəkildə Korsika, Yeni Kaledoniya və Fransız Polineziyasının müstəqilliyini dəstəkləyən birmənalı mövqe nümayiş etdirib”.
Petel məktubunda, eyni zamanda, bildirib ki, Azərbaycanın fəaliyyəti dənizaşırı ərazilərdə, xüsusilə Yeni Kaledoniyanın müstəqilliyi uğrunda hərəkatların dəstəklənməsi sahəsində özünü göstərir. “Belə ki, 2023-cü il iyulun 6-da Azərbaycan “Fransız müstəmləkəçiliyi” ilə mübarizə üzrə Bakı Təşəbbüs Qrupunu yaradıb və Kaledoniya, Martinik və Polineziyanın müstəqilliyi tərəfdarlarının iştirakı ilə “dəyirmi masa” təşkil edib”, – yazan deputat Fransa parlamentarilərinin bir qrupunun “indiki fransız müstəmləkəçiliyini” pisləmək və ölkəmizi ləkələmək üçün Azərbaycanın dəvəti ilə Bakıya səfəri məqsədəuyğun saymalarını “xüsusilə üzücü” adlandırıb.
Petelin ermənipərəstliyə söykənmiş həyasızlığı bütün məktub boyu özünü göstərməkdədir. Məsələn, o, vurğulayıb ki, Azərbaycan dəfələrlə Ermənistandakı fransız vətəndaşlarına, xüsusən 2021-2023-cü illərdə bu ölkədə səfir olmuş Ann Luyoya, hazırkı səfir Olivye Dekotiniyə, Ermənistandakı Fransız Universitetinin (UFAR) rektoru Salva Nakuziyə, “Veolia Armenia” şirkətinin baş direktoru Marianna Şahinyana və digər fransız sahibkarlara qarşı qarayaxma kampaniyaları həyata keçirib. Sən demə, Bakı Fransada yerli seçkili hakimiyyət nümayəndələrinə də təzyiqlər edirmiş. Onun fikrincə, ölkəmizin ötən il aprelin 24-də Valens şəhər meriyasının binasının fasadından keçmiş separatçı “Dağlıq Qarabağ Respublikası”nın bayrağının götürülməsi tələbi həddi aşmaq imiş. Bu həyasızlıq azmış kimi, Petel söhbətin Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində 2023-cü ilin sentyabrında əhalisi qovulan ərazinin bayrağından getdiyini vurğulayıb. Deməli, bu şəxs üçün beynəlxalq hüquq, ərazi bütövlüyü və suverenlik kimi məsələlər ikinci plandadır. Azərbaycanın separatçılıqda ittiham edən Petel özü ölkəmizin ərazisindəki separatçılıq yuvasını leqallaşdırmaq yolunu tutur.
Fransa parlamentinin Fransa – Ermənistan dostluq qrupunun sədri ölkənin baş nazirinə ünvanladığı məktubunda Fransadakı azərbaycanlı siyasi şoumen Məhəmməd Mirzəlinin də adını çəkib. Məlum olduğu kimi, bir müddət əvvəl bu şəxsə qarşı sui-qəsdlə bağlı məlumatlar yayılmışdı. Fransa tərəfi məsələni Azərbaycan hakimiyyəti ilə əlaqələndirmək istəmiş və mövcud istiqamətdə təbliğat aparmışdı. Ona görə də Petel həmin məsələni də məktubunun anti-Azərbaycan tezislərinin cərgəsinə qatıb.
Ümumən, Petelin məktubunda gəlinən nəticə budur ki, Fransa Ermənistanı dəstəklədiyi üçün Azərbaycan ona qarşıdır. Özü də “bütövlüyü hər gün təhlükə altında olan” Ermənistanı. Xanım parlamentari bu fikirdədir. Əlbəttə, belə deyimdə müəyyən həqiqət payı var. O zaman sual olunur: Paris nə üçün İrəvanı dəstəkləməlidir? Ona görə ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürsün? Qarabağ avantürasını davam etdirsin? Əlbəttə, bu cür yanaşma nümayiş etdirən Ermənistanın bütövlüyü hər an təhlükədə olmalıdır. Çünki ona layiqli cavab verilmədiyi təqdirdə iştahası güclənir.
Bəs Petel məktubunda bunları nə üçün vurğulayır? Çünki Fransanın Azərbaycana qarşı qətiyyətli tədbirlər görməsini istəyir. Sən demə, ilk tədbir rəsmi Parisin Azərbaycandakı səfiri geri çağırması olmalıdır: “Biz sizi Fransa Respublikasının birliyini şübhə altına alan Azərbaycanın hərəkətlərinə qarşı çıxmaq üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”.
Göründüyü kimi, ermənipərəst Petel, obrazlı desək, odun üzərinə benzin tökməklə məşğuldur. O, onsuz da gərgin olan Fransa – Azərbaycan münasibətlərinə yeni “ahəng” qazandırmaq niyyəti güdür. Nəzərə alaq ki, xanım deputatın Bakıya qarşı “bütün lazımi tədbirlər” məntiqində çox şeylər var. Yəni, Fransanın Azərbaycandakı səfirinin geri çağırılması Petelin aysberqinin yalnız görünən tərəfidir. Məktubunda Ermənistanın adını çəkməsi, əslində, həm də subliminal mesajdır. Aydındır ki, Fransa birbaşa Azərbaycanla müharibə edən deyil. Petel Ermənistanı möhkəmləndirib ölkəmizin üzərinə salmaq niyyəti güdür. İstəyir ki, Fransa hökuməti məhz bu istiqamətdə qətiyyətli davransın.
Ə.RÜSTƏMOV