- Daxili siyasət
- 11:02 02.10.2024
Ermənistan–Azərbaycan münasibətlərində hazırda ən aktual olan iki məsələ var. Bunlardan biri sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması, digəri isə iki ölkənin şərti sərhədinin delimitasiya və demarkasiyası məsələsidir. Bu gün Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında hər hansı vasitəçinin iştirakı olmadan keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində müzakirələrin aparılacağı gözlənilir.
Delimitasiya və demarkasiya məsələsinin həlli ilə isə iki ölkənin baş nazir müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryanın sədrlik etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalar məşğul olur. Artıq komissiyaların işinin praktik nəticələri var. Aprelin 19-da keçirilən iclasda Ermənistan tərəfi 1990-1992-ci illərdə onun nəzarəti altına keçmiş Qazax rayonunun 4 qeyri-eksklav kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılmasına razılaşdı. Artıq şərti sərhədin həmin hissəsində geodeziya və ölçmə işləri aparılır. Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında şərti sərhədin Qazax–İcevan istiqamətində delimitasiya və demarkasiya üzrə işlərin 90 faizinin görüldüyünü deyib. Tərəflərin yaydığı rəsmi məlumatda isə ikitərəfli razılaşma ilə müəyyən edilmiş şərti sərhəd xətti boyunca 40 sərhəd dirəyinin yerləşdirildiyi bildirilib. Aprelin 19-da əldə edilən razılaşmada Qazax rayonunun işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılması prosesinin mayın 15-dək başa çatdırılması nəzərdə tutulub.
Dünən yayılan xəbərdə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma çərçivəsində şərti sərhədin Qazax rayonu istiqamətində aparılan demarkasiya işlərinin əsasən yekunlaşdığı qeyd edilib. Bununla belə, erməni media resursları Qazaxın Xeyrımlı kəndi ilə İcevan rayonunun Kirants kəndi arasındakı hissədə işlərin müvəqqəti dayandırıldığını bildiriblər. Onlar Xeyrımlı və Kirants yaşayış məntəqələri arasındakı ərazidə aparılan demarkasiya işlərinin xüsusilə incə xarakter daşıdığını vurğulayıblar. Belə ki, sərhəd xətti Kirantsın bilavasitə yaxınlığından keçir. Üstəlik, işğal zamanı erməni kəndinin sakinləri, faktiki olaraq, Xeyrımlı ərazisinin bir hissəsini ələ keçirib, orada evlər və ticarət obyektləri tikiblər. Razılaşmaya əsasən, onlar Azərbaycan ərazisində qalacaq.
Bununla əlaqədar olaraq, Kirants sakinləri iki həftədir ki, demarkasiya işlərinin aparılmasına etiraz edirlər. Ermənistan polisi bir neçə gün əvvəl kənddə əməliyyat keçirib və bir qrup etirazçını saxlayıb. Daha sonra Kirants sakinlərinə sərhədlərin müəyyənləşdirilməsi işinin vacibliyi izah edilib və etirazlar səngiyib.
Şərti sərhədin bu hissəsində aparılan geodeziya işlərinin nəticələrinə əsasən, 12 nöqtədə sərhəd dirəyi basdırılmalıdır. Erməni tərəfinin məlumatına görə, onlardan 8-i artıq basdırılıb. Qalanlarında əlavə ölçmə işləri aparılır. Çünki bu nöqtələr Xeyrımlının bilavasitə yaxınlığındadır.
N.Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “həssas nöqtələr” Kirants kəndindəki məktəbin, Xeyrımlıya gedən yoldakı körpünün və bəzi evlərin yaxınlığında yerləşir. Odur ki, orada “hər santimetr” ölçülməlidir. Kənd icmasının rəhbəri Kamo Şaqinyan jurnalistlərə bildirib ki, hazırda demarkasiya işləri aparılmır. Kənddə yalnız bir neçə polis növbə çəkir.
Müxalifət nümayəndələri isə iddia edirlər ki, sərhədin müəyyənləşdirilməsi işləri erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə etirazçı kütlənin mayın 4-dən Kirantsdan İrəvana doğru yürüş etməsi səbəbindən dayandırılıb. Onlar deyirlər ki, “hakimiyyət dirəklərin həssas yerlərdə basdırılması səbəbindən etirazların daha da qızışa biləcəyindən” ehtiyat edir.
Bu arada qeyd edək ki, yürüş iştirakçıları dünən, mayın 9-da İrəvana yetişiblər. Qalstanyan hər kəsi həmin gün yerli vaxtla saat 16:00-da Ermənistan paytaxtının mərkəzi “Respublika” meydanına – “Vətən naminə Tavuş” hərəkatının mitinqinə toplaşmağa çağırsa da, onun çağırışına səs verənlərin sayı çox az olub. Bu isə Ermənistan cəmiyyətinin ölkəni 20 ildən çox çapıb-talamış, bütün sahələri bərbad günə salmış Robert Koçaryan–Serj Sarkisyan cütlüyünün başçılıq etdikləri Qarabağ klanının, digər revanşist kəsimin, eləcə də son vaxtlar onlarla bir cərgədə addımlayan kilsənin siyasi oyunlarına, fitnəkarlığına qoşulmamaqda israrlı olduğunu daha bir göstəricisi sayıla bilər.
Eyni zamanda, Ermənistan cəmiyyəti onların kriminal keçmişinə bələddir və ölkədə silahlı qarşıdurma yarada biləcəklərini də istisna etmir. Bu mənada, “Vətən naminə Tavuş” hərəkatının iştirakçılarını silahlı müqavimətə çağıran iki nəfər tutulması adi hadisə deyil. Belə ki, mayın 7-də “TikTok” platformasında hərəkat iştirakçıları arasında söhbəti əks etdirən video yayılıb. Videoda silahlı müqavimətə çağırış yer alıb. Nəticədə mayın 7-də Ermənistan istintaq komitəsinin Kotayk regional istintaq idarəsində cinayət işi açılıb. Məlumata görə, idarəyə bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah-sursat əldə edilərək saxlanılması barədə məlumat daxil olub. Nəticədə şübhəli bilinən iki nəfər saxlanılıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, yürüş-mitinqdə diqqəti cəlb edən yeganə məqam özünü etirazçıların lideri adlandıran B.Qalstanyanın ənənəvi qara rəngli paltardan imtina edərək, ağ rəngli paltar geyinməsi olub.
Ermənistanla aparılan demarkasiya prosesi, habelə keçirilən etiraz aksiyaları ilə bağlı fikirlərini öyrəndiyimiz “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, politoloq İlqar Vəlizadə bildirdi ki, bütün dünya demarkasiya işlərinin Azərbaycan tərəfindən heç bir maneə olmadan görüldüyünü, problemsiz həyata keçirildiyini müşahidə edir. Onun sözlərinə görə, bu isə Azərbaycan tərəfinin həm prosesi, həm də sərhədi tam nəzarətdə saxladığından xəbər verir: “Yəni, biz tərəfdən hansısa xoşagəlməz halın baş verəcəyi heç gözlənilmir. Ermənistan tərəfindən isə təəssüf ki, biz müxtəlif siyasi qrupların prosesə müdaxiləyə cəhd etdiklərini, bəzən isə birbaşa buna nail olduqlarını görürük. Onlar müxtəlif çaxnaşmalar salırlar. Sərhədyanı ərazilərdə piketlər, etiraz aksiyaları həyata keçirilir. Bu, özlüyündə yolverilməz bir haldır. Çünki sərhəd xüsusi rejimli ərazidir. Burada hansısa aksiyalar keçirmək, ümumiyyətlə, yolverilməzdir. Ancaq burada söhbət Ermənistandan getdiyi üçün deməliyik ki, o ölkədən hər şey gözləniləndir. Hayastan cəmiyyətində 30 il ərzində belə fikirlər formalaşıb ki, işğal etdikləri ərazilərin hamısı onlara məxsusdur. Bu tezisi revanşist qüvvələr, yəni keçmişdə hakimiyyətdə olan dairələr və erməni kilsəsi yayırlar. Təəssüf ki, bu fikirlər Ermənistan cəmiyyətində hələ də aktual olaraq qalır”.
İ.Vəlizadə qeyd etdi ki, demarkasiya prosesi sürətləndikdə biz ona qarşı müqavimətin də artdığını görürük. Bu isə gözlənilən bir hal idi. Müxtəlif qruplar prosesin əleyhinə çıxış edirlər. Burada müəyyən həmrəylik də hiss olunur: “Biz bilirik ki, müxalifət arasında daxili siyasi məsələlərlə bağlı fikir ayrılıqları olsa da, Azərbaycanla münasibətlər məsələsində hamısı vahid mövqedən çıxış edirlər. Bu isə da revanşist qruplara, onların arxasında dayanan siyasi dairələrə prosesi Paşinyana qarşı çevirməyə imkan yaradır. Biz bunun da şahidiyik. Hazırda Ermənistanda yeni anti-Paşinyan dalğası qalxır. Bu, çox güman ki, uzunmüddətli proses olacaq. Hər şey Ermənistan hakimiyyətinin davranışından, onun revanşistlərin müqavimətini necə qıracağından asılıdır”.
Politoloq bildirdi ki, Paşinyan iqtidarı hazırda məsələni güc yolu ilə deyil, dinc yolla həll etməyə çalışır. Ancaq etiraz dalğası böyüsə və hakimiyyətə real təhdidlər olsa, o zaman rəsmi İrəvan daha ciddi, təsirli metodlara əl atacaq. Artıq polis və digər güc strukturları baş nazirin göstərişi ilə fəallıqlarını artırıblar. Siyasi ekspert hesab edir ki, proseslər bu minvalla bir müddət davam edəcək.
Onu da bildirək ki, Ermənistan istintaq komitəsi aprelin 20-dən delimitasiya və demarkasiya əleyhinə aksiyalarda iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başladıb. Komitədən verilən məlumata görə, ümumilikdə, aksiya iştirakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.
Bu cinayət işlərindən 7-si yolları bağlayaraq avtoxuliqanlıq, fiziki güc tətbiqetmə, qəsdən əmlaka zərərvurma, polis əməkdaşlarının qanuni fəaliyyətinə maneolma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı açılıb. Qalan 4 iş nəqliyyat vasitələrinin təkərlərinin yararsız hala salınması, nifrətin qızışdırılması (“Sisernakaberd” memorial kompleksində baş verən insident), etiraz aksiyaları zamanı zorakılığa çağırışlar, həmçinin silahların əldə edilməsi və saxlanması ilə bağlıdır. Nəticədə 9 təqsirləndirilən şəxs həbs edilib, biri ev dustaqlığındadır. Daha 3 nəfərlə bağlı yaşadığı yeri tərk etməmək, 3 nəfər barəsində isə inzibati nəzarət növündə qətimkan tədbiri seçilib. İstintaq komitəsi bu hallarla bağlı təhqiqqatın davam etdirildiyini, qanunazidd əməllərin qarşısının bundan sonra alınacağını bildirib.
Səxavət HƏMİD