- Daxili siyasət
- 11:02 02.10.2024
Ermənistan–Rusiya münasibətlərində xeyli müddətdir davam edən “buzlaşma dövrün”dən sonra Putin və Paşinyan arasında Moskvada baş tutan təkbətək görüşün ikitərəfli münasibətlərdə “istiləşmə” mərhələsinin başlanmasına ümidlər vardı. Bu görüşün hansı notlar üzərində köklənəcəyi və onun nəticələri iştirakçılardan daha çox Qərb üçün xüsusi maraq kəsb edirdi. Həm Rusiya, həm də onun qərbli opponentləri bu görüşdən, ən azı, İrəvanın “ikistullu” və “ikiüzlü” siyasətinə son qoyacağını gözləyirdi. Əlbəttə, maraqlı tərəflərdən hərə bu gözləntiləri öz “arşınına” uyğun ölçürdü.
Mayın 8-də Kremldə Rusiya Prezidenti Putin və Ermənistan baş naziri Nikol Paşinyan görüşünün ardından mediaya verilən məlumatlarda deyilir ki, tərəflər əsasən “iqtisadi və təhlükəsizlik mövzularını” müzakirə ediblər. Amma görüşün məzmununa, dialoqun xarakterinə diqqət yetirəndə aydın olur ki, bu, heç də ölkələrarası iqtisadi əlaqələrin müzakirə edildiyi format olmayıb, daha çox, Ermənistanın Rusiyadan nə qədər asılı vəziyyətdə olduğunun əyani nümayişi idi. Və bu nümayişin heç də təsadüfi xarakter daşımadığı hamıya məlum idi.
Rekord göstərici
Rusiya Prezidenti Ermənistanın öz ölkəsindən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) asılılığının göstərici sayılan rəqəmləri, əlinin altındakı vərəqdə qeyd olunan real statistikanı Ermənistan baş nazirinin üzünə oxudu. Məlum oldu ki, Ermənistanla Rusiyanın ticarət dövriyyəsi keçən il 7 milyard ABŞ dollarını keçib (dəqiq desək – 7,3 milyard dollar). Ermənistanın Aİİ ilə ticarət dövriyyəsi isə 2015-ci ildən sonrakı dövr ərzində 14 dəfə (!) artıb. Bu statistikanı xüsusi olaraq vurğulayan Vladimir Putin əldə olunan nəticəni rekord göstərici adlandırdı. Bunun izahını verərək, “tarix boyu Rusiyanın Ermənistanla belə ticarət dövriyyəsinin heç vaxt olmadığını” bəyan etdi. V.Putin bunun ardınca sözlərinə onu da əlavə etməyi unutmadı ki, amma Ermənistanın Rusiyaya ixracı kəskin artıb.
Görüşün iqtisadi gündəmi ilə bağlı oxucuların nəzərinə onu da çatdıraq ki, Ermənistan əsasən BƏƏ-dən, o cümlədən Çindən idxal etdiyi və sanksiyalar altına düşən malları məhz Rusiyaya ixrac etməklə belə “yüksək inkişaf tempinə” nail olub. Məhz buna görə də Rusiyaya mal-məhsul ixracı son bir ildə 5 dəfəyə yaxın artıb, o cümlədən BƏƏ və Çinlə ticarət dövriyyəsi 2 milyardı aşıb. Bu səbəblərə görə Ermənistan iqtisadiyyatı “fantastik rekord göstəricilər” əldə edib.
Yeri gəlmişkən, rusiyalı ekspertlər, eləcə də rəsmilər təsadüfən demirlər ki, Aİİ ölkələri ilə heç bir sərhədi olmayan Ermənistan bu qurumdan ən böyük qazanc əldə edəndir. “Təbii ki, ikitərəfli münasibətlərdə müəyyən problemli mövzular var. Amma digər tərəfdən, Rusiya və Ermənistan arasında qarşılıqlı təmaslar nə qədər sıx, ikitərəfli münasibətlər kompleksi nə qədər geniş olarsa, o zaman problemlər bir o qədər tez aradan qalxar”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu sözləri iki ölkə liderinin “tet-a-tet” görüşündən əvvəl söyləmişdi.
Deməli, rəsmi İrəvan bir tərəfdən Avropa İttifaqından, ABŞ-dan ianələr umur, digər tərəfdən Rusiyanın hesabına iqtisadiyyatını formalaşdırır. Yəni, eyni zamanda, həm Qərb, həm də Rusiya ilə ikibaşlı oyunlarını davam etdirən Ermənistan hakimiyyəti nə özünün müstəqil siyasətini yeridə bilir, nə də bölgə ölkələri ilə normal ikitərəfli əməkdaşlıqdan faydalanmaq barədə düşünür.
Elə Kremli də qəzəbləndirən odur ki, Ermənistan Rusiyanın hesabına yaşaması bəs deyilmiş kimi, üstəlik, ona arxa çevirir. Apreldə Nikol Paşinyan bəyan etdi ki, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası aparıldıqdan sonra Rusiyanın sərhəd dirəkləri Tavuş vilayətinin sərhəd zonasından çıxarılacaq. Ermənistan XİN-in İrəvanın KTMT-ni maliyyələşdirməsini dayandırması barədə rəsmi bəyanatının məhz Kremldə görüşün keçirildiyi gün – mayın 8-də yayılması da təsadüfi sayıla bilməz. Bu bəyanat Paşinyan artıq Moskvada olarkən, Putinlə görüşə hazırlaşarkən verildi. Məgər, bu, Nikol Paşinyanın Kremldəki görüşünə qədər qurduğu oyunun tərkib hissəsi deyildimi? Bütün bunları görən və anlayan rusiyalı siyasi ekspertlərin rəsmi İrəvanın, Paşinyan komandasının ünvanına açıq şəkildə: Xəyanətkar, – demələri qalıb.
Həm də Qərbə xəyanət
Maraqlı vəziyyət yaranıb: Ermənistan Qərbin sanksiya siyahılarına daxil etdiyi malları Rusiyaya ötürən forpost kimi həm avropalı tərəfdaşlarına xəyanət edir, həm də hərtərəfli yardım umduğu Rusiyanı lazımi dəstəyi göstərməməkdə ittiham edərək, ona arxa çevirir. O da məlumdur ki, Rusiya Ukrayna cəbhəsində istifadə etdiyi raketlərin hazırlanmasında tələb olunan xüsusi elektron avadanlıqları Ermənistandan idxal edir. Bu faktı Aİ üzvləri də bilir və Qərbin ən nüfuzlu analitik mərkəzləri də bunu dəfələrlə öz hesabatlarında yayıblar. İntəhası, rəsmi İrəvan bu cür xidmətin müqabilində KTMT ilə əlaqələri “dondurmaq”, ona üzvlük haqqı ödəməmək kimi ikibaşlı siyasi oyunlarını oynayır. Bütün bunlar ona dəlalət edir ki, özünə hələ də kənarda “etibarlı və təminatlı çətir” axtaran rəsmi İrəvan Qərbin və Rusiyanın arasında vurnuxmalara son qoymaq barədə qəti qərara gəlməyi bacarmır. Ona görə ki, müstəqil deyil, öz iradəsi ilə hərəkət etmək gücü də yoxdur. Nikol Paşinyanla söhbətində Vladimir Putin bölgədə (Cənubi Qafqazda – red.) təhlükəsizliklə bağlı müəyyən sualların qaldığını bildirib. Bir saatdan çox davam edən görüşün mediaya leqal hissəsində Rusiya lideri həmin suallar barədə açıq danışmayacaqlarını, amma Aİİ-dən kənarda ikitərəfli münasibətlərin bütün kompleksinə, o cümlədən regional təhlükəsizlik məsələlərinə toxunmaq imkanının olacağını diqqətə çatdırıb.
Kollektiv Qərb Ermənistan baş nazirinin Moskvaya səfərinə ciddi yanaşır və diqqətlə izləyirdi. Belə anlaşılır ki, Nikol Paşinyan, sanki, Kremllə razılaşdırılmış formada qərbli tərəfdaşalrına növbəti “jestini” etdi. O, bununla Moskvaya səfərini “reabilitasiya” etməklə bərabər, həm də hərbi baxımdan Rusiyanın “nəzarətindən”, guya, çıxmağa davam etdiyini göstərir. Amma, əslində, o, bununla Kremllə razılaşdırdığı iqtisadi oyuna qarşı mümkün təzyiqləri neytrallaşdırmağa çalışdı.
İndi bu sual Qərbi daha ciddi düşündürür: Ermənistan, doğrudanmı, Rusiyadan qopur? Bu zaman reallığı da nəzərdən qaçıra bilmirlər. Bu çılpaq reallıq isə ondan ibarətdir ki, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistanın enerji şəbəkəsi bütünlüklə Moskvanın əlindədir və bu ölkənin ən böyük sərmayədarları rusiyalılardır və ən əsası – xarici ticarət dövriyyəsinin, az qala, 70 faizi Rusiyaya bağlıdır. Bu “hörümçək toru”ndan qurtulmaq asan məsələ deyil. Belə məlum olur ki, Paşinyan oyun qurub və bu ikibaşlı oyundan külli miqdarda vəsait qazanır. Bu zaman, o, həm Qərbə, həm də Rusiyaya sərf edən mövqe nümayiş etdirir və yenə də eyni vaxtda iki stulda oturmaqda davam edir. Amma onun gec, ya tez stullardan birini seçmək məcburiyyərində qalacağı qaçılmaz aksiomdur. Əgər bu seçim çox ləngiyərsə, onu hər iki stuldan məhrum olub, yerə yıxılmaq təhlükəsi də gözləyir.
Yeri gəlmişkən, Putinin Paşinyanla görüşdə heç də ciddi və sərt danışıqlara hazırlaşdığı qətiyyən hiss olunmurdu. Əksinə, onun “gecikmiş qonaq”la kifayət qədər mehriban davrandığı nəzərdən yayınmadı. Bir də ki, Rusiya liderinin ictimailəşdirdiyi iqtisadi rəqəmlər elə yumşaq diplomatik təzyiqin bir forması idi.
Fərhad MƏMMƏDOV,
siyasi şərhçi
– Vladimir Putinlə Nikol Paşinyanın Moskva görüşündə həm iqtisadi, həm də təhlükəsizlik məsələləri müzakirə olundu. Bunu görüş iştirakçıları da qeyd etdilər. Ermənistan hökumətinə yaxın media qurumları isə yazırlar ki, Kreml görüşünün nəticəsi olaraq Rusiya sərhədçiləri “Zvartnots” hava limanından çıxarılır, eyni zamanda, onların Azərbaycanla şərti sərhəddə xidmət müddəti 2021-ci ildə başa çatıb. Bu faktın Rusiya rəhbərliyinin nəzərinə çatdırıldığı və qəbul edildiyi barədə də xəbərlər verilir.
Aydın məsələdir ki, Moskvanın İrəvana qarşı qırmızı xətləri var. Bunlar inteqrativ və ikitərəfli sazişlərdən çıxmamaqla bağlıdır. Məhz bundan kənarda Ermənistan özünün siyasi, iqtisadi manevrlərində sərbəstdir. Amma rəsmi Moskva bu zaman Paşinyana təzyiq forması kimi, daxili amillərdən də istifadə edir. Məhz həmin qırmızı xətləri keçməməsindən ötrü İrəvanı daim təzyiq altında saxlayır. KTMT, Aİİ formatlarından, eləcə də ikitərəfli hərbi-siyasi müqavilələrdən çıxmaması üçün müəyyən addımlar atır. Nikol Paşinyan da öz növbəsində, bu qırmızı xətlərə yaxınlaşsa da, hələlik onları keçmir. Düşünürük ki, 8 may görüşünün əsas mesajı da ondan ibarət idi ki, yaxın gələcəkdə İrəvanın bu qırmızı xətləri keçməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
– 8 may görüşünün ən maraqlı tərəfi odur ki, Putinlə Paşinyan arasında əldə olunan razılıq hər iki tərəfi qane edir. Yəni, Ermənistan baş naziri öz xalqına bəyan edir ki, mən Rusiya sərhədçilərinin hava limanından və digər məntəqələrdən çıxarılmasına nail oldum. Rusiya Prezidenti isə hesab edir ki, o, yumşaq diplomatik təzyiq üsullarından istifadə edərək, Paşinyanı özünə daha da yaxınlaşdırmağı bacaracaq.
Əslində, bu ikili təmaslar davam etdirilməlidir. Çünki, hələlik iki ölkə arasında hərbi-texniki əməkdaşlıq davam edir, ticarət dövriyyəsi yüksək səviyyəyə çatıb. Ermənistan iqtisadiyyatı Rusiyadan birbaşa asılı olan bir ölkədir. Bu mənada ikibaşlı, ikiüzlü siyasət Paşinyana çox baha otura bilər. Hər halda, eyni vaxtda iki əks qütblə yaxın partnyor olmaq çətin və mümkünsüz məsələdir. Nikol Paşinyan kimi, eyni vaxtda iki stulda əyləşməyə çalışan siyasətçi sonda həmin stulların arasına düşə bilər. Bəs, yerə yıxılandan sonra ona qalxması üçün kim əlini uzadacaq? Heç kəs! O, bunu yaddan çıxarmamalıdır.
Beləliklə, Moskva görüşü onu göstərdi ki, Ermənistanın Rusiyadan asılılığı hələ kifayət qədər böyükdür. Nikol Paşinyan bu amili nəzərdən qaçırmayaraq müəyyən qənaətə gəlməli, nəticə çıxarmalıdır. Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsini isə qələbə saymaq olmaz...
İmran BƏDİRXANLI