- Daxili siyasət
- 11:02 02.10.2024
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın bu gün Almatıda keçiriləcək görüşü ilə bağlı fikirlərini bildirmiş, Qazaxıstana təşəkkürünü ifadə etmişdi. Əlbəttə, ilk vurğulanmalı məqam da elə budur.
Əvvəla, Qazaxıstan Bakı – İrəvan danışıqları üçün görüş yeri təklif etməklə, Cənubi Qafqazda sülhün yaranmasına öz töhfəsini vermək istəyir. Özü də burada söhbət rəsmi Astananın tam səmimi yanaşmasından gedir. Yada salaq ki, Azərbaycan və Ermənistan rəsmilərinin təmasları üçün, belə demək mümkünsə, məkan rolunda çıxış etmək istəyənlərin bir çoxu tərəflər arasında vasitəçiliyə iddialı idi. Vasitəçilik isə özünü doğrultmayan formuldur.
Bəli, Almatı Bakı – İrəvan münasibətlərinin nizamlanması baxımından vasitəçilik platforması deyil. Bunu Qazaxıstan rəsmiləri də bəyan ediblər. Əlbəttə, onlar, eyni zamanda, Almatı görüşünün pozitiv nəticələrinə ümid bəsləyərək, yekun sülh müqaviləsinin də ölkələrində imzalanmasının əlamətdarlıq düsturu üzərində dayanmaqda haqlıdırlar. Biz də ümid edək ki, XİN rəhbərlərinin Qazaxıstan görüşü Azərbaycan – Ermənistan yekun sülh sazişinin imzalanmasına aparan yol kimi faydalı olacaq.
Vasitəçilərdən söz düşmüşkən, Prezident İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda dilə gətirdiyi bir fikri diqqətə çatdıraq: “Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqeyimiz yalnız praqmatizmə əsaslanır”.
Dövlətimizin başçısı nümayiş etdirdiyi mövqe ilə Azərbaycan – Ermənistan danışıqlarında vasitəçilərsiz təmaslar mərhələsinin aktuallığını vurğulayır. Həqiqətən, ötən müddətdə istər Qərb, istərsə də Rusiya formatı bu baxımdan bir o qədər əhəmiyyətli olmadı. Bəzən əldə olunan müəyyən müsbət nəticələr isə sonradan fərqli, səmimiyyətdən uzaq siyasi interpretasiyaların fonunda sıradan çıxdı. Məsələn, məlumdur ki, Ermənistan, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tanıdı. Ancaq bu tanınma nəyi dəyişdi? Prinsip etibarilə heç nəyi. Qarabağda separatçı rejim saxlanıldı, üstəlik, rəsmi İrəvan bölgənin erməni varlığına təminat ritorikasını qabardaraq, onları ayrıca imtiyazlı təbəqə kimi göstərməyə çalışdı ki, belə yanaşma mahiyyətcə avantürizmi qorumaq məramına söykəndi. Qərb vasitəçiliyi isə heç bir söz deyə bilmədi. Əslində, beynəlxalq hüquqa etinasız yanaşaraq ədalətsizliyə yol verdi.
Digər tərəfdən, ümumən vasitəçilik institutu geosiyasi rəqabət üçün plasdarma çevrildi. Qərb çalışdı ki, onu Rusiyaya, Rusiya isə Qərbə qarşı siyasi alət kimi istifadə etsin. Ermənistan rəhbərliyinə gəldikdə, o vəziyyəti özünə fürsət bilib destruktiv iddialar irəli sürməyə başladı. Rəsmi İrəvan bu yolla vasitəçilərdən hansının ona 44 günlük müharibənin acı nəticələrini aradan qaldıracaq daha sərfəli nəticələr qazandıracağını gözlədi. Əlbəttə, gözləntilər özünü doğrultmadı və doğrulda bilməzdi. Həm də ona görə ki, Ermənistan rəhbərliyinin kimlərəsə, hansısa qüvvələrəsə arxayın olub anti-Azərbaycan mövqe tutmasının ölkə üçün müsbət heç nə vəd etməyəcəyinin anonsunu Prezident İlham Əliyev lap əvvəldən vermişdi. Özü də kifayət qədər qətiyyətli şəkildə. Dövlətimizin başçısı, həmçinin ermənilərdən daha artıq erməniliyə can atanların cəhdlərinin səmərəsiz olacağını da dəfələrlə vurğulamışdı.
Bəli, bu gün keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşü vasitəçilərsiz formatdır. Bu formatı əlamətdar edən isə vasitəçiliyə iddialıların onu bilavasitə, yaxud bilvasitə dəstəkləmələridir. Məsələn, Rusiyanın mövqeyini ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəl ifadə etdi və bildirdi ki, rəsmi Moskva XİN rəhbərlərinin Almatı təmasının sülh yolunda faydalı nəticələr doğuracağına inanır və görüşü alqışlayır.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlaması isə bir qədər şübhəli göründü. Əslində, o, “mənim bu məsələ ilə bağlı hər hansı şərhim və ya gözləntilərim yoxdur” – deməklə, Almatı görüşü barədə danışmaqdan yayındı. Amma Amerika rəsmisinin “gözləntilərim yoxdur” deməsi ilə şərhin olmaması bir qədər ziddiyyətli təsir bağışlayır. Birinci ifadə görüşün faydasına inamın yoxluğu təəssüratı yaradır. Daha dəqiq desək, son dərəcə ehtiyatla ortaya qoyulan qısqanclıq və saymazyanalıq duyulur.
Bununla belə, onu da bildirməliyik ki, ABŞ, ümumən, Cənubi Qafqazda maraqlı qütbdür. Ölkə bu coğrafiyada sabitlik tərəfdarıdır. Onun mənafelərinə gəldikdə isə bunlar hər bir halda təmin edilir. Burada tənzimləyici rol Azərbaycana məxsusdur. Birləşmiş Ştatlarda, o cümlədən, bütövlükdə, Qərbdə çox yaxşı anlayırlar ki, onların Cənubi Qafqaz siyasi akvatoriyasında tarixin heç bir dövründə indiki qədər tutarlı mövqeyə sahiblikləri olmayıb. Ümumən, Qərb kapitalı heç zaman bölgədə indiki qədər möhkəmlik əldə etməyib. Durumun formalaşması Azərbaycanın xidmətidir. Bu gün də ölkəmiz dünya üçün əhəmiyyətini vurğulayır. Odur ki, Birləşmiş Ştatlar əvvəl-axır mövcud reallığı nəzərə almalıdır və alır da. Ağ ev rəhbəri Co Baydenin Cənubi Qafqazla bağlı fikirlərindəki fundamentallıq deyimin təsdiqidir. ABŞ Prezidenti də bu günlərdə sabitlik və əmin-amanlıqdan danışıb. O sabitlikdən ki, onun qarantı Azərbaycandır.
Bəli, Qərb Azərbaycanın prinsipial mövqeyi ilə razılaşmağa məhkumdur. Qərb dünyası ona heç bir fayda gətirməyən dünya erməniliyinin avantürizminə görə Azərbaycanla münasibətləri korlaya bilməz. Bunu Ermənistanın özündə də kifayət qədər yaxşı anlayırlar. Odur ki, ölkəmizin birbaşa, vasitəçilərsiz danışıqlar təklifi prinsipial məqam kimi qəbul edilir. Baxmayaraq ki, bunu qəbul etdirmək heç də asan olmadı. Elə indi də hadisə və proseslərin tam rəvan müstəvidə olduğunu söyləmək mümkünsüzdür.
Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunda Bakı ilə İrəvanın sülh razılaşmasına yaxınlığını diqqətə çatdırmışdı: “Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”.
Göründüyü kimi, Azərbaycan dövlətinin üzərində dayandığı ən mühüm məsələ sülh razılaşmasının necə olacağına dair ümumi anlayışın mövcudluğudur. Deməli, qalır Ermənistanın siyasi iradə nümayişi. Ümid edək ki, XİN rəhbərlərinin bugünkü görüşü dövlətimizin başçısının haqqında söz açdığı anlayışı dərinləşdirəcək, ən əsası isə erməni iqtidarı siyasi iradə nümayiş etdirməyi bacaracaq. İndiki məqamda, bu, son dərəcə vacib və çətin məsələdir. Vacibdir, ona görə ki, Ermənistanın başqa çıxış yolu yoxdur, daha heç bir vasitəçiyə sığınmaq şansı qalmayıb. Çətindir, o səbəbdən ki, ölkədə durum gərgindir. Baş nazir Nikol Paşinyana qarşı kilsə müxalifəti ilə ənənəvi müxalifətin konsolidasiyası gedir. Belə təəssürat var ki, ikincilər hər an iqtidarı devirə bilərlər. Yəni, hazırda erməni hakimiyyətinin daha qətiyyətli davranması lazımdır. Paşinyan heç də əbəs yerə demir ki, Azərbaycanla delimitasiya və demarkasiya prosesinin pozulması yeni müharibə deməkdir və onun nəticələri Ermənistan üçün yaxşı olmayacaq. Nəzərə alaq ki, kilsə müxalifəti ilə ənənəvi müxalifətin ilk növbədə çalışdığı həmin prosesin pozulmasıdır.
Təbii ki, Azərbaycan və Ermənistan arasında pozitiv təsir bağışlayan danışıqlar trayektoriyası həlli çətin kimi görünən məsələlərə münasibətdəki müsbət dinamika üçün də yol aça bilər. Bu baxımdan “Zəngəzur dəhlizi”nin üzərində dayanmağa ehtiyac var. Ermənistan Azərbaycanın təşəbbüsünə pozitiv yanaşmalıdır. Rəsmi İrəvan nəzərə almalıdır ki, Azərbaycanla sülh prosesinin tam səmimi və uzunmüddətli perspektivə söykənməsi baxımından məsələ son dərəcə vacibdir. Vacibliyi Prezident İlham Əliyev də sözügedən forumdakı çıxışında bildirib. Eyni zamanda, Ermənistanın məsələyə ciddi yanaşmamasının fəsadlarını açıqlayıb: “Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu sülh qovşağı adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli Bəyanata hörmət edilməlidir”.
Sonda bildirək ki, Ermənistan rəhbərliyi XİN başçılarının Qazaxıstan görüşünə yuxarıda sadaladığımız prioritetlərlə getməlidir. Rəsmi İrəvan durumu götür-qoy etməli, ətraflı düşünməli, hazırkı pozitiv ab-havanın gətirdiyi dinamikaya uyğun davranmalıdır. Bu, həm də onun üçün şansdır. Yəni, Azərbaycanla səmimi münasibətlər Ermənistanın müstəqil, heç bir kənar oyunçulardan asılı olmayan gələcəyinin təminatıdır.
Ə.CAHANGİROĞLU