- Daxili siyasət
- 11:02 02.10.2024
"Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı mayın 3-də ənənəvi hesabatını “Ümumdünya Mətbuat Azadlığı İndeksi”ni açıqlayıb (https://rsf.org/en/index?year).
İndeks 2023-cü ildə dünya ölkələrində media üzrə baş vermiş hadisələrin dəyərləndirilməsi ilə hazırlanıb. 180 ölkədə media mühiti qiymətləndirilib. Azərbaycanın adı siyahıda 164-cü yerdə, yəni ən geri sıralardadır. Bizdən öncə Nikaraqua, geridə isə Banqladeş və digər bu kimi dövlətlərin adları yer tutur. Yanaşı sırada yerləşdirilmiş adlara baxmaq kifayətdir ki, RSF-nin Azərbaycana qarşı neqativ, qeyri-obyektiv münasibət göstərdiyi bəlli olsun. Təsəvvürümüzü daha da aydınlaşdırmaq üçün qeyd edək ki, Ermənistanın adı eyni siyahıda bizdən 121 pillə öndə, 43-cü yerdə işarələnib.
RSF-nin öz hesabatlarını belə əcaib formada hazırlamaqla hansı hədəflər güddüyünü anlamaq üçün “İndeks” üzərində son illər ərzində aparılan əməliyyatları müqayisə etmək lazım gəlir.
Məlumat üçün qeyd edək ki, son 22 il ərzində ənənəvi olaraq ardıcıllıqla hazırlanan bu hesabatların hər biri özündən əvvəlki ilin nəticələrini göstərir. Məsələn, 2024-cü ildə açıqlanan hesabat 2023-cü ilin göstəriciləri üzrə qurulub. Bu münvalla 2020-ci il göstəricilərində (yəni 2021-ci ildə açıqlanmış hesabatda) Azərbaycan adı 168-ci pillədə olmaqla ən pis məqamda yerləşdirilib. Sonrakı illərdə 154-cü pillələyə endirilib. 2023-il göstəricilərində isə yenidən sürətlə geri çəkilərək 164-cü pillədə yerləşdirilib. Bu müqayisələrdən çox aydın şəkildə görünür ki, Azərbaycanla Ermənistan arasında gərginlik pik həddə çatanda, bu fonda Fransanın Azərbaycana qarşı təzyiqləri intensivləşdiriləndə, “Sərhədsiz Reportyorlar” da bütün neqativlərini Azərbaycan üzərinə yönəldir. Azərbaycanı pisləməyə, Ermənistanı öyməyə çalışır. Bu məntiqlə 2020-ci ildə, yəni II Qarabağ savaşı dönəmində Azərbaycanın adını sürətlə geri çəkərək 168-ci pilləyə yerləşdirib. Aralıq dövrdə 154-ə endirib. 2023-cü ildə, yəni Qarabağda antiterror tədbirlərinin həyata keçirildiyi dönəmdə isə yenidən geriyə, 164-cü pilləyə çəkməklə tendensiyalı davranıb.
Əslində, "Sərhədsiz Reportyorlar"ın Azərbaycana qarşı münasibəti Ermənistandan həmişə fərqli, daha doğrusu, neqativ olub. 2002-ci ildə, yəni, 22 il öncə ilk hesabatını hazırlayanda Azərbaycanın adını 101-ci, Ermənistanın adını isə 90-cı yerdə qeyd etmişdilər. Bu nöqtədən başlayaraq müntəzəm şəkildə hər il Azərbaycanın adını geri, Ermənistanın adını isə önə çəkiblər. Neqativ tendensiya 2020-ci ildə pik həddə çatıb. Həmin il Azərbaycanın adı 168, Ermənistanın adı isə 61-ci yerdə qərarlaşıb. 2021–2022-ci illərdə "Sərhədsiz Reportyorlar"ın fəaliyyət tarixində ilk dəfə olaraq Azərbaycanın adı geriyə deyil, önə çəkilib, 154-cü pillədə qərarlaşdırılıb. Düzdür, irəliləmə simvolik olub. Amma istənilən halda 2021–2022-ci illər neqativ tendensiyanın sınma xətti kimi tarixə düşüb. Bu il isə proses yenidən geri çevrilib. Azərbaycanın adı yenidən geri çəkilərək 164-cü yerdə işarələnib.
"Sərhədsiz Reportyorlar"ın mərkəzi ofisi Paris şəhərində yerləşir. Bu baxımdan öz siyasətində Fransanın maraqlarını nəzərə alır. Fransanın Azərbaycana yanaşması hansı tərzdədirsə, "Sərhədsiz Reportyorlar"ın yanaşmasında da eynidir. Müstəqil hərəkət edən beynəlxalq təşkilat adlandırılsa da, öz fəaliyyətini Fransanın maraqları üzərində qurur, tendensiyalı davranır. Fransa xarici siyasətinin, prezident Emmanuel Makronun Azərbaycana yanaşması hansı tərzdədirsə, "Sərhədsiz Reportyorlar"ın yanaşması da eynidir. "Sərhədsiz Reportyorlar" Parisin siyasi ambisiyalarının ruporudur.
Diqqət yetirsək görərik ki, Fransanın dövlət başçısı Emmanuel Makron və ölkənin Xarici İşlər Nazirliyi II Qarabağ savaşından sonra Azərbaycana qarşı sistemli təbliğat aparırlar. "Sərhədsiz Reportyorlar" da bu xətti inkişaf etdirir. Azərbaycana qarşı təbliğat aparanlar sırasında öndə gedir. Ölkəmizə neqativ, qeyri-obyektiv münasibət göstərir. Fransanın xarici siyasət kursuna uyğun olaraq Ermənistanı demokratik ölkə, Azərbaycanı isə qeyri-demokratik ölkə qismində göstərmək üçün bütün vasitələrə əl atır. Nəticə çıxır ki, onun davası demokratiya, söz, ifadə azadlığı, insan haqları deyil. RSF-nin fərqli maraqları, fərqli prinsipləridir. Əgər belə olmasaydı min kilometrlərlə uzaqda yerləşən Azərbaycan üzərində çalışmaqdansa, öz ofislərindən yüz metr aralıqda baş verən insidentlərə baxardı. Onların Parisdə araşdırmalı olduqları, amma göz yumduqları yüzlərlə problemlər var.
Digər tərəfdən, Fransada fəaliyyət göstərən güclü erməni diasporundan yardım alır. Bu mənada erməni diasporunun maraqlarını nəzərə alır. Türkiyəyə, Azərbaycana qarşı daimi olaraq düşmən münasibət sərgiləyir. Türk Dövlətləri Təşkilatına qoşulandan sonra Macarıstanı da hədəfə çevirib. Macarıstanın da adını qeyri-demokratik ölkələrin sırasında yerləşdirib. Türkiyə və Macarıstanın adı da “Sərhədsiz Repartyorlar”ın indeksində Azərbaycan kimi geri sıralarda göstərilib. Ermənistanı öndə, demokratik ölkələr sırasında, Türkiyəni isə ondan 100 pillə geri, qeyri-demokratik ölkələr sırasında göstərmək "Sərhədsiz Reportyorlar"ın “Ümumdünya Mətbuat Azadlığı İndeksi”nin mahiyyətini açır.
Müşfiq ƏLƏSGƏRLİ