- Daxili siyasət
- 11:02 02.10.2024
İrəvan özünün dondurduğu “sülh buzlağı”nın əriməsini üç il yarım ləngitsə də, sonda prosesə “isti nəfəs” vermək iqtidarında olduğunu nümayiş etdirir. Doğrudur, Ermənistan baş naziri üçün bu proses heç də başağrısız və problemsiz getmir. Bu, gözlənilən idi. Görünən odur ki, Cənubi Qafqazda geosiyasi, hərbi və iqtisadi kartların hamısının masa üzərinə düzüldüyü indiki mərhələdə İrəvan Bakı ilə razılığa gəlməyin alternativsiz olduğunu tam dərk edir. İndi qalır onun son otuz ildə, ələlxüsus da, son üç ildə özünün ayağına taxdığı “buxovlardan” tezliklə xilas olması. Paşinyan üçün isə bu çətin vəzifənin öhdəsindən gəlməsi, qonşuları ilə normal münasibətləri bərpa etməsi hakimiyyətə gəlişinin altıncı ildönümünə ən yaddaqalan hədiyyəsi sayılar.
“Delimitasiya prosesini tez bitirməliyik”
“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün bütün zəruri sənədlər mövcuddur. O sənədlər Ermənistan hökumətinin sərəncamındadır və onların üzərində iş aparılır. Bu sənədlərin müəyyən məxfilik dərəcəsi var və onlarla işləmək üçün prosedurlar da mövcuddur. Hesab edirəm ki, bu prosedurlarla bağlı müəyyən anlaşılmazlıqlar ola bilər”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan mayın 1-də İctimai televiziyaya müsahibəsində deyib. Canlı efirdə teleaparıcı Petros Kazaryanın “Azərbaycanın dörd kəndi alandan sonra Ermənistana qarşı yeni tələblər irəli sürməyəcəyinə hansı təminat var?”– sualını baş nazir belə cavablandırıb: “Təminatımız mövqelərimizin legitimliyidir. Başa düşürsünüz, bu, çox vacib məsələdir. Əldə etdiyimiz razılaşmalara əsaslanan mövqelərimizin legitimliyidir. Çünki bizim burada mövqelərimiz legitimdir”.
Maraqlıdır ki, bu cavabından sonra Paşinyan media ilə təmaslarında son vaxtlar istifadə etdiyi Ermənistan xəritəsinin maketini yenidən tamaşaçılara nümayiş etdirib. Bundan sonra çıxışına davam edən baş nazir “mövqelərin legitimliyi” dedikdə nəyi nəzərdə tutduğunu izah etməyə çalışıb: “Azərbaycanın timsalında, hamımıza məlum olan şərtlər daxilində, delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır”. Ardınca Paşinyan özünə ritorik sual ünvanlayır: “Niyə? Çünki delimitasiya aparılmadığı təqdirdə, bu, münaqişənin bitməsinə müəyyən mənfi təsirləri ola bilər. Buna görə də vəziyyəti mümkün qədər idarəolunan vəziyyətdə saxlamaq üçün sülh danışıqlarında mübahisə üçün ən böyük potensiala malik yerlərdən başlayırıq”.
Bu zaman başçılıq etdiyi hökumətin delimitasiya prosesində vəzifəsinin təkcə sərhədin ayrı-ayrı hissəsinin deyil, bütövlükdə, bütün Ermənistan–Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasların formulunu təqdim etməkdən ibarət olduğunu hay seyrçilərin nəzərinə çatdıran Paşinyanın sözlərinə görə, problemə yanaşmanın formalaşması, sərhədin bərpası və ya delimitasiya prosesi həmişə uzun sürən iş olub: “Bu gün biz sərhədin təkrar istehsalı üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. Delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər. Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəfdən delimitasiya prosesinin təməl prinsipi kimi qəbul edilib. İndi komissiyalar konkret işlərə başlayıblar. Xatırladım ki, Ermənistan və Gürcüstan arasında delimitasiya 20 ildən artıqdır davam edir. Amma bizdə ümumi anlayış var ki, bu prosesi sürətləndirmək lazımdır”.
“Əsas silahımız qanun olmalıdır”
Televiziyaya müsahibəsində yenidən legitimlik məsələsinə qayıdan Ermənistan baş naziri erməni cəmiyyətinin lümpen tamaşaçı kütləsinə hesablanmış populistikadan, manipulyativ jestlərdən vaz keçməyib: “Əgər Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq. Biz başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də postumuzu qoyub məzuniyyətə getməli və ya Baden-Badendə təhsil almalıyıq? Bizi məhv etmək istəyini necə idarə edə bilərik? Qanunla. Biz beynəlxalq münasibətlərimizi legitimlik əsasında qurmalıyıq. Bu mənada qanunilik ən yaxşı zamindir, qonşularla münasibətlərin normallaşması isə istənilən kənar təminatdan daha üstündür. Əgər forpost kimi zaminimiz varsa o zaman niyə ərazilərimizin işğal altında olduğunu deyirik? Şəxsən zəmanət verirəm ki, legitimlik pis təminatdan daha yaxşı qoruyucudur. Mən deyərdim ki, qonşularla münasibətlərin nizamlanmasının legitimliyi düsturu hətta kənar zəmanətdən qat-qat yaxşı zamindir. Qanuniliyinizi başqasının, kənardakının yaxşı zəmanəti ilə dəyişmək istəyirsinizsə, o zaman suverenliyinizdən və müstəqilliyinizdən imtina edirsiniz. Seçim məhz buradadır. Biz seçirik: həssas beynəlxalq hüquq, yoxsa toxunulmaz beynəlxalq hüquq?”.
Bugünədək bu barədə ictimaiyyətlə açıq danışmaq imkanının olmadığını etiraf edən Paşinyan hərçənd bunu işgüzar formatda dilə gətirdiyini, bəzi epizodların dərc olunduğunu da diqqətə çatdırıb: “Amma onu da bilməliyik ki, 2021–2022-ci il hadisələri beynəlxalq ictimaiyyətə bir çox hallarda 4 kəndin problemi kontekstində təqdim olunub. Başqa sözlə, bu problemin qanuni sərhədlərindən kənarda hərəkət edənin Ermənistan olduğunu göstərmək cəhdi bəzi hallarda uğurlu alındı. Nəhayət, strategiyamızı, təhlükəsizlik və geosiyasi vəziyyəti, məqsədlərimizi, gündəliyimizi təhlil edərək belə nəticəyə gəldik ki, Ermənistanın dağılan qlobal təhlükəsizlik mühitində hansı amil özünə arxalanmağa əsas verir. Yəni, hansı amil mahiyyət etibarilə yeni təhlükəsizlik sistemini yaratmağa imkan verməlidir? Biz bu amilin legitimlik olduğu qənaətinə gəldik”
“Yardım olmadan yaşamalıyıq”
Paşinyanın legitimlik deyəndə beynəlxalq hüququ, ölkələrin tanınmış sərhədlərini və postmüharibə dövrünün reallıqlarını nəzərdə tutduğu məlumdur. Onun daşnak, revanşist, sabiqlər, eləcə də “beşinci kolon” qarışıq daxili auditoriyaya ünvanladığı “hüquqi maarifləndirmə tezisləri”nin hansı əks-sədanı doğuracağını tezliklə eşidəcəyik. Tavuşla bağlı bütün ölkə üzrə kütləviləşmə təhlükəsi yaranmış etirazlara, bir növ, cavab kimi, İctimai televiziyada təşkil olunmuş müsahibənin ən maraqlı hissəsi isə Nikol Paşinyanın çılpaq həqiqəti söyləməsi və bunu etiraf etməsi oldu: “Bu gün regionumuzda kənar yardım və sponsorluq olmadan yaşamaq düsturunu son nəticədə qəbul etməyimiz ölkəmizin maraqlarına uyğundur”.
Açıq söyləmək lazımdır ki, bu, bəlkə də, Paşinyanın dilindən səslənən ən cəsarətli etirafı idi. Buna sadəcə etiraf deyil, həm də Avropada və okeanın o tayındakı yalançı ermənipərəstlərə göndərilən ismarıc deyə bilərik. Daha sonra yaxın günlərdə Tavuşda baş verəcəklərdən danışan baş nazir qeyd edib ki, oradakı kəndlərin sakinlərinin maraq və qayğıları hökumətin diqqət mərkəzindədir: “Biz onların hər birinin hüquqlarını, ləyaqətini və təhlükəsizliyini qorumaqdan ötrü əlimizdən gələn hər şeyi edəcəyik. Biz suveren ərazimizin bir millimetrini belə verə bilmərik, amma sərhədi mütləq bərpa etməliyik. Deyəndə ki, sərhədi bərpa etməliyik, yəni, dünyada, beynəlxalq praktikada formalaşmış prinsiplərə əsaslanaraq yerdə müəyyən işlər etməliyik, bu, başqa məsələdir”.
Danışıqlar Bakı sənədləri ilə aparılır
Rəsmi İrəvanın sülhə yönəlik addımlarını, jestlərini Bakı görür və dəyərləndirir. Azərbaycan Prezidenti İlham Əliyev bu pozitiv prosesi Ermənistanla sülh danışıqlarında müsbət tendensiya olduğunu qeyd edir. “Azərbaycan sülhə nail olmaq üçün fəal işləyir. Danışıqlar Azərbaycanın hazırladığı sənəd əsasında aparılır. İndi biz sülh prosesində müsbət tendensiya görürük. Sərhədlərin delimitasiyası başlanıb. Nəinki delimitasiya, həm də sərhədin demarkasiyası aparılır”. Bu sözləri İlham Əliyev Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.
Dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə edilən razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir: “Bu, bir daha nümayiş etdirir ki, bizim vasitəçilərə, ələlxüsus da, öz maraqlarını əsas götürənlərə ehtiyacımız yoxdur. Onlar kömək etmək istəmirlər, siyasi və iqtisadi maraqları naminə bölgəyə nüfuz etmək istəyirlər. Amma biz Cənubi Qafqazda bunun baş verməsinə imkan vermirik”.
Ermənistan və Azərbaycan xarici işlər nazırlərinin gözlənilən Astana görüşü birbaşa dialoqun hər iki tərəf üçün məqbul formata çevrildiyinin, sülh sazişinə məhz bu yolla gedib çatmağın rəmzi sayılmalıdır. Sülh danışıqlarının Qazaxıstan platforması ideyası Prezident Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb, buna Brüsseldən və Vaşinqtondan təqdiredici reaksiya verilib. “ABŞ Dövlət katibi Antoni Blinken İrəvanla Bakı arasındakı böhranın həllində şəxsən iştirak edir”. Bunu Birləşmiş Ştatların baş dipolmatiya idarəsinin rəsmi nümayəndəsi Vedant Patel brifinqdə deyib. Onun sözlərinə görə, dövlət katibi problemlərin həllində şəxsən dərindən iştirak edir və o, fəaliyyəti dövründə hər iki ölkə rəhbərliyi ilə daim əlaqə saxlayır.
Əgər dünənə qədər onu hərbi münaqişəyə sürükləməyə çalışan kənar aktorlar belə bu gün sülhə dəvət edirlərsə, deməli, Paşinyan Bakının yaratdığı bu tarixi şansı dəyərləndirməyi bacarmalıdır. Ondan tələb olunan ən “ağır iş” məhz budur.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq
İki ölkə arasında sülhənailolma istiqamətində son vaxtlar İrəvandan səslənən mesajlar müsbətdir. Bu müsbət məqamı cənab Prezident İlham Əliyev də çıxışında qeyd etdi. Hətta, bildirdi ki, bəlkə bu il, COP29-a qədər sülh sazişi imzalana bilər. Sərhədin delimitasiyası ilə bağlı proses gedir. Təbii ki, daxildə Paşinyana qarşı etirazlar var, amma düşünürəm ki, onlar baş naziri kürsüsündən tərpədə biləcək qədər yetərli deyil. Əgər Paşinyan, doğrudan da, siyasi iradə göstərərsə, bu məsələni məntiqi sonluğa çatdıra bilər.
Artıq bu gün Qərbdə də bəzi güclər, mərkəzlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasını istəyirlər. Prosesin ümumən müsbət məcrada getdiyini söyləyə bilərik. Amma İrəvan tərəfinin keçmişdə dəfələrlə sərgilədiyi və bizim üzləşdiyimiz bir problemi var. Bu da ondan ibarətdir ki, sözdə bir şey deyilir, fəqət növbə əməli cəhətdən real və konkret addımlara gələndə, bunun əksini görmüşük. Deyəsən, indi bu yanlış tendensiya da dəyişmək üzrədir. Yəni, görünən mənzərə odur ki, Ermənistan hakimiyyəti sülhə doğru praktiki addımlar atmağa başlayıb. Əgər Paşinyan daxildən və xaricdən üzləşdiyi təzyiqlərə davam gətirsə, problemləri həll edə bilsə sülh sazişinin imzalanması reallaşacaq. Hər halda, hazırda onun Azərbaycanla münasibətləri normallaşdırmaq üçün siyasi iradə göstərməsini müşahidə edirik.
İmran BƏDİRXANLI