- Daxili siyasət
- 11:02 02.10.2024
Azərbaycanla Ermənistan arasında sülh prosesinin rəvan müstəviyə çıxdığı görünür. 2020-ci ildən sonra bu istiqamətdə heç vaxt indiki qədər dinamiklik olmamışdı. İstər Bakıdan, istərsə də İrəvandan rəsmi səviyyədə açıqlanan fikirlər prosesin daha da güclənəcəyini söyləməyə əsas verir. Ancaq Ermənistanda sülh gündəliyi fonunda cərəyan edən olaylar narahatlıq doğurur. Ölkədə anti-Paşinyan ab-havası hökm sürür. Hər halda, belə bir görüntü var.
Bəli, Ermənistanda revanşistlər aktivləşiblər. Bu aktivlik idarə olunur. İstər daxildə, istərsə də xaricdə Paşinyana cəbhə açanlar ölkənin Azərbaycanla sülhə gəlməsini əngəlləmək istəyirlər. Əlbəttə, tam mənada demək olmaz ki, xalq hazırkı iqtidardan razıdır. Baş nazirin reytinqində geriləmələr var. Ancaq Nikola qarşı çıxanlar xalqdan dəstək ala bilmirlər. Mövcud durumda bir məsələ aktuallaşmaqdadır. Söhbət terrordan gedir.
***
Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən il terror ehtimalı ilə bağlı diqqətçəkən fikirlər səsləndirmişdi. O, jurnalistlərə açıqlamasında demişdi ki, ölkədə 1999-cu il 27 oktyabr faciəsinin təkrarlanması təhlükəsi var. “Əlbəttə, belə bir təhlükəni görürəm. Xüsusilə indiki vəziyyətdə realdır. Axı 1999-cu il terror aktı ərəfəsində baş verən hadisələr bugünkü proseslərlə müqayisədə çox az əhəmiyyət daşıyır”, – deyən erməni spiker əlavə etmişdi ki, cəmiyyət həmin faciənin əsas iştirakçılarını tanıyır. İnsanlar təşkilatçılar barədə də məlumata malikdirlər, qalır bu faktın hüquqi müstəvidə qeydə alınması və günahkarların məsuliyyətə cəlb edilməsi.
Qeyd edək ki, Ermənistan tarixində baş vermiş ən müəmmalı və qalmaqallı parlament terrorunu Nairi Hunanyan adlı şəxsin başçılıq etdiyi bir qrup silahlı şəxs gerçəkləşdirmişdi. Ötən il isə belə məlumat yayılmışdı ki, Ermənistan hakimiyyəti hadisəni törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Karen Hunanyanın əfvinə hazırlaşır. Bunu “Ayeli” (“Güzgü”) mətbuat klubunun rəhbəri Anjela Tovmasyan demişdi. O bildirmişdi ki, 1999-cu ildə parlamentin deputatı olmuş bir neçə şəxs Ermənistanın Ədliyyə Nazirliyinə məsələ ilə bağlı məktub ünvanlayıb. Məktubda hələlik söhbətin K.Hunanyandan getdiyi bildirilmişdi. O da vurğulamışdı ki, Karenin iş ortağı Nairi Hunanyan da əfvə düşə bilər. Alen Simonyanın “hər şey ortadadır, yalnız günahların hüquqi məsuliyyətə cəlb edilməsi qalıb” məntiqi isə onu deməyə əsas verir ki, hunanyanlar və digərləri aysberqin yalnız görünən tərəfləridir. Yazımızda “görünməyən tərəflər”ə diqqət yetirəcəyik. Əsas məsələ erməni spikerin terrorun təkrarlanması ehtimalından danışmasıdır. Yeri gəlmişkən, ötən illə müqayisədə indi həmin ehtimalın daha aktual olduğunu deyə bilərik. Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanla sülh prosesi dərinləşir və haradasa qarşısıalınmaza çevrilir. Elə isə tarixə qısa ekskurs edib indiki durumla 1999-cu ilin müqayisəsini aparaq.
***
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyan və onunla əlbir olan bir neçə şəxs (qardaşı Karen Hunanyan, dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan) Ermənistan parlamentinə daxil olaraq baş nazir Vazgen Sarkisyana atəş açdılar. Onlar, həmçinin Milli Assambleyanın spikeri Karen Demirçyanı, sədr müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikayel Kotanyanı qətlə yetirdilər.
Qətlə yetirilənlərdən baş nazir Sarkisyanın və spiker Demirçyanın islahata meyilli koalisiyası 1999-cu ilin mayında keçirilmiş parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq 1998-ci ildə prezident postuna yiyələnmiş Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdılar. Deməli, onların fiziki cəhətdən məhvi ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olmalı idi və oldu da.
İstintaq prezident R.Koçaryanı Hunanyanın silahlı qrupu ilə əlaqələndirən heç bir əhəmiyyətli dəlil tapmasa da, bir çox erməni siyasətçi və təhlilçi hesab edir ki, V.Sarkisyanın və digər aparıcı siyasətçilərin qətlinin arxasında eks-prezident və sabiq milli təhlükəsizlik naziri Serj Sarkisyan (sonradan prezident oldu) dururlar. Onu da bildirək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dəfələrlə R.Koçaryanı və S.Sarkisyanı, bu şəxslərin cinayətkar-oliqarxik sistemini parlament hücumunda ittiham edib. 2008-ci il prezident seçkiləri ərəfəsində o, açıq şəkildə bildirmişdi ki, “əgər fevralın 19-da Serj Sarkisyana səs versəniz, Nairi Hunanyana səs verəcəksiniz. Serj Sarkisyanı seçənlər Karen Dəmirçyan və Vazgen Sarkisyanın ruhlarını alçaldacaqdır”.
2009-cu ildə Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi parlament terrorunun 10-cu ildönümü ilə əlaqədar açıqlamasında Koçaryanı və Sarkisyanı bir daha sözügedən terrorda günahlandırdı. Qurum bunları bəyan etdi: “27 oktyabr terror yolu ilə iqtidarın zorla ələ keçirilməsi idi. Bununla da terrorizm rejimin iqtidara yapışmaq və özünü göstərmək üçün əsas vasitəsinə çevrildi”.
Bir məqamı da xatırladaq ki, 2005-ci il aprel ayının sonlarında Rusiyanın sabiq məxfi xidmət agenti Aleksandr Litvinenko ölkəmizdə o zaman fəaliyyət göstərmiş “Realni Azerbaijan” qəzetinə müsahibəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq üçün Ermənistan parlamentində terror aktını təşkil etməkdə suçladı. 2013-cü ilin mart ayında isə Vazgen Sarkisyanın kiçik qardaşı Aram Sarkisyan da R.Koçaryanı və S.Sarkisyanı məlum qanlı olayda təqsirli sayan bəyanat səsləndirdi.
1999-2001-ci illərdə ATƏT-in hazırda canını tapşırmış Minsk qrupunun amerikalı həmsədri olmuş Keri Kavano 2021-ci ildə bildirmişdi ki, həmsədrlik etdiyi dönəmdə Azərbaycanla Ermənistan Qarabağ münaqişəsi üzrə razılaşmaya çox yaxın idilər. O, son məqamda razılaşmanın mümkünsüzə çevrildiyini vurğulamış və ictimai etimadı pozan faktorlardan biri kimi məhz 1999-cu il parlament terrorunun üzərində dayanmışdı.
Bəli, 1999-cu ilin parlament qətliamı Bakı ilə İrəvan arasında reallığa çevrilməkdə olan və böyük nikbinlik doğurmuş sülh prosesini əngəllədi. Nəzərə alaq ki, baş nazir Sarkisyan və parlament sədri Demirçyan Azərbaycanla normallaşma xəttinin tərəfdarı olaraq işğalın səmərə verməyəcəyini anlayaraq, sülh və güzəşt tərəfdarları kimi çıxış edirdilər. Onların qətlindən sonra iyirmi ildən də artıq davam etmiş mənasız danışıqlar mərhələsi start götürdü. Torpaqlarımız işğalda qaldı...
***
1999-cu il parlament terrorunun şahidi olmuş jurnalistlərin dediyinə görə, silahlılar baş nazir Sarkisyana tərəf gedərək “yetərincə qanımızı içdin” deyə qışqıranda, Sarkisyan sakitcə “hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir” şəklində cavab vermişdi. Bu, onun son sözləri olmuşdu. N.Paşinyan da hazırda, müəyyən mənada, o zamankı baş nazir kimi danışır. Hər halda hökumət rəhbərinin ayrı-ayrı açıqlamalarında real durumun elementləri görünür. Məsələn, o da nəsillərə qalacaq Ermənistan yaratmaq istədiyini bildirib.
Nəzərə alaq ki, Sarkisyan haqlı idi. Çünki 1999-cu ildə doğulmuş erməni uşaqları 44 günlük müharibədə məhv oldular. Yəni, o zamandan fərqli olaraq hazırda məğlub Ermənistan var və indi ölkədə cərəyan edən proseslər fonunda haqqında söz açdığımız terror təmayülünü də kənara qoymamalıyıq. Paşinyana qarşı terror aktının gerçəkləşə bilmə ehtimalını düşünməyə dəyər. Hər halda, ümumən, erməni tarixinin həm də terror tarixi olduğunu unutmaq olmaz.
Sonda bir anlıq düşünək ki, Ermənistanda terror oldu və Paşinyan aradan götürüldü. Baş nazirin komandasının yerini revanşistlər tutdular. Nəzəri yanaşsaq, onlar sülh prosesini pozacaq və Qarabağ avantürizminə start verəcəklər. Belə olan halda ölkənin hansı acınacaqlı aqibəti yaşayacağını proqnozlaşdırmaq asandır. Mövcud məsələdə çox söz demək, fikir bildirmək mümkündür. Amma yalnız biri ilə kifayətlənək: Azərbaycan 1999-cu ildəki Azərbaycan deyil.
Ə.CAHANGİROĞLU