- Daxili siyasət
- 11:02 02.10.2024
Tanıdığımız, bələd olduğumuz adamdan uzun müddət xəbər çıxmayanda narahatlıq keçirməyimiz təbii hissdir. Doğrudur, avropalı missionerlərin dərdini çəkmək bizə qalmayıb, amma yenə də qəribə suallar adamın beynini girinc eləyir. Misal üçün, Avropa İttifaqının mülki müşahidə missiyasi adlanan legionun Ermənistanın Azərbaycanla sərhəd zonasında son vaxtlar hansı işlərlə məşğul olduğu barədə ictimaiyyətə opertariv məlumat verilmir.
Xidmətdən tərxis olunmuş fransız jandarmlarının və alman hərbçilərinin məxfi sifarişlərini yerinə yetirdikləri “ağa”larına göndərdikləri aylıq (bəlkə, həftəlik? – red.) məruzələrində nələri qeyd etdikləri də ciddi maraq doğuran nüanslardandır. Son vaxtlar Avroittifaqın həmin missiyasının rəhbəri Markus Ritterin nə səsi eşidilir, nə də əlində binokl tutmuş fotoşəkili gözə dəyir.
Maraqlı nüanslardan biri də demarkasiya işləri aparılan Ermənistan–Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının öz müşahidələrini hansı formada və qaydada həyata keçirməsidir. Ümumiyyətlə, onların bundan sonrakı fəaliyyətinə “ümidlərini” puça çıxardığı İrəvanın ehtiyacı varmı? Bakı bu adda qurumun bölgəyə gətirilməsinə etirazını hələ ilyarım bundan əvvəl bildirmişdi. O zaman ikiaylıq müddətə Ermənistanla sərhədimizə “səyahətə” gəldikləri deyilən mülki missiyanın “missiyasının” müddəti sonradan iki ilə qədər uzadıldı. İndi isə Aİ yetkililəri fransız və alman “kəşfiyyatçı-turistlərin” Ermənistana səyahətlərinin daha iki il müddətinə uzadılacağı barədə danışırlar. Bu məqamda oxuculara vacib bir xatırlatma.
Təxminən bir il bundan əvvəl “yenilməz batalyon”un komandiri Ritter “Azadlıq” radiosunun “Azərbaycan tərəfi Avropa İttifaqının missiya ilə manipulyasiya etdiyini bildirib. Bəs sizin versiyanız nədir?”, – sualına maraqlı cavab vermişdi: “Əlbəttə ki, biz manipulyasiya etmirik və öz bəyanatlarımızda çox ehtiyatlıyıq. Biz sadəcə olaraq öz hesabatlarımızı Brüsselə göndəririk. Nə Ermənistan (?)tərəfi bu hesabatları alır, nə də Azərbaycan (?). Manipulyasiya üçün heç bir imkan yoxdur və bu hesabatlar Brüssel, üzv dövlətlər tərəfindən nəzərdən keçirilir, sülh danışıqları üçün istifadə olunur. Odur ki, mən burada manipulyasiya üçün yer görmürəm”.
* * *
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası istiqamətində irəliləyişin əldə olunmasından, tərəflərin birgə işlərə start verməsindən sonra Aİ-nin mülki missiyasının həmin sərhəd zolağında nə işlə məşğul olacağı sual doğuran məsələlərdəndir. Onu da nəzərə almalıyıq ki, Aİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsini yüksək qiymətləndirib və həmçinin ölkələr arasında sərhədlərin delimitasiyası istiqamətində irəliləyişləri görməkdən məmnun qaldığını ərz edib. Bu barədə qurumun Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib. Səfir onu da xatırladıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh danışıqlarının dəstəklənməsi prosesində iştirak edib: “Biz görürük ki, sülh sazişi üzrə danışıqlar davam edir, sərhədlərin delimitasiyası prosesi də gedir”. O, Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
Amma indi Bakının, xüsusilə də İrəvanın Aİ-nin saxta dəstəklərinə ehtiyac duymadıqları hamıya gün kimi aydındır. Beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğuran nüanslardan biri də cənab Markus Ritterin naməlum istiqamətdə yoxa çıxmasıdır. Onun harada olduğu bilinmir. Fikirləşirik ki, bəlkə hafizəsi zəifləmiş, intuisiyası korşalmış yaşlı alman hərbçisi sərhəddə tez-tez müşahidə olunan dumanlı hava şəraitində səmtini itirib, bizim tərəfə keçib və Kəlbəcərin qalın meşəliyində azıb? Onsuz da yollarını azmağa öyrəncəli bu avropalılar ekstrim şəraitə düşəndə çox qorxaq olurlar. Bu səbəbdən sərhədboyu ərazidə hər iki tərəfdən həyəcan siqnalının verilməsi lap yerinə düşərdi...
İ.HƏSƏNQALA