- Daxili siyasət
- 12:22 26.07.2024
Azərbaycanın son iyirmi ildə, xüsusən, 2020-ci ilin payızında imza atdığı möhtəşəm uğurları saymağa ehtiyac yoxdur. Çünki bu faktlar artıq dünyanın hər yerində məlumdur və hamı tərəfindən qəbul edilir. İndi bir çox ölkələrin ekspert və politoloqları bu uğurların təməlində dayanan prinsipləri sadalamağa üstünlük verirlər. Həm də bu zaman Prezident İlham Əliyevin dəfələrlə təkrar etdiyi “bizim bütün nailiyyətlərimizin təməlində xalqımızın tarix boyu yaşatdığı tolerantlıq, multikulturallıq, ölkədəki bütün xalqların təmsilçilərinin bərabərhüquqlu vətəndaş kimi yaşayıb yaratmasına şərait olması dayanır” tezisinə istinad edilir.
Son illər ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilsə də, paytaxtımıza hər il minlərlə ( bəli, artıq yüzlərlə yox, məhz minlərlə) xarici dövlət xadimi, siyasətçi və ziyalının gəlməsinə baxmayaraq, bu yazıda bəzi “köhnə” faktlara müraciət etmək istəyirik. Çünki həm yeni faktlar barədə az qala hər saat söz açılır və ya yazılır, həm də bəzi ekspertlər deyirlər ki. əcnəbi siyasətçilərin Azərbaycan reallıqlarını yüksək qiymətləndirməsinin əsas səbəbi 2020-ci ildəki tarixi Zəfərimizdir. Doğrudur, bu tezisi dilə gətirənlər də haqlıdırlar. Ancaq o da həqiqətdir ki, hələ on, on beş il əvvəl də avropalılar Azərbaycan reallıqlarını yüksək qiymətləndirirdilər.
Yəqin ki, heç kəsin yadından çıxmayıb. 2013-cü ilin dekabrında Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif dini icmalarının və ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdə olan Fransanın “Fəxri Legion” ordeni mükafatçısı Tareq Ubru demişdi : “Mən və həmkarlarım bir daha əmin olduq ki, Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Ölkənizdə dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb və bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkənizin zəngin təcrübəsinin öyrənilməsi olduqca vacibdir və Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələr üçün örnək ola bilər”.
Yaxud, Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Provera Romada keçirilən konfransdakı çıxışında Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin və dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırmışdı: “Azərbaycandakı tolerantlıq mühiti və dünyəvilik modeli dünyaya örnəkdir”.
Həm beynəlxalq mədəniyyətlərarası dialoqlarda, həm son illər ADA Universitetinin təşkil etdiyi dünya beyin mərkəzləri təmsilçilərinin Bakı və Şuşa görüşlərində dönə-dönə xatırladılıb ki, Azərbaycanda dini və milli tolerantlıq yüksək səviyyədədir və dünyaya nümunə kimi göstərilə bilər. İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzillotta isə bu dəyərləndirməni daha dolğun şəkildə dilə gətirmişdi: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini toqquşmaların cərəyan etdiyi bir dövrdə millətlərarası dialoqun qorunması bizi uğura apara bilər. Müsəlman cəmiyyəti ilə digər dinlərin icmaları arasında birgəyaşayış, sülh şəraitində mövcudluq olduqca önəmlidir. Azərbaycan bu istiqamətdə model ölkədir”.
O da faktdır ki, bütün əcnəbi siyasətçilər bu məzmunlu çıxışlarında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyətini də qədirbilənliklə yada salırlar. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar: “Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, birinci iki ili istisna etmək şərti ilə, bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən, milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi”.
Çox təəssüf ki, müstəqilliyin ilk illərində xalqımız çoxsaylı çətinliklər (işğal, iqtisadi və sosial çətinliklər), Azərbaycanı parçalamaq cəhdləri, aqressiv separatçılıq və digər problemlərlə üz-üzə qalmışdı. Hətta, bəzi naşı “siyasətçilər” “türkün türkdən başqa dostu yoxdur”, yaxud “sərhədləri tamamilə bağlayaraq ölkəni inkişaf etdirək!” kimi primitiv şüarlarla çıxış edirdilər. Ancaq xalqın çoxəsrlik tolerantlıq və multikulturallıq dəyərləri bütün mənfi tendensiyaların geridə qalmasını təmin etdi. Xalqın böyük siyasətçi Heydər Əliyevi ölkənin siyasi rəhbərliyinə dəvət etməsindən sonra rəsmi Bakı sübut etdi ki, sərhədlərimiz bütün xoşməramlı insanların üzünə açıqdır və türkün türkdən başqa çoxsaylı dostları, müttəfiqləri və tərəfdaşları var.
Rəsmi Bakı bu arqumentləri BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəndə də sübut etdi, Qoşulmama Hərəkatına sədrliyi dövründə də, dünya ölkələrinin COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı illərdə də. Üstəlik, Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verməklə başladığı dinlərarası dialoqda və çoxtərəflilik dəyərlərinin hələ uzun illər davam etdirilməsində də qətiyyətlidir.
Maraqlıdır ki, ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi hər zaman müstəmləkə tendensiyalarına qarşı mübarizəni aparması, eləcə də, Avropa təsisatlarının Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinə etirazları zərərdidə olan ölkələrdə və mütərəqqi bəşəriyyət tərəfindən alqışlansa da, Avropa Parlamenti və AŞPA bütün bunlarla bağlı səssiz qalmağı üstün tuturlar. Görünür, onların dilini müasir dünyanın ən amansız neomüstəmləkəçisi olan Fransa “bağlayır”.
Ancaq kimin neyləməsindən, hansı hava ilə kimlərisə rəqsə dəvət etməsindən asılı olmayaraq. Azərbaycan öz haqq yolunu qətiyyətlə davam etdirir və bizi bu yoldan kiminsə döndərə biləcəyi mümkünsüzdür. Biz COP29-a uğurla evsahibliyi edəcəyik. Buna Azərbaycanın tarixi, coğrafiyası, qarşılıqlı əlaqələri, Avropa təsisatları ilə olan münasibətlər, Qərb ilə Şərq arasında yerləşməsinin verdiyi üstünlük və digər amillər zəmin yaradır. Dövlət başçımızın ötən ilin sonundan bəri dəfələrlə təkrar etdiyi kimi, Azərbaycanın özünün yaşıl gündəliyi var. Biz , 2027-ci ilə qədər 2 qiqavat Günəş və Külək enerjisi stansiyalarını istifadəyə verəcəyik. 2030-cu ilə qədər isə əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün geniş imkanlar yaranacaq.
Təbiidir ki, bütün bu uğurlarımızı gözü götürməyənlər də var və onlar açıq-açığına Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsini istəmirlər. Prezident İlham Əliyev isə başqa fikirdədir: “Bizim heç kəsin torpaqlarına, ərazisinə iddiamız yoxdur, ancaq heç kəsə də bir qarış torpaq verməyəcəyik. Dövlət başçımız bütün beynəlxalq tribunalardan xatırladır ki, Fransa başda olmaqla bəzi ölkələrin Ermənistanı silahlandırmasına baxmayaraq, biz bütün məsələlərin sülh və danışıqlar yolu ilə həllinə nail olacağıq. Əgər kim sülh istəmirsə, qoy istəməsin. Sonda özü peşman olacaq. Bizim əlimizdə mükəmməl bir alibi var. Bu, Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürməsi, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırlaması, iki ölkə arasında danışıqları məhz Azərbaycanın təkliflərinin layihəsi üzərində aparılması. Vəssalam.
Sonda xüsusilə vurğulayaq ki, məhz Azərbaycanın təşəbbüsü və təkidləri ilə sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası da başlanmışdır. Beynəlxalq ekspertlər buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunmasını da rəsmi Bakının siyasi uğuru kimi qiymətləndirirlər”.
İttifaq MİRZƏBƏYLİ