- Daxili siyasət
- 11:02 02.10.2024
Erməni və Azərbaycan xalqları arasında münasibətlərin pozulmasında erməni apostol kilsəsinin müstəsna rolu var.
Kilsə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən az sonra – 1875-1880-ci illərdən başlayaraq, haylar arasında türklərə və azərbaycanlılara qarşı nifrət hissi aşılamağa, etnik və dini zəmində ədavət salmağa, düşmənçilik toxumu səpməyə başlayıb. Din xadimi adlanan həmin şəxslərin fəaliyyəti tezliklə öz “bəhrəsi”ni verib. Aparılan kütləvi təbliğat, erməni xalqının “beyin yuma əməliyyatına” məruz qoyulması, onlarda psixoz vəziyyətinin yaradılması “Daşnaksütyun”, “Hnçak” kimi partiyaların təşkilinə gətirib çıxarıb.
1890-cı ildə Tiflisdə əsası qoyulan və rəsmi adı Erməni inqilabi federasiyası olan “Daşnaksütyun” ilkin mərhələdə “Türkiyə hökumətinə qarşı xalq müharibəsi” yolu ilə “Qərbi Ermənistan”ın iqtisadi və siyasi azadlığına nail olmağı qarşısına məqsəd qoyub. Mənhus niyyətə çatmaq üçün təbliğat, xalqın inqilabi hazırlığı, Osmanlı imperiyasının erməni əhalisinin təşkili və silahlandırılması, sabotaj və fərdi terrorun aparılması qarşıya qoyulub. “Hnçak”ın 1888-ci ildə dərc olunmuş proqramında isə üsyanlar, kütləvi iğtişaşlar və terror yolu ilə Türkiyənin şərqində erməni dövlətinin qurulması planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı imperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstəriblər.
Əsasında erməni kilsəsinin dayandığı xalqlararası düşmənçiliyin körüklənməsi 1905-1906-cı illərdə ilk qırğınlara gətirib çıxarmışdır. 1905-ci ildə Rusiyada hökumət əleyhinə kütləvi etiraz aksiyalarının baş verməsindən və çarizmə qarşı narazılıq dalğasının genişlənməsindən istifadə edən ermənilər Bakıda kütləvi qırğınlar törədiblər. Bu işə rəhbərliyi “Daşnaksütyun” və “Hnçak” partiyaları öz üzərlərinə götürmüşdülər.
Tarixə nəzər yetirsək görərik ki, həmin qırğınların başında bilavasitə kilsə dayanıb. Belə ki, XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və ideoloji təminatçısı əsasən erməni kilsəsi, o cümlədən Bakının mərkəzində yerləşən erməni qriqorian kilsəsi idi. 1903-cü il iyunun 12-də erməni kilsələrinə məxsus torpaqların və mülkiyyətin Rusiya imperiyasının Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi barədə qəbul edilən qanun kilsənin maliyyələşdirdiyi siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə də ağır zərbə vurmuşdu. Qanunun icrasının qarşısını almaq məqsədilə erməni siyasi partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları həyata keçirməyə başlamışlar. Ermənilər həmin ilin avqust ayında Cənubi Qafqazın müxtəlif şəhərlərində, o cümlədən Bakıda iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər. Tarixçilər qeyd edirlər ki, Qafqazın varlı ermənilərinin cəmləşdikləri Bakıda qırğınların həyata keçirilməsi bir təsadüf nəticəsində deyil, planlaşdırılmış şəkildə baş verib. Məqsəd erməni milyonerlərinin dəstəyi ilə Bakının neft sənayesinin ələ keçirilməsi, bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanların silah gücünə qovulması, son nəticədə “böyük Ermənistan” dövlətinin yaradılması idi.
Kilsənin bu yanaşması XX əsr boyunca davam edib. Lakin SSRİ-nin dünyəvi dövlət olması, dinin ictimai həyatda rolunun heçə endirilməsi, erməni kilsəsinin də əl-qolunun bağlanmasına səbəb olmuşdu. Ancaq onlar altdan-altdan öz işlərini görürdülər. Həmçinin “Daşnaksütyun” və “Hnçak” kimi partiyalar da SSRİ-də qadağan olunmuş, onlar fəaliyyətlərini xaricdən davam etdirmək məcburiyyətində qalmışdılar. SSRİ-də “yenidənqurma”, “aşkarlıq” prosesinin başlanması ilə erməni kilsəsi də aktiv fəaliyyətə keçərək, əsrin əvvəllərindən “yarımçıq qalmış” işlərini tamamlamağa tələsdi. Eyni zamanda, “Daşnaksütyun” da 1980-ci illərin ikinci yarısından etibarən Ermənistanda leqal siyasi fəaliyyətə başladı.
Erməni kilsəsi yenə iş başındadır. 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında delimitasiya sahəsində uğurlu nəticənin əldə olunması, ardınca demarkasiya prosesinin başlanması kilsənin iqamətgahında – Eçmiədzində (Yeri gəlmişkən, qeyd edək ki, hazırda inzibati cəhətdən iki müstəqil katolikosluq – mərkəzi Eçmiədzində yerləşən bütün ermənilərin katolikosluğu və mərkəzi Livanın Antelias şəhərində yerləşən Kilikiya katolikosluğu mövcuddur – S.H.) əyləşənlərin, o cümlədən bütün ermənilərin katolikosu II Qareginin, necə deyərlər, kürkünə birə salıb. Baş nazir Nikol Paşinyan hakimiyyətinin konstruktivliyinə baxmayaraq, kilsənin qızışdırdığı daxildəki və xaricdəki müəyyən siyasi qüvvələr prosesi əngəlləmək üçün Azərbaycanla şərti sərhədə yaxın kəndlərdə kütləvi etirazlara başlamışlar. Son ayın tendensiyası göstərir ki, kilsə Hayastanda siyasi proseslərə daha aktiv şəkildə qatılmaqdadır və əslində, hazırda sülh prosesinə əngəl yaradan əsas institut hesab oluna bilər. Güman etmək olar ki, dünyəvi müxalifət reytinqinin çox aşağı olmasını nəzərə alaraq, daha çox, necə deyərlər, qınına çəkilmiş və din xadimlərini qabağa vermişdir.
Bundan əlavə, kilsənin xüsusi konstitusion statusu da ləğv edilməlidir. Hayastan konstitusiyasının 18.1-ci maddəsində erməni apostol kilsəsinin milli kilsə kimi “erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası” təsbit edilib. Halbuki, konstitusiyaya görə, Ermənistan dünyəvi dövlətdir. Həmin maddə isə demokratiklik və dünyəvilik prinsiplərinə ziddir.
Mövzu üzrə söhbətləşdiyimiz Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirdi ki, erməni kilsəsi Ermənistanın ictimai-siyasi həyatında hər zaman fəal rol oynayıb. Eyni zamanda, kilsə Ermənistan–Azərbaycan münaqişəsinin yaranmasına və dərinləşməsinə xüsusi “töhfə”lər verib. İki ölkənin sülhə doğru addımlamasına baxmayaraq, kilsə həmin missiyanı bu gün də davam etdirir: “Kilsə sülhün əldə olunmasının qarşısını almağa çalışır və bu istiqamətdə xoşagəlməz addımlar atır. Yəni, kilsə Ermənistan daxilində revanşist düşüncələrin qalmasında, etirazçıların qızışdırılmasında “mühüm” rol oynayır. Hətta, mən deyərdim ki, proseslərin önündə gedir”.
C.Məmmədov qeyd etdi ki, kilsə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını istəmir. Çünki Eçmiədzin bu prosesləri özünün maraqlarına zidd hesab edir. Müsahibimiz öz fikirlərini belə əsaslandırdı ki, kilsə keçmiş münaqişə sayəsində çox böyük vəsait qazanıb. Ona görə də münaqişənin bitməsini, iki ölkənin münasibətlərinin normallaşmasını özünə təhlükə kimi görür: “Eyni zamanda, artıq həllini tapmış münaqişə, iki ölkə arasında yaşanan qarşıdurma kilsənin əsas ideoloji xəttini və istiqamətini təşkil edir. Proseslərə bu aspektdən yanaşdıqda, kilsənin münasibətlərin gərgin olaraq qalması üçün ciddi səy göstərdiyini görürük”.
C.Məmmədov hesab edir ki, kilsənin destruktiv fəaliyyəti bitənə oxşamır: “Bu fəaliyyət davamlı olacaq və heç zaman bitməyəcək. Kilsə yenə də eyni formada funksiyasını yerinə yetirməyə çalışacaq. Biz bunu gələcəkdə də görəcəyik. Bu mənada hazırda qarşıda dayanan ən əsas vəzifə və hədəflərdən biri düşmənçiliyin bitməsi üçün Ermənistan hakimiyyəti tərəfindən real və konkret addımların atılmasıdır. Amma bir daha demək istəyirəm ki, bu, kilsənin özünün mahiyyətindən, fəaliyyət prinsipindən və nizamnaməsindən irəli gələn məsələdir”.
Milli Məclisin deputatı qeyd etdi ki, əslində, səmavi dinlərə görə, bu yanaşma yanlışdır: “Heç bir din digər digər dinlərin mənsublarının qətlə yetirilməsini düzgün saymır. O cümlədən xristianlıqda da bu məsələ birmənalı qarşılanmır. Əsl xristianlıq öz ardıcıllarını müsəlmanlara və digər dinlərə hörmətli münasibət göstərməyə çağırır. Amma təəssüf ki, erməni apostol kilsəsinin timsalında biz açıq-aydın bunun əksini görürük. Keşişlər bu gün də ön sıradadırlar. Onlar öz mövqelərini, nüfuzlarını qorumaq üçün Ermənistanın və erməni xalqının gələcəyini belə məhv etməyə hazırdırlar”.
Əlavə etmək yerinə düşər ki, səmavi dinlərin təmsilçiləri, bir qayda olaraq, döyüşən tərəfləri atəşkəsə, barışığa, sülhə, əmin-amanlığa səsləyirlər. Ancaq erməni apostol kilsəsinin timsalında biz bunun əksini müşahidə edirik. Bu mənada, erməni apostol kilsəsinin fəaliyyəti din adına ləkədir.
Kilsə Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarını təşviq edib və etməkdədir. Azərbaycan ötən il Qarabağ iqtisadi rayonunun bütün ərazisi üzərində suverenliyini tam təmin edəndən sonra da erməni kilsəsi “Artsax” yeparxiyasının fəaliyyətinin davam etdirilməsi haqqında qərar vermişdir. Bütün erməniərin katolikosu II Qaregin 2023-cü ilin sentyabrından sonra da çıxışlarında Qarabağın Azərbaycan tərəfindən “işğal edildiyini” dəfələrlə açıq bəyan edib. Kilsənin həmin qərarı və katolikosun çıxışları keşişlərin Azərbaycana qarşı ərazi iddialarının davam etməsinin bariz göstəricisidir. Ermənistanla Azərbaycan arasında sülhə əsas maneələrdən olan kilsə müasir Hayastan cəmiyyətində türkofobiya və Azərbaycanofobiyanın formalaşmasına görə də məsuliyyət daşıyır. Zənnimizcə, Ermənistanda bütün sahələrdə islahatlar aparılmasının vacibliyindən bəhs edən baş nazir Paşinyanın kilsə ilə bağlı bu məqamlara nəzər yetirməsində də fayda vardır. Çünki bu zəruri islahatların aparılması son nəticədə erməni cəmiyyətinin özünün xilasına xidmət edəcək.
Səxavət HƏMİD