- Daxili siyasət
- 11:02 02.10.2024
Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşlə bağlı hazırda Hayastanda xəyal qırıqlığı yaşanır. Halbuki, Ermənistan tərəfi görüşün nəticələrinə çox böyük ümidlərlə yanaşırdı. Məsələ onda idi ki, üçtərəfli görüşdə Brüssel və Vaşinqtonun İrəvana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar verəcəklərinə dair sənəd imzalanmışdı. Hayları pəjmürdə edən əsas səbəb Avropa İttifaqının “yeni Ermənistan–Aİ tərəfdaşlığını gücləndirmək üçün” ayıracağı 270 milyon avro vəsaitin birdəfəlik ödənilməyəcəyi ilə bağlı idi. Həmin vəsaitin 2024-2027-ci illərdə hissə-hissə (yəni, hər il 67,6 milyon avro) ayrılması nəzərdə tutulub.
İndi isə məlum olub ki, Macarıstan bir neçə həftə əvvəl ittifaq çərçivəsində razılaşdırılmış Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır. Bu barədə “Azatutyun” (“Azadlıq radiosu”nun erməni xidməti) diplomatik mənbələrə istinadən məlumat yayıb. Diplomatik mənbələr bildiriblər ki, Budapeşt blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.
Qeyd edək ki, Aİ-nin Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketi ayıracağı 5 aprel görüşü ilə bağlı mediaya sızan məlumatlarda öz əksini tapmışdı. Qeyd edilmişdi ki, bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Yardım paketi, həmçinin əməliyyat səmərəliliyini artıracaq, Aİ və NATO standartlarına uyğunlaşmanı sürətləndirəcək və Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək. Yardım paketi, həmçinin Hayastan ordusunun Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədini daşıyır. Həmin vaxt yayılan məlumatda Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım paketinin qəbulu məsələsində artıq Aİ-də konsensus əldə olunduğu bildirilmişdi. Ancaq indi məlum olur ki, Macarıstan sənədi əngəlləyibmiş.
“Azatutyun” isə qeyd edir ki, Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir tabor üçün modul tipli səhra düşərgəsi yaratmağı, düşərgəyə tibbi yardım klinikasının, habelə müvafiq xidmətlərin və imkanların daxil edilməsini nəzərdə tutur. “Dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onun dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir” – deyə məlumatda qeyd olunurdu.
Məsələ Ermənistan mediasında isterik reaksiyalara səbəb olub. Hayastanın ictimai-siyasi sektorunda təmsil olunanlar Macarıstanı bu addımına görə tənqid edirlər. Onlar qeyd edirlər ki, Macarıstanla Ermənistan arasında 2004-cü ildə kəsilən diplomatik əlaqələr 2023-cü ildə bərpa edilsə də, hətta, Hayastan prezidenti Vaaqn Xaçaturyan Budepaştə səfər etsə də, macarlar anti-erməni addım atıblar.
Ancaq burada nəzərə alınmalı incə nüans ondan ibarətdir ki, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir və bunu vəziyyətdən çıxış yolu adlandırır. Qeyd edir ki, Azərbaycan əraziləri otuz ilə yaxın işğal altında olmuşdur. Çox sayda Azərbaycan yaşayış məntəqəsi erməni işğalçıları tərəfindən talan edilmişdir. Ermənistanda isə belə hallar olmayıb. Ermənistan ərazilərinin minalardan təmizlənməsinə böyük vəsait xərcləməsinə ehtiyac yoxdur, Azərbaycan isə buna məcburdur. Ermənistanın Azərbaycana qarşı cinayətlərinin siyahısını davam etdirmək olar. Amma bunların heç birinə görə Ermənistan böyük dövlətlər tərəfindən qınanmayıb. Əksinə, indi ona yardım, o cümlədən hərbi yardım göstərmək istəyirdilər. Macarıstan isə ədalətli davranaraq buna qarşı çıxır.
Mövzu ilə bağlı “XQ”yə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, Macarıstan və Azərbaycan strateji tərəfdaşlardır. Onun sözlərinə görə, iki ölkə həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əsasda fəal əməkdaşlıq edir. Bizim əməkdaşlığımız bir çox sahələri əhatə edir. Bura siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, o cümlədən energetika və nəqliyyat sahəsində sıx işbirliyi daxildir. Bu mənada Macarıstanın ölkəmizə dəstək verməsi təsadüfi deyil: “Budapeştin yanaşması tamamilə normaldır. Çünki Cənubi Qafqazda münaqişə tərəflərindən birinə dəstək verib digərinə vermirsənsə, o deməkdir ki, sən bitərəfliyini itirmisən. Bu səbəbdən Macarıstanın ortaya qoyduğu yanaşma Avropa İttifaqı çərçivəsində ədalətsizliyin qarşısının alınması anlamına gəlir. Macarıstan bununla bir ədalətsizliyin qarşısını almış oldu”.
Polioloq qeyd etdi ki, bu yanaşmanı təkcə Azərbaycana dəstək kimi nəzərdən keçirmək lazım deyil. Digər tərəfdən, biz bilirik ki, son dörd il ərzində Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında Aİ çərçivəsində bəzi siyasi qruplar və müəyyən dövlətlərin rəhbərləri ölkəmizə qarşı alyans formalaşdırmağa, öz aləmlərində Azərbaycanı təkləməyə çalışırlar: “Onlar Avropa İttifaqının Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindəki rolunu, necə deyərlər, inhisara almaq istəyirlər. Əlbəttə, Macarıstanın bu addımı onu göstərir ki, Avropada bizim dostlarımızın sayı az deyil və onlar ölkəmizlə bağlı xoşagəlməz təşəbbüslərin həyata vəsiqə qazanmasına imkan verməyəcəklər. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Həmin ölkələr Aİ-də anti-Azərbaycan qüvvələrin mövqelərinin möhkəmlənməsinə mane olurlar. Əlbəttə, bu, onu da deməyə əsas verir ki, Aİ-nin Azərbaycana qarşı siyasətində ortaq mövqe yoxdur, parçalanmış yanaşma var”.
C.Vəliyev dedi ki, Macarıstanın Azərbaycana vermiş olduğu bu dəstək iki ölkənin rəhbərləri arasındakı qarşılıqlı etimadın təzahür formasıdır: “Ümumiyyətlə, regionda cərəyan edən proseslər fonunda biz deyə bilərik ki, Azərbaycan–Türkiyə–Macarıstan arasında və bütövlükdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində xüsusilə xarici siyasət sahəsində möhkəm koordinasiya formalaşıb. Xatırlayırsınızsa, bir neçə həftə əvvəl Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmizdə idi. O, səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı bir çox məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını bildirdi. Fikirlərimizi ümumiləşdirərək deməliyik ki, Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və Budapeştin atdığı addım heç də təsadüf kimi nəzərdən keçirilməməli, əksinə dostluğun, qardaşlığın və ədalətin təzahürü kimi qiymətləndirilməlidir”.
Politoloq İlyas Hüseynov isə Macarıstanın Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində vəsaitin ayrılmasını əngəlləməsinin təqdirəlayiq addım olduğunu bildirdi. O qeyd etdi ki, Avropa Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilir. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilədək fəaliyyət göstərməsi nəzərdə tutulub. Onun hazırkı büdcəsi 17 milyard avrodur: “Fond sonuncu dəfə Qərbi Afrikada yerləşən Kot-d’İvuar Respublikasına 15 milyon avro ayırıb. Məsələ ondadır ki, Kot-d’İvuar hakimiyyəti qeyri-qanuni silahlı qruplara qarşı mübarizə aparır. Ortaya belə suallar çıxır: Bəs Ermənistan hansı qruplarla mübarizə aparır? 10 milyon avro vəsait nəyə xərclənəcək? Aydındır ki, bu vəsait Ermənistan ordusunun hərbi qabiliyyətinin gücləndirilməsi üçün ayrılıb. O ordunun ki, qonşu ölkənin BMT tərəfindən tanınmış suveren ərazilərini 30 ilə yaxın işğal altında saxlayıb. Ermənistan uzun illər beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirmiş dövlətdir. Onun baş naziri son vaxtlar tez-tez sülhdən dəm vurur. Ancaq İrəvan Azərbaycana qarşı konstitusiyasında təsbit olunmuş ərazi iddialarını hələ də aradan qaldırmayıb. Hayastanın Azərbaycana qarşı işğalçı niyyətlərini əsas qanunundan çıxarmadan gücləndirilməsinə çalışılması keçmiş münaqişəni qızışdırmağa və sülh prosesini pozmağa bərabərdir. Ermənistana verilməsi nəzərdə tutulan yardımın məbləği bir o qədər çox olmasa da, həmin vəsait regional təhlükəsizliyi pozmaqda “mühüm” rol oynaya bilər”.
Politoloq bildirdi ki, bu mənada Macarıstan Avropa Sülh Fondundan Ermənistana vəsait ayrılmasını əngəlləməkdə tam haqlıdır: “Macarıstan haqlı olaraq, əngəlin aradan qaldırılması üçün proqrama Azərbaycanın da daxil edilməsini tələb edir. Bu isə olduqca ədalətli yanaşmadır. Rəsmi Budapeşt bu addımı ilə bir daha sübut edir ki, Macarıstanın, hətta, müşahidəçi statusunda olduğu Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında münasibətlər son dərəcə güclüdür. Brüssel də bunu nəzərə almağa məcburdur”.
Müdrik atalarımız yaxşı deyiblər: Dost dar gündə tanınar. Macarıstan dövləti bu addımı ilə Azərbaycanın gerçək dostu olduğunu növbəti dəfə sübut etdi. Düzdür, bu gün Azərbaycan dövləti, onun ordusu o qədər güclüdür ki, ayrılan on milyonlarla vəsait belə Ermənistana ölkəmizlə hərbi pariteti bərpa etməyə kömək edə bilməz. Ancaq istənilən halda Macarıstanın bu addımı yüksək qiymətləndirilməyə layiqdir. Bu günün macarları atdıqları adımla həm də özlərinin hun köklərinə sayğı duyduqlarını nümayiş etdirdilər. Azərbaycanlılar isə edilən yaxşılıqları unutmayan, nəinki unutmayan, onun əvəzini layiqincə qaytaran qədirbilən xalqdır. Necə deyərlər, borclu borclunun sağlığını istər.
Səxavət HƏMİD