- Daxili siyasət
- 11:02 02.10.2024
“Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər”. Prezident İlham Əliyev bu fikirləri aprelin 23-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda bildirmişdi. Artıq Ermənistan tərəfi sözügedən görüşlə bağlı razılığını verib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Nəzərəçarpacaq fasilədən sonra Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanın bir araya gəlmələri əlamətdar haldır. Böyük ehtimalla, görüş baş tutacaq, mövcud istiqamətdə hansısa maneə olmayacaq. Qazaxıstanın isə təmas üçün təklif səsləndirməsi təqdirəlayiqdir. Ancaq bu təmas heç bir halda vasitəçilik statusu daşımır. Mövcud reallıq Prezident İlham Əliyev tərəfindən də haqqında söz açdığımız mötəbər toplantıda dilə gətirilmişdi: “Beləliklə, biz yalnız platforma, məkan barədə danışırıq. Belə bir təklif üçün Qazaxıstan hökumətinə də minnətdarıq”.
Dövlətimizin başçısının fikirləri o deməkdir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilik dövrü artıq arxada qalıb. Əslində, cənab İlham Əliyevin şəxsində rəsmi Bakı birbaşa danışıqlar təklifini çoxdan irəli sürmüşdü. Lakin zaman-zaman İrəvan bu təklifdən uzaq dayanmışdı. Ermənistan rəhbərliyinin arqumentlərindən belə nəticə hasil olmuşdu ki, Azərbaycan, guya, danışıqlarda əldə olunacaq istənilən razılaşmanı pozmaq potensialındadır və bunun baş verməməsi üçün beynəlxalq təminat mütləqdir.
Aydındır ki, belə yanaşma manipulyativ səciyyə daşıyırdı, reallıqlardan uzaqlaşmaq mahiyyəti güdürdü. Zaman da göstərdi ki, Ermənistanın spekulyativ dəst-xətti heç bir nəticə vermədi. Görünür, İrəvanda bunu dərk edirlər. Eyni zamanda, bildirməliyik ki, hazırda iki Cənubi Qafqaz ölkəsi arasındakı müsbət dinamika birbaşa danışıqlar müstəvisində əldə olunub. Ona görə də XİN rəhbərlərinin Qazaxıstanda bir araya gəlmələri mövcud pozitivlik tendensiyasının dərinləşməsi baxımından vacibdir. Belə düşünmək üçün əsas Azərbaycan Prezidentinin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda bildirdikləridir: “Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik”.
Bəli, ötən müddət göstərir ki, regiondan kənar “oyunçular” səmimi davranmayıb Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə zərər vurublar. Onlar ümumən regionu özlərinin geosiyasi rəqabət pəncərəsindən görüblər. Bu məqam, bir qədər fərqli və deyərdik ki, obrazlı formada dövlətimizin başçısı tərəfindən də dilə gətirilib: “Mən, sadəcə olaraq, buna aydınlıq gətirmək istədim ki, bəzən buradan uzaqda yerləşənlər ermənilərdən daha çox erməni kimi davranmaq, bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmək istəyəndə bizim siyasətimiz və mövqeyimiz yalnız praqmatizmə əsaslanır”.
Deməli, Ermənistan rəhbərliyi nəticə çıxarmalı, Azərbaycanın praqmatizminə etimad göstərməli, özü də rasional düşünməlidir. Nəzərə alaq ki, sülh prosesi çoxqütblüdür. Əlbəttə, delimitasiya məsələlərinin həlli uzun zaman ala bilər ki, bu da müəyyən mənada təbiidir. Azərbaycan Prezidenti heç də əbəs yerə otuz ildən artıq müddətdə dost Gürcüstanla sərhədlərin delimitasiyasının hələ də tam şəkildə başa çatmadığına dair fikirləri səsləndirmir. Yəni, əsas olan niyyətdir. Hesab edirik ki, XİN rəhbərlərinin Qazaxıstanda nəzərdə tutulmuş görüşü xoş niyyətin və məramın ifadəsi baxımından yaddaqalan ola bilər. Nəzərə alaq ki, bunu demək üçün əsaslardan ən böyüyü sərhədlərin delimitasiyası ilə əlaqədar işlərin real praktik müstəviyə qədəm qoymasıdır.
Əlbəttə, Azərbaycan Prezidenti “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda Ermənistanla münasibətlər baxımından bir çox mətləbləri dilə gətirmişdi. İlk növbədə dövlətimizin başçısının Bakı ilə İrəvanın sülh razılaşmasına yaxınlığını diqqətə çatdırmasının üzərində dayanaq. İşğal dövründə və ondan sonra tərəflərin fəaliyyətindəki ayrı-ayrı cəhətlərdən söz açan Azərbaycanın lideri əlamətdar məqam kimi hazırda sülh razılaşmasının necə olacağına dair ümumi anlayışın mövcudluğunu vurğulamasıdır: “Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin, əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”.
Ümid edək ki, XİN rəhbərlərinin Qazaxıstan görüşü Prezident İlham Əliyevin haqqında söz açdığı siyasi iradənin nümayişinin yeni pozitiv çalarlarının formalaşması ilə yaddaqalan olacaq. Bir daha bildirək ki, bunu vurğulamaq üçün əsaslar yetərincədir. Ən başlıca əsas isə cənab İlham Əliyevin də vurğuladığı kimi, sərhəd delimitasiyası məsələsində Azərbaycanın və Ermənistanın olduqca konstruktiv davranış nümayiş etdirmələridir. Deməli, konstruktiv meyillərin güclənməsi şərtdir. Bu baxımdan XİN rəhbərlərinin Qazaxıstan görüşünə ümid var.
Təbii ki, Azərbaycan və Ermənistan arasında hazırkı pozitiv təsir bağışlayan danışıqlar trayektoriyası həlli çətin kimi görünən məsələlərə münasibətdəki müsbət dinamika üçün də yol aça bilər. Bu baxımdan “Zəngəzur dəhlizi”nin üzərində dayanmağa ehtiyac var. Prezident İlham Əliyev də sözügedən forumda məsələyə toxundu. Daha doğrusu, dövlətimizin başçısına ünvanlanmış çoxsaylı suallar istər-istəməz mövzuya yer verilməsini şərtləndirdi. Belə görünür, dünya ictimaiyyəti də “Zəngəzur dəhlizi” ideyasının regional və qlobal mahiyyətindən yaxşı xəbərdardır.
Bəli, Ermənistan “Zəngəzur dəhlizi” təşəbbüsünə pozitiv yanaşmalıdır. Rəsmi İrəvan nəzərə almalıdır ki, Azərbaycanla sülh prosesinin tam səmimi və uzunmüddətli perspektivə söykənməsi baxımından bu məsələ son dərəcə vacbdir. Həm ona görə vacibdir ki, dəhliz ideyası Ermənistanın özü üçün də faydalıdır.
Həmçinin Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolunun mövcudluğuna dair müddəa Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında da əksini tapmış reallıqdır. Prezident İlham Əliyev COP29-la bağlı toplantıda bu məqama, özü də kifayət qədər əhatəli formada yer ayırdı. Nəzərə alaq ki, dövlətimizin başçısının mövqeyi Ermənistana reallıqları görmək üçün şans verir: “İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir. Üçtərəfli bəyanatın necə imzalanması ayrı söhbətin mövzusudur. Şəraitin necə olduğunu da hər kəs bilir. Amma Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”.
Deməli, yaxşı olar ki, Prezident İlham Əliyevin qaldırdığı xüsus da XİN rəhbərlərini qarşıdakı təması üçün konkret diskussiya predmetinə çevrilsin. Vurğuladıq ki, “Zəngəzur dəhlizi” məsələsi Ermənistan üçün də faydalıdır. Nəhayət, Azərbaycan hər bir halda məsələni həll edir. Söhbət İranla Naxçıvana yol məsələsində əldə edilmiş razılaşmadan gedir. Dövlətimizin başçısı forumda həmin razılaşmanın ayrı-ayrı detallarından söz açdı və hadisələrin rəsmi İrəvanın, belə demək mümkünsə, inad ssenarisinə uyğun gedəcəyi təqdirdə, nələrin olacağının anonsunu verdi: “Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu “sülh qovşağı” adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli bəyanata hörmət edilməlidir”.
Azərbaycanın lideri “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında Ermənistanın tranzit ölkəyə çevrilib yaxşı gəlir əldə etmək imkanlarını itirə biləcəyindən də söz açdı. Əslində, rəsmi İrəvan üçün rasionallığın və praqmatik yanaşma nümayişinin əhəmiyyətindən danışarkən, ölkənin bu itkidən qaçmağının zəruriliyi vurğulanmalıdır. Deməli, Ermənistan rəhbərliyi XİN başçılarının Qazaxıstan görüşü öncəsi məsələni götür-qoy etməli, ətraflı düşünməli, hazırkı pozitiv ab-havanın gətirdiyi dinamikaya uyğun davranmalıdır. Yuxarıda da diqqətə çatdırdığımız kimi, bu, həm də onun üçün şansdır. Yəni, Azərbaycanla səmimi münasibətlər Ermənistanın müstəqil, heç bir kənar oyunçulardan asılı olmayan gələcəyinə təminatdır.
Ə.CAHANGİROĞLU