- Daxili siyasət
- 11:02 02.10.2024
Reallığa söykənən danılmaz fakt göz qabağındadır: Cənubi Qafqazın iki qonşu dövləti öz aralarında razılığa gəldikcə, sülh danışıqlarını birbaşa dialoq vasitəsilə davam etdirdikcə prosesə kənar aktorların müdaxiləsi sıfıra enməkdədir. Dünənə qədər Bakı və İrəvan arasında sülhün əldə olunması üçün müxtəlif təşəbbüslərə baş vuran, vasitəçilik missiyalarını təklif edən, danışıqlar prosesini çeşidli platformalara çəkməklə tərəfləri şirnikləndirən və bununla, ilk növbədə, bölgədə özəl maraqlarını təmin etməyə çalışan Qərb bu gün telefon diplomatiyasına keçməyə məcbur olub. Amma bu formatlı diplomatik təmaslar da artıq Ermənistan və Azərbaycan rəhbərliyinə hansısa şərtləri, qaydaları diktə etməklə deyil, tərəflərin öz aralarında gəldikləri ortaq qərarları, razılaşmaları dəstəkləmək və alqışlamaqla məhdudlaşır. Buna isə Bakı və İrəvanın birgə əldə etdiyi uğurlu nəticə, müsbət tendensiya kimi baxmaq lazımdır.
* * *
ABŞ Dövlət katibi Antoni Blinken ötən bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb, iki ölkə arasında uzunmüddətli və layiqli sülh sazişinə doğru irəliləyişi dəstəklədiyini ifadə edib. İlham Əliyevi və Nikol Paşinyanı sülh prosesini davam etdirməyə çağıran Antoni Binken Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etməyə razı olduqları ilə bağlı departamentin ötən həftə verdiyi bəyanatında tərəflərə təşəkkür ünvanladığını bildirib. Həmin bəyanatda bu prosesin davamlı və ləyaqətli sülhə nail olmaq yolunda hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dövlət Departamentinin bəyanatında ABŞ-nin tərəflərə dəstək verməyə hazır olduğu, onları birlikdə irəliləməyə davam etməyə çağırdığı qeyd olunub.
Telefon danışıqlarının ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz növbəsində deyib ki, A.Blinken, həmçinin Vaşinqtonun Bakı ilə güclü ikitərəfli münasibətlərə sadiqliyini vurğulayıb. Eləcə də, o, əməkdaşlıq səylərini, enerji, iqlim və kommunikasiyalar, Bakıda keçiriləcək COP29-un uğurunu təmin etmək üzrə ortaq məqsədlərinə toxunub. M.Miller “ABŞ-nin Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün davam edən səylərini, həmçinin baş nazir Paşinyanın Ermənistanın firavan, demokratik və müstəqil gələcəyi ilə bağlı mövqeyini” xüsusi vurğulayıb.
Dövlətimizin başçısı, öz növbəsində, Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatdan onu da öyrənirik ki, İlham Əliyev Ağ Ev rəsmisinin diqqətinə hökumətlərarası delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli formatda, dialoq və qarşılıqlı anlaşma şəraitində aparılmış müzakirələrin nəticəsi olduğu çatdırılıb.
Yəni, artıq Bakı və İrəvan sülhə aparan yolda üzləşdikləri bütün anlaşılmazlıqları məhz ikitərəfli formatda, vasitəçisiz, “tet-a-tet” müzakirə edərək anlaşa bilirlər. Bu zaman Qərbin boynuna düşən əsas missiya tərəflərlərə yalnız mənəvi dəstək verməkdən ibarət olmalıdır. Amma onun ayırıcı xətlər kimi altniyyətli diplomatiyası heç cür qəbul olunmayacaq. Burada işarənin tərəflərdən birinə şübhəli yardımları nəzərdə tutan Aİ–ABŞ–Ermənistan arasında 5 aprel Brüssel görüşünə vurulduğu şübhəsizdir.
* * *
Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan İlham Əliyev Bakının sülh gündəminin gələcəkdə də davam etməsi üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayaraq, bundan ötrü Bakının güclü siyasi iradəyə malik olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almatıda görüşəcəklərini bildirib.
Öz növbəsində Ermənistan hökümətinin yaydığı xəbərdə deyilir ki, Nikol Paşinyan Antoni Blinkenlə telefon danışığında aprelin 5-də Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini alqışlayıb.
Bu məqamda bir haşiyəyə çıxmağa ehtiyac duyulur. Görünən odur ki, Ermənistan hakimiyyəti yenə də ikibaşlı, sülhə xələl gətirəcək açıqlamaları ilə yanlış davranış sərgiləmək istəyir. Brüsseldə İrəvana Bakının bilmədiyi nə vəd olunub ki, Paşinyan bunu Ağ Ev rəsmisinin nəzərinə açıq mətnlə çatdırır. Doğrudanmı, burada söhbət ABŞ-nin daxili islahatları dəstəkləməkdən ötrü Ermənistana ayırdığı təkcə 260 milyon dollarlıq maliyyə yardımından gedir?
* * *
Nikol Paşinyanın sülhə tərəf atdığı son addımların cəmiyyət tərəfindən birmənalı qarşılanmamasının səbəbi aydındır. Daxildən revanşist - daşnakların, xaricdən diasporun qızışdırdığı kütlə rəsmi İrəvana “ictimai dirəniş” nümayiş etdirir. Bu zaman erməni mediası yerli siyasi ekspert və politoloqların maraqlı açıqlamalarına, proqnoz və versiyalarına tez-tez yer ayırmaqla, bir növ, tonqala benzin tökməklə məşğuldur. Belə “nümunələrdən” biri ilə tanış olaq. “Rəsmi İrəvan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub”. Belə bir bəyanatla “Qara pantera” hərbi qruplaşmasının rəhbəri Serob Qasparyan çıxış edib.
Qasparyan bildirib ki, təslim aktına görə, bundan sonra Ermənistanın silahlanmağa ixtiyarı yoxdur: “Buna görə Azərbaycan xaricdən Ermənistana silah göndərilməsinə qarşı çıxır. Hazırda Ermənistan rəhbərliyi himnimizin, gerbimizin, konstitusiyasımızın dəyişməsindən danışır. Bu, o deməkdir ki, ölkəmiz artıq tam təslim olub”.
Qasparyanın növbəti açıqlamasını isə erməni saytları sensasiya kimi qələmə verib: “Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il bundan əvvəl mənə bir sirri etiraf etmişdi. O, demişdi ki, Ermənistan ordusunu tezliklə patrul xidməti əvəz edəcək. Yəni, Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfəngli-avtomatlı patrul xidməti qoruyacaq. Bu, Bakının tələbidir və bu, o deməkdir ki, İrəvan qeyd-şərtsiz təslim olub. İndi Ermənistana vaxt verilib və məlumatlar var ki, iyun ayı son müddətdir”.
Onu qeyd edək ki, Qasparyanın özəl mənbələrə istinadla irəli sürdüyü iddiası yalnız subyektiv mülahizə kimi qəbul edilə bilər. Amma onun mülahizəsinə bir qədər ciddi və diqqətlə yanaşsaq, heç də sağlam məntiqdən xali olmadığı qənaətinə gəlmək mümkündür. Doğrudur, Azərbaycanın Ermənistanla sərhədi nəzarət altına almaq kimi bir planı yoxdur. Fəqət, qanunvericiliyində qonşularına qarşı ərazi iddialarının yer aldığı ölkənin bu hüquqi-siyasi nonsensi aradan qaldırandan sonra nə böyük orduya, nə də ağır texnikaya ehtiyacı qalacaq. Bundan daha ideal variant, uğurlu diplomatik perspektivi isə Ermənistanın Avropanın İsveçrəsi kimi, heç bir hərbi bloka qoşulmaması, neytrallığını elan etməsi olar.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Sülh danışıqlarının bu son mərhələsində Azərbaycan Ermənistana qarşı hansısa iddialarla çıxış eləmir. Amma müxalif qüvvələr Ermənistanın, guya, geriləməsində Paşinyanı ittiham edir, ona qarşı kütləvi etirazlar təşkil etməyə çalışırlar. Bəli, bu məqamda Nikol Paşinyanın beynəlxalq dəstəyə ehtiyacı var. Yəni, Ermənistanın Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın işğal altındakı dörd kəndindən geri çəkilməsinin Avropa İttifaqı, ABŞ, eləcə də ayrı-ayrı böyük dövlətlər tərəfindən dəstəklənməsi, alqışlanması Paşinyana əleyhdarlarını yerində oturtmağa imkan verir.
Bu zaman ABŞ Dövlət katibi bölgə ölkələrinə birtərəfli dəstəyin ayrı-seçkilik yaradacağının da fərqindədir. Məhz buna görə Antoni Blinken həm İrəvana, həm də Bakıya zəng edib. Müəyyən məsləhətləşmələr, dəstək nümayişi başadüşüləndir. Prezident İlham Əliyev açıq söylədi ki, bölgədə ayırıcı xətlərə yol verilməməlidir. Qərbin kollevtiv şəkildə Ermənistanı dəstəkləməsi və Azərbaycanı olmayan məsələlərdə qınaması məqbul sayıla bilməz. Bu baxımdan son zamanlar Ağ Ev administrasiyasının balanslaşdırılmış mövqe nümayiş etdirməsi müsbət ənənəyə çevrilib. Aydın məsələdir ki, Ağ Ev və rəsmi İrəvan sülh danışıqlarının Vaşinqtonda davam etdirilməsinin tərəfdarı idilər. Amma Blinkenlə telefon söhbətində dövlətimizin başçısı xarici işlər nazirlərinin növbəti görüşünün Qazaxıstanın təşəbbüsü ilə Almatıda keçiriləcəyini bildirdi.
Əslində, danışıqlar məkanı kimi Vaşinqton, Brüssel və Moskva İrəvanın özü tərəfindən də qəbul olunmur. Artıq finiş xəttinə yaxınlaşan sülh danışıqlarına maneçilik olunmasa, yaxın zamanlarda çərçivə sazişi imzalana bilər. Bununla da otuz illik münaqişənin üzərindən xətt çəkiləcək.
Fərhad MƏMMƏDOV,
siyasi şərhçi
Danışıqların ikitərəfli formatı artıq hamı tərəfindən qəbul olunub. ABŞ Dövlət katibinin Bakıya və İrəvana telefon zəngi sülh prosesinin sürətlənməsinə xidmət edir. Nəzərə alsaq ki, hazırda Azərbaycan və Ermənistan arasında danışıqların üç səbəti – birincisi, sülh sazişi, ikincisi, sərhədin müəyyənləşdirilməsi, üçüncüsü, kommunikasiyaların açılması, – mövcuddur. Bunlar bir-birinə bağlı məsələlərdir. Sərhədin müəyyən olunması istiqamətində konkret iləliləyiş var və bununla bağlı artıq yerlərdə işlər həyata keçirilir. Bu, müsbət tendensiya davam etməlidir.
Doğrudur, Qərb bu prosesin digər istiqamətlər üzrə də irəliləməsinə çalışır. İndiki mərhələdə onun üçün prioritet məsələ sülh sazişinin tezliklə imzalanmasıdır. Amma bu kontekstdə Bakının digər şərtləri də var. Bunlar, əsasən, sülh sazişinin imzalanması fonunda Ermənistan qanunvericiliyindəki qonşulara qarşı ərazi iddialarının dəyişdirilməsi ilə bağlıdır. O cümlədən, nəqliyyat-kommunikasiyaların açılması da gündəlikdə durur. Cənab Prezident Zəngəzur dəhlizində beynəlxalq nəzarətin və maneəsiz keçidin təmin edilməsini irəli sürüb. Əgər Qərb sülhsevərləri prosesin daha sürətlə getməsini istəyirlərsə, Nikol Paşinyana siyasi, maddi, mənəvi, həmçinin təşkilati dəstək verməlidirlər. Bu halda Ermənistan baş naziri Azərbaycanın ədalətli şərtləri ilə razılaşar və sülh sazşinin imzalanması da ləngiməz.
İmran BƏDİRXANLI