USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Amerikalı diplomatın Ulu öndərə hədiyyəsi və fransız senatorun dedikləri


https://img.baki-baku.az/news/2024/04/photo_12165.jpg

Uzun illər əvvəl nümayəndə heyətinin tərkibində Fransada səfərdə idim. Həmkar dostlarla birgə paytaxt Parisdə hər gün müxtəlif tədbirlərə, görüşlərə qatılırdıq. Səfər proqramımız zənginliyi və sıxlığı ilə seçilirdi. Görüşlərimizdən biri axşamüstü Azərbaycanpərəst qocaman senatorla nəzərdə tutulmuşdu. Nümayəndə heyətinin üzvləri görüşün günün sonunda planlaşdırılmasından məmnun deyildilər. Hamı dincəlmək, kafe və ya restorana, yaxud alış-verişə getmək istəyirdi. Fikirləşirdik ki, bu görüşün nə faydası var. Amma yanılmışdıq. 

Senatorun evinə getdik. Xəstəhal idi. Bəlkə də, qocalıq öz sözünü deyirdi. Görünür, ziyarətin evdə keçirilməsi ba­yıra çıxmağa çətinlik çəkməsi ilə bağlı idi. Əlqərəz, senator bizi avropalılara xas olmayan istiqanlılıqla qarşıladıqdan sonra dərin sükuta daldı, hamımızı son dərəcə ağır nəzərlərlə süzərək dilləndi: “Bilirəm ki, dərdiniz böyükdür”. 

Həmin an qeyri-ixtiyari bir-biri­mizin üzünə baxdıq. Əvvəlcə qocanın nə dediyini anlaya bil­mədik. Görəsən, nə dərd, yaxud nəyin dərdi imiş? Ancaq tezliklə hər şey mə­lum oldu. Yəni, dediyi ilk sözdən sonra yenidən ətrafa sükut çökdürərək, sanki, bütün diqqətləri özünə cəmləyən sena­torun fikrini əsaslandırması çox da uzun çəkmədi: “Torpaq ya var, ya da yoxdur. İtirdinsə, yenisini yarada bilməyəcək­sən”, – dedi və asta-asta davam etdi: “Siz torpağını itirmiş insanlarsınız”. 

Qoca senatorun işlətdiyi söz bizi, sanki, bıçaq kimi kəsdi. Axı heç kəs bu acı həqiqətin üzə çırpılmasını gözləmir­di. Bu məyusluğumuza baxmayaraq, görüş zəngin təəssüratla başa çatdı. Sonradan bir-birimizə dedik: “Bu da kosmopolit kimi təsəvvürə gətirdiyimiz avropalılar. Onlar üçün torpaq necə də müqəddəs anlam daşıyırmış. Biz isə...”

Bəli, həmin gün nümayəndə heyətindəki hər kəs torpaq itirən ölkənin təmsilçisi oldu­ğundan dərin məyusluq hissi keçirdi. Əlbəttə, qocaman senatorun məqsədi bizdə heç də bu hissi yaşatmaq olma­mışdı. O, sadəcə olaraq, Azərbaycan xalqının üzləşdiyi erməni işğalının gə­tirdiyi məhrumiyyətləri başa düşdüyü­nü, bəlkə də, dərdimizə şərik çıxdığını göstərmək istəmişdi. İstəyinə də artıq­laması ilə nail oldu. 

Həmin an ağlımdan min bir şey keçdi. Qarabağ münaqişəsi, üzləşdi­yimiz ədalətsizliklər, düşmənin bizimlə təkbətək döyüşərək, torpaqlarımıza sahiblənməyə cəsarətinin çatmama­sı, onlara bu işdə kömək göstərilməsi, xülasə, olub-bitən hər bir şey gözümün önündən lent yazısı kimi keçdi. Amma bunları təskinlik üçün xatırlamadım. Ona görə ki, təsəvvürə gətirdiklərimin heç biri yekun nəticəni dəyişmirdi. Qo­caman senator çox acı həqiqəti dilə gə­tirmişdi. O an biz, doğrudan da, torpaq itirən xalq idik. Yalnız taleyin qismətinə etiraz etmək qalırdı. İçimdəki etiraz bu kimi suallara köklənmişdi: Biz nə üçün, hansı səbəbdən torpaq itirən xalq ol­duq? Nədə və harada səhv etdik?

Söhbətimizin ikinci hissəsinə keçid alaq. Yəqin, çoxunuz izləmisiniz. Bu günlərdə ölkə­mizin sosial şəbəkə seqmentində bir video-görüntü yayıldı. 2000-ci il, ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə keçmiş Minsk qrupunun ABŞ-dan olan həmsədri Keri Kavano Bakıdakı görüş­də ulu öndər Heydər Əliyevə yaxınlaşır və ona Ağdam məscidindən qopardığı kiçik bir daş parçasını təqdim edir. Bu, cənab Kavanonun Ulu öndərə doğum günü hədiyyəsi idi. Diplomat hədiyyəni dahi şəxsiyyətə verərkən bunları deyir: “Bu, Ağdam məscidinin kiçik bir parça­sıdır... Kiçik bir hissə... Kiçik olsa da, bərpa etməyi arzuladığınız torpağın bir hissəsidir”.

Video-görüntüdə Kavanonun bu sözündən sonra araya dərin sükutun çökdüyü nəzər­lərdən yayınmır. Sükutu, belə demək mümkünsə, idarə edən yalnız amerikalı həmsədr deyil, eyni zamanda, Prezi­dent Heydər Əliyevdir. Ulu öndərin do­ğum günü hədiyyəsindən kövrəldiyini görürük. Nəhayət, o boyük şəxsiyyət özündə qüvvə toplayaraq, Kavanoya “Çox sağ olun!”– deyir və onun hər iki üzündən öpür. Görüntünün ən dramatik anı isə Ulu öndərin Ağdam məscidindən olan həmin kiçik daş parçasını görüş boyu əlində saxlaması, yerə qoymama­sıdır. 

Bəli, böyük düha sahibi Heydər Əliyev Qarabağ davasına da Ağdam məscidinin kiçik bir hissəsini əlində bərk-bərk sıxıb sahib­ləndiyi kimi hakim kəsilmişdi. Bu da­vaya müqəddəslik libası biçmişdi. Elə bir beynəlxalq tribuna, elə bir mötəbər toplantı qalmamışdı ki, orada Qarabağ həqiqətlərini, üzləşdiyimiz işğalı, işğalın gətirdiyi acı məhrumiyyətləri və sarsın­tıları anlatmasın. Dünya məhz Heydər Əliyevin sayəsində Azərbaycan xalqı­nın haqq uğrunda mübarizə apardığına inanmışdı. Əslində, Kavanonun hədiy­yəsi də məhz bu inamın parlaq təzahü­rü idi. O, Ulu öndərin şəxsində Azərbay­can xalqı üçün Vətən torpağı amilinin müqəddəs anlam daşıdığını dərindən hiss etmişdi. 

Haşiyə çıxım ki, K.Kavano 1999–2001-ci illərdə ATƏT-in hazırda canını tapşırmış Minsk qrupunun həmsədri olub. 2001-ci ildə Prezident Heydər Əliyevlə ovaxtkı Ermənistan prezidenti Robert Koçaryan arasında Ki-Vestdə keçirilmiş görüşdə də iştirak etmiş diplomat 2021-ci ildə bildirmişdi ki, həmin dönəmdə tərəflər Qarabağ münaqişəsi üzrə razılaşmaya çox yaxın idilər, lakin son məqamda, bu, mümkün olmadı. Diplomat o zaman icti­mai etimadı pozan faktorlardan biri kimi 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində yaşanmış terroru göstər­mişdi. 

Yeri gəlmişkən, sözügedən terrorda Ermənistanın baş naziri Vazgen Sar­kisyan və parlamentin spikeri Karen Demirçyan qətlə yetirilmişdilər ki, bu iki şəxs Azərbaycanla normallaşma xəttinin tərəfdarı olaraq işğalın səmərə verməyəcəyini dərk edirdilər. Bu dər­ketmə isə Heydər Əliyev şəxsiyyəti­nin diplomatik ustalığının nəticəsi idi. Nəzərə alaq ki, adlarını çəkdiyim şəxs­lər Ermənistanda həm böyük nüfuz sahibi idilər, həm də Qarabağ klanının təmsilçisi R.Koçaryanın prezident pos­tunu tutmasına rəğmən, hakimiyyətdə, kifayət qədər, ciddi təsir rıçaqlarının mövcudluğu ilə fərqlənirdilər. Belə və­zifə və səlahiyyət sahiblərinin sıradan çıxmaları Qarabağ danışıqlarındakı müsbət dinamikanı aradan qaldırmalı idi və qaldırdı da. 

K.Kavanonun ulu öndər Heydər Əliyevə anlamlı hədiyyəni təqdim edərkən, dilə gətirdiyi “Ümid edirəm, gün gələcək, o böyük məscid geri qay­tarılacaq” fikri də çox təsirlidir. Fransalı qocaman senatorun söylədikləri qədər təsirli. Senator da görüşün sonunda Azərbaycanın ona məxsus olanı geri qaytaracağına əminliyini ifadə etmişdi. Bəli, Heydər Əliyevin böyük siyasət mey­danındakı məğlubedilməzliyinin ən bö­yük ifadəsi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan işğala son qoyub, torpaq bütövlüyünə nail olub. İstər Kavanonun anlamlı hədiyyəsi, istər­sə də fransız senatorun dedikləri ortaya bir reallığı çıxarır – haqlı tərəf kimi qəbul etməsinə baxmayaraq, dünya bizə qar­şı çıxır, erməni işğalını leqallaşdırmağa çalışırdı. Bunları düşünəndə ölkəmizin ərazi bütövlüyünün bərpasının, suve­renliyinə qovuşmasının necə böyük ha­disə olduğu bir daha sübuta yetir. Onu da dərk edək ki, haqqı bilə-bilə onu da­nan, ona cəbhə açan qüvvələr güclüdür. Onların gücü həm də son dərəcə tədbirli davranmalarındadır. 

Deməli, Qarabağ Zəfərimiz həm gücümüzün, həm də Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi dərin siyasi xəttin tədbirli davranma təmayü­lünün mükafatıdır. Qarabağ Zəfərimiz, həmçinin, İlahi ədalətin dünyanın böyük ədalətsizliyi qarşısındakı qələbəsi, ye­nilməzlik ruhumuzun təntənəsidir. Uca Tanrı xalqımızı torpaq itkisindən qoru­sun, məhrumiyyət acısı çəkməyək, kim­sənin və ya kimsələrin bizə dərdli xalq kimi yanaşması aqibətindən uzaq olaq! Müqəddəs yurd yerlərimizin daşına, qa­yasına, havasına həsrət qalıb bu həs­rətin niskilini içimizdə daşımayaq! Amin!

Əflatun AMAŞOV

baş redaktor




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Əflatun Amaşov