USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrovun anti-Ermənistan demarşları

Rusiya XİN rəhbəri ölkəsinin İrəvana növbəti xəbərdarlığını çatdırdı


https://img.baki-baku.az/news/2024/04/photo_12049.jpg

Rusiyanın Xarici İşlər naziri yenə Ermənistanı, yumşaq desək, danlayıb. Ancaq budəfəki danlağın daha geniş məzmun daşıdığını nəzərə alsaq, Kremlin baş diplomatının dediklərini, müəyyən mənada, xəbərdarlıq kimi də qiymətləndirə bilərik. 

Əslində, Lavrov heç də yeni fikirlər səsləndirmir. Hərçənd, onun yerli medi­aya müsahibəsində bildirdikləri Ermə­nistana Cənubi Qafqaz müstəvisindən kənar məqamların yada salınması fo­nunda müqayisəli yanaşma təsiri bağış­layır. Məsələn, ali rütbəli diplomat rəsmi İrəvana və Moldova rəhbərliyinə xəbər­darlıq etməklə, onların hər ikisinin eyni mərkəzdən idarə olunduqlarını xatırladır. Mərkəz isə Avropa İttifaqıdır. Lavrov fikrini qurumun qeyri-səmimi yanaşmasındakı məqamlardan söz açmaqla əsaslandırır və Avropa İttifaqı müstəvisində səslən­miş bəyanatı diqqətə çatdırır: “Sanduya (Maya Sandu. Moldova Prezidenti-red.), Ermənistanı harasa aparmaq istəyənlərə Avropa İttifaqının Xarici İşlər və Təhlük­sizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatını xatırlatmaq lazımdır. Həmin bəyanatda Borrell avropalıları mü­haribəni davam etdirməyə şirnikləndirir və bildirir ki, onlar Rusiya ilə Ukraynaya görə deyil, özləri üçün savaşırlar. Bunun ardınca isə Zelenski (Ukrayna Prezidenti – red.) bildirdi ki, “Onlar (Avropa dövlətlə­ri – red.) Ukraynaya görə vuruşmurlar, öz maraqları uğrunda vuruşurlar. Qoy, indi Qərbin əsarətində olanlarda aydınlanma tez baş versin”.

Moldovanı bir kənara qoyaq. Çünki Prezident Sandunun hansı mövqe tutma­sının Azərbaycana heç bir dəxli yoxdur. Ermənistana gəlincə, onun Qərbə yu­varlanmasındakı xətt birbaşa ölkəmizlə bağlıdır. Söhbət avantürizm xəttindən və Azərbaycanla sülhdən uzaqlaşmaqdan gedir. Mövcud prosesdə Bakını və Mos­kvanı beynəlxalq aləmdə eyni cəbhədə göstərmək tendensiyası var. Həmin ten­densiya isə regionda sülhə və sabitliyə ciddi təhdid mahiyyəti daşıyır.

***

Bəli, vurğuladığımız kimi, Lavrovun dilə gətirdikləri onun əvvəl dediklərinin təkrarıdır. Bu baxımdan başqa məqam­dan söz açaq. Rəsmi İrəvanın təmsilçiləri bütün beynəlxalq platformalarda, eləcə də yerli auditoriyaya hesablanmış çıxış­larında bildirirlər ki, Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı Ermənistanın maraqlarını müdafiə etməyib, yaxud etmək istəməyib. Kremlin baş diplomatı isə 2022-ci ilin no­yabrında KTMT-nin İrəvanda keçirilmiş zirvə görüşünü yada salır və deyir ki, hə­min toplantının XİN rəhbərləri səviyyəsin­də reallaşmış iclasında bir sənəd razılaş­dırılmışdı. Sözügedən sənəddə sərhədin mühafizəsi üçün Ermənistana əlavə si­lahların verilməsi, xüsusi təlimlərin keçi­rilməsi və KTMT missiyasının sərhəddə yerləşdirilməsi əksini tapmışdı: “Bu, fak­tdır. Lakin ertəsi günü sammiti açan Er­mənistanın baş naziri dedi ki, konsensus alınmayıb”.

Nə üçün razılıq olmadı, Lavrov mü­sahibəsində bu məsələyə də toxunub. O bildirib ki, rəsmi İrəvan KTMT-ni deyil, Avropa İttifaqını üstün tutdu. Daha dəqiq desək, qurumun hazırda Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki müşa­hidə missiyasını. Rusiyanın XİN rəhbəri həmin missiyanın iki aylığa gələcəyinin vəd edilməsinə rəğmən, indi müddətsiz olaraq bölgədə yerləşdirildiyini vurğula­yıb. Yada salaq ki, Lavrov hələ 2022-ci ildə, yəni Aİ-nin müşahidəçilərinin regiona gələcəyi ilə bağlı xəbər yayılanda, onları “Cənubi Qafqazda əlavə qıcıqlandırıcılar” adlandırmışdı. Missiyanın ötən müddət­dəki fəaliyyəti məsələsində Ermənistan rəhbərliyinin tutduğu mövqe rusiyalı dip­lomatın fikrində yanılmadığının təsdiqidir. İndi isə Lavrov bir müddət əvvəl bildirdiyi kimi, deyir ki, müşahidəçilərin tərkibində kanadalılar var: “Hətta NATO-nun digər üzvlərini cəlb etmək istəyirlər. Bu, artıq Avropa İttifaqı yox, NATO missiyası ola­caq”.

***

S.Lavrov Ermənistanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara cavab verərək, bir maraqlı məqama da toxunub. Yeri gəlmişkən, haqqında danışacağı­mız məqam KTMT-nin sözügedən İrəvan sammiti zamanı da gündəmə gəlmişdi. O zaman Qazaxıstan Prezidenti Kasım-Jo­mart Tokayev bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəy­yənləşmədiyindən, KTMT-nin məsuliyyət zonası dəqiq deyil. İndi Rusiya XİN rəh­bərinin KTMT müstəvisində dilə gətirdiyi yenilik də elə budur. O deyir ki, Ermə­nistan rəhbərliyi hələ ölkə sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və mövcud şəraitdə KTMT-nin Ermənis­tandakı məsuliyyət zonasının göstəril­məsinin zəruriliyindən danışmaq tezdir: “Ona görə “KTMT öz məsuliyyət zona­sını müəyyən etməlidir” (bu, Ermənistan rəhbərliyinin tələbi kimi səslənir – red.) deməzdən öncə Ermənistanın sərhəd­ləri müəyyən olunmalıdır. Delimitasiyanı sona çatdırmaq lazımdır ki, indi Ermənis­tan rəhbərliyi bununla məşğul olur”.

Ermənistan hakimiyyəti Lavrovun qeyd etdiyi məsələ ilə necə məşğuldur, hamıya yaxşı bəllidir. İrəvanın mövcud istiqamətdə spekulyasiyaları var. Belə təəssürat yaranır ki, ölkənin delimitasiya və demarkasiya prosesini başa çatdır­maq və Azərbaycanla sülh müqaviləsi im­zalamaq niyyəti yoxdur. Bu niyyətin olma­ması durumunda Rusiyaya və KTMT-yə ünvanlanmış ittihamları görürük. Deməli, Ermənistan sərhədlərin qeyri-müəyyənliyi amilini də anti-Rusiya təbliğatı baxımın­dan alətə çevirməkdədir. 

***

Rəsmi İrəvanın Rusiya əleyhinə təb­liğatından və Moskvanı gözdən salmaq niyyətindən söz düşmüşkən, S.Lavrovun müsahibəsindəki xəbərdarlıq məntiqinin digər seqmentinə keçid alaq. Rusiya XİN rəhbərinin bu baxımdan dilə gətirdikləri, obrazlı ifadə etsək, Ermənistanın üstün­də oturduğu budağı kəsməsinə oxşayır. Əslində, Lavrov bir budağın kəsilməsi ilə ağacın tamamilə qırılmasının mümkünlü­yünü vurğulayır. Söhbət İrəvanın Rusiya­nın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqındakı təmsilçiliyindən gedir. Lavrov mövcud təmsilçiliyin Ermənistana gətir­diyi faydadan söz açır. Həqiqətən, sual yaranır: rəsmi İrəvan KTMT ilə münasi­bətləri korlayıb, Aİİ ilə əlaqələri normal saxlamağamı ümid bəsləyir? Görəsən, bu, nə dərəcədə mümkündür? 

Qeyd edək ki, Ermənistan bu il rotasi­ya qaydasında Aİİ-yə sədrliyə başla­yıb. Məsələ, qurumun dövlət başçılarının ötən ilin dekabrında Sankt-Peterburqda keçirilmiş zirvə toplantısında rəsmiləşib. Həmin toplantıda baş nazir Nikol Paşin­yanın çıxışı isə qəribə təsir bağışlamışdı. Nikol Aİİ-nin siyasi məqsədlər naminə alətə çevrilməməsinin vacibliyindən söz açmışdı. Bu, o demək idi ki, Ermənistan siyasi baxımdan Rusiyaya qarşı hər şeyi edəcək, amma qarşılığında ona iqtisadi planda heç bir təsir və ya təzyiq göstəril­məməlidir. 

Əlbəttə, Paşinyan çox yaxşı bilir ki, onun və komandasının Ermənista­nın sürətli iqtisadi inkişafı məsələsində bəh-bəhlə təbliğ etdikləri göstəricilərdə böyük pay sahibi Rusiyaya məxsusdur. Daha dəqiq desək, ölkənin inkişafı bi­lavasitə Rusiyadan asılıdır. Lavrov mü­sahibəsində mövcud məqamı məhz bu səbəbdən qabardır. Məsələn, XİN baş­çısı deyir ki, Aİİ-də proporsional olaraq Ermənistan ən çox qazanandır. Ardınca konkret rəqəmləri açıqlayır. O, Ermə­nistan iqtisadiyyatının 35 faizinin Aİİ-də iştirak hesabına formalaşdığını vurğu­layır. “2023-cü ildə Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollar təşkil edib və bunun 37 faizi Aİİ-nin, 13 faizi Avropa İttifaqının, 3 faizi ABŞ-nin payına düşüb. Ermənistan kiçik ölkə olmaqla, Aİİ-yə di­gər ölkələrə nisbətən daha az töhfə ve­rir. O cümlədən, maliyyə töhfələri azdır. Ancaq, eyni zamanda, qərarlar qəbul edildikdə, səs verəndə Rusiya Federasi­yası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir... “Qazprom” Ermənistana 1 min kubmetr qazı 177 dol­lar satır. Qərbdə buna iki-üç dəfə artıq pul ödəyirlər. Əgər Ermənistanı öz qazı ilə qızdırmaq istəyirlərsə, onda bilmirəm necə olacaq... Atom elektrik stansiyasını bağlayıb, onu modul reaktorlarla əvəz et­mək istəyirlərsə... Ümid edirəm ki, ermə­nilər “Metsamor” Atom Elektrik Stansiya­sında hasil edilən enerjinin əhəmiyyətini anlayırlar”, – deyən Lavrov əlavə edib ki, ötən illər ərzində Ermənistanda dəmir yolu nəqliyyatındakı sərnişindaşımalarda güzəştli tariflər tətbiq olunub: “Ona görə də Rusiya Federasiyası və Avrasiya İqti­sadi İttifaqı tərəfindən kiçik Ermənistanın istismarı mənzərəsini yaratmağa çalışan­lar bu barədə düşünməlidirlər”. 

***

Sonda əvvəldə səsləndirdiyimiz fik­rə qayıdaq. Bəli, S.Lavrovun şəxsində Rusiya Ermənistana növbəti xəbərdarlı­ğını çatdırır. Sözsüz ki, xəbərdarlıqların sayı-hesabı yoxdur. Bu mənada demək olmaz ki, rəsmi İrəvan nəticə çıxaracaq. Həm də ona görə nəticə çıxarmayacaq ki, baş nazir Nikol Paşinyanın administ­rasiyası bu il aprelin 5-də ABŞ – Avropa İttifaqı – Ermənistan formatı çərçivəsində əldə edilmiş razılaşmanın yardım motivini ehkamlaşdırıb illüziyaya qapılmaqdadır. Nəzərə alaq ki, həmin razılaşmada­kı ayrı-ayrı müddəalar İrəvanın həm də Rusiyaya qarşı çıxması üçün sipər kimi formalaşdırmağa hesablanıb. Lavrov müsahibəsində erməni sipərinin zəifliyini əsaslandırdı. Özü də kifayət qədər dol­ğun şəkildə. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Əvəz RÜSTƏMOV