USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sübhaninin İrəvan sərsəmləməsi

İranın Ermənistandakı səfirinin fitnəkar “güllə axtarışı” 


https://img.baki-baku.az/news/2024/04/photo_12024.jpg

Adı və soyadı Allahın adını ehtiva edən səfirin “ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb” kimi cəfəngiyatına, dinsiz-imansız ağ yalanına rəsmi Tehranın heç bir reaksiya verməməsi, istər-istəməz, müəyyən suallar yaradır. Azərbaycanla mehriban qonşuluq və dostluq münasibətlərində maraqlı olduğunu yüksək kürsülərdən bəyan edən İİR rəhbərliyi niyə İrəvandakı səfirinə diplomatik həddini göstərmir, onun iki ölkə arasında soyuqluq yarada biləcək məsuliyyətsiz açıqlamalarının qarşısını almır?

Ermənistanda diplomatik fəaliyyətinin bir ili tamam olmamış Mehdi Sübhani az qala İrəvanın ağzı ilə danışır. İİR Prezidenti İbrahim Rəisinin Qarabağın uzun illər sonra əzəli ərazisinə – Azərbaycana qovuşmasına sevindiyini birmənalı şəkildə bəyan etməsinə baxmayaraq, Mehdi Sübhani rəsmi Tehranın mövqeyindən fərqli siyasi xətt yürüdür. Bu adam daşıdığı diplomatik missiyasını və ranqını unudaraq Azərbaycana qarşı açıq ermənipərəst mövqedən çıxış edir. Özünün çirkin niyyətini Ermənistanın arxasında gizlənərək həyata keçirməyə cəhd göstərən səfir  İrəvan isteblişmentinin əvəzinə danışır. Əgər belə deyilsə, onda Sübhaninin keçən ilin noyabrında dediyi “biz də (yəni İran) Qarabağın erməni əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq” açıqlaması hansı diplomatik etiket və beynəlxalq hüquq müstəvisində izah oluna bilər? Ölkəsini ikinci dövlətdə təmsil edən elçinin üçüncü dövlətin ünvanına siyasi təxribat sayılacaq bu cür sərsəmləməsinə nə ad vermək olar? Yalnız düşmənçilik!  

Müharibədə hər iki tərəfdən ölən də olur, yaralanan da. Bəs niyə İran səfiri ərazi bütövlüyünü tanıdığı Azərbaycan torpaqlarını otuz il işğal altında saxlamış dövlətin əsgərlərinin həlak olmasını faciə kimi təqdim edir, bizim hərbçilərimizin Vətən uğrunda canlarından keçmələrini isə gözü görmür? Məgər həmin hay dığalarını Azərbaycanın əzəli torpağı olan Qarabağa biz çağırmışdıq? 44 günlük müharibədə onları şir ürəkli oğullarımızın qabağında “canlı hədəfə” çevirənlərə etirazlarını bildirən müharibə qurbanlarının analarını İrəvanın Teatr meydanına Bakı toplamışdı? 

Bəli, Azərbaycan hərbi sənayesi dünyanın inkişaf etmiş müxtəlif dövlətlərindən, o cümlədən İsraildən silahlar alıb, indi də alır. Bakı bu hərbi əməkdaşlıq üçün “sionist rejimlə” sonadək ölüm-qalım mübarizəsi aparacağına and içmiş İran hakimiyyətindən icazəmi almalı idi? Biz hələ həmin qurtuluş savaşımızda özünü müsəlman, şiə məzhəbli ali dini kəsim adlandıran İranın işğalçı Ermənistana ötürdüyü kəşfiyyat məlumatları, hərbi texnika üçün daşıdıqları yanacaq, silahlar barədə danışmırıq. Buradan belə bir məntiqi nəticə hasil olur ki, döyüş meydanında Azərbaycan əsgəri həm də İranın Ermənistana ötürdüyü həmin güllələrlə öldürülüb. O zaman sualımıza cavab verin: sizin müsəlman təəssübkeşliyiniz harada qaldı? Sizin İŞİD-dən nə fərqiniz oldu? 

Birinci Qarabağ müharibəsinin gedişində İranın Ermənistana hərbi-siyasi dəstək verməsi sübuta ehtiyac duyulmayan faktdır. Məhz cənub qonşumuzun iştirakı ilə Azərbaycanın işğal edilmiş şəhər və kəndləri ermənilər tərəfindən xaraba qoyuldu, məzhəbçilərin gözləri qarşısında məscidlərimiz donuz fermalarına çevrildi. Bu dini vandalizmə etiraz etmək yerinə, fars tüccarlar Qarabağın yerüstü və yeraltı sərvətini daşıyıb satmaqla məşğul idilər. Bəlkə Mehdi Sübhaninin bütün bunlardan xəbəri yoxdur?  

Belə məlum olur ki, rəsmi Tehran Azərbaycanla münasibətində diplomatik etiketə, qəbul olunmuş qaydalara, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə bir daha və diqqətlə nəzər yetirməli, Cənubi Qafqaz kimi həssas bölgədəki ölkələrdə onu təmsil edəcək elçinin seçimində yanlışlığa yol verməməlidir.  

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI