USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Xaçlı kəşfiyyatçılar”ın Hayastan macəraları...

Cənubi Qafqaza bayraq sancmaq istəyənləri nə gözləyir?


https://img.baki-baku.az/news/2024/04/photo_12023.jpg?v=MjAyNC0wNC0xOSAxMjoxNDoyOA==

Əgər Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi qrup mülki missiyadırsa, onda nəyə görə onun tərkibində jandarmlar, hərbçilər və xüsusi xidmətin keçmiş və çox güman ki, indiki əməkdaşları yer almışdır? Aİ-nin şübhəli tərkibli missiyasının şərti sərhəddəki fəaliyyəti ilk gündən rəsmi Bakı tərəfindən etirazla qarşılanıb. Bir çox ekspertlərin qənaətinə görə, bu missiya casus və kəşfiyyatçılar dəstəsindən ibarətdir. Yeri gəlmişkən, bu məzmunda etirazını Moskva da rəsmi formada dilə gətirib.

Sıraları genişlənməkdə olan məlum missiya Ermənistan rəsmiləri ilə münasibətləri yoluna qoyandan sonra hayların dini liderinin də “xeyir–duasını” almaq qərarına gəlib. Bu məqsədlə aprelin 16-da bütün ermənilərin katolikosu II Qaregin Eçmiədzindəki sarayında Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib. Bu barədə məlumat yayan “Armenpress” Eçmiədzinin mətbuat xidmətinə istinadla bildirir ki, bütün ermənilərin katolikosu II Qaregin Markus Ritterin hayların dini–mənəvi mərkəzinə səfərini alqışlayıb.  Qeyd edib ki, bu görüş qonağa “Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət” verəcək. Aİ müşahidə missiyasının fəaliyyətindən danışan alman polkovniki Ritter başçılıq etdiyi “qeyri-hərbi, qeyri-icraçı missiyanın məqsədinin şərti sərhəd zolağında təhlükəsizlik vəziyyətini müşahidə etmək və bu barədə Aİ-yə hesabat verməkdən ibarət olduğunu” söyləyib.

*** 

Katolikos bölgədəki mövcud gərginlikdən, sərhədyanı yaşayış məntəqələrində yaşayan erməni sakinlərin təhlükəsizliyindən (?) narahatlığını dilə gəririb, “Azərbaycanın “təcavüzkar tələbləri”nin Ermənistan üçün yeni təhlükəsizlik çağırışları yaratdığını, həmçinin sülh danışıqları prosesini təhlükə altına atdığını”  vurğulayıb. 

Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbəri, səfir statuslu Markus Ritter bütün ermənilərin katolikosu II Qaregini “əmin edib” ki, onlar sərhəddəki gərginliyin azaldılması və sabitliyin bərqərar olması üçün əllərindən gələni edəcəklər. Bu məlumatı da Eçmiədzin ofisi Ritterin ermənilərin ruhani lideri ilə görüşündən sonra açıqlayıb. 

Markus Ritterin II Qareginə verdiyi vədə əməl edəcəyinə şübhəmiz yoxdur. Axı, Cənubi Qafqaza öz bayraqlarını sancmağa yer axtaran “mülki” kəşfiyyatçıların cərgəsinə kanadalı ekspert Aleksandr Qruşevski də qoşulub. Yeri gəlmişkən, Kanada bu missiyada yer alan ilk qeyri-Avropa ölkəsidir. Bu ölkə Azərbaycan özünün ərazi bütövlüyü üzərində suverenliyini tam təmin etdikdən sonra aşkar formada Ermənistanı dəstəkləməyə başlayan Qərb dövlətləri sırasında yer alır.

Siyasi-dini görüşdə II Qaregin mövcud çətin vəziyyətdə “dost ölkələrin və beynəlxalq strukturların dəstəyi ilə bölgədə sülhün və sabitliyin bərpası üçün göstərilən bütün səyləri” yüksək qiymətləndirdiyini ərz edib. Öz növbəsində, Aİ-nin müşahidə missiyasının rəhbəri katolikosa missiyanın fəaliyyəti və sərhəddəki mövcud vəziyyət barədə məlumat verib və onu bir daha əmin edib ki, sərhəddəki gərginliyin azaldılması və Ermənistanın sərhədyanı rayonlarında sabitliyin bərqərar olması üçün əlindən gələni edəcək. Bundan ötrü Markusun “binokllu diplomat-kəşfiyyatçıları” ilə daha hansı “yürüşlərə” çıxacağını, sərhəd “macəralarına” imza atacağını görəcəyik.   

Macəradan söz düşmüşkən. Bəlkə müqayisəmiz oxucuya qüsurlu görünə bilər, amma yenə də maraqlı paralellər aparmağın yeri var. Avropalı kəşfiyyatçıların hayların dini lideri II Qareginlə görüşü yadımıza tatar əsilli rusiyalı rejissor Eldar Ryazanovun 1973-cü ildə italiyalı prodüsser Franko Prosperini ilə birgə lentə aldığı “İtalyanların Rusiyada ağlasığmaz macəraları” kinokomediyasının süjetini saldı. Romadakı xəstəxanalardan birində can verən 92 yaşlı rus emiqrant nəvəsi Olqaya vəsiyyət edir. Deyir ki, onun Leninqradın mərkəzi meydanındakı şir heykəlinin postamentinin altında inqilab vaxtı gizlətdiyi 9 milyard italyan lirəsi dəyərində xəzinəsi var imiş. Bu sirdən Olqa ilə yanaşı, həkimlər Antonio və Cüzeppe, Rozario Aqro və başqaları da agah olurlar. Bundan sonra xəzinə ardınca Rusiyaya gedən italyanların ağlasığmaz macəraları başlayır... 

İndi fransız jandarmları və istefada olan alman hərbçilərinin “binokl diplomatiyası”nın arxasında Ermənistanla Azərbaycanın şərti sərhədində onlar üçün “xəzinə” sayıla biləcək məlumatların ovuna çıxmaları şübhəsizdir. Amma onların “xəzinə” əvəzinə nəsə tapacaqları mümkün görünmür. Çünki onlar istədiklərini yanlış məkanda axtarırlar. Yəqin məlum filmin sonunda olduğu kimi, artıq tamahlarının qurbanına çevrilən “xəzinəaxtaran” missionerlərin hamısı əliboş, kor-peşman evlərinə qayıdacaq.    

Onu da qeyd edək ki, Ermənistan parlamenti Aİ-nin Azərbaycanla sərhəddə yerləşdirilmiş mülki missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməklə bölgədə kövrək sülhə təhlükə ocağı yaradıb. İki ölkənin şərti sərhədində mülki missiya adı altında kəşfiyyatçı–təxribatçı maşının olması münasibətləri daha da tarıma çəkir. Jandarm və hərbçilərdən ibarət həmin keçmiş kəşfiyyatçıların, ümumiyyətlə, Cənubi Qafqazda mövcudluğu İrəvanı Bakı ilə növbəti hərbi qarşıdurmaya təhrik etməyə hesablanıb. Məsələyə məhz bu rakursdan yanaşanda, bəlli olur ki, Aİ-nin reallıq hissi korşalmış haypərəst siyasətçiləri Azərbaycan əleyhinə yeni ssenarilər üzərində baş sındırırlar. 

Arayış: Avropa İttifaqının mülki missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib. Missiya ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında missiyanın tərkibi 209 nəfərə qədər genişləndirilib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçilik statusunu təsdiqləyərək, onun səlahiyyətini, faktiki olaraq, diplomatik statusa bərabərləşdirib.

*** 

Reallıqda ermənilər belə hesab edirdilər ki, Aİ mülki missiyasının Ermənistanda peyda olması onları hər şeydən sığortalayacaq. Yəni, bundan sonra onların çətiri altında kölgələnərək sərbəst şəkildə ağıllarına gələn hərəkəti edəcəklər. Fəqət onlar “səlibçi” missiyanın Azərbaycanı yolundan dördərməkdə, siyasi iradəsinə təsir göstərməkdə aciz olduğunu unudurlar. Əslində, daxildən yayılan xəbərlərə görə,  ermənilər Aİ missiyasını dəvət etdiklərinə görə artıq peşmandırlar.

Çünki Ermənistana gəldikləri ötən bir il bir ay müddətində bu başabəla missiya şərti sərhəddə, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar olmasına heç bir töhfə verməyib. Bunun tam əksinə olaraq, o, iki ölkə arasındakı münasibətlərə əlavə gərginlik ocağına – “katalizatora” çevrilib. Biz şübhəli missionerlərə yaxşı yaraşan ad da təyin etmişik: “binokl diplomatları”. Həmin fransız və alman emissarlar şərti sərhədin o üzündən binoklla bu tərəfə baxır, hərdən şəkillər çəkir, bəzilərini sosial şəbəkədə yayırlar. Yəqin “səlibçi”lərin bundan məqsədi Azərbaycanı qıcıqlandırmaqdır. Mülki missiyanın bu cür təxribat xarakterli fəaliyyəti, əslində, Aİ–Azərbaycan münasibətlərinə yalnız ziyan gətirir.

Fransanın təşkilatçılığı ilə formalaşan Qərbin “səlibçi” düşərgəsinin anti-Azərbaycan koalisiyası hələ də bölgədə maraqlarını təmin etmək niyyətindən əl çəkmək istəmir. Hətta irəlidə onları “bayraq dirəyi” əvəzinə “soyuq duş”un gözlədiyini bilsələr belə, yeni planlar üzərində baş sındırmaqdan usanmırlar.  Aİ çətiri altında birləşmiş “səlibçi” müttəfiqlərin mülki missiyasının həyata keçirdikləri tədbirlər onun bəyan etdiyi məramı ilə qətiyyən üst-üstə düşmür. Biz, sadəcə olaraq, Qərbin Azərbaycana qarşı yeni təhdidlərə köklənən planlarına ayıq-sayıq yanaşmalı, bütün situasiyalara hazır olmalıyıq. Qərb artıq Azərbaycanın bir çox məsələlərdə, Ermənistandan fərqli olaraq, ona “yox” demək cəsarətini görüb. Bu dəfə də elə olacaq.      

Tofiq ABBASOV,
 siyasi şərhçi

Əlbəttə, Avropa İttifaqının Ermənistanda yerləşdirilmiş emissarları heç də mülki missiya deyil. Azərbaycan çox yaxşı bilir ki, bu missiyanın arxasında gizli və məkrli planlar durur. Brüsseldə keçirilən 5 aprel görüşündən əvvəl həm Antoni Blinken, həm də Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə etdikləri telefon zənglərində, guya, orada gündəlikdə yalnız iqtisadi zəminə malik məsələlərin dayandığını dedilər. Bu, sözün həqiqi mənasında, ağ yalan idi. Həmin üçtərəfli görüşün arxasında dağıdıcı niyyətlərin, planların olduğunu Bakı bilirdi. 

Artıq kollektiv Qərbin istəklərinin nədən ibarət olduğu məlumdur. Onların öz öhdələrinə götürdükləri missiyanı yerinə yetirməsini Brüssel görüşünün nəticəsi kimi görmək olar. Hazırda hayların təəssübkeşləri Ermənistan ordusunu gücləndirmək, onu hər şeylə təchiz etməklə məşğuldurlar. Yəni, bu planın iqtisadi yardımlarla heç bir əlaqəsi yoxdur. Aşkar görünən həqiqət odur ki, məhz Qərb Qafqazda möhkəmlənmək, burada öz platsdarmını yaratmaq, hətta NATO bazasını bölgəyə gətirmək barədə düşünür. Bu məqsədlərə çatmaq üçün “maşa”ya çevirdiyi Ermənistana Şimali Atlantika Alyansına üzvlüyü də vəd ediblər. Əlbəttə, bu, baş tutan iş deyil. Amma separatçılara qucaq açan qüvvələr NATO-nin Qafqazdan hərb meydanı kimi yararlanmaq layihəsini gündəmə gətirə bilərlər. 

Aydın məsələdir ki, Qərbin qarşısında Türkiyə, Rusiya və İran amilləri var. Onu da görürük ki, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşlarının sayı iki mindən çoxdur. Məsələ burasındadır ki, Qərb bunu düşmənlərinin – Rusiya və İranın mövcud olduğu məkanda təşkil edir. Onların elektron, peyk kəşfiyyat vasitələri məhz İrəvanda gecə–gündüz kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Əgər qlobal sistemdə böyük çaxnaşma meydana gələrsə, Vaşinqton Qafqaz bölgəsindən istifadə edəcək. 

Hazırki siyasi konyukturada ABŞ və Avropanın istəyi, ilk növbədə, Türkiyə ilə Rusiyanı, sonra Türkiyə ilə Ermənistanı, daha sonra Türkiyə ilə Yunanıstanı toqquşdurmaqdır. Məqsəd həm də Azərbaycan–Türkiyə strateji tərəfdaşlıq sistemini pozmaqdır.                      

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

İmran BƏDİRXANLI