USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: "Biz bir xalq olaraq illərin məhrumiyyətinin, dözümünün mükafatını görəcəyik"


https://img.baki-baku.az/news/2020/09/photo_1192.jpg

"Təcavüzkar Ermənistan rəhbərliyində təmsil olunan şəxslərlə erməni xalqı arasında dərin uçurum var. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücumları bu uçurumu daha də dərinləşdirib.

Erməni kütləvi informasiya vasitələrini həmişə izləmişəm. İndi daha çox izləməkdəyəm. Əlbəttə, onların təqdim etdikləri materiallar öz maraq və mənafelərinə uyğundur. Bundan təəccüblənmirəm. Ancaq təhlil edəndə ziddiyyətləri görmək mümkündür və nəticə budur ki, Ermənistan cəmiyyətində əsl psixoz yaşanır". Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook səhifəsində bildirib. 

Ə.Amaşov bildirib ki, baş nazir Nikol Paşinyan ətrafında yaranmış demokrat mifi dağılıb. "Hakimiyyətdə olduğu iki il yarımda Paşinyan göstərdi ki, öz sələflərindən müsbət mənada heç nə ilə fərqlənmir. Erməni xalqı bunu bilir və xalq indi daha qəzəblidir. Ermənistana rəhbərlik etmiş əvvəlki hakimiyyət komandaları da xalqdan uzaq idilər. Sıravi ermənilər bu reallıqla bir təhər yaşayırdı, öyrəşmişdi. Paşinyan isə insanların hissləri ilə oynadı, onların dəstəyini qazanaraq hakimiyyətə gəldi, sonra əvvəlkilər kimi davrandı. Bu oyunbazlığına görədir ki, ona qarşı nifrət var. Nifrət inamsızlıq, ruhdüşkünlüyü doğurur. İndi erməni siyasilər eybəcərliyin aşkar göstəricisi olan məhz bu mənzərəni bir növ, Azərbaycana transformasiya edirlər. Özləri düşdükləri durumun guya Azərbaycanda olduğunu dilə gətirmək kimi sərsəmliyə baş vururlar. Həqiqətən çox miskin mənzərədir.

Erməni siyasilər elə ağlasızmaz məsələlər qaldırırlar ki, adamın həqiqətən gülməyi gəlir. Məsələn, Ermənistan parlamentindəki çıxışında deputatlardan biri bildirib ki, Azərbaycan tərəfdən ön cəbhədə vuruşanlar və həyatlarını itirmək riski daha böyük olanlar guya ölkəmizdəki entik azlıqların nümayəndələridir. Belə cəfəngiyyat yalnız erməni təxəyyülünün məhsulu ola bilər. Təzada baxın, bu fikri gündəmə gətirən mono etnik ölkənin ali qanunverici orqanının təmsilçisidir. Belə bir ölkədə kimsənin etnik azlıqlardan danışmağa ümumiyyətlə haqqı olmamalıdır. Üstəlik Azərbaycan bütün dünyada dinlərarası, mədəniyyətlərarası dialoqun, multikulturalizmin məskəni kimi qəbul edilir. Ölkəmiz dini və etnik müstəvidəki mühit baxımından dünyada nümunədir. Bu, ən müxtəlif hesabatlarda əksini tapmış reallıqdır.  

Ermənistan ordusunda həmişə muzdlular olub. İndi də sayları kifayət qədər çoxdur. Və diqqət edin ki, indi onlar guya bizim muzdlulardan istifadə etdiyimiz yalanına baş vururlar. Ümumiyyətlə danışdıqları hər kəlmə, irəli sürdükləri hər fikir birmənalı olaraq yalandır. Ən müxtəlif vasitələrlə çalışırlar ki, düşdükləri durumun ağırlığını necəsə aradan qaldırsınlar.  İstəyirlər ki, Azərbaycan cəmiyyətində narazılıq, nifaq yaransın. Bütün bunlar tam faydasızdır. Azərbaycanda güclü xalq-iqtidar birliyi var. Xalq hakimiyyət ətrafında sıx birləşib.

Ölkəmiz dünyada sülhpərvər imicə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə biz beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ həqiqətlərini durmadan anlatmışıq, haqlı mövqeyimizi ən müxtəlif səviyyələrdə bəyan etmiş və əsaslandırmışıq. İndi 1991-1993-cü illərdəki vəziyyət deyil. Biz hər anlamda güclüyük. Hər müstəvidə sözümüzü deyə bilirik. Sözümüz eşidilir, dünyada qəbul edilirik. Bu imici ötən illər ərzində formalaşdırdıq. Ötən 30 ildə formalaşdırdıq. Erməni yalanlarını illərlə ifşa etdik.

Azərbaycan cəmiyyəti müharibəyə köklənib. Hər yerdə bunu duymaq, hiss etmək mümkündür. Kiçiyindən tutmuş böyüyünədək, gəncindən tutmuş qocasınadək hər birimizdə böyük ruh yüksəkliyi var. Savaş haqqımızdır!

Biz yaşadığımız bu müqəddəs günlər üçün həm siyasi, həm mənəvi, həm də güclü ordumuzun timsalında fiziki zəmin formalaşdırmışıq. Biz bir xalq olaraq illərlə gözləməyimizin, illərlə çalışmağımızın bəhrəsini, illərin məhrumiyyətinin, dözümünün mükafatını görəcəyik. Acılarımızı sevinclərimizlə dinləndirməyin zamanıdır. Zaman qələbə zamanıdır!

Var olsun, müstəqil Azərbaycanımız!

Yaşasın Azərbaycan Ordusu, yaşasın əsgərimiz!"




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət