- Daxili siyasət
- 11:03 30.09.2024
Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. Bir qrup ABŞ senatorunun ölkənin Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə ünvanladığı birgə müraciəti bu el misalımızın məna çalarları ilə üst-üstə düşür. Müraciətdə nədən söz açıldığını diqqətə çatdıracağıq. Hələlik isə qeyd edək ki, sənədlə bağlı məlumatı yayan Birləşmiş Ştatların Konqresi deyil, ölkədəki erməni lobbi və diaspor təşkilatlarının başında dayanan “Ay Data” Amerika ofisidir.
İkinci diqqət çəkən məqam müraciətin Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilmiş görüşündən əvvəl tirajlanmasıdır. Görünür, ermənipərəst senatorlar öz aləmlərində sözügedən təmas üçün gündəlik müəyyənləşdirmək fikrinə düşüblər. Beləliklə, senatorlar Ed Markın, Bill Kessidinin, Tom Tillisin və Hari Petersin Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbərinə birgə müraciətlərində Qarabağın artıq canını tapşırmış separatçı rejiminin Azərbaycanda həbsdə olan liderlərinin azad edilmələrinə çağırış səslənib.
Əlbəttə, sözügedən çağırışda ümumən ölkəmizdə saxlanıldığı iddia edilən hərbi əsirlərin də azad olunması üçün kömək göstərilməsi tələb olunur. Eyni zamanda, belə görünür, senatorlar köhnə havadadırlar. Onlar məktublarında Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsindən də söz açaraq bildiriblər ki, Azərbaycanın, guya, bölgədə həyata keçirdiyi soyqırımı siyasəti məsuliyyət yaradır və mövcud istiqamətdə tədbirlərin görülməməsi ədalətin qərarlaşmasına yönələn səylərə zərbə vurur. Senatorlar, həmçinin cəzasızlıq mühitinin Bakını yeni işğallara həvəsləndirdiyi kimi cəfəng məntiqlərini də işə salıblar. Onların üzərində dayandıqları başlıca məqamlardan biri də Qarabağ ermənilərinin öz yaşayış yerlərinə dinc və təhlükəsiz qayıdışlarının təminatının fundamentallığıdır. Görəsən, fundamentallıq nə deməkdir?
Aydındır ki, Azərbaycan dövləti dəfələrlə Qarabağın erməni əhalisinin bölgəyə qayıdışına təminat verdiyini açıqlayıb. Mövcud xüsusda onların Azərbaycan vətəndaşı kimi ömür sürmələri və vətəndaşlıq hüquqlarından yararlanmaları üzərində dayanılıb. Lakin bu, nə rəsmi İrəvanı razı salır, nə də Ermənistanın xaricdəki havadarlarını. Onlar əvvəlcə xüsusi beynəlxalq təminat amilini qabardır və məsələni Bakı–İrəvan sülh gündəliyinə gətirmək istəyirdilər. Lakin iddianın gerçəkləşməsi mümkün olmadığından, erməni iqtidarı mövcud ritorikanı sülh gündəliyindən kənar saxladı. Ancaq bu yanaşma rəsmi İrəvanın beynəlxalq miqyasda apardığı anti-Azərbaycan təbliğatının başlıca tərkib hissəsi kimi qaldı. O cümlədən, ölkəmizin, guya, Qarabağda etnik təmizləmə siyasəti gerçəkləşdirdiyinə dair məqamlar da.
Bəli, amerikalı senatorların Qarabağ ermənilərinin hüquqlarının təminatı müstəvisindəki “fundamentallıq tələbləri”, haqqında söz açdığımız sərsəm baxışdan qaynaqlanmaqdadır. Sərsəmliyin nəticəsidir ki, senatorların birgə müraciətlərində Ağ Evə ünvanlanmış ittiham da yer alıb. Sən demə, Birləşmiş Ştatlar administrasiyası bölgənin erməni əhalisinin geri qayıtmaq hüququnun olduğunu bildirsə də, mövcud istiqamətdə heç bir tədbir görməyibmiş. Başa düşmək olmur, ABŞ güclə onların yaşayış yerlərinə dönmələrini təmin etməli imiş? Rəsmi Vaşinqton nə deməli idi? Onun dediyini Azərbaycan dövlətinin təmsilçiləri də bildirirlər. Ancaq Ermənistan rəhbərliyi Qarabağ ermənilərinin ölkəmizin vətəndaşı olmalarını istəmir, onlara hesablanmış oyunlar qurur. Elə haypərəst senatorlar da həmin oyunların iştirakçılarıdırlar.
Əlbəttə, senatorların Ağ Evə ünvanladıqları mənasız kağız parçasının ən böyük həyasızlıq motivi, əvvəldə də vurğuladığımız kimi, artıq canını tapşırmış separatçı rejimin rəhbərlərinin həbsdən azad edilməsi ilə bağlıdır. Məktubda onların hər birinin adı çəkilir. Maraqlı məqam budur ki, Ermənistan rəhbərliyi sırf bu məsələni irəli sürmür. Daha doğrusu, üstüörtülü qabardır. Axı baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçilərinin sabiq xunta rejiminin rəhbərlərindən zəhlələri gedir, istəyirlər ki, separatçıbaşıları Bakı həbsxanalarında çürüsünlər. Görünür, bu istəyin ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının nümayəndələrinə heç bir aidiyyatı yoxdur. Necə deyərlər, onların öz havaları var. Hazırda Birləşmiş Ştatların senatorlarının həmin havalara, obrazlı desək, qol qaldırıb oynamaları isə son dərəcə miskin mənzərə formalaşdırır. Çünki bəşəri dəyərlərlə aşkar manipulyasiyaya köklənmiş bu mənzərə beynəlxalq hüquq prinsiplərinə həqarətdən başqa bir şey deyil.
Ə.CAHANGİROĞLU