- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, bəlkə də, fərqinə varmadan hər şeyi ortaya qoyur. Əlbəttə, onun nələrisə nəzərə almadığını söyləmək bir o qədər yerinə düşmür. Sadəcə, ənənəvi anti-Rusiya ritorikası onda o qədər güclüdür ki, haqqında söz açacağımız hadisənin təfərrüatlarını açıqlaması baş katib üçün ciddi problem yaratmır. Hadisəyə gəldikdə isə bu, Azərbaycan-Ermənistan şərti sərhədində yaranmış gərginlikdir. Daha doğrusu, söhbət erməni silahlı birləşmələrinin Naxçıvan istiqamətində atəşkəsi pozmalarından, o cümlədən, sərhədə hərbi qüvvələr cəmləşdirmələrindən gedir.
Bəli, A.Qriqoryan ölkəsinin İctimai televiziyasının efirindən bildirib ki, sərhəddə eskalasiya Azərbaycanın özündən daha çox Rusiyadan asılıdır. Baş katib Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan – Azərbaycan sərhədində mümkün gərginliyin səbəbləri ilə bağlı son bəyanatını şərh edərkən belə deyib. Zaxarova vurğulamışdı ki, eskalasiya “yalnız rəsmi İrəvanın Avropa İttifaqı, ABŞ və Böyük Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır”.
Yəni, M.Zaxarova demək istəmişdi ki, İrəvanı Bakı ilə konfrantasiyaya sürükləyən Qərbdir. Şübhəsiz ki, xanım diplomat fikirləri ilə diqqəti Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin dünən Brüsseldə keçirilmiş görüşünə yönəltmişdi. Elə Qriqoryanın söylədikləri də müəyyən mənada həmin görüşə fokuslanıb. Əlbəttə, o, Zaxarovaya cavab verir. Amma bu, iki dalaşan uşaqdan birinin qarşısındakının söyüşünə “özünsən” cavabından başqa nəyisə xatırlatmır. Hərçənd, burada başqa məqamlar da istisna deyil.
Əvvəldə vurğuladığımız fikrə qayıdaq. Bəli, Qriqoryanın fərqinə varmadan açıqladığı reallıq ondan ibarətdir ki, Ermənistan Brüssel görüşü öncəsi Azərbaycanla durumu gərginləşdirməyi düşünmüşdü. Ona görə də şərti sərhəddə atəşkəs pozulmuşdu. Bu, Brüsseldə İrəvanın razı salacaq müsbət nəticənin əldə edilməsi məqsədi ilə reallaşdırılmışdı. Axı görüşdə Ermənistanın təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub və mövzu əvvəldən bəlli idi. Deməli, ölkə üçün təhlükəli durumun mövcudluğunu “əsaslandırmağa” və məsələni daha ciddi şəkildə qoymağa ehtiyac yaranmışdı ki, sözügedən sərhəd insidenti həmin ehtiyacı ödədi. Amma tam yox.
Ermənistan Brüssel görüşündən əvvəl Azərbaycanla vəziyyəti həm də ona görə gərginləşdirmişdi ki, duruma görə Rusiyanı günahlandırsın. Yəni, Qriqoryan yalnız Zaxarovanın sözlərinə cavab vermir, o, əvvəlcədən düşünülüb müəyyənləşdirilmiş tezisi gündəmə gətirir. Həmin tezisdə Azərbaycanla Rusiyanı eyni cəbhədə göstərmək başlıca motivdir. Belə yanaşma da Brüsseldə Ermənistan üçün daha sərfəli nəticələrin əldə edilməsi məramından qaynaqlanır.
Əslində, A.Qriqoryanın dediklərinə başqa rakursdan da baxmaq mümkündür. Yada salaq ki, həm A.Blinken, həm də Ursula Fon der Lyayen Paşinyanla dünənki görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdilər. Bu zənglər sözügedən təmasın Azərbaycana qarşı yönəlmədiyinə əminlik yaratmaq məqsədi daşımışdı. İndi isə erməni baş katib Rusiya məntiqini qabardır.
Deməli, bəlkə Blinkenin və Lyayenin Prezident İlham Əliyevə bildirdiklərində səmimiyyət payı istisna deyil. Ancaq burada maraqlı məqam da var. Bəli, Zaxarova Brüssel görüşünün Rusiyaya qarşı yönəldiyini vurğulayıb əndişələnməkdə haqlıdır. İki Avropa liderinin dövlətimizin başçısına zəngi həm də Qərbin Azərbaycanı anti-Rusiya ritorikasından kənar saxladığının təsdiqidir. Qriqoryanın Moskvanın sərhəd gərginliyinin təşəbbüskarı olduğunu vurğulaması isə o deməkdir ki, ABŞ və Avropadan fərqli olaraq, İrəvan Azərbaycanın Rusiya ilə eyni cəbhədə yer aldığına dair təsəvvürlər formalaşdırmaqda qərarlıdır. Belədə, əlbəttə, Blinkenin və Lyayenin səmimiyyəti şübhə doğuracaq.
Qərbin Azərbaycan – Ermənistan münasibətləri fonundakı səmimiyyətinə həm də ona görə şübhə yaranır ki, həm Avropa, həm də ABŞ mahiyyətcə erməni avantürizmini cilovlamaqda maraqlı deyillər. Onlar Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün rəsmi İrəvanın çıxardığı bütün oyunlara dözümlü yanaşırlar. Ona görə də Brüssel təmasının anti-Azərbaycan mahiyyət daşımadığını bildirmək çətindir. Çünki Ermənistan dövləti, onun təmsilçisi kimi A.Qriqoryanın özü də müxtəlif beynəlxalq tribunalarda Azərbaycana əks tezislər gündəmə gətirir. Beləliklə, Cənubi Qafqazda sülhə qarşı çıxdığını ortaya qoyur. Təkcə Qriqoryan deyil, digər erməni rəsmiləri də eyni yolu tuturlar.
Bəli, Qərbin erməni avantürizmini cilovlamaq üçün nə icra mexanizmi var, nə də belə bir mexanizmi formalaşdırmaq niyyəti. Qriqoryanın sonuncu açıqlaması bunun təsdiqidir. Ermənistan şərti sərhəddə gərginlik yaradıb Rusiyanı Azərbaycanı hərəkətə gətirən tərəf kimi görməkdə israrlıdırsa, deməli, bu, həm də Brüssel görüşünə Rusiya təmayüllü anti-Azərbaycan motivi qazandırmaq cəhdidir.
Əlbəttə, Qriqoryanın cəhdi “saman çöpü”ndən yapışmaqdır. Bu mənada, Belçika paytaxtının Ermənistan üçün bataqlıq olduğunu söyləyə bilərik. Nəzərə alaq ki, Qərb heç zaman etibarlı olmayıb. Rusiyanın Ermənistana münasibətdə etibarlı davranması isə görünür, tamamilə aradan qalxıb. O zaman rəsmi İrəvan boğulmağında olsun. Çünki hazırda Qriqoryanın batmaması üçün heç “saman çöpü” də yoxdur.
R.ƏVƏZ