- Daxili siyasət
- 09:37 20.09.2024
Dünyanın məşhur sorğu təşkilatı olan “Gallup” Beynəlxalq Assosiasiyası Ermənistanda ictimai rəyi öyrənib və iki nəticəyə gəlib. Birincisi, baş nazir Nikol Paşinyanın reytinqinin həddən artıq aşağı düşməsi. İkincisi, ölkədə Rusiyanın nüfuzunun xeyli geriləməsi. Söhbətimiz bu barədədir. Mövzu ilə bağlı “Gallup”ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın fikirlərini diqqətə çatdıracağıq. Əlbəttə ki, onun bildirdikləri əsasında formalaşmış qənaəti də həmçinin. Ancaq qənaətimizi möhkəmləndirmək üçün əvvəlcə “Gallup” barədə məlumat verək.
***
Beləliklə, “Gallup International Association” adı ilə dünya brendinə çevrilmiş təşkilat 1935-ci ildə yaradılıb. 1947-ci ildə İsveçrənin Sürix şəhərində qeydiyyatdan keçib. Qeydiyyat məkanı kimi İsveçrənin seçilməsi təsadüfi deyil. Axı, ölkə o zamandan əbədi bitərəfliyini elan edib. “Gallup” da özünü tərəfsiz sayır. Görək necə?..
“Gallup”ın məqsədi daxili və xarici siyasət məsələləri ilə bağlı müntəzəm ictimai sorğular keçirməkdir. Təşkilat ABŞ-da ictimai rəyin vəziyyəti haqqında ən etibarlı məlumat mənbələrindən biridir. Çox güman, onun beynəlxalq nüfuzunu şərtləndirən də elə məhz budur. Əlbəttə, başqa amillər də nəzərə alınmalıdır...
1984-cü ildə Corc Gallupun ölümündən sonra qurum 1969-cu ildə Donald Klifton tərəfindən qurulan psixoloji tədqiqat şirkəti olan Seleksiya Araşdırmaları Birliyi tərəfindən satın alınmışdı. Bundan sonra müxtəlif ölkələrdə “Gallup” brendinin mülkiyyəti ilə bağlı münaqişələr davam etmişdi. Hətta, C.Gallupun oğlu Aleks assosiasiyanın 50-dən çox üzvünün adında “Gallup” sözünün işlədilməsi hüququna etiraza cəhd göstərmişdi. Mövcud istiqamətdəki proseslərin hansı nəticələri doğurduğu məlum deyil. Elə “Gallup” Beynəlxalq Assosiasiyasının hazırkı missiyası da məchuldur.
***
Missiyadan söz düşmüşkən, dünya sorğu brendinə çevrilmiş “Gallup” sırf Qərbyönümlü təşkilatdır və onun müxtəlif ölkələrdə ictimai rəyin manipulyasiyası ilə məşğul olduğuna dair faktlar yetərincədir. Ermənistana gəldikdə isə qurum bir vaxtlar keçirdiyi sorğularla sabiq prezident Serj Sarkisyan barədə “ölüm hökmü” çıxarmış, hazırkı baş nazir N.Paşinyanı və komandasını “göylərə qaldırmışdı”. Elə isə hazırda nə üçün Nikol, obrazlı desək, göylərdən yerə endirilir. Səbəb nədir? Bunu yazının gedişində bildirəcəyik, daha doğrusu, diqqətə çatdıracaqlarımız fonunda məsələ ilə bağlı rəy formalaşacaq.
Sual yaranır: Görəsən, “Gallup” nə üçün N.Paşinyanın reytinqi ilə Rusiyanın Ermənistandakı nüfuzunu eyni tutur? Qəribə deyilmi? Nəzərə alsaq ki, “Gallup” bir Qərb təşkilatıdır, indiki həssas məqamda onun Nikolu gözdən salmaq cəhdində bir çox mətləblər var. Maraqlı nəticə hasil olur. Buradan Ermənistanın hazırkı iqtidarının boynuna biçilmiş missiya da açıq-aydın görünür. Söhbət Rusiya ilə mübarizədən gedir. “Gallup”ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan da vurğulayır ki, ölkənin hazırkı iqtidarı anti-Rusiya ritorikasını gücləndirmək üçün çox çalışır. “Əmma”sı budur ki, Paşinyanın Rusiya ilə, həm də Ermənistandakı rus təsiri ilə mübarizəsi Qərbdə müsbət qarşılanmır. Belə görünür, ondan daha qətiyyətli addımlar atmaq tələb olunur. Deməli, Nikolun reytinqində ciddi “eniş” həmin qətiyyətli addımları ata bilmədiyi üçün yaranır.
Əlbəttə, Paşinyan administrasiyasının ölkədəki nüfuzu aşağı düşüb. Bunun bir çox səbəbləri var. Nikolun hakimiyyətə gəldikdən sonra verdiyi “dağı dağ üstə qoymaq” vədi yerinə yetməyib. 44 günlük müharibə acınacaqlı vəziyyət doğurub. Üstəlik, erməni cəmiyyətində xronoloji xəstəliyə çevrilmiş Qarabağ avantürizmi sıradan çıxıb. Mövcud fonda “Gallup”ın sırf Rusiya üzərinə köklənməsi onu göstərir ki, Qərbdə Nikoldan istəklər başqadır. Belə görünür və həm də tam aydındır ki, o, hakimiyyətə gətiriləndə qarşısına qoyulmuş məqsəd Ermənistanı Moskvanın təsirindən uzaqlaşdırmaq olub.
Əslində, erməni baş nazirin məqsədə doğru seçdiyi metod da aydındır. Nikol Qarabağ məsələsinin prinsipcə Rusiya ilə bağlılığını gözəl dərk edirdi. Ona görə onun hakimiyyətə gəldikdən sonra Azərbaycanla danışıqlar prosesini dalana dirəməsi, habelə verdiyi avantürist bəyanatların təkcə ölkəmizə deyil, eyni zamanda, Rusiyaya qarşı yönəldiyini vurğulamaq mümkündür. Ancaq burada maraqlı nüans var. Paşinyan Qarabağdan tamamilə imtinanı düşünmürdü. İstəyi bu idi ki, bölgə xüsusundakı erməni avantürizmi Kremlin patronajlığından çıxıb Qərbin egidası altına girsin. Elə indi də məqsəd eynidir.
Ancaq Qərbin Ermənistanı anti-Rusiya cəbhəsinə çevrimək niyyəti və bu niyyətdən irəli gələrək, Moskvanı tamamilə Cənubi Qafqazdan sıxışdırmaq məqsədi Ermənistanın Qarabağ avantürasından daha böyükdür. İkinci birincinin yanında lokal səciyyə daşıyır. “Gallup”ın sorğusu da Qərbin başlıca məramının rəsmi İrəvanın identikləşdirdiyi ambisiyalardan yüksəkdə dayandığının təsdiqidir. Deməli, assosiasiyanın nəticələrini Paşinyana mesaj kimi dəyərləndirmək mümkündür. Yəni, beynəlxalq sorğu brendi Nikola reallığı göstərir. Amma təkcə göstərmir, eyni zamanda, hədə-qorxu gəlir. Bu yerdə təşkilatın Ermənistandakı emissarı A.Navasardyanın fikirlərinə bir qədər əhatəli nəzər salaq.
Əlbəttə, A.Navasardyan açıq şəkildə deyə bilməz ki, Qərb Paşinyandan Rusiya ilə mübarizədə nəticə əldə etmədiyi üçün narazıdır. O, baş nazirin reytinqindəki enişin gözlənilən olduğunu vurğulayır, hətta bildirir ki, nəticələr fərqli, yəni müsbət olsaydı, təəccüblənərdi. Niyə? Çünki Navasardyanın sözlərinə görə, təhlükəsizliklə bağlı problemlərdən tutmuş sosial proqramların icrasınadək müxtəlif sahələrdə Ermənistanda uğursuzluqlar var: “Hesab edirəm ki, Paşinyan özü də resursunu artıq tükəndirib. Hətta yaxın altı ayda növbədənkənar seçkilər formasında təzahürlər olmasa belə, o zaman Paşinyanın hakimiyyət daxilində dəyişdirilməsi məsələsi ortaya çıxa bilər. Onun yerinə ehtiyat şəxslərdən biri təyin olunacaq. Çünki reytinqi artıq aşağı düşüb”.
Hesab edirik ki, A.Navasardyanın “sosial proqramların icrasındakı uğursuzluqlar” məntiqindənsə, gətirdiyimiz iqtibasda vurğuladıqları daha önəmlidir. Təsəvvür edin, bu fikirləri söyləyən bir sorğu təşkilatının Ermənistandakı nümayəndəliyinin rəhbəridir. Prinsipcə, o, heç bir halda belə danışmamalıdır, öz gördüyü işdən, daha dəqiq desək, “Gallup”ın rəy sorğusunun xüsusiyyətlərindən söz açmalıdır...
A.Navasardyan kənarda yox, məhz Ermənistanın hakim komandası daxilində Paşinyana “əvəz axtarırsa”, hər şey aydındır. Yəni, “Gallup”ın Ermənistandakı işi yalnız sorğu keçirmək deyil. Elə isə diqqət yetirək görək A.Navasardyan başqa nələrdən danışır. Beləliklə, “Gallup”ın Ermənistandakı başlıca fiqurun– “Paşinyanın dəyişdirilməsi” məntiqini genişləndirərək vurğulayır ki, Nikolu hakimiyyətə gətirənlərin indi görünməyən, lakin istənilən halda mövcud olan ehtiyat variantları var və bu dəyişiklik partiyanın özündə çox təcili həyata keçirilə bilər.
A.Navasardyanın sözləri yalnız həddini aşmaq deyil. Ancaq onun söylədiklərindən, eləcə də, Ermənistandakı hakim komandanın təmsilçilərinin zaman-zaman dediklərinin tonundan bir neçə nəticə hasil olur. Birincisi, Qərbin ölkədə “Vətəndaş sazişi”ndən başqa siyasi qüvvəsi yoxdur və onun bütün tərəfdarları bu hakim partiyada birləşiblər. Deməli, A.Navasardyanın “daxildən dəyişiklik” məntiqi keçərli sayıla bilər. Əslində, bu şəxs hər şeyi tam aydın deyir. Məsələn, o bildirir ki, Paşinyanın reytinqinin aşağılığı heç bir halda müxalifət partiyalarının fəallığının nəticəsi sayıla bilməz və əks cinahdan Nikola alternativ yoxdur. Yəni, Qərb üçün başqa qüvvənin önə çıxması qəbuledilməzdir.
İkincisi, “Vətəndaş sazişi” daxilində yeni Paşinyan, yəni yeni baş nazir olmaq uğrunda mübarizə gedir. Əslində, mübarizənin işartılarını görmək mümkündür. Nəzərə alsaq ki, başlıca məqsəd Rusiyanı Ermənistandan çıxarmaqdır, hakim siyasi qüvvənin təmsilçilərinin, necə deyərlər, Roma papasından artıq katolikliyə can atdıqları diqqətdən yayınmır. Məsələn, ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və parlament sədri Alen Simonyan. Bu iki şəxs Moskva ilə ziddiyyət doğuran fikirləri ilə Nikoldan qat-qat irəlidədirlər. Yəni, Qərbə özlərini Paşinyandan daha yaxşı anti-rus kimi göstərirlər, sanki baş nazirlə yarışa girişiblər.
***
Sonda bir təzadı vurğulayaq. Necə ola bilər ki, Paşinyanın da, Rusiyanın da Ermənistandakı nüfuzu kəskin şəkildə aşağı düşsün? Özü də eyni vaxtda. Elementar məntiq var, axı. O məntiqə görə, Kreml Ermənistanda populyar deyilsə, deməli Nikol yaxşı işləyir. Ancaq Paşinyan saydığını saysın, görək Qərb nə sayır. Bəli, bir daha vurğulayaq ki, “Gallup”ın sorğusunun nəticəsi Qərbin sırf Paşinyandan narazılığının nəticəsidir. Görünür, o, barıtı daha tünd edə bilmir. Bəs Nikolun başqası ilə dəyişdirilməsi necə həyata keçirilə bilər? Hər halda, A.Navasardyanın bildirdikləri Ermənistan parlamentinin iclasını çağırmaq kimi asan məsələ deyil.
Ə.RÜSTƏMOV