- Daxili siyasət
- 09:37 20.09.2024
Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüş öncəsi regionun, demək olar ki, bütün dövlətlərinin rəsmi şəxsləri həmin tədbirə münasibət bildirdilər. Sözsüz ki, ilk reaksiya rəsmi Bakıdan gəldi. Otuz ilə yaxın erməni işğalından böyük əziyyət çəkən, hazırda işğalın nəticələrini təkbaşına aradan qaldıran ölkəmizin görüşdən nahatlıq duyması təbiidir. Azərbaycan hesab edir ki, bu cür təşəbbüslər İrəvanı yeni təxribatlara şirnikləndirə bilər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə martın 27-də görüşlə bağlı medianın suallarına cavab olaraq bildirdi ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. O qeyd etdi ki, görüş tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur, regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və “təsir dairələri” yaradır.
Xarici işlər naziri Ceyhun Bayramov martın 29-da Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edərkən sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaqda yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə sırımaq cəhdlərinin prosesə maneə törətdiyini bildirdi. Bu istiqamətdə Aİ–Ermənistan–ABŞ müştərək konfransının qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğunu vurğuladı.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə keçirdiyi ənənəvi brifinqdə Ermənistan–Aİ–ABŞ görüşünün Moskvada narahatlıq yaratdığını bildirdi. Qeyd etdi ki, bu cür hadisələrin Rusiyanı narahat etməsi səbəbsiz deyil: “Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas fəaliyyəti Rusiyaya qarşı yönəlib. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər”.
M.Zaxarova qeyd etdi ki, Ermənistan bütün dünyanın gözü qarşısında erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi alətinə çevrilir.
Qardaş Türkiyə isə ilk gündən mövqeyini ortaya qoyaraq Brüssel görüşünün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracağını bəyan etdi. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olundu ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq: “Üçüncü ölkələri atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə, həmişə olduğu kimi, bu məsələdə üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadənin təşviqinə davam edəcək”.
Prosesdə səsini çıxarmayan ölkə yalnız İran oldu. Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” elan edən, bölgədə sərhədlərin dəyişdirilməsinə dözməyəcəyini, regiona aid məsələləri region ölkələrinin özlərinin həll etməsinin vacibliyini dəfələrlə bildirən Tehranın bu yanaşması heç cür anlaşılmır. Cənub qonşumuzun mövqeyi onun regionun böyük dövləti kimi statusuna uyğun gəlmir. Halbuki, Ermənistanla Aİ və ABŞ-nin timsalında kollektiv Qərbin daha isti münasibətlər yaratması yumşaq desək, İranın maraqlarına uyğun sayıla bilməz. Əvvəllər Rusiyanın forpostu olan Ermənistan hazırda faktiki olaraq, Qərb üçün belə bir funksiya icra etməyə başlayıb. 2022-ci ilin oktyabrında 40 nəfərlik heyətlə Emənistanda fəaliyyətə başlayan, hazırda sayları 209 nəfər olan Avropa İttifaqının mülki müşahidə missiyasının həm də İranla bağlı məlumatlar topladığı iddia edilir. Ancaq Tehran buna da səssiz qalır. Əslində, mövqe sərgiləməməyin özü də razılaşmanın bir növüdür.
Vaxtilə Zəngilan rayonunda adi fermanı hansısa ölkənin “hərbi bazası” sayan İran indi sərhədində yerləşmiş Aİ-nin (faktiki olaraq NATO-nun) casus missiyasına niyə səssiz-səmirsiz qaldığı heyrət doğurur. Yeri gəlmişkən, Aİ missiyasının NATO missiyasına çevrilməsi artıq bir reallıqdır. Belə ki, 2022-ci ilin oktyabr ayında ilk iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan Aİ missiyasının müddəti əhəmiyyətli dərəcədə uzadıldı və daha çox müşahidəçi sayı ilə daimi əsaslı missiyaya çevrildi. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın missiyaya qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir.
Amma, əslində, biz İranın ikili standartlar siyasətinə əsaslanan bu mövqeyinə öyrəşmişik. İran hər zaman müsəlman həmrəyliyindən danışsa və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, əməldə buna zidd yanaşma sərgiləyib. Tehran qonşuluğunda müasir, müstəqil Azərbaycan Respublikasının varlığından həmişə əndişələnib. İran Azərbaycanı hər zaman zəif, gücsüz görmək istəyib. Ancaq onun bu istəyi gözündə qalıb.
Bugünlərdə İran hava yollarına məxsus “Boeing” tipli yük təyyarələri ilə Ermənistana davamlı olaraq silah daşındığı məlum olub. Bu barədə məlumat “Maiden tower” teleqram kanalında yayımlanıb. Xəbərdə qeyd olunur ki, İrana məxsus “Boeing 747-21AC” yük təyyarələri vasitəsilə Ermənistana silah daşınmasına cari ilin martın 29-dan başlanılıb. “Maiden tover” bu məlumatı təsdiqləyən hava marşrutunun uçuş xəritəsini də paylaşıb.
İranın məlum mövqeyinə Azərbaycan parlamentinin dünənki iclasında da münasibət bildirilib. Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Brüsseldə keçirilən görüşlə bağlı Azərbaycanın mövqeyi məlumdur: “Burada məni narahat edən digər məsələ İranın susqunluğudur. 44 günlük Vətən müharibəsi zamanı İran bəyanat verirdi ki, Zəngəzura girmək olmaz. Müharibə başa çatandan az sonra Qərbi Zəngəzurda – Qafanda konsulluq açdı. Amma bu gün görürük ki, İran bu məsələyə heç bir münasibət bildirmir. Bu gün həmin torpaqlarda NATO-nun, digər ölkənin kəşfiyyatçıları, eyni zamanda, terrorçular var. İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür. Digər tərəfdən İran parlamentində həpəndin biri deyib ki, Azərbaycandakı İsrail səfirliyini bombalamaq lazımdır. İsrailin dünyanın 150-dən çox ölkəsində səfirliyi var. Niyə gözünüz təkcə Azərbaycandakı səfirliyi görür? İranın gücü çatırsa, ABŞ-dəki, Rusiyadakı, ərəb ölkələrindəki İsrail səfirliyini bombalasın. Niyə məhz Azərbaycan? İndi hər kəs öz mövqeyini ortaya qoymalıdır”.
Bu arada Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bildirib ki, rəsmi Paris İranın Hayastanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı narahatlığını bölüşür. Diplomat qeyd edib ki, İran dəfələrlə Ermənistanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və Tehranın narahatlığını BMT-nin digər üzvləri də bölüşməlidirlər (?). Buradan çıxan nəticə odur ki, Ermənistana yanaşmada regiona kənar qüvvələrin gətirilməsini özünün “qırmızı xətti” elan etmiş İranla regiona gəlmək istəyən Fransanın mövqeyi eynidir.
Onu da qeyd edək ki, 5 aprel görüşünün regionda sülh və sabitliyə təhlükə olması ilə bağlı Rusiya və Türkiyənin narahatlıq bildirməsinə baxmayaraq, İranın bu məsələdə də susması Tehranın səsləndirdiyi “qırmızı xətlər”ə özünün riayət etmədiyi anlamına gəlir. Digər tərəfdən, Fələstində indiyədək 30 mindən çox insan həlak olub, amma İran ABŞ ilə oyun quraraq proseslərdən kənar dayanıb, bunun müqabilində Vaşinqton sanksiya altında olan İranın neftlə bağlı maxinasiyalarına göz yumur. Bəzi ekspertlər ehtimal edirlər ki, Tehranın Yaxın Şərqdəki proseslərdən, necə deyərlər, yaxasını kənara çəkə bilməsi Vaşinqtonla apardığı separat danışıqların nəticəsidir. Bunun nəticəsində ABŞ İranın nüvə proqramına mane olmur. İran isə öz növbəsində Qərbə hansısa güzəştlər vəd edib. Cənubi Qafqazda baş verən proseslərdə isə İran Fransa ilə sövdələşmiş kimi görünür. Bir sözlə, bütün bu proseslər İranın susqunluğu şəraitində baş verir. Tehran sanki sərhədləri yaxınlığında ABŞ və Aİ-nin yerləşdiyini, onunla bağlı kəşfiyyat məlumatlarının toplanıldığını görmür. Ancaq “görəndə” iş işdən keçmiş olacaq...
Yeganə HACIYEVA,
politoloq
– Bu məsələdə Tehranın mövqeyindən danışarkən qeyd etmək lazımdır ki, ümumiyyətlə, Ermənistana münasibətdə Qərblə İran arasında sanki formalaşmış ortaq mövqe mövcuddur. Bəs bu ortaq mövqe nədən ibarətdir? Azərbaycan torpaqlarının təxminən 30 il davam edən işğalına göz yuman ölkələrdən biri də qonşu İran idi. İran beynəlxalq hüququn, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin tərəfdarı olduğunu bildirsə də, işğal faktı Tehranı narahat etmirdi. Əksinə, Azərbaycan torpaqlarını azad etdikdən sonra İran narahat olmağa başladı. İndi də regiona göz görə-görə kənar hərbi-siyasi qüvvənin daxil olmasına baxmayaraq, İran səssiz qalıb. Nəzərə almaq lazımdır ki, İran həmin hərbi-siyasi qüvvə – istər ABŞ, istərsə də Aİ ilə xoş münasibətdə deyil.
Region ölkələrindən Türkiyə və Rusiya bu mövzuda mövqeyini bildirsələr də, İran susmağa davam edir. Bu isə ABŞ və Aİ-nin İran sərhədlərində hərbi mövcudluğunun Tehranı narahat etmədiyi mənasına gəlir. İran etiraf etməsə də, reallıq bundan ibarətdir ki, yaranmış vəziyyət onun üçün risklər formalaşdırır. Həmin risklər region ölkələrinin hamısının, xüsusilə İran və Rusiyanın maraqlarını zərbə altında qoyur. Çünki İran da Rusiya kimi Qərblə birbaşa qarşıdurma vəziyyətində olan ölkədir. Ancaq Rusiya öz mövqeyini bildirsə də, İran bundan yayınır.
Səxavət HƏMİD