- Daxili siyasət
- 09:37 20.09.2024
Bu gün sülh Ermənistan və Azərbaycanın kandarını kəsdirib. Bölgənin intizarla gözlədiyi həmin sülhü geri qaytarmaq üçün atılacaq addımların bütün məsuliyyəti ABŞ-nin və Fransa başda olmaqla Avropa İttifaqının üzərinə düşəcək. İrəvan isə bu məsuliyyətə şərik olmaqla canını qurtarmayacaq, həm də Brüssel “xəlvətxana”sından sonra bölgədə baş verə biləcək arzuolunmaz hadisələrin fəsadlarından ən çox ziyan çəkən tərəf o özü olacaq.
Üçtərəfli görüşə qədər baş verənlər
Dünən Belçika paytaxtında ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş və onun hələlik tam açıqlanmayan nəticələri yaxın günlərin müzakirə mövzusu olaraq qalacaq.
Əslində, aprelin 5-i öncəsi baş verənlər heç də qarşıdakı görüşdən az maraq kəsb etmirdi. Çünki, həmin olaylar yaddaqalan ştrixlərlə müşayiət olundu. Brüsseldəki üçtərəfli konfransa iki gün qalmış ABŞ Dövlət katibi Antoni Blinken, bir gün qalmış isə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycan Prezideni İlham Əliyevə zəng ediblər. Onlar dövlətimizin başçısı ilə telefon danışıqlarında bu görüşün ölkəmizə qarşı olmadığı, Ermənistanla yalnız ticari-iqtisadi əlaqələrin inkişafına həsr olunduğu barədə bildirsələr də, bu, ciddi qəbul edilə bilməzdi. Brüssel görüşünün təşkilatçılarının gündəlikdə yalnız İrəvana iqtisadi yardım paketin olması barədə açıqlamalarının qeyri-səmimiliyini ortaya çıxaran reallıq odur ki, belə “humanitar yardım” kampaniyası heç bir halda ermənilər üçün Moskva bazarını əvəzləyə bilməz. İrəvan–Moskva münasibətlərinin mürəkkəbliyindən yararlanmağa çalışan Qərbin əsas məqsədinin Ukraynadan sonra Rusiyaya qarşı Ermənistanda yeni cəbhə açmaq olduğu heç kəsə sirr deyil. Yəni, sözdə haypərəst xarici güclər Cənubi Qafqazda yeni münaqişə ocağını körükləmək, Ermənistanı revanşa hazırlamaq barədə düşünürlər.
“Ermənistanı güclü görmək istəyirik”
Beləliklə, “üçlüy”ün planlaşdırdığı Brüssel formatı baş tutdu və iştirakçılar görüşün yekunları ilə bağlı uyğun bildikləri formada mətbuata açıqlamalar verdilər.
“Ermənistan üçün regional inteqrasiya təhlükəsizlik və rifahın açarıdır. Biz istəyirik ki, Ermənistan güclü, müstəqil, regiona və dünyaya bağlı qonşuları ilə sülh şəraitində öz yerini tutsun. Birləşmiş Ştatlar və Avropa İttifaqı bu səylərə tərəfdaş olmaq istəyir. Hesab edirəm ki, bugünkü görüş bunun sübutudur”. Bu fikirləri ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə Aİ–ABŞ–Ermənistan üçtərəfli görüşünün yekunları barədə danışarkən deyib. Onun sözlərinə görə, ABŞ Ermənistan baş nazirinin idarəçiliyinə və iqtisadi islahatlara uyğun olan səylərə sərmayə qoyur: “Biz İrəvana 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq. Bu, iki il əvvəllə müqayisədə 50 faizdən çox artım deməkdir”.
Ağ ev rəsmisi bildirib ki, Vaşinqton ərzaq təhlükəsizliyi, rəqəmsal infrastruktur, enerjinin, ticarət tərəfdaşlarının şaxələndirilməsi və İrəvanın müəyyən etdiyi digər prioritetlər üçün investisiyalarla Ermənistanın demokratik və iqtisadi dayanıqlığına dəstəyi daha da artırmağa sadiqdir: “Beləliklə, Nikol Paşinyanın sülh təklifinin kəsişmə nöqtəsində yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı, telekommunikasiya ilə inteqrasiya olunmuş Cənubi Qafqaz görürük. Getdikcə inteqrasiya olunan, insanlara fayda verəcək bir bölgə ilə güclü gələcək görünür. ABŞ və Avropa İttifaqı sizə bunu qurmaqda kömək etmək istəyir”.
Fəqət A.Blinkenin növbəti açıqlaması üçtərəfli görüşün gündəliyində başqa məsələlərin də olduğuna işarə idi: “Biz Dağlıq Qarabağdan (?) didərgin düşmüş 100 min etnik erməniyə dəstəyimizi davam etdirəcəyik. Bu, Ermənistanın uzunmüddətli sabitliyi və rifahı, həmçinin regional təhlükəsizliyi üçün çox vacibdir”. “Üçlər”in qapalı görüşdə daha hansı məsələləri müzakirə etdiyini, hələlik, sadəcə, güman etmək olar.
Brüsseldə üçtərəfli görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin açıqlamasından öyrənirik ki, Avropa İttifaqı qarşıdakı 4 il ərzində Ermənistana 270 milyon avro qrant verəcək. AK sədri Paşinyan hökumətinin demokratik islahatlar aparmağa hazır olmasını alqışladığını bildirərək, tərəflərin beynəlxalq ticarət imkanlarını müzakirə edəcəyini vurğulayıb. Paşinyanın təklif etdiyi “Sülh qovşağı” təşəbbüsünü dəstəklədiklərini açıqlayan Lyayen daha sonra İrəvanın Rusiyaya sanksiyalardan yayınmağa qarşı tədbirlərini də alqışlayıb: “Biz, həmçinin öldürücü silah və texnikanın Rusiyanın əlinə keçməməsi üçün Rusiyaya sanksiyalarla bağlı İrəvanın mövqeyini bəyənirik. Bu, Aİ və Ermənistanın həm dəyərlər, həm də maraqlar baxımından daha da yaxınlaşdığını göstərir”.
Bu məqamda reallığı qeyd etməyimiz zəruridir. Reallıq isə ondan ibarətdir ki, Rusiyanın sanksiyalardan yayınmaması üçün Ermənistanın, guya, “mübarizə aparması” tamamilə yalandır. Əksinə, rəsmi İrəvan Moskvanın Qərbin sanksiyalarından yayınmasında yaxından iştirak edir və bu “alverdən” milyardlar qazanır. Bu mövzunu həmin Qərb mediası dəfələrlə gündəmə gətirib və xanım Lyayenin bundan xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Yeri gəlmişkən, AK rəhbəri Ursula Fon der Lyayen də, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell də jurnalistlər qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardımla bağlı heç nə demədilər. “Üçlük”dən heç birinin İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasının vacibliyindən söz açmamaları da diqqətdən yayınmadı. Onlar Nikol Paşinyanın “sülh kəsişməsi” layihəsini dəstəklədiklərini söyləsələr də, Prezident İlham Əliyevin “Qafqaz evi” ideyasını “unutdular”.
“Ermənistan ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır”. Bu sözləri isə üçtərəfli görüşdən sonra baş nazir Nikol Paşinyan səsləndirib. Buna qədər də dəfələrlə təkrarlanan və ümumi sözlərdən ibarət açıqlamasında N.Paşinyan onu da vurğulayıb ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasının tərəfdarıdır. Vəssalam! Bəs, qərbli tərəfdaşları ilə bağlı qapılar arxasında keçirdiyi birsaatlıq söhbətində Paşinyan başqa hansı məsələləri müzakirə edib? Bu barədə şərh verilməyib.
Erməni mediası Nikol Paşinyanın görüşdən əvvəl dediklərinə yer ayırıb. “Biz Ermənistanda özəl sektorun yeni bazarlara çıxa bilməsi üçün rəqabət qabiliyyətini inkişaf etdirmək niyyətindəyik. İnvestisiya mühitini Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Malların və xidmətlərin keyfiyyəti üçün infrastrukturun təkmilləşdirilməsi, Qərbin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yardımlar gözləyirik”, – deyə Paşinyan bildirib. Yalnız işgüzar xarakterli açıqlamalar verən Ermənistan baş nazirinin arxasında tutduğu əlində nəyi gizlətdiyini yaxın günlərdə görəcəyik. Belçika paytaxtına toplaşan və onlara dəstək verən qüvvələrin Ermənistanın inkişafı adı altında Cənubi Qafqazda yeni xaos yaratmağa çalışdıqları siyasətdən uzaq diletanta da aydındır.
“Cənubi Qafqazda növbəti təhlükə mənbəyi yaradılır”
Qərbin bu avantürist layihəsinin əsl mahiyyətindən Bakı xəbərdardır və onun buna cavabı qəti və aydındır. Dünən Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunub. Dövlət başçısı bildirib ki, bu formatda görüş Cənubi Qafqazda növbəti təhlükə mənbəyi yaratmağa xidmət edir: “Son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışdılar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Amma biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədini güdür”.
Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək: “Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik”.
Dünyada geosiyasi vəziyyətin dəyişdiyini qeyd edən cənab İlham Əliyev belə bir şəraitdə Azərbaycan–Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini önə çəkib, bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.
Öz növbəsində Mövlud Çavuşoğlu bildirib ki, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlılığı, əslində, Qərbin də marağında olmalıdır: “Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan, Fransa başda olmaqla, digər Avropa dövlətləri sülhün əldə olunması üçün Ermənistana təzyiq göstərməlidirlər”.
M.Çavuşoğlunun sözlərinə görə, çoxlarına, o cümlədən, Türkiyəyə yaxşı məlumdur ki, Qərb, xüsusilə, rəsmi Paris bütün imkanları ilə regionda sülhü əngəlləməyə çalışır: “Çünki bu, Cənubi Qafqazda sülh mövcud şəraitdə Qərbin maraqlarına uyğun deyil. ABŞ və Avropa İttifaqı bölgədəki təsir imkanlarını qorumaq və daha da artırmaq üçün münaqişənin aradan qalxmamasının şərti olduğunu bilirlər. Elə buna görə də regionun “ən zəif bəndi” hesab olunan Ermənistandan istifadə edirlər. Qərb Ermənistanı şirnikləndirərək öz tərəfinə çəkir, sonra da təlimatlarını verir. Bu, birbaşa olaraq “kökə və qamçı” siyasətinin tətbiq edilməsidir”.
Türkiyənin sabiq xarici işlər naziri hesab edir ki, son zamanlar Ermənistanın sülh gündəliyindən uzaqlaşması, şərti sərhəddə qoşun yığması da məhz Qərbin direktividir: “Bu məntiqlə baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında bu gün (dünən– red.) Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra vəziyyətin daha da gərginləşəcəyi qətiyyən istisna edilmir”.
İrəvan odla oynayır
Beləliklə, Ermənistan və Aİ arasında “Eurojust” çərçivəsində əməkdaşlıq sazişinin imzalanması ilə başa çatan sönük Brüssel görüşünün əsas yekunu kimi, ABŞ və Aİ-nin erməniləri himayəyə götürdüklərini qeyd etmək daha doğru olardı. İştirakçılar bölgədə sülh və əməkdaşıq məsələlərini isə sanki görməzdən gəldilər.
Rəsmi İrəvanın da etiraf etdiyi kimi, son altı ayda iki ölkə arasındakı şərti sərhəddə sakitlik dövrü hökm sürür. Ermənistan və Azərbaycanın sülhə heç vaxt olmadığı qədər yaxınlaşdığı hazırkı durumda “üçlər”in Brüssel görüşü Qərbin bölgədə sülhə və sabitliyə münasibətinin səmimi olmadığını, yeni bölücü xətlər “cızmağa”, xüsusi “təsir dairələri” yaratmağa cəhd göstərdiyini bütün çılpaqlığı ilə ortaya qoydu. Ermənistanın öz istəyinə uyğun olaraq deyil, Qərbin diktəsi ilə hərəkət etdiyi məlumdur. Faktiki olaraq, diplomatik müstəvidə atacağı hər bir addımını avropalı “dayıları” ilə razılaşdırmağa məcbur edilən Nikol Paşinyan, deyəsən, bölgədənkənar oyunçuların iştirakı ilə Cənubi Qafqazda “böyük yanğın” törətməyə hazırlaşır. Görünür, yaxın üç il yarımda Bakıdan aldığı “İbtidai hərbi hazırlıq” dərslərini unutduğu görünən Ermənistana qalamağa çalışdığı yeni ocaqda yanıb kül olmağa namizədin adını xatırlamağa ehtiyac var. Həmin bəxtsiz namizəd Hayastanın özüdür!
İmran BƏDİRXANLI