- Daxili siyasət
- 09:37 20.09.2024
“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) “qrant qaçaqmalçılığı” üzrə təhqiqata cəlb edilmiş Azərbaycan jurnalistləri mövzusuna dönüş edib. Martın 29-da təşkilatın yeni bəyanatı açıqlanıb. Bu bəyanat aprelin 2-də milli və trans-sərhəd KİV-də dərc edilib.
RSF jurnalistika üzrə ixtisaslaşmış beynəlxalq təşkilatdır. Bu baxımdan qurum tərəfindən hazırlanmış 29 mart bəyanatına normal yanaşa bilərdik. Düşünmək olardı ki, təşkilat jurnalistlərin istintaq prosesinə cəlb edilmələrindən narahatlıq keçirib. İstintaqın şəffaf keçirilməsi, jurnalistlərin prosesdən zərərsiz çıxması işinə töhfə vermək istəyib. Amma bəyanatdakı bəzi məqamlar RSF-nin səmimiyyətini şübhə altına alır. Aydın şəkildə görünür ki, təşkilat təhqiqata cəlb edilmiş jurnalistlərin müdafiəsindən daha çox, Azərbaycanı tənqid obyektinə çevirib.
Bəyanatda qeyd edilir ki, “Sərhədsiz Reportyorlar” Toplum TV-nin beş nəfər əməkdaşının qondarma “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilməsini pisləyir”. İş ondadır ki, “Toplum TV” işi üzrə istintaq prosesi martın 29-da deyil, 6-da başlanıb. RSF də ötən 23 gün ərzində bu mövzu üzrə 2 dəfə bəyənat verib. Sual yaranır ki, təşkilat eyni bəyənatı martın 29-da 3-cü dəfə təkrarən yaymaqda nə məqsəd güdür? Bu məqamda qeyd edək ki, “Sərhədsiz Reportyorlar”ın tarixində eyni mövzu üzrə qısa zaman kəsiyində təkrarən 3 dəfə bəyanat vermək təcrübəsi yoxdur. Bu praktikanı Azərbaycandan başqa heç bir ölkə üzrə tətbiq etməyib.
Yaxud, heç bir ölkə üzrə verilən bəyanatda faktlar bu qədər saxtalaşdırılmayıb. Diqqət yetirsək görərik ki, RSF “Toplum TV” işi üzrə bəyanatında faktları bilərəkdən saxtalaşdırır. TV əməkdaşlarının “qarant qaçaqmalçılığı” işi üzrə istintaqa cəlb edilmələrini onların həbsi kimi qələmə verir. Hansı ki, istintaqın gedişində həbs deyil, fərqli qərarların verilməsi də mümkündür. Məsələn, eyni proses üzrə istintaqa cəlb edilmiş jurnalist Şahin Rzayevin günahsızlığı məhz istintaqın özü tərəfindən müəyyən edilib, jurnalist bir sutka sonra sərbəst buraxılıb. Mümkündür ki, istintaq digər şəxslər barədə də buna bənzər qərarlar versin.
RSF digər ölkələrdə analoji hallar üzrə bəyanatlar yayanda fərqli davranır. Adətən, istintaqın şəffaf keçirilməsini tələb edir. İstintaqın ədalətli qərar çıxarmasına çağırış edir. Azərbaycana yanaşmada isə ifrat mövqe göstərir. İstintaqın yekunlaşmasını gözləmir. Azərbaycan hüquq-mühafizə orqanlarının işinə şübhə ilə yanaşır. Beynəlxalq ictimai rəydə fikir formalaşdırır ki, guya, Azərbaycanda jurnalistlər “heç bir səbəb olmadan” təqibə məruz qalırlar.
“Sərhədsiz Reportyorlar” nə üçün tendensiyalı davranır, Azərbaycan adına qara yaxmağa səy göstərir? Cavab budur ki, "Sərhədsiz Reportyorlar"ın mərkəzi ofisi Paris şəhərində yerləşir. Müstəqil hərəkət edən beynəlxalq təşkilat adlandırılsa da, öz fəaliyyətini Fransanın maraqları üzərində qurur, tendensiyalı davranır. Fransa xarici siyasətinin, prezident Emmanuel Makronun Azərbaycana yanaşması hansı tərzdədirsə, "Sərhədsiz Reportyorlar"ın yanaşması da eynidir. "Sərhədsiz Reportyorlar" Parisin siyasi ambisiyalarının ruporudur.
Digər tərəfdən, Fransada fəaliyyət göstərən güclü erməni diasporundan yardım alır. Bu mənada erməni diasporunun maraqlarını nəzərə alır. Türkiyəyə, Azərbaycana qarşı daimi olaraq düşmən münasibət sərgiləyir. Türk Dövlətlər Təşkilatına qoşulandan sonra Macarıstanı da hədəfə çevirib. Macarıstanın da adını qeyri-demokratik ölkələrin sırasında yerləşdirib. "Sərhədsiz Reportyorlar" Fransada, Ermənistanda və maraq dairələrində olan digər ölkələdə qeyri-demokratik proseslərə göz yumur. Fransanın hədəfində olan ölkələrdə isə insidentləri zərrəbbinlə axtarır, olmayan faktları da uydurub siyahıya salır. Belə nəticə çıxır ki, onun davası demokratiya, söz-ifadə azadlığı, insan haqları deyil. RSF-nin fərqli maraqları, fərqli prinsipləri var. Əgər belə olmasaydı, min kilometrlərlə uzaqda yerləşən Azərbaycan üzərində çalışmaqdansa, öz ofislərindən yüz metr aralıda baş verən insidentləri diqqətlə araşdırardı. Onların Parisdə göz yumduqları yüzlərlə problem var.
"Sərhədsiz Reportyorlar" Qərbdən yönləndirilən “şər şəbəkəsinin” üzvüdür. Azərbaycana qarşı təbliğat aparanlar sırasında öndə gedir. Yuxarıda qeyd etdik ki, öz hesabatlarında həmişə ölkəmizə qarşı neqativ, qeyri-obyektiv münasibət göstərib. Fransanın xarici siyasət kursuna uyğun olaraq, Ermənistanı demokratik ölkə, Azərbaycanı isə qeyri-demokratik ölkə qismində göstərmək üçün bütün vasitələrə əl atıb. Son günlərdə neqativ yüklü bəyanatı 3 dəfə təkrarən yaymasının səbəbləri də bu qəbildəndir.
Diqqət yetirsək, görərik ki, Fransanın dövlət başçısı Emmanuel Makron və ölkənin Xarici İşlər Nazirliyi II Qarabağ savaşından sonra Azərbaycana qarşı sistemli təbliğat aparırlar. Son günlərdə bu təbliğat daha da intensivləşib. İki gün öncə Fransa XİN-in Avropa və Afrika Məsələləri Departamentinin rəhbəri Stefane Sejourne ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə keçirdiyi birgə mətbuat konfransında Azərbaycana qarşı açıq dezinformasiyalar yayıb. İddia edib ki, guya, Azərbaycan Ordusu hərbi eskalasiyanı artırır, Ermənistan torpaqlarını işğal etməyə çalışır. Bu bəyanat Ermənistanın hərbi təxribatçı əməllərini ört-basdır etməyə, onun məzlum obrazını yaratmağa, Azərbaycanın adını təcavüzkar kimi qələmə verməyə istiqamətlənib. “Sərhədsiz Reportyorlar” da Fransa XİN-lə sinxron hərəkət edir. Fransa XİN təmsilçisi Stefane Sejournenin bəyanatı ilə RSF-nin bəyanatının üst-üstə düşməsini başqa cür izah etmək qeyri-mümkündür.
Müşfiq ƏLƏSGƏRLİ