- Daxili siyasət
- 09:37 20.09.2024
Fransa müstəmləkə imperiyasının süqutu faktı ilə üzləşən beşinci respublikanın prezidenti Şarl de Qoll formaca sentimental, ancaq mahiyyətcə məkrli “Yeni Afrika siyasəti” konsepsiyasını hazırlamışdı. Onun qarşısında keçmiş müstəmləkələrdə müstəsna iqtisadi və siyasi üstünlükləri saxlamaqla Afrikanı tərk etmək vəzifəsi dururdu.
General Afrika dövlətlərinin suverenliyi ilə razılaşmışdı, lakin bu, yalnız elan edilmiş bir mövqe idi – “Fransa Afrikanı sevir!”. Eyni zamanda, de Qoll müstəmləkə ölkələrinin Parisdən asılılığını qorumaq, onların təbii sərvətlərini talamaq və güc strukturlarına nəzarət etmək üçün zəruri addımları atmışdı. “Survie” qeyri-hökümət təşkilatının yaradıcılarından biri və fransız neomüstəmləkəçilik ifadəsi olan “Fransafrika” termininin müəllifi Fransua-Ksavye Verşavın da dediyi kimi, “Elan edilən qanunilik faktiki qanunsuzluğu gizlədirdi. Bu qanunsuzluğu ancaq qeyri-qanuni üsullarla təşkil etmək olardı”.
Bəli, “Fransafrik” belə meydana gəldi– metropolis və onun keçmiş xarici əraziləri arasında xüsusi müştəri əlaqələrinin sistemi, hərbi-siyasi və iqtisadi təsir şəbəkələri belə yarandı və bir sıra lobbi qrupları quruldu. De Qolldan sonrakı prezidentlər bu siyasətə sadiq qaldılar, keçmiş müstəmləkəçilik siyasətini “demokratiya” pərdəsi altında davam etdirdilər. Ancaq son illər Fransanın Afrika “sevdası” ciddi reallıqla qarşılaşıb. “Qara qitə”nin ölkələri Parisə həqiqi “məhəbbətini” sərgiləyirlər. Uzun illər dəhşətli istismara qalmış Afrika ölkələri Avropanın yeni Napoleonu olmaq sevdasına düşmüş Emmanuel Makrona qapını göstərirlər. Vaxtilə fransız təsirindən əziyyət çəkmiş Afrika qitədən Parisin izlərini birdəfəlik silməyə çalışır.
Təbii ki, Afrikadan qovulması böyük geosiyasi məğlubiyyət və hətta böyük alçaldılma kimi qiymətləndirən Fransa elitası bunun əvəzini başqa regionlarda möhkəmlənməklə çıxarmaq istəyirlər. Xüsusilə də Parisin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda nöhkəmlənmək istəyi məhz Afrikada üzləşdiyi biabırçılığını kompensasiya etmək arzusu ilə bağlıdır. Əslində, Paris çoxdan Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyirdi və indi Rusiyanın təsirinin zəifləməsi fonunda bunu etmək şansı var. Fransanın bu gün Ermənistana regionun açarı kimi baxması heç kimə sirr deyil. Son illər Parisin İrəvanla ikitərəfli əlaqələri dayanmadan gücləndirməsi bunun təsdiqidir.
İndi Rusiya başqa problemlərlə məşğuldur və Fransa bu vəziyyətdən yararlanaraq regionda təsirini artırmaq fikrinə düşüb. Parisin Ermənistana ölümcül silah tədarükü qərarı açıq-aydın əməkdaşlığı dərinləşdirmək və İrəvanın əhəmiyyətini və uyğunluğunu sübut etmək istəyi də məhz bununla bağlıdır. Buna görə də, Cənubi Qafqazda Rusiyanı əvəz etmək sevdasına düşmüş Fransanın İrəvanın xoşuna gəlmək üçün hər çür cəfəng bəyanatlar səsləndirməsi Parisin regionla bağlı məkrli geosiyasi siyasətinin məntiqinə uyğundur.
Xatırladaq ki, aprelin 2-də Fransa XİN rəhbəri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə keçirdiyi mətbuat konfransında iddia edib ki, guya, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir. Təbii ki, Azərbaycanla bağlı səsləndirdiyi iddialar Fransanın ölkəmizə qarşı qərəzliliyini, bütün imkanlardan istifadə edərək Bakını hədəfə gətirmək niyyətini, ümumilikdə, Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir. Bütün bu proseslər kənar maraqlara xidmət edir ki, bu da regiondakı vəziyyətə dağıdıcı təsir göstərir. Ermənistanın xarici qüvvələr üçün rıçaq kimi çıxış etməsi İrəvana münasibdirsə, bu, onun seçimidir. Amma bu seçimdə Ermənistanın vəziyyətdən qalib çıxmayacağı aydındır. Yaxın tarix İrəvan üçün dərs olmalıdır.
Görünən odur ki, Nikol Paşinyan də eyni yolu gedir və Ermənistanı xarici qüvvələrə rıçaq kimi təslim edərək, mövqeyini gücləndirəcəyini və regional siyasətə təsir edəcəyini düşünür. Bu, regionun problemlərinə kökündən yanlış yanaşmadır. Bu heç vaxt olmayıb və olmayacaq. Çünki xarici qüvvələrin əlində əsir olan ölkə heç vaxt öz xarici siyasətini düzgün və balanslı şəkildə müəyyən edə bilməz.
Ermənistanı “xüsusi qayğı” ilə əhatələyən Fransa İndi Azərbaycanı ittiham edir, ancaq yaxşı olardı ki, Paris Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarsın. Fransa müstəqillik uğrunda haqlı mübarizə aparan koloniyalardakı fəallara qarşı təzyiqlərə, təqiblərə və cəzalandırma metodlarına son qoymalıdır. Eyni zamanda, Paris həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir. Bundan başqa, Fransa başa düşməlidir ki, Parisə Cənubi Qafqazda neomüstəmləkəçilik siyasəti həyata keçirməsinə imkan verilməyəcək və bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq.
Yürütdüyü aqressiv siyasət və destruktiv fəaliyyət Fransanın onsuz da sarsılmış imicini daha da korlayır və Ermənistanın çıxılmaz vəziyyətini daha da dərinləşdirir. Görünən odur ki, Paris 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etmir və regionda qüvvələr balansını dəyişməyə çalışır. Amma Azərbaycanın yaratdığı bu reallığı dəyişmək üçün rəsmi Parisin nə hərbi, nə siyasi və iqtisadi potensialı var. Ermənistanın isə yeni eskalasiyaya başlamağa gücü yoxdur. Baş nazir Nikol Paşinyan da daxil olmaqla rəsmi İrəvan yaxşı bilir ki, regional hərbi-siyasi tarazlıq o qədər də kövrək deyil ki, onu gələcəkdə veriləcək 50 zirehli texnika, 3 radar sistemi və ya digər silahların köməyi ilə dəyişmək mümkün olsun.
Əksinə, 2020-ci ilin noyabrından Azərbaycan və Ermənistan arasında qüvvələr nisbəti birdəfəlik dəyişib və bu fərq hər gün artır. Fransa rəhbərliyi bu reallığı nə qədər tez anlasa, bir o qədər həm özü, həm də İrəvan üçün yaxşı olar.