- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəsinin Avropa İttifaqına üzvlüyü məsələsinin aktiv şəkildə müzakirə edildiyini diqqətə çatdırmışdı. Bundan sonra sözügedən istiqamətdə diskussiya və polemikalar güclənməyə başlamışdı. Elə təəssürat yaranmışdı ki, sanki Ermənistanın birliyə qoşulması an məsələsidir. Əslində, Qərbdən gələn mesajlar da bunu söyləməyə əsas vermişdi və verir də. Ancaq...
Təsəvvür edin ki, hazırda vətəndaşları Avropa ölkələrinə vizasız gediş-gəliş həyata keçirən Gürcüstan qala-qala Ermənistan Aİ-yə daxil edilir. Əlbəttə, bu, istər nəzəri, istərsə də praktiki baxımdan, inandırıcı deyil. Mümkünsüzlüyü doğuran amillərdən söz açacağıq. Hələlik isə bu istiqamətdəki polemikaların nə üçün gücləndiyinə diqqət yetirək.
***
Bəli, həm Ermənistan hakimiyyətinin, həm də onun Qərbdəki tərəfdaşlarının ölkənin Aİ-yə üzvlüyü məsələsinin təbliğatını aparmalarında səbəb çox sadədir. Məsələ burasındadır ki, rəsmi İrəvan üzünü tamamilə Qərbə çevirib. Yəni, tam şəkildə Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ancaq ikinci xəttin seçilməsi fonunda birinci platformanın nə dərəcədə faydalı olacağına dair məsələ aktualdır. Yəni, Ermənistan Qərbə meyillənməklə nə qazanacaq?
Qazanc kimi ortaya atılan ölkənin Aİ-yə üzvlüyüdür. Ancaq reallıq budur ki, baş nazir Nikol Paşinyanın administrasiyası və onun xaricdəki havadarları ideyanı təbliğ etməklə, əslində, Rusiyadan uzaqlaşmaq yönümlü siyasi kursa qarşı çıxanları neytrallaşdırmaq yolunu tuturlar. Onlar Avropa İttifaqı məkanının əhali üçün cəlbediciliyini bilir və bunu nümayişə çıxarırlar. Yəni, Aİ Rusiya faktoruna alternativ kimi qoyulur.
Əlbəttə, ümumən Aİ Rusiyadan daha cəlbedici görünür. Ancaq birincinin hansı dividendi var? Dividend erməni əriyinin Moskvaya deyil, Brüsselə daşınmasıdırsa, məsələ çox primitivdir. Həm də ona görə ki, Ermənistanın bütün Avropanı təmin edəcək meyvəsi yoxdur. Əlbəttə, söhbət ərikdən və ya digər meyvədən getmir. Sözümüz ondadır ki, sıravi erməni üçün ölkəsinin Aİ-yə qoşulması “köhnə qitə”yə vizasız gediş-gəliş üstünlüyündən başqa bir şey deyil. Digər tərəfdən, avropalı əriyə rusdan çox pul verməyəcək.
Üstəlik, Rusiyanın daha böyük, sabit və oturuşmuş bazar olduğu həqiqəti var. Bu həqiqət illərin sınağından çıxıb. Birdən-birə o bazarı dəyişməyin müsbətləri ilə bağlı isə Ermənistanda heç bir ağlabatan izah yoxdur. Sual yaranır: Rusiya bazarının itirilməsi və prosesin heç bir təzminat təminatının olmadığı şəraitdə kasıb erməni Avropaya yollanmaq üçün təyyarə bileti almağa pul tapacaqmı? Belə çıxır Ermənistan vətəndaşının qazancı yalnız Şengen vizası üçün ödədiyi 60-80 avronun cibində qalması olacaq. Buna qazanc demək mümkündürmü?
Qeyd etdik ki, Gürcüstan vətəndaşları hazırda Şengen zonasına sərbəst gediş-gəliş imkanına malikdirlər. Ölkə təkcə bu üstünlüyə yiyələnmək naminə nə qədər yol gəlib. Üstəlik, onun hazırkı üstünlüyü hələ Aİ-yə qoşulmaq deyil. Ən əsası, Gürcüstan haqqında söz açdığımız prosesi səs-küysüz reallaşdırıb. Ermənistanla bağlı durum isə fərqlidir. Elə əsl məsələ də bundadır ki, niyə fərqlidir? Səbəb çox sadədir. Çünki İrəvanın Avropaya, ümumən Qərbə doğru irəliləmək cəhdi avantürizmlə müşahidə olunur. Gürcüstan buna getməmişdi və getmir.
Söhbətimizin bu yerində onu da vurğulayaq ki, Ermənistanın Aİ-yə qoşulması məsələsinin müzakirəsindəki fəallıq yalnız Rusiyadan uzaqlaşmaq yönümlü siyasi kursa qarşı çıxanları neytrallaşdırmaq məramı daşımır. Bu, Rusiyasız Cənubi Qafqaz formulunu gerçəkləşdirmək xəttinin tərkib hissəsidir. Avropa İttifaqının timsalında ABŞ, ümumən kollektiv Qərbin istəyi kiçik Ermənistan üzərində eksperiment aparmaqdır. Rəsmi İrəvana gəldikdə, o, bütün davranışları, o cümlədən, anti-Rusiya ritorikası ilə ölkəni təcrübə dovşanına çevirir. Dovşanın, belə demək mümkünsə, laborator sınaqlardan sağ çıxmamaq riskinin mövcudluğunu hesablamır.
***
Yazımızın ikinci bölümünə keçid alaq. Əvvəldə anons etdik ki, Ermənistanın Aİ-yə qoşulması mümkünsüzdür. Burada, ilk növbədə, Aİ-nın sırf özü ilə bağlı struktur amillər ön plana çəkilməlidir. Yəni, XİN rəhbəri A.Mirzoyanın təbirincə desək, İrəvanın demokratik inkişaf yolu seçməsinin, Vaşinqtonun və Brüsselin bunu dəstəkləməsinin heç bir önəmi yoxdur. Birincisi, Gürcüstandan, elə Azərbaycandan da fərqli olaraq Ermənistan Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqının üzvüdür. Deməli, ölkənin iki gömrük zonasında eyni vaxtda iştirakı praktiki olaraq yolverilməzdir. Hər halda, dünyada belə bir hal yoxdur.
İkincisi, İrəvanla Brüssel arasında yaxınlaşma məsələsinə diqqət yetirərkən, burada motiv genişləndirilmiş tərəfdaşlıq amilinə əsaslanır. Söhbət Aİ-nın 2021-ci ilin yayından başlayaraq beş strateji proqramının həyata keçirilməsi üçün Ermənistana 2,6 milyard avro məbləğində maliyyə yardımı ayıracağı vədindən gedir. Hazırkı duruma görə, həmin məbləğin yalnız 20 faizi gündəmdədir.
Nəzərə alaq ki, Aİ ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün resurs kifayət qədər əhəmiyyətlidir və bu, müəyyən mərhələdə quruma üzvlük üçün müraciətin verilməsinə əsas yarada bilər. Amma paralel olaraq, Ermənistanın Avrasiya İttifaqından çıxması lazımdır. Mövcud istiqamətdə rəsmi İrəvandan heç bir hərəkət yoxdur və olmayacaq da. Çünki Paşinyan və komandası ölkənin hazırkı iqtisadi inkişaf tempindəki sürətdə Rusiya amilinin ön planda dayandığını yaxşı bilir. Yəni, obrazlı desək, Moskva İrəvana bu vaxtadək balıq tutmağı öyrədib və öz dəryasını onun ixtiyarına verib. Bunun qarşılığında Qərbin yalnız boş vədləri var.
***
Sonda bir daha əvvəldə vurğuladığımız məqama qayıdaq. Bəli, Qərb dünyası Ermənistanı Rusiyadan qoparmaq üçün var gücü ilə hərəkətə keçib. Rəsmi İrəvan bu oyunun içindədir. Xüsusi vurğulayaq ki, sözügedən oyunun anti-Rusiya təmayülünün olduğu kimi, anti-Azərbaycan xətti də var. Əslində Qərb dünyası, xüsusən, Avropa üçün ikinci xətt bir o qədər önəmli deyil. Çünki Qərbin Azərbaycanla ciddi iqtisadi əməkdaşlıq konturları mövcuddur.
Sadəcə, Qərb anti-Rusiya ritorikası üçün erməni faktorundan yararlanırsa, həmin faktor üçün identik səciyyə daşıyan nədənsə yapışılmalıdır. Ermənistan Moskva əleyhinə çıxmağının mükafatı kimi Azərbaycan qarşısında üstünlüyə yiyələnməyi, daha doğrusu, itirdiyini geri almağı tələb edir. Qərb isə İrəvana bu xəstə tələbin yerinə yetirilməsi məsələsində yardım verir. Daha dağrusu, bunun görüntüsünü formalaşdırır.
Ancaq siyasətin sərt qaydaları var. Problem ondadır ki, Ermənistanın hazırkı hakimiyyəti özünün bəsit məntiqi ilə həmin qaydalara meydan oxuyur, reallığın fərqinə varmır. Rəsmi İrəvan fərqində deyil ki, sadə ermənilərin əriyi çürüyə bilər. Yəni, avantürist mövqeyin, ambisioz baxışın Ermənistanı tamamilə məhvə apardığı birmənalıdır.
Ə.CAHANGİROĞLU