- Daxili siyasət
- 09:37 20.09.2024
Hər halda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı Ermənistan üçün kabus adlandırmaq olar. Xanım sözçü xüsusən son zamanlar ölkəsinin anti-Ermənistan ritorikasının ən parlaq icraçısı rolundadır. Bu dəfə, o, missiyasını “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində yerinə yetirib. Beləliklə, M.Zaxarova bildirib ki, Moskvanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qarabağda münaqişənin kəskinləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi barədə bəyanatlar yalandır.
Məlumdur ki, bu bəyanatları verən rəsmi İrəvan və ona yaxın dairələrdir. Zaxarova isə bildirir ki, Ermənistanın Qarabağdan rəsmən imtinası mövzusunu irəli sürən Qərb ölkələridir. Əlbəttə, onun yanaşmasında, daha doğrusu, izahında daha maraqlı bir məqam da var. Xanım sözçü Azərbaycan–Ermənistan danışıqlarının Brüssel formatı çərçivəsində əldə edilmiş razılaşmalara fokuslandığı, “NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə” tanınmamış respublikanın sakinlərinin hüquqlarının heç bir şəkildə təsbit və təmin edilmədiyini vurğulayır.
Sual yaranır: Zaxarovanın dedikləri Rusiyanın həmin “hüquqları” praktiki müstəviyə gətirə biləcəyininmi eyhamıdır? Yəni, Moskva Qarabağın erməni sakinlərinin hüquq və azadlıqları mövzusunda Ermənistan hakimiyyətinin vaxtilə irəli sürdüyü beynəlxalq təminat məsələsini reallaşdıra bilərdi? Axı söhbət Azərbaycan yurisdiksiyasına zidd amillərdən gedir. O amillərdən ki, baş nazir Nikol Paşinyan və komandası bu məsələdə Kremlə arxalanmaq istəmədilər. Rəsmi İrəvan Qarabağ məsələsini Moskvanın patronajlığından çıxarıb Qərbin egidasına təslim etməyi üstün saydı.
Digər yandan, Zaxarovanın pislədiyi Qərb formatı da erməni avantürizmi üçün perspektiv baxımından “əlverişlidir”. Əlbəttə, 44 günlük müharibədən sonra yaşananlar həmin avantürizmin iflası reallığını doğurdu. Hazırda Qərb, belə demək mümkünsə, ölünü diriltmək niyyətindədir. İstər Zaxarovanın, istərsə də Rusiyanın digər rəsmilərinin söylədikləri onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi düzgün mövqe tutsaydı, yəni Moskvanın patronajlığını qəbul etsəydi, ölən olmayacaqdı. Belə yanaşmanın özü də bizim üçün tam qəbuledilməzdir. Ancaq hələlik bu məqamları bir kənara qoyub Zaxarovanın qəzəbinə diqqət yetirək: “Mən İrəvanın Qarabağla bağlı qərarlarına görə Rusiyanın və KTMT-nin günahkar olduğunu iddia edən və bu barədə məlumatları yayanların hamısını yalan danışmaqda ittiham edirəm”.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da bildirib ki, ölkəsinin lideri Vladimir Putin Cənubi Qafqaz regionunda qan tökülməsinin, genişmiqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün dəfələrlə bütün siyasi və şəxsi imkanlarından istifadə edib, o cümlədən, Ermənistan vətəndaşlarını bəladan qurtarıb. Zaxarovanın sözlərindən belə nəticə hasil olur ki, bütün bunlar rəsmi İrəvanın başqa əraziləri, kəndləri idarə edəndə öz qərarlarını xatırlaması və məsuliyyət daşıması, səhvlərinə görə heç kimi günahlandırmaması məqsədi daşıyıb.
Xanım diplomat, əslində, Ermənistan hakimiyyətinin səhvlərdən nəticə çıxarmadığını vurğulayır. O, əlavə edir ki, İrəvanla Bakı arasında münaqişənin mümkün gərginləşmə ssenarisi birbaşa rəsmi İrəvanın Avropa İttifaqına, ABŞ-a və Böyük Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır. Zaxarovanın fikrincə, başlıca məqam “bu nankor vətəndaşların” (Ermənistan hakimiyyəti – red.) “ölümcül səhvə” yol verib dəhşətli intriqanı Ermənistanın maraqlarına qarşı istifadə etmələridir.
Göründüyü kimi, Zaxarova Ermənistanın hazırkı kursuna Rusiyanın münasibətindəki sərt reaksiyasını ortaya qoyur. Onun dilə gətirdiklərini, hətta, hədə-qorxu gəlmək kimi də qiymətləndirmək mümkündür. Subliminal mesaj budur: Paşinyan hakimiyyətinin sayəsində Ermənistan daha böyük bəlalara düçar olacaq!
***
M.Zaxarovanın üzərində dayandığı ikinci məqama keçid alaq. Əvvəlcədən deyək ki, XİN rəsmisinin söylədikləri uşaq başı aldatmaqdan başqa bir şey deyil. Sən demə, Zaxarova Ermənistanın rəsmi strukturlarının nümayəndələrindən birinin ölkəni Avropanın demokratik və bəzi digər dəyərlərinin daşıyıcısı olduğuna dair fikri ilə tanış olub və bu mənzərə onu əsəbiləşdirib. Bu səbəbdən, bildirib ki, rəsmi İrəvanın uzun tarixə malik qədim erməni sivilizasiyasını hazırda vəziyyəti pis olan Avropa İttifaqı ilə müqayisə etməsi boşunadır. Xanım diplomatın dediklərindən belə çıxır ki, erməni sivilizasiyası (?) Avropadan qədimdir, ona görə də birincinin daşıyıcılarının “köhnə qitə”yə inteqrasiya məsələsindəki fikirləri geriyə doğru addımlamaqdır.
Bəli, Rusiyanın XİN rəsmisi nəinki uşaq başı aldatmaq niyyətindədir, o, eyni zamanda, bəsit müqayisəyə əsaslanmış manipulyasiyaya köklənib. O hesaba qalsa, gərək I Pyotr Rusiya tarixindən silinsin. Nəzərə alaq ki, onun yaratdığı Rusiya Avropaya səfərinin nəticəsi olaraq meydana çıxmış quruluş idi. Yəni, böyük ölçüdə gör-götür dünyasıdır. Məsələ Ermənistanın Qərbə inteqrasiyasında deyil. Əsas olan inteqrasiyanın avantürist niyyətlər naminə gerçəkləşdirilməsindədir. Heç bir mədəni sivilizasiyada barbarlıq yoxdur. Yaxşı olar ki, Zaxarova bunu nəzərə alsın. Ancaq təkcə bunu yox...
İkincisi, qədim erməni sivilizasiyası mifini dövriyyəyə elə Rusiyanın özü buraxıb. Məqsəd türk-müsəlmanların yaşadıqları bölgələrdə bölücülük yaratmaq idi. Erməninin bəşər sivilizasiyasına aidiyyatı olsa idi, ona dövlətçiliyi Rusiya bəxş etməzdi. Bu mənada, Zaxarovanın söylədikləri peşmançılıq hissindən başqa bir şey deyil. Amma onun baxışlarında ibrət yükü var. Rusiya buyurub özünün formalaşdırdığı erməni amilindəki nankorluq səhnəsini seyr etsin. Təkcə seyr etməsin, eyni zamanda, nəticə çıxarsın. Əlbəttə ki, bunu bacaracaqsa.
Ə.RÜSTƏMOV