USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Təzadlı İrəvan və Paşinyanın vurnuxmaları

Bu ölkənin və havadarlarının son sığınacağı haqqında elegiya əvəzi


https://img.baki-baku.az/news/2024/04/photo_11815.jpg

Əslində, tam ziddiyyətli bir durum yaranıb. Ermənistan hakimiyyətinin təmsilçiləri istər yerli, istərsə də xarici auditoriya qarşısında çıxış edərkən, habelə müsahibə və açıqlamalarında bildirirlər ki, hazırda yeritdikləri xətt ölkə siyasətinin diversifikasiyasıdır, asılılığın aradan qaldırılması cəhdidir və sair. Burada hələ təhlükəsizlik məsələləri də ön plana çəkilir. Təxminən belə: Ermənistan üçün yeni təhlükəsizlik alətləri lazımdır, indiyədək mövcud olanlar özünü doğrultmur, qlobal çağırışlara cavab vermir... 

Məlumdur ki, belə deyimlərin hamısı Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağa hesablanıb. Daha doğrusu, mövcud ritorika məqsədə çatmaq üçün bəhanədir. Ancaq rəsmi İrəvan bununla kifayətlənmir, əmələ keçir və Qərbin anti-Rusiya cəbhəsində yer alır. Nəinki yer alır, hətta özünü bu cəbhənin ən sadiq əsgəri kimi aparır. Görünən budur ki, baş nazir Nikol Paşinyan və komandası Ermənistanı Kremlə qarşı ayrıca mübarizə səngərinə çevirməkdə israrlıdır. Ancaq məsələ heç də bunda deyil.

Başlıca məqam Rusiyadan ayrılma tendensiyası fonunda diversifikasiyanın zəruriliyinin əsaslandırılmasında, yeni alətlər arqumentasiyanın irəli sürülmə­sindədir. Əlbəttə, obrazlı desək, Mosk­va göz yaşlarına inanmır. Yəni, Rusiya dövlətinin nümayəndələri erməni iqtida­rının təmsilçilərinin danışdıqlarının nağıl olduğunu yaxşı anlayırlar. Onlar belə nağılların ssenarilərinin harada yazıldı­ğını gözəl dərk edirlər. Yazının ilk cüm­ləsində qeyd etdiyimiz təzada diqqət yetirək. 

Bəli, təzad çox sadədir. Məlum olur ki, Ermənistan hakimiyyətinin ölkənin yönümünü Qərbə doğru çevirmək niy­yətlərini əsaslandırarkən irəli sürdüyü arqumentlər heç xaricdə də ciddi qəbul edilmir. Yəni, Qərbin ayrı-ayrı təmsilçilə­ri bəyanatlarında açıq şəkildə bildirirlər ki, erməni iqtidarı onlara anti-Rusiya cə­bhəsini genişləndirmək üçün lazımdır. Onlar, mövcud xüsusda, qətiyyən, rol oynamırlar. Ən pisi isə budur ki, dediklə­ri ilə Paşinyan administrasiyasının, belə demək mümkünsə, siyasi aktorluğunu heçə endirirlər. Bu isə o deməkdir ki, Qərb Nikola və komandasına hörmətsiz yanaşır. 

Məsələn, Fransa Milli Assambleyası­nın Fransa–Ermənistan Dostluq Qrupu­nun sədri Ann-Lorens Petel bu yaxınlar­da İrəvana səfəri zamanı “Armenpress” İnformasiya Agentliyinə müsahibəsində deyib ki, Rusiyanın Ermənistan üçün etibarlı müttəfiq olmadığı artıq hər kəsə məlumdur. Buna görə Fransa Ermənis­tanın əsas müdafiə tərəfdaşına çevrilib və bu, “təcavüzkar qonşusu” Azərbay­canla daha balanslı münasibət qurmağa imkan verir. Ən əsası isə hazırda çox incə diplomatik oyunun getdiyini vur­ğulayan fransız parlamentari bildirib ki, İrəvan Avropaya yaxınlaşmaq, Rusiya­dan uzaqlaşmaq istəyini mütləq şəkildə nümayiş etdirir. 

Sual olunur: Erməni iqtidarında təm­sil olunan kimsə belə fikir işlədibmi? Əl­bəttə ki, yox. Deməli, Petel də Paşinyanı və komandasını, bir növ, peşka yerinə qoyur. Bir daha aydın olur ki, Ermənis­tanın iqtidar təmsilçilərinin siyasi gediş anlamında nəyi dillərinə gətirmələrinin heç bir önəmi yoxdur. Onlar üçün biçil­miş olan “missiya” var. Söhbət Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaqdan gedir. 

Qərb dünyası hazırda var gücü ilə bölgədə ikinci Ukrayna ssenarisini ger­çəkləşdirməyə girişib. Ermənistanın bu məqsəd naminə alətə çevrildiyi aşkar­dır, durum Rusiya üçün kifayət qədər aydındır. Maraqlı məqam isə budur ki, artıq rəsmi Moskva da Paşinyanın Qər­byönümlü siyasətini balanslaşdırılmış kurs kimi təqdim etmək niyyətlərinin mə­nasızlığını sübuta yetirməyə qol çırma­yıb. Bunu Rusiyadan gələn açıqlamalar təsdiqləyir. Belə ki, son dövrlər Kremlin ayrı-ayrı təmsilçilərinin Rusiya–Ermə­nistan münasibətlərindəki gərginlikdən söz açarkən, Paşinyan iqtidarı əleyhinə indiyədək görünməmiş tərzdə açıq ritori­kaya üstünlük verdikləri nəzərdən qaç­mır. Mövcud anlamda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” qəzetinə müsahibəsində bildirdiklərini yada salmaq kifayətdir. Lavrov rəsmi İrəvanın Kremllə vəziyyəti gərginləşdir­mək üçün bəhanələr uydurduğunu vur­ğulayır.

“ABŞ rəsmiləri açıq şəkildə bəyan edirlər ki, ABŞ Ermənistanla münasibət­lərə məhz Rusiya və İranla qarşıdurma kontekstində baxır”. Bu fikri isə Rusiya­nın Ermənistandakı səfiri Sergey Kopır­kin “24 News” erməni mediasına müsa­hibəsində bildirib. Səfir konkret olaraq, S.Lavrovun Ermənistan rəhbərliyinin “yalan bəhanələrlə son üç ilin tarixini təhrif edərək, qəsdən Rusiya Federa­siyası ilə münasibətlərin pozulmasına gətirib çıxaran” addımlar atmasına dair bəyanatını şərh edib.

XİN başçısının nələri dilə gətirdiyini çox yaxşı bildiyini vurğulayan S.Kopırkin deyib ki, S.Lavrovun fikirləri onun baş verənlər və Ermənistanın taleyi möv­zusundakı narahatlığının təzahürüdür. Səfirin sözlərinə görə, Rusiya tərəfinə İrəvan–Moskva münasibətlərinin daha geniş qarşıdurma obyektinə çevrildiyi məlumdur və Birləşmiş Ştatlar bunu, ümumən, gizlətmir. “Bu, çox pisdir, çox təhlükəlidir. Bu, həqiqətən də, bizim mü­nasibətlərimizə real xələl gətirə biləcək bir şeydir”, – deyən Kopırkinin sözlərinə görə, Ermənistan hakimiyyətində Rusiya ilə münasibətləri müdafiə üçün, kifayət qədər, siyasi iradə yoxdur. Səfırin dedik­lərindən belə nəticə hasil olur ki, hazırkı durum sadə ermənilərə də xoşagəlməz perspektiv vəd edir. Ancaq o, fikirlərinə müəyyən qədər düzəliş etməyi yaddan çıxarmır və deyir ki, Rusiya ilə Ermə­nistanı birləşdirən, təkcə iqtisadi deyil, həm də sosial, mədəni, psixoloji amillər var. Təhlükəsizlik, sabitliyin qorunması mənasında həyati əhəmiyyət daşıyan məqamlar da nəzərə alınmalıdır. Çünki regionun dinc inkişafı bundan asılıdır. Ona görə də kənardan gələn təzyiqləri sıradan çıxarmaq şərtdir. Münasibətlərə regional baxımdan nəinki heç bir əlaqə­si olmayan, həm də duruma kökündən zidd maraqların təzyiqi altında zərbə vu­rulmamalıdır. 

Yazımızın bu yerində mövzu ilə bağlı bir maraqlı nüansa diqqət yetirək. Ay­dındır ki, Ermənistan hakimiyyəti öz alə­mində diplomatiklik edir. Yəni, Rusiyaya qarşı çıxmağını, əvvəldə də vurğuladı­ğımız kimi, ölkənin siyasi xəttinin diver­sifikasiyası, əlavə təhlükəsizlik alətləri tapmaq müstəvisində arqumentləşdirir. Lakin maraqlıdır ki, mövcud kursun ger­çək məqsədini tam açıq şəkildə dilə gə­tirən və bununla da Paşinyan iqtidarının peşka mahiyyətini ortaya qoyan Qərb dünyası özünə gələndə diplomatik dav­ranış yolu tutur. Əlbəttə, buna diploma­tiklik demək mümkündürsə. Məsələn, bir qədər əvvəl fikirlərinə yer verdiyimiz Fransa Milli Assambleyasının deputatı Petel deyir ki, ölkəsi Ermənistanı öz ins­titutlarını gücləndirməkdə, demokratiya yolu ilə irəliləmək istəyini reallaşdırmaq­da dəstəkləyir. Ona görə də onlar tərəf­daşdırlar. 

Göründüyü kimi, xanım Petel inqilabi romantizmə güc verir. Əslində, kollektiv Qərbin bütün cinahlarında təmsil olu­nanların yanaşmaları budur. Guya ki, demokratiyanı qoruyurlar. Demokratiya və insan hüquqları kimi bəşəri dəyərlə­ri özünün qlobal maraqlarında vasitəyə çevirmiş Qərb Ermənistanda da eyni kursu davam etdirir. Aydındır ki, mövcud populist yanaşma sərt reallıqlar qarşı­sında tam keçərsizdir. Ancaq bu ritorika uğursuzluqdan sığorta və mübarizəni gələcəyə daşımaq üçün yaxşı metod­dur. 

Təsəvvür edək ki, Ermənistan, vəl­vələdən, yaxud zəlzələdən, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağı bacar­dı. O zaman Qərbdəkilər yüksək səslə prosesi demokratiyanın avtoritarlıq üzə­rindəki zəfəri qismində təqdim edəcək­lər. Əks prosesin baş verəcəyi durumda da onlar üçün heç bir problem yoxdur. Bu zaman məhv olmuş Ermənistan de­mokratiya mücahidi kimi göstəriləcək və beləcə ermənilər üzərinə oynanılan avantürizm, bir növ, nisgilə çevriləcək. Elə bir nisgilə ki, ondan gələcəkdə də istifadə etmək mümkün olsun. 

Bəli, Qərb dünyasını bölgədə gərginliklərin yaşanması, toqquşmala­rın, müharibələrin olması qətiyyən ma­raqlandırmır. Mövcud durumda sadə insanların taleyi də heç bir əhəmiyyət daşımır. Əsas olan Cənubi Qafqazla bağlı məkrli, dağıdıcı planların real­laşmasıdır. Ermənistan hakimiyyəti bu planlarda alətə çevrilməkdədirsə, Qər­bin “demokratiya oyuncağı” ilə başını qatıb özünü toxunulmaz sayırsa, onun mövqeyi təkcə sıravi ermənilərin deyil, bütövlükdə, Ermənistan dövlətçiliyinin gələcək taleyini şübhə altına alır. 

Demokratiyadan söz düşmüşkən, sonda ingilis dramaturqu və filosofu Sa­muel Consonun bir fikrini xatırladaq. O deyirdi ki, vətənpərvərlik əclafların son sığınacağıdır. Ermənistanla bağlı siyasi proseslərə nəzər salarkən, o cümlədən, ölkənin iqtidar təmsilçilərinin fikirlərinə diqqət yetirərkən, dramaturqun kəlamı­nın nə qədər aktual olduğunu söyləyə bilərik. Ancaq bir az fərqli formada. İndi demokratiya Ermənistan hakimiyyətinin son sığınacağıdır. Paşinyan və koman­dası hesab edir ki, demokratik libasa bürünmək ölkənin sığortasıdır. Ona görə bu komanda özündə siyasi əclaflığın ən dərin qatlarına enmək cəsarəti tapır. Və bu komanda quyuya endiyinin fərqinə varmayacaq, ipinin kəsiləcəyini ağlına gətirməyəcək dərəcədə iflicdir. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Əvəz RÜSTƏMOV