USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın növbəti davakar məntiqi: Roma Statutu sülhə qarşı

İşğalçı ölkə Beynəlxalq Cinayət Məhkəməsindən nəyi tələb edəcək?


https://img.baki-baku.az/news/2024/04/photo_11796.jpg

Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl Azərbaycanla sülh gündəliyindən söz açarkən bildirmişdi ki, proses hər iki ölkənin beynəlxalq miqyasda bir-birinə qarşı iddialarından uzaq durmasına yol açacaq. O, fikrini sadə məntiqlə izah edərək, ümumən barış mühitinin bir çox problemlərin aradan qaldırılması üçün zəmin formalaşdıracağına əminliyini vurğulamışdı. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa…

Paşinyanın dediklərindən belə nəticəyə gəlirik ki, bir-birinə qarşı beynəlxalq müstəvidə hansısa iddiada olmaq həm də sülhlə razılaşmamaq anlamına gəlir. Məsələyə mövcud prizmadan yanaşsaq, Ermənis­tan ədliyyə nazirliyinin və ölkənin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəliyinin “News.am”ın yazılı sorğusuna cavabı destruktivliyi ilə seçilir. Sözügedən cavabda nələrin qeyd edildiyinə diqqət yetirəcəyik. Hələlik isə digər bir məqamın üzərində dayanaq. 

Məlum olduğu kimi, Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb. 2023-cü ilin aprelində konstitusiya məhkəməsi sənədin ölkə qanunverici­liyinə uyğunluğunu təsdiqləyib. Həmin il oktyabrın 3-də isə Roma Statutu Ermənistan parlamenti tərəfin­dən ratifikasiya edilib. Nəticədə ölkə 2024-cü il fev­ral ayının 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvünə çevrilib.

Əlbəttə, Roma Statutunun başlıca hədəfi Rusiyadır. Çünki BCM Rusiya Prezidenti Vladimir Putinin və digər ölkə rəsmilərinin həbsinə dair order çıxarıb. Bu, o deməkdir ki, Kremlin rəhbəri Er­mənistana daxil olacağı təqdirdə, həbs­lə üzləşəcək. Məsələnin ikinci tərəfi isə budur: Erməni iqtidarının təmsilçiləri, o cümlədən baş nazir N.Paşinyan hələ aylar öncə Roma Statutunun ratifikasi­yasının ölkə üçün əhəmiyyətindən söz açarkən bildirmişdi ki, sənəd Azərbay­canı məsuliyyətə cəlb etmək məramı­nın ifadəsidir. Yəni, rəsmi İrəvan onun köməyi ilə ölkəmizlə mübarizədə daha tutarlı beynəlxalq hüquqi rıçaq qazan­maq məqsədini açıqlamışdı. 

Əlbəttə, həmin vaxt belə bir ritorika diqqəti əsl hədəfdən, yəni Rusiyanın üzərindən yayındırmağa xidmət edirdi. Ermənistan hakimiyyətinin nümayən­dələri Bakı ilə mübarizə məntiqini qa­bartmaqla, Moskvanın mümkün qəzə­bindən və adekvat sərt tədbirlərindən yayınmağı düşünürdülər. 

Digər bir tərəfdən, məlumdur ki, V.Putin və BCM-in barəsində həbs qə­rarı çıxardığı başqa rus rəsmiləri onsuz da Ermənistana ayaq basan deyillər. Deməli, indiki dövrdə Roma Statutun­dan bilavasitə Azərbaycana qarşı istifa­də yolu daha münasibdir. Əlbəttə, buna münasiblik yox, sərsəmlik demək daha doğrudur. Ermənistan ədliyyə nazirliyinin və ölkənin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəliyinin “News.am”ın ya­zılı sorğusuna cavabı da gələcəkdə baş vurulması nəzərdə tutulan sərsəmliyin anonsundan başqa bir şey deyil. 

Beləliklə, cavabda bildirilib ki, rəsmi İrəvan 2022-ci ildə Azərbaycanın Ermə­nistanın suveren ərazisində başlatdığı hərbi əməliyyatlarla bağlı BCM-ə müra­ciət edəcək. Bunun üçün ölkənin Roma Statutu ilə müəyyən edilmiş funksiya­larının həyata keçirilməsi üçün daxili hüquqi baza yaradılır. O da bildirilib ki, BCM Roma Statutunun ratifikasiyasın­dan sonra asayişin təminatı istiqamətin­də sahəvi siyasəti inkişaf etdirən orqan kimi Ermənistan ədliyyə nazirliyinin əlaqələndirici missiyasının reallaşdırıl­ması istiqamətində fəal iş aparır. Möv­cud kontekstdə sözügedən dövlət quru­mu “Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığı haqqında” qanun layihəsi hazırlayır. Bu məntiqə əsaslanıldıqda isə beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyin BCM-in müzakirələri zamanı konkret vəziyyəti təqdim etmək səlahiyyəti yaranır. 

Ermənistanın beynəlxalq hüquqi məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan isə öz növbəsində bildirib ki, ölkədə BCM-ə üzvlüklə əlaqədar zəruri daxili qanunvericilik dəyişiklikləri­nin aparılması prosesi davam edir: “Bu dəyişikliklərin məqsədi həm də Ermə­nistanın dövlət orqanlarının Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığının əlaqələndirilməsi və üzv dövlətin nizam­namə ilə müəyyənləşmiş funksiyalarının həyata keçirilməsi üçün daxili hüquqi bazasının yaradılması baxımından sə­lahiyyətlərini dəqiqləşdirməkdir”.

***

Əslində, Ermənistanın BCM platfor­masını da Azərbaycana qarşı istifadə edəcəyi bəlli idi. Çünki indiyədək bütün digər müstəvilərdə bunu var gücü ilə re­allaşdırıb. Özü də ən sərsəm iddialarla. İrəvan “Laçın yolunun açılması”ndan tutmuş, işğaldan azad edilmiş Azərbay­can torpaqlarındakı abidələrə yiyələn­məyə qədər müxtəlif tələblər irəli sürüb. Təsəvvür edin ki, iddiaların birində Ağ­damdakı abidənin erməni mirası kimi təsdiqlənməsinə dair tələb də yer alıb. Yəni, Azərbaycan ərazisində olan abidə üçün mülkiyyət hüququnun Ermənis­tana məxsusluğunu istəyib. Bəs bütün bunlar nə üçündür? Cavab birmənalıdır – erməni avantürizmi naminə tutacaq yer formalaşdırmaq. 

Bəli, rəsmi İrəvanın təmsilçiləri dü­şünürlər ki, Azərbaycan ərazisindəki hansısa abidəyə mülkiyyət hüququ Er­mənistana məxsus olsa, bu amil gələ­cəkdə həmin əraziyə iddia etmək üçün hüquqi presedent yaradacaq. Onların hesablamalarına görə, elementar mən­tiq işə düşəcək: Bir halda ki, torpaq üzə­rində olan tikili Ermənistanındır, deməli torpağın özü də onundur. Göründüyü kimi, ortada son dərəcə böyük həyasız­lıq var. 

İrəvanın hazırda BCM qarşısında qaldırmaq istədiyi iddiaya gəlincə, bu da onun ənənəvi anti-Azərbaycan fəa­liyyətinin tərkib hissəsidir. Məlumdur ki, Ermənistan və onun xaricdəki hava­darları Azərbaycanı işğalçı kimi təqdim edirlər. Onlar bildirirlər ki, guya, ölkəmiz 2022-ci ilin sentyabrında Ermənistan ərazilərini qəsb edib. İndi təsəvvür edin, Azərbaycanla Ermənistan arasında sər­hədlər dəqiqləşməyib, delimitasiya və demarkasiya işləri aparılmayıb, ancaq rəsmi İrəvan BCM-ə ölkəmizin aqressor qismində tanınması üçün baş vurmaq niyyətini açıqlayır və bu zaman Roma Statutunu işə salmaqdan dəm vurur. 

Hər halda, Ermənistanın BCM-ə üzvlüyünün tam hüquqi əsaslarının for­malaşması müəyyən vaxt aparan pro­sesdir. Görünür, erməni iqtidarı vaxtı qısaltmağı düşünür. Vaxtı qısaltmaq isə delimitasiya və demarkasiya işlərinin aparılmayacağı təqdirdə mümkündür. Deməli, erməni iqtidarı bu işləri apar­mağa yox, anti-Azərbaycan fəaliyyə­tinin əhatə dairəsini genişləndirməyə köklənib. Belə düşüncənin isə Bakı və İrəvan arasındakı barışıq prinsiplərinə tamamilə zidd tendensiya olduğu tam aydındır. Deməli, N.Paşinyanın əvvəl­də diqqətə çatdırdığımız fikrindəki ilk baxışdan diqqət çəkən mütərəqqilik ruhu sabun köpüyüdür, erməni hökumət rəhbərinin beynəlxalq aləmə özünü və ölkəsini konstruktiv göstərmək cəhdin­dəki növbəti manipulyasiyadır. 

Sonda bir daha bu nəticəyə gəlirik ki, Ermənistan Roma Statutunun qəbu­lunu və BCM-ə tamhüquqlu üzvlüyünün təsdiqlənməsini Azərbaycanla sülhdən yayınmağın alətinə çevirmək əzmində­dir. Tam əminliklə demək mümkündür ki, bu, həm də ölkəni cənginə almış ti­pik erməni xəstəliyinin növbəti göstəri­cisidir. Rəsmi İrəvanın həmin xəstəliyin ayrı-ayrı təzahür formalarını BCM plat­formasına daşıyacağı da şübhəsizdir.

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Əvəz RÜSTƏMOV