- Daxili siyasət
- 09:37 20.09.2024
Fransa Prezidenti Emmanuel Makron ölkə televiziyasında bəzi qlobal siyasi mübahisə elementlərini özündə birləşdirən açıqlama verib. O, bir tərəfdən ölkəsinin hazırda Rusiya ilə döyüşəcək vəziyyətdə olmadığı fikrini ifadə edib, digər yandan isə Ukraynada fransız qoşunlarının meydana çıxması ehtimalını qabardıb.
Əlbəttə, Makronun açıqlamasına diqqət yetirəndə, bilavasitə, üzərində dayanılmalı bir məqam var. Fransa anti-Rusiya kampaniyasında öndə olmağa çalışır. Paris üçün bu əzmin nümayiş platforması isə Cənubi Qafqazdır. Söhbətimizdə məsələyə diqqət yetirəcəyik. Ancaq mətləbə bəzi paralellər aparmaqla yaxınlaşmağı düşünürük
Bəli, bir çox maraq doğuran məsələlərlə bağlı müəyyən qeyri-müəyyənlik elementi nəzərə çarpsa da, Makronun anti-Rusiya bəyanatı Fransanı Ukraynadakı münaqişənin yeni eskalasiya mərhələsinin, belə demək mümkünsə, tətikçisi obrazına gətirir. Bu, özlüyündə kollektiv Qərbin Rusiyaya qarşı köklənişinin daha ciddi iştirakçılıq motivini doğurur.
Qeyd edək ki, Fransa əvvəlki nüfuzunu itirsə də, Qərbi Avropa seqmentinin başlıca ölkəsi olaraq qalır. Hər halda, onun yerə-göyə sığmayan iddiası və dünyanın gözündə reabilitasiya olunmaq, əvvəlki mövqelərini bərpa etmək istiqamətindəki dirənişini görürük. Baxmayaraq ki, hazırda böyük ölçüdə Ukrayna cəbhəsi Parisə yad kimi görünür. Amma ortada hər vəchlə özünütəsdiqə can atan Makron amili var. Nəzərə alaq ki, dövlət başçısının özünütəsdiq cəhdi, eyni zamanda, Fransanın daxili problemlərindən diqqəti yayındırmaq istəyidir. Daxili problemlər isə olduqca ciddi mahiyyət daşıyır.
Qərbin Ukrayna müharibəsindəki iştirakı müxtəlif təzahür formalarına malikdir. Xatırladaq ki, hərbi əməliyyatların ilk mərhələsində Qərb ölkələri Ukraynaya tank tədarük etməyi planlaşdırmırdılar. Lakin sonra onların “zəncirli maşınları”nın döyüş meydanlarında peyda olduğunu gördük. Mövcud məqamı Makron özü də müsahibəsində bildirir. Qərb dövlətlərinin hərbi qulluqçularının Ukrayna müharibəsində bilavasitə iştirakına gəlincə, hələ müharibədən əvvəl də onlar ölkədə təlimatçılar və məsləhətçilər qismində görünürdülər.
Hərbi əməliyyatlar başlanandan sonra isə Ukrayna savaşında muzdlular meydana çıxdı. Rusiya tərəfinin məlumatına görə, ümumiyyətlə, Ukraynada indiyədək münaqişəyə rəsmi şəkildə cəlb olunmayan digər dövlətlərin bir neçə min hərbçisi həlak olub. O cümlədən, yüzdən çox fransız muzdlusu. Lakin o da məlumdur ki, muzdlular başqa şeydi, nizami ordu birləşmələri tamam başqa. Çox güman ki, Makron anti-Rusiya dirənişində ölkəsinin iştirakına dair qəti fikir bildirməyib, ümumən müharibə ilə bağlı sərt ritorikadan söz açanda sözügedən muzdluları taraz qüvvə kimi təsəvvürə gətirirdi.
İndi güman etmək olar ki, ilk müntəzəm fransız hərbi kontingenti “rus işğalından” qorunmaq bəhanəsi ilə anti-Rusiya cəbhəsinin müxtəlif istiqamətlərinə cəlb oluna bilər. Rusiyanın demonizasiyası müstəvisində Avropada belə nöqtələr baxımından Rumıniya və Moldovanın adı çəkilir. Yəni, Makron bilavasitə Ukrayna müharibəsinə girişməyi deyil, rus işğalı təhlükəsinin qəsdən aktuallaşdırıldığı yerləri hədəf seçməyi düşünür. Onun səsləndirdiyi ayrı-ayrı fikirlər də sözümüzün təsdiqidir. Bu nə üçündür? Məqsəd ehtiyat cəbhə xətti müəyyənləşdirməkdir. Elə bir xətt ki, Moskva Ukraynada mümkün geriləmə durumunda alternativ uğur platforması əldə etməsin. Bir sözlə, Makron anti-Rusiya çəmbərini daraltmaq, yəni Rusiyanı sıxışdırmaq barədə düşünür. Yeri gəlmişkən, qeyd edək ki, Polşa da hazırda eyni ampluada çıxış edir.
Bəzi ehtimallar fransız qoşunlarının Odessada peyda olması proqnozu ilə bağlıdır. Nəzərə alaq ki, 1918-1919-cu illərdə bir sıra Qərb dövlətlərinin Sovet Rusiyasına qarşı müdaxiləsi zamanı Fransa hərbçiləri bu şəhərdə mövqe tutmuşdular. Həmin vaxt onların sayı 15.000 nəfər idi. Ən əsası isə o dövrdə elan olunmuşdu ki, Odessa bölgəsi Fransanın himayəsi altına girir. Bu patronajlığın ömrü isə təxminən 100 gün davam etmişdi.
Sözümüz ondadır ki, Makronun açıqlaması, istər-istəməz, Fransa–Rusiya qarşıdurmasının tarixi məqamları barədə söz açmaq zərurətini doğrurur. Əlbəttə, tarixə nəzər salırıqsa, XIX əsrin əvvəllərinə gedə, Napoleon Fransası ilə çar Rusiyasının müharibə səhnələrindən söz aça bilərik. Eyni zamanda, birincinin düçar olduğu acınacaqlı durumdan. Amma tarix tarixdə qalsın, qayıdaq Makronun açıqlamasına. Onun söylədikləri Fransanın Ukrayna münaqişəsinin yeni raundunun elan edilməsi təsiri bağışlayır ki, bu zaman həmin münaqişəyə kompleks yanaşma zərurəti meydana çıxır. Deməli, anti-Rusiya dirənişinin Cənubi Qafqaz müstəvisi aktuallıq qazanır. Bu aktuallığın isə özünü Azərbaycan–Ermənistan münasibətlərində göstərəcəyi birmənalıdır.
***
Bəli, hazırda, həqiqətən də, absurd vəziyyət yaranıb. Kağız üzərində Moskvanın strateji müttəfiqi olaraq qalan rəsmi İrəvan son vaxtlar Parislə əlaqələrini intensiv şəkildə inkişaf etdirir və hazırda ən azı Avropa İttifaqına üzv ölkələr arasında Moskvaya qarşı əsas əks çəki vahidi kimi mövqe tutur. Mənzərə, istər-istəməz, Ermənistanı Fransa–Rusiya qarşıdurma meydanına çevirəcək. Nəzərə alaq ki, İrəvan özünün anti-Rusiya məntiqini Azərbaycana qarşı çıxmaq zəminində ortaya qoyur, eyni zamanda, Fransa ölkəmizlə açıq konfrantasiyalara gedir.
Bütün bu dediklərimizin fonunda elə bir vəziyyət yarana bilər ki, Paris İrəvana dəstək müqabilində ondan Moskva ilə münasibətləri tamamilə pozmağa yönəlmiş daha kəskin addımlar tələb edər. Bu addımların ilk işartılarını görürük. Ermənistan hakimiyyəti, o cümlədən, baş nazir Nikol Paşinyan patyaxtdakı “Zvartnorst” hava limanından Rusiya hərbçilərinin çıxarılmasını istəyib. Bu istəyin yaxın gələcəkdə ümumən Ermənistandakı Rusiya hərbi kontingentinin tamamilə ölkədən uzaqlaşdırılması məntiqinə köklənəcəyi aydın görünür. Erməni ekspertlər də mövcud məqamı vurğulayır və bildirirlər ki, Paşinyan administrasiyası yaxın zamanda dünyanı təəccübləndirən addımlar atmağa hazırlaşır. Elə bir addımlar ki, onların sayəsində Qərb dünyası onu daha qətiyyətli görsün və Qərb üçün Ermənistan amili Azərbaycan və Türkiyə faktorunu üstələsin. Əslində, Makrona da elə bu lazımdır.
Yəqin elə dediklərimizə görədir ki, Fransa Ermənistanı silahlandırır. Paris, həmçinin özünün təsir aləti kimi, Avropa İttifaqını ortaya atır. Qurumun Ermənistandakı mülki müşahidə missiyasına siyasi sərmayə yatırır, müşahidəçilərin sayını artırır. Bütün bunlarla isə onun, Cənubi Qafqazı əməkdaşlıq mühiti formalaşdırmaq deyil, qan çanağına döndərmək niyyətini ortaya qoyduğu aşkardır.
Ə.RÜSTƏMOV