- Daxili siyasət
- 09:37 20.09.2024
Mövzumuz Hindistandan Ermənistana hava yolunun açılması barədədir. Həmin yoldan nələrin, daha doğrusu, hansı silahların daşınacağının anonsu hələ təxminən beş-altı ay əvvəldən verilib. Hindistanın Ermənistana göndərdiyi silah-sursatların və raketlərin adları da məlumdur. Hazırda isə başlıca məsələ sözügedən yolun İran vasitəsilə reallaşmasıdır. Görünür ki, artıq məsələ daha böyük miqyaslı daşımaların həyata keçirilməsi ilə bağlıdır. Deməli, Qərb Cənubi Qafqazı qan çanağına döndərməkdə maraqlıdır. Ermənistan ona alət olmaqda israrlıdır. İrana gəldikdə, Tehranın “prosesin” reallaşmasına razılıq verdiyini ehtimal etmək olar.
***
Bəribaşdan bildirək ki, İranın belə bir razılığı, ilk növbədə, ölkənin özünün maraqlarına zidd təmayüldür. Fransanın Ermənistana verdiyi bilavasitə öz istehsalı olan qurğular da var. Ancaq Hindistandan gələn silah-sursat və hərbi texnika da Fransanındır. Yəni, ölkə ucuz işçi qüvvəsinə görə özünün hərbi infrastukturunun müəyyən hissəsini Hindistanda qurub. Məsələdən Tehranın xəbərdar olmaması isə sadəcə mümkünsüzdür.
İslam respublikasının rəsmiləri tez-tez bildirirlər ki, Cənubi Qafqaz regionunda kənar oyunçuların peyda olmasına imkan tanımayacaqlar. Aydındır ki, Fransa tam kənar oyunçudur. Özü də kollektiv Qərbi təmsil edir. O Qərbi ki, İrana qarşı nəinki zidd, hətta qatı düşmən münasibətindədir. O Qərb ki, indiki məqamda erməni avantürizminin davamında maraqlıdır. Pozuculuq niyyətinə hesablanmış bu marağın başlıca hədəflərindən birinin İran olduğunu görmək üçün hansısa fövqəladə düşüncəyə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır.
İranın Fransa-Ermənistan-Hindistan üçbucağından udacağı nə isə yoxdur. Hazırda, faktiki olaraq, ona təklif edilən “əməkdaşlıq” prioritetinin özünə qarşı çevrilməyəcəyinə dair təminat almaq üçün İslam respublikası heç bir real şanslara malik deyil. Tutaq ki, sözügedən üçlük Azərbaycanla mübarizədə üstünlük qazandı. Sabah kim deyə bilər bilər ki, həmin üçlüyün növbəti “dayanacaq yeri” İran olmayacaq. Bəlkə də Hindistan bilavasitə Tehrana qarşı çıxmaz. Ancaq dünyaya özünü göstərmək, itirdiyi nüfuzunu bərpa etmək üçün dəridən-qabıqdan çıxan Fransa İran kimi “alınmaz qalanı” ələ keçirmək naminə avantürizmə mütləq baş vuracaq.
Ermənistana isə ümumiyyətlə heç bir təminat yoxdur. Nikol Paşinyan administrasiyasının Qərbin bütün “sifarişlərini” yerinə yetirməyə çalışması, həmin xüsusda İrana qarşı da ərazi iddiası irəli sürməsi, cəbhə açması su içimi kimi bir şeydir. Başlıca məqamlardan biri də Avropa İttifaqının Cənubi Qafqazda nüfuz davasına girişməsidir. Fransa qurumun strateji maraq və mənafelərinə söykənir, onun ideyalarından qaynaqlanır. Aİ isə artıq Azərbaycan-Ermənistan, həm də İran-Ermənistan sərhədindədir. Rəsmi İrəvan təşkilatın mülki müşahidə missiyasını Qərbin regiondakı mövcudiyyət faktoru kimi reklam edir, ehkamlaşdırır. Ermənistan hakimiyyəti sözügedən missiyanın fəaliyyətini özünün Qərbə sadiqlik xətti kimi dəyərləndirib xaricdəki havadarlarının gözündə böyük dividend qazandığını düşünür. Bu düşüncə İranın “region region ölkələri üçündür” baxışına tamamilə zidd təmayüldür.
Bəli, İran belə şərtlər daxilində özünün hava məkanını Hindistan-Ermənistan daşımaları üçün açıq elan edirsə, ölkənin nəyə sərmayə yatırdığı anlaşılmazdır. Halbuki, onun qarşısında real əməkdaşlıq müstəvisi var. Söhbət “3+3” regional platformasından gedir. O platformadan ki, onun çərçivəsində bütün prioritetlər açıqdır, maraq və mənafelər aydındır.
Məsələyə başqa bir tərəfdən yanaşaq. Məlumdur ki, Qərbin Cənubi Qafqaz fəallığı Rusiyanı regiondan sıxışdırmaq məqsədinə hesablanıb. Ermənistan var gücü ilə çalışır ki, Moskvaya qarşı çıxsın. Belədə sual yaranır: Rusiyasız Cənubi Qafqaz formulu Tehrana nə dərəcədə sərfəlidir? Belə demək mümkünsə, Rusiyasızlıq mühitində İrana yer varmı? İllərdir sanksiyalarla üzləşən İslam respublikasının ayaqda qalma səbəb və vasitələrindən bir də Moskvadır. Yəni, hazırda elə şərait yaranıb ki, tarixən bir-birinə əks düşərgələrdə olmuş qüvvələrin - Rusiyanın və İranın eyni platformada təmsilçiliyi mütləqdir. Mövcud mütləqlik mühitində hansısa təminat varmı ki, Qərb dünyası Tehrana daha böyük üstünlüklər qazandıracaq? Əlbəttə ki, belə bir təminat yoxdur və ola da bilməz.
Ümumən, Ermənistan bölgədə pozuculuq niyyəti güdən tərəfdir. Pozuculuq niyyətində başlıca hədəf qonşulara qarşı ərazi iddiasıdır. Ölkənin ərazi iddiası trayektoriyasında Azərbaycanla yanaşı Türkiyə də yer alır, Gürcüstan da. Belə olan halda, İranın son zamanlar irəli sürdüyü sərhədlərin dəyişməzliyi konsepsiyası da zərər görür. Bu, bütövlükdə region düzəninin fərqli məcraya daşınmasıdır. Təbii ki, eyni zamanda, sülh, sabitlik və təhlükəsizlik baxımından qorxulu tendensiyadır. Tehran bu tendensiyanın şərtləri altında ayaqda qalmaq, özünü qorumaq barədəmi düşünür? Yenə də hansısa real təminat görünmür və görünə də bilməz.
44 günlük müharibə dönəminə diqqət yetirək. Həmin vaxt İranın say baxımından çoxluq xalqı sayılan türklər birmənalı şəkildə Azərbaycanın haqq davasını dəstəklədilər. Təsəvvür edək ki, Ermənistanın sayəsində Cənubi Qafqazda böyük hərbi-siyasi kataklizmalar yaşanır. O zaman rəsmi Tehran özünün daxili ictimai rəyi ilə bacara biləcəkmi? Əlbəttə ki, yox!
Hindistandan Ermənistana hava yolunun İran ərazisindən açılması və mövcud xüsusda üçüncünün zərər görəcəyi ilə bağlı digər məqamlardan da söz açmaq, müxtəlif əsaslandırmalar aparmaq mümkündür. Lakin onların hamısını indi vurğulamaq istəməzdik. Əslində, buna xüsusi ehtiyac da yoxdur. İndi yalnız ümid bəsləmək lazımdır. Ümid onadır ki, İslam respublikası reallıqları nəzərə alacaq, rasional davranacaq, Qərbin Cənubi Qafqazdakı imperialist niyyətlərinin gerçəkləşməsinə, mövcud xüsusda erməni avantürizminin ayaq açmasına meydan tanımayacaq, Hindistan–Ermənistan havadaşımalarına İran səmasında turbulentlik yaranacaq.
Ə.RÜSTƏMOV