- Daxili siyasət
- 09:37 20.09.2024
Ötən həftə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilmiş “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı konfransın dünya miqyaslı hadisəyə çevrildiyini deyə bilərik. Onu da qeyd etmək mümkündür ki, bu tədbir özlüyündə bir hərəkatdır. Dünyadakı, xüsusən də Avropadakı islamofobiyaya qarşı müstəsna əhəmiyyət daşıyan hərəkatın mərkəzində məhz ölkəmizin dayanması isə ayrıca vurğulanmalıdır.
Azərbaycan belə bir mötəbər konfransa evsahibliyini gerçəkləşdirməklə, İslam dinini, müsəlman dünyasını gözdən salmağa çalışan, ümumən din amilindən imperialist maraqlar naminə yararlanan qüvvələrə qarşı barışmazlıq kursunu daha geniş əhatə dairəsində ortaya qoydu. Mövqeyini özünün sistemli multikultural yanaşması, fundamental baxış bucağı ilə təsdiqlədi. Bir daha sübut olundu ki, Azərbaycanın təlqin etdiyi tolerantlıq modeli beynəlxalq aləm üçün ardıcıllığa söykənmiş nümunədir. Bunu konfransda müzakirəyə çıxarılmış mövzuların əhatə dairəsi də sübuta yetirdi, tədbirlə bağlı dünyanın 30 ölkəsindən paytaxtımıza təşrif buyurmuş alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri olan qonaqların səsləndirdikləri fikirlər də. Nəzərə alaq ki, onların düşüncələri bir-birindən rəngarəng idi.
“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfrans bütün xüsusiyyətləri ilə tarixdir. Prezident İlham Əliyevin toplantı iştirakçılarına məktubunda diqqətə çatdırdığı cəhətlər isə həm yazılmaqda olan tarixin önəminin vurğulanmasıdır, həm də həmin tarixin tam şəkildə ərsəyə gəlməsi üçün prinsipiallıq və iradə nümayişi, əminlik yaradan faktordur. Məktubda ilk olaraq vurğulanır ki, XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır.
Ancaq terrorizmi İslam dini ilə bağlamaq cəhdlərini görürük. Bunun nəticəsidir ki, terrorçu obrazı üçün sanki bir libas biçilib. Libas ayrı-ayrı müsəlman xalqlarının adət-ənənələrinin göstəricisi sayılan geyimlərdir. Hazırda dünyada və Avropada elə vəziyyət yaradılıb ki, bu geyimlərdə olan hər kəs potensial terrorçu kimi görünür. Amma təkcə xarici görünüş deyil, ümumən müsəlman obrazının terrorçuluqla əlaqələndirilməsi kimi motivlərdə ən müxtəlif “çalarlar” var. Halbuki, tarixə nəzər salsaq, bu və ya digər şəkildə terrorla, xurafatla əlaqəli müsəlman birliklərinin yaradılmasının məhz Qərbdən qaynaqlandığını görə bilərik.
Bir məqamı da təəssüf hissi ilə vurğulayaq ki, İslam dünyası bu mənfi meyilə qarşı tutarlı cəbhə açmayıb. Nəticədə dahi şairimiz Sabirin təbirincə desək, müsəlman görəndə qorxu hissi keçirənlər say üstünlüyünə yiyələniblər. Beləliklə, məqsədli siyasət predmetinə çevrilmiş islamofobiya güclənib. Azərbaycanın hazırda götürdüyü kurs məhz sözügedən tendensiyaya zərbə vurmağı hədəf seçir, mövcud istiqamətdə platforma yaradır. “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfrans da həmin platforma çərçivəsindəki növbəti böyük addım, yüksək səsli çağırış və uğurdur. Çağırışın birmənalı təşəbbüskarı, onun uğur formulu isə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı konfrans iştirakçılarına məktubunda bildirir: “Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır”.
Ölkəmizin lideri bu fikirləri heç də təsadüfən gündəmə gətirmir. Nəzərə alaq ki, otuz ildən artıq davam etmiş, hazırda tarixin arxivinə gömülmüş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif mərhələlərində müsəlman Azərbaycanının xristian Ermənistanına qarşı mübarizə apardığına dair baxışlar geniş yayılmışdı. Haqq davamız olan 44 günlük müharibə zamanı da bu deyimlər erməni təbliğat maşınının anti-Azərbaycan fəaliyyətinin başlıca alətinə çevrilmiş, mübarizəmiz işğalçılıq kimi qiymətləndirilmişdi. Beləliklə, Prezidentin vurğuladığı ümumbəşəri dəyərlər arxa plana atılmış, torpaqlarımızın işğalı, bir milyondan çox vətəndaşımızın öz doğma yurd-yuvasından didərgin salınması heçə sayılmış, humanizm ideallarına arxa çevrilmişdi. Təəssüf ki, indinin özündə də eyni durumun müxtəlif təzahürlərini, onun mənzərələrini görürük...
Bəli, o da təəssüf doğurmaqdadır ki, dünyada qlobal dəyişikliklərin getdiyi indiki şəraitdə İslamın potensial təhlükə mənbəyi kimi aşılanması siyasət meydanındakı başlıca vasitədir. Məsələyə mövcud prizmadan yanaşsaq, BMT-nin islamofobiya ilə Mübarizə Gününə dair Qətnaməsi nə dərəcədə önəmlidirsə, Bakıda islamofobiya ilə bağlı geniş müzakirənin açılması, reallıqların dilə gətirilməsi ümumi işə praktik dəstək baxımından müstəsna məqamdır. Sevindirici haldır ki, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalmasından olan narahatlığı ifadə edən vacib diskussiyalara evsahibliyini gerçəkləşdirən məhz Azərbaycandır.
Prezident İlham Əliyevin də məktubunda vurğuladığı kimi, hazırda islamofobiyanın özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil etməsi acınacaqlıdır. Təsəvvür edin ki, son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. Acınacaqlı durumun daha bir təzahürünü isə dövlətimizin başçısı açıqlayır: “İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s.) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir”.
Əlbəttə, söz azadlığının İslam dininin ehkamlarına qarşı qoyulması, birincinin ikincinin təhqiri və təhdidi alətinə çevrilməsi aşkar siyasi manipulyasiyadır. Bu tendensiya konfrans çərçivəsindəki “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” mövzusunda keçirilmiş aralıq sessiyada da vurğulandı. Məsələn, Niderlandın Qroningen Universitetinin professoru Seyfəddin Kara bildirdi ki, media subyektləri müəyyən məsələləri kontekstindən çıxararaq, fərqli təqdim etməklə, sanki müsəlmanların cəmiyyətə mənfi təsir göstərdiklərini diqqətə çatdırmağa çalışırlar.
Belə görünür, inkişaf etmiş Qərb cəmiyyətlərində dini dəyərlərin bəşəri dəyərlər kimi qavramında da ciddi çatışmazlıqlar və problemlər mövcuddur. Bunun nəticəsidir ki, “məqsəd vasitəyə bəraət qazandırır” deyimi ilə hərəkət edilir. Nəticədə söz azadlığının dini dəyərlərlərə sayğısızlıq motivinə qarşı cəmiyyətlərin daxili müavimətinin olmadığını görürük. Bu hal həmin cəmiyyətləri zombiləşdirir, onu təfəkkürlü toplumdan kütləyə çevirir. ABŞ-ın Merilend Universitetinin kommunikasiya üzrə dosenti Sahar Mohamed Xamisin dediyi də elə budur. Sosial və rəqəmsal media vasitəsilə islamofobiyaya fərqli yanaşmanın ortaya qoyulduğunu vurğulayan alim maraqlı məqama toxunur: “Məsələn, Qərbdə heç də hər kəs bilmir ki, İsa Peyğəmbər barədə “Qurani-Kərim”də məlumatlar yer alıb. Bu baxımdan İslama qarşı qərəzli davranışın səbəblərindən biri də məlumatsızlıqdır”.
Həqiqətən, Merilend Universitetinin dosentinin dedikləri haqqında söz açdığımız zombiləşmənin, düşüncə kasadlığının necə böyük təhlükə olduğunun təzahürüdür. Amma məsələ ondadır ki, bu təhlükəni yaradan ayrı-ayrı dövlətlərin yeritdikləri siyasətdir. Bu mənada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun konfransın “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusundakı plenar iclasda söylədikləri diqqət çəkməyə bilməz. “Bəzi Avropa ölkələrində islamofobiya cəmiyyətdən dövlətə deyil, dövlətdən cəmiyyətə yayılır. 2019-cu ildə Fransada islamofobiya halları dövlət müəssisələrində 369 təşkil edib, özəl sektorda isə 197 olub”, – deyən cənab İsmayılov əlavə edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə işə qəbul şansları 50 faizdən çox artır. Həmçinin, bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər.
***
Bəli, Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. Prezident İlham Əliyevin “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bu məqamın üzərində də xüsusi dayanılır. Dövlətimizin başçısı vurğulayır ki, Fransa “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır. Bu yerdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini G.İsmayılovun vurğuladığı bir faktın da üzərində dayanaq. O bildirib ki, əhalisinin təqribən 10 faizinin müsəlman olduğu Fransada 2500 məscid fəaliyyət göstərir. Həmin məscidlərin mütləq əksəriyyəti cəmi bir otaqdan ibarətdir.
Çox təəssüf ki, Fransa özünün islamofob siyasətini müxtəlif beynəlxalq tribunalara çıxarmağı bacarır. Əlbəttə, belə nanəcib yol tutan yalnız Fransa deyil. Nəticədə dövlətimizin başçısının da qeyd etdiyi kimi, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları anti-İslam fəaliyyətini həyata keçirirlər. Hazırda islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən iki qurum var ki, həmin qurumlardan biri Avropa Parlamenti, digəri Avropa Şurasının Parlament Assambleyasıdır. Hər iki təşkilat ermənipərəst kursunu bəşəri dəyərlərə qarşı qoymaqda, manipulyasiya yolu tutmaqdadır. AP Azərbaycanla bağlı qərəzli qətnamələri sıralamaqla məşğuldur, AŞPA isə ölkəmizin nümayəndə heyətinin qurumda iştirak hüququna qarşı çıxmaqla. Bu qurumlar Fransanın anti-Azərbaycan fəaliyyətinin mühüm alətləri qismində çıxış etməkdə, haqq və ədalət prinsiplərinə, beynəlxalq hüquqa saymazyana münasibət göstərməkdədirlər. Onların da başlıca tutacaq yeri məhz islamofobiyadır.
Azərbaycanın islamofobiya ilə üzləşməsindəki beynəlxalq təşkilatlar seqmenti özünü müstəqillik illərində göstərmiş tendensiyadır. Ancaq bu baxımdan Ermənistanın həyata keçirdiyi vandallıq əməlləri xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev məktubunda Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri olaraq, bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılmasını və məhvini göstərir. “İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, – deyən dövlətimizin başçısının diqqət yetirdiyi başqa vacib məqam da var. Məsələ burasındadır ki, Ermənistanın Azərbaycanın İslam dininə məxsus mədəni və tarixi mirasına vandallığı yalnız işğal amili ilə məhdudlaşmayıb. Ermənistan Respublikası ərazisində yerləşmiş abidələrimizin sistemli şəkildə məhvi həyata keçirilib. Eyni zamanda, UNESCO bununla bağlı ölkəmizin çağırışına cavab verməyib, mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə Ermənistana texniki missiya göndərməyib. Cənab İlham Əliyev məktubunda bunu da təəssüfləndirici məqam kimi önə çəkib.
***
BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirildiyi kimi, dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunun qorunması bəşəriyyətin borcudur. Cənab Moratinosun vurğuladığı xüsus toplantının qarşısına qoyduğu məqsəddən də görünür. Azərbaycan bu konfransla dünyanı yalnız islamofobiya ilə mübarizəyə səfərbər etmir, eyni zamanda, bunun üçün müqavimət, immunitet formalaşdırır. Ona görə də əvvəldə tədbirin hərəkat mahiyyəti daşıdığını vurğuladıq. Nəzərə alaq ki, bu hərəkat, həmçinin islamofobiyanın, kifayət qədər, sürətlə artan xroniki xəstəlik, şəxsi zəmində yaranan qərəz olduğunu üzə çıxarır. Azərbaycan isə həyata keçirdiyi təşəbbüslə, bəyan edir ki, islamofobiya dünyanı sülhdən uzaqlaşdıran məqsədə köklənməklə, bəşəri nizamı təhdid xarakterinə malikdir.
***
Sonda onu da vurğulayaq ki, dövlətimiz və cəmiyyətimiz islamofobiyaya qarşı qlobal strategiya ilə mübarizə aparır. Bu mübarizə dünyanın ən fundamental məsələlərindən biridir. Azərbaycan bəyan edir ki, multikulturalizmin sülh və əmin-amanlıq şəraitində yaşamağın yeganə yoludur. Ona görə də multikultural dəyərlər baxımından dünyada nümunəyik. Ölkəmizdə yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq, eyni hörməti görürlər ki, belə yanaşma Azərbaycana gələcəkdə də dinlərarası qardaşlıq mühitinin formalaşması istiqamətində çalışmaq üçün mənəvi haqq qazandırır. Heç şübhə yoxdur ki, ölkəmiz bu haqdan irəli gələn məsuliyyətini daha böyük təşəbbüskarlıq fəaliyyəti ilə zənginləşdirəcək və möhkəmləndirəcəkdir.
Əvəz CAHANGİROĞLU