- Daxili siyasət
- 09:37 20.09.2024
Fransanın 2020-ci ilin payızından, yəni 44 günlük Vətən müharibəsi zamanından etibarən bölgəmizdə oynamağa başladığı destruktiv rol xeyli vaxtdır ki, bütün əndazəni aşıb. Rəsmi Paris, necə deyərlər, ermənilərdən daha artıq erməni olmaq işinə girişib. Bu gün Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına imkan verməyən də Fransa başda olmaqla bəzi Qərb ölkələridir. Onlar İrəvana yalan vədlər verərək, onu şirnikləndirərək sülhə gəlməyə qoymurlar.
Fransanın regionda yürütdüyü siyasətin pozuculuq olduğu təkcə azərbaycanlı siyasi ekspertlər, politoloqlar, deputatlar, ictimai-siyasi xadimlər tərəfindən tənqid edilmir. Gürcüstandan, Rusiyadan olan ekspertlər də Parisin siyasətinin yanlış və zərərli olduğunu vurğulayırlar. Öz mövqeyini açıq şəkildə ifadə edənlərdən biri də Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladzedir. O, “Report”un yerli bürosuna müsahibəsində bildirib ki, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana səfəri zamanı səslənən fikirlər bir daha İrəvanın İkinci Qarabağ müharibəsi zamanı itirdiyi hərbi potensialını bərpa etmək niyyətində olduğunu göstərir. Onun sözlərinə görə, məsələni təhlil edəndə görünür ki, İrəvan bölgədə hərbi blok yaratmaq niyyətindədir.
Politoloq bildirib ki, indiki zamanda Ermənistan, Fransa, Yunanıstan və Hindistan kimi ölkələrin bu layihəni reallaşdırması mümkün deyil. Çünki Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir: “Əgər yeni yaradılacaq hərbi blokda Rusiya və Azərbaycan əleyhinə gücün tətbiqi məsələsi düşünülürsə, burada heç bir perspektiv olmayacaq. Ermənistan Qarabağ məsələsində heç bir uğura imza ata bilmədi. Azərbaycan ərazilərini işğal altında saxladığı zaman da həmin torpaqlarda ancaq dağıdıcılıqla məşğul oldu. Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərdə sürətlə bərpa-quruculuq işlərinə başladı. Azərbaycan torpaqlarının işğalı zamanı Qərb dövlətləri prosesə müdaxilə edə bilmədi və ya etmədi. İndi isə işğaldan azad olunan ərazilər inkişaf etməyə başlayıb. Azərbaycanın iqtisadi potensialının güclənməsini həzm edə bilməyən Qərb müxtəlif yollarla regionda söz sahibi olmağa çalışır, hərbi münaqişə yaradaraq Zəngəzur dəhlizinə nəzarət imkanı əldə etmək istəyir”.
Onun sözlərinə görə, böyük ölkələr anlamalıdırlar ki, Qarabağ məsələsi birdəfəlik öz həllini tapıb və artıq burada heç bir münaqişə yaradıla bilməz: “Ermənistan indi də müəyyən addımlar atmaqla Rusiyaya meydan oxumaq istəyir. Amma Rusiya da çox gözəl anlayır ki, Ermənistanın bütün iqtisadiyyatı onların əlindədir və istədiyi zaman onu məhv edə bilər. Ona görə də düşünürəm ki, Ermənistanın son addımları, sadəcə, diqqət çəkmək üçündür. Çünki dünyanın siyasi xəritəsinə baxdıqda, ölkələrin hansı böyüklükdə, eləcə də hansı siyasi və iqtisadi çəkiyə malik olduğunu aydın görmək mümkündür. Ona görə də hesab edirəm ki, Ermənistanın Rusiya ilə bağlı addımları, sadəcə, gülməlidir”.
Politoloq daha sonra deyib ki, Ermənistan rəhbərliyi, sadəcə, anlamalıdır ki, onların yeganə çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Bu da təbii ki, sülh müqaviləsinə imza atmaqdan keçir. Ermənistan sülh müqaviləsini imzalamalıdır. Bununla da Azərbaycan, Ermənistan və Gürcüstan regionun inkişafında birgə iştirak edib Orta Dəhliz vasitəsilə iqtisadiyyatlarını inkişaf etdirə biləcəklər.
Maraq doğuran digər məqam Fransanın mövqeyidir. Paris ABŞ-ın pərdəarxası dəstəyi ilə regionda sülhün olmaması üçün çalışır. Çünki onlar anlayırlar ki, sülh müqaviləsi imzalansa, əsrlər boyu xalqlarımız arasında yaratdıqları nifaqı daha yarada bilməyəcəklər. Fransanın bütün cəhdləri kimi bu cəhdi də uğursuz olacaq.
Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana səfər edib. O, həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bir sıra açıqlamalar verib. Yunan nazirin fikirlərində ən diqqətçəkən məqamlardan biri Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyü barədə dedikləridir. Qeyd edib ki, artıq Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb: “Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə – Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”.
Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlığın reallaşması perspektivdə Cənubi Qafqazda yeni gərginlik ocağının yaranmasına gətirib çıxara bilər. Bu gərginliyin əsas yaradıcısı isə, sözsüz ki, Fransa olacaq.
Fransanın təkcə bizim bölgəmizdə deyil, digər regionlarda da oynadığı destruktiv rol onun dünyada mövqelərinin pisləşməsinə gətirib çıxarıb. Bugünlərdə Fransanın dünyadakı diplomatik şəbəkəsinin kiçildiyi məlum olub. “L’Express” qəzeti yazıb ki, bu, narahatedici siqnaldır: “Fransa beynəlxalq səhnədə geriləyir. Bu vəziyyət narahatlıq doğurur”.
Yazıda qeyd olunub ki, Çinin ölkə xaricindəki diplomatik təmsilçiliklərinin sayı 274-ə çatıb. Uzun illər ən böyük diplomatik şəbəkəyə sahib olmuş ABŞ artıq 271 nümayəndəliklə ikinci yerdə gəlir. Dünya üzrə 252 səfirlik və konsulluğu olan Türkiyə isə Fransanı sıxışdıraraq ilk üçlükdən çıxarmağa nail olub. Ankaranın xaricdəki diplomatik nümayəndəliklərindən 24-ü son 8 ildə açılıb. Bu müddətdə Fransa xərcləri azaltmaq üçün 18 diplomatik təmsilçiliyini bağlayıb. 249 nümayəndəliyi olan Paris artıq beşinci yerdə qərarlaşıb. Rəsmi Paris təkcə diplomatik nümayəndəlik sayını deyil, xaricdə çalışan heyətin sayını da azaldır. Bundan əlavə, bir çox Afrika ölkəsi beynəlxalq qurumlarda Fransanın vasitəçilik missiyasından imtina edir. Hətta Avropa ölkələri də Parisin Afrika və miqrantlarla bağlı siyasətini tənqid edir. Fransız ekspertlərin fikrincə, bütün hallarda Fransanın beynəlxalq nüfuzu zədələnir, ona etibar edənlərin sayı azalır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev “XQ”yə açıqlamasında bildirdi ki, Fransa regionda açıq-aşkar hərbi ittifaq yaratmağa çalışır. Onun sözlərinə görə, son dövrlərdə Yunanıstanla Ermənistan, Hindistanla Ermənistan arasında artan hərbi səfərlərin, imzalanan müqavilələrin, əməkdaşlıqların səbəbkarı Fransadır: “Fransa regionda hərbi ittifaq yaratmaq üçün çox canfəşanlıq edir. Bu hərbi ittifaqın iki məqsədi var. Birincisi, Azərbaycan və Türkiyə Vətən müharibəsindən sonra regionda geosiyasi reallığı dəyişdirib. Yeni reallıqlar yaradıb. Biz bilirik ki, Fransa Türkiyəyə qarşı bir çox cəbhələrdə ittifaq qurmağa çalışır. Cənubi Qafqazda da Azərbaycan qalib gəldiyi üçün ölkəmizə qarşı ittifaq yaratmaq istəyir. Onları narahat edən digər məsələ Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyənin təklifi ilə regionda yaranan yeni əməkdaşlıq formatıdır. Bu formatda regional məsələlərin region dövlətləri tərəfindən həll olunması istənilərkən Fransa, habelə Avropa İttifaqındakı bəzi qüvvələr bunu bir təhdid olaraq görürlər və regionda yeni ittifaq qurmağa çalışırlar. Bu mənada Fransanın Azərbaycan və Türkiyəyə qarşı çıxmasının digər səbəbi Bakı və Ankaranın yeni ittifaqa dəstək verməsi, onun tərəfi kimi çıxış etməsidir. Bu da təbiidir. Azərbaycan və Türkiyə regional problemlərin həllində xaricdən dəstək axtarası deyil”.
C.Vəliyev qeyd etdi ki, prosesi pozmağa çalışan Ermənistandır. Onun sözlərinə görə, bununla əlaqədar olaraq Ermənistanın ünvanına təkcə Azərbaycan və Türkiyədən deyil, Rusiya və İrandan da sərt açıqlamalar verildi: “Yola saldığımız həftənin ortalarında Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər etdi. Tehranda İranın müdafiə naziri ilə görüşündə Ermənistanın ünvanına sərt açıqlama səsləndirildi. Bildirildi ki, Ermənistan xaricdən qüvvələri bölgəyə gətirərək regionun təhlükəsizliyinə təhdid yaradır. Bu mənada regionun digər ölkələri – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İran Ermənistanın bölgənin problemlərini həll etmək adı ilə kənar qüvvələri bura gətirməsindən olduqca narahatdır. Bunu açıq-aşkar bəyan edirlər”.
Politoloq bildirdi ki, Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyasının sayının artırılması da Fransanın təşəbbüsüdür. Burada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin də rolu var: “Belə görünür ki, Avropa İttifaqı daxilindəki qruplaşmada Fransa ön planda gedir. Bundan əlavə, burada Rusiyaya qarşı daha bir cəbhə açmaq istəyi var. Ermənistan bu cəbhənin yaradılmasında və silahlandırılmada aktiv istifadə olunur. Biz Fransanın bu məsələdə aktivliyini, sadəcə, Ermənistan çərçivəsində görmürük. Ukrayna müharibəsi çərçivəsində də görürük ki, Fransa Ukrayna müharibəsinin davam etdirilməsinin tərəfdarıdır. Halbuki, bəzi dövlətlər atəşkəs əldə olunmasının və qarşılıqlı razılaşmanın tərəfdarıdır. Ukrayna Prezidenti Vladimir Zelenski martın 8-də Türkiyədə idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, onun ölkəsi sülh danışıqlarının davam etdirilməsi üçün platforma təqdim edə bilər, əllərindən nə gəlirsə, onu da edə bilərlər. Ancaq Fransa silahlanma, daha çox müharibənin davam etməsi, hətta fransız ordusunun Ukraynaya yeridilərək, Rusiya ilə qarşı-qarşıya gəlməsi təkliflərini irəli sürür. Bu çərçivədə düşünürəm ki, burada Fransa üçün ikinci məsələ Ermənistanı Rusiya qarşı ikinci cəbhə olaraq istifadə etmək istəyidir. Parisin bunu bacarıb-bacarmayacağı zamana bağlı məsələdir. Amma hazırda Ermənistanda Fransanın əli ilə bu proses davam etdirilir”.
Müsahibimiz vurğuladı ki, Fransa burada ön planda olsa da, tək deyil: “Əgər ABŞ başda olmaqla, qərbli müttəfiqləri buna etiraz etsələr, təhlükəli vəziyyət yaratdığını desələr, yəqin ki, Fransa, onun prezidenti Emmanuel Makron da prosesi bu qədər israrlı şəkildə aparmaz”.
Bu arada “Le Monde” qəzeti Ukraynadakı müharibənin Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti E.Makron arasında fikir ayrılıqları yaratdığına dair məlumat yayıb. Qeyd olunub ki, iki lider arasında fikir ayrılıqları getdikcə dərinləşir və narazılığa çevrilir. Bildirilib ki, liderlərin son həftələrdə verdikləri açıqlamalar dövlətlər arasındakı ikitərəfli münasibətlərə zərbə vurub. “Avropanın Ukraynaya dəstək və Rusiyanın hibrid müharibəsinə qarşı müdafiəsi üçün vahid cəbhə təqdim etməli olduğu bir vaxtda iki ən böyük Avropa dövləti böhran içindədir”, – qəzet yazıb.
Qeyd edək ki, E.Makron fevralın sonunda Qərb ordusunun Ukraynaya göndərilməsinin mümkün olduğunu bildirib. Almaniya rəsmiləri, o cümlədən O.Şolts isə bu fikirlərə görə rəsmi Parisi tənqid edib. Qeyd olunub ki, Almaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.
Səxavət HƏMİD