- Daxili siyasət
- 11:03 30.09.2024
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Bu mötəbər tədbirdə dünyanın 30 ölkəsindən alimlər, nüfuzlu beynəlxalq təşkilatların ekspertləri, din xadimləri, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox xarici qonaq iştirak edir.
İslamofobiya ilə mübarizəyə həsr olunan elmi konfransın Bakıda keçirilməsi Azərbaycanın bu məsələyə ciddi yanaşması ilə bərabər, problemin qlobal səviyyəyə qaldırılmasında qərarlı olmasının göstəricisidir, – desək, yanılmarıq. Təəssüflər olsun ki, Avropa, ABŞ islamofobiya probleminin ciddi qəbul edilməsinə meyilli deyillər. Azərbaycanın məqsədi bütün müsəlman dünyasını narahat edən islamofobiya kimi zərərli təmayülün əleyhinə etiraz səsini qaldırmaqla dünyanın diqqətini bu problemə yönəltməkdir.
Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti səsləndirilib.
Müraciətdə deyilir: “Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s.) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir. Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır”.
Dövlət başçısı bildirib ki, bəzi ölkələrin hökumətləri müsəlmanların hisslərini təhqir edən təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, islamofob əhvali-ruhiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar.
“Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-İslam fəaliyyətini həyata keçirirlər. Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir”, – deyə müraciətdə qeyd olunur.
Açılış mərasimindən sonra beynəlxalq konfrans işini plenar iclasla davam etdirib. “Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı ilk panel iclasda “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən nəzərdən keçirilməsi”, “İctimai rəyin formalaşdırılması: rəqəmsal islamofobiya” və “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusunda aralıq sessiyalar təşkil olunub.
* * *
Konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı panel maraqlı müzakirə və çıxışlarla yadda qalıb. Paris İslam elmləri fakültəsinin rəhbəri Nurredine Belhout, Uels Triniti-Sent-Devid Universitetinin əməkdaşı Mohammed Sadek Hamid, Böyük Britaniya parlamentinin üzvü Afzal Xan, Pakistan Siyasət Araşdırmaları və Təbliğat Mərkəzinin icraçı direktoru Əhsən Həmid, Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Bryun, Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının (EDARA) baş direktoru Brahim Laytuss (Belçika) və başqaları çıxışlarında Azərbaycanın islamofobiyadan zərər çəkdiyini, ərazi bütövlüyü və suverenliyinin pozulduğunu və bunun özünün böyük ədalətsizlik olduğunu qeyd ediblər.
Digər çıxışçılar Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaq məhz müsəlman ölkəsi olduğundan ədalətsiz münasibətlə qarşılaşdığı fikrini xüsusi olaraq vurğulayıblar. Konfrans iştiraçıları, həmçinin ümumi məqsədin baş verənlərin qarşısını almaqdan ibarət olduğunu bildirblər.
Müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdən ölkələrdən biri və birincisi Fransadır. Paris özünün ənənəvi neokolonializm siyasəti ilə yanaşı, Aİ-yə üzv dövlətlərdə islamofob kampaniyalar təşkil etməklə məşğuldur. “Demokratiyadan”, “insan haqlarından”, “dünyəvilik”dən dəm vuran bu ölkənin parlamenti yalnız müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları, siyasi qərarlar qəbul edir. Məhz Fransada məscidlər, müsəlman mədəniyyət mərkəzləri və məzarlıqlar ən çirkin formada təhqirlərə, vandalizmə məruz qalır.
Yeri gəlmişkən, bu gün dünyanın bir sıra ölkələrində İslam potensial təhlükə mənbəyi kimi aşılanır, müsəlmanlara qarşı ayrı-seçkilik və açıq nifrət əhvali–ruhiyyəsi daha geniş yayılır. Bütün bu zərərli təmayülləri nəzərə alan BMT Baş Assambleyası xüsusi qətnamə ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü təsis edib.
ARAYIŞ: Martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunması təşəbbüsü 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərində keçirilən toplantısında irəli sürülüb. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
* * *
Beynəlxalq elmi konfransın “Genderləşdirilmiş İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət” adlı paneldə çıxışında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı bildirib ki, bu gün islamofobiya müxtəlif aspektlərdə özünü göstərir və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnir. “Müsəlman qadınların seçim azadlığını müdafiə edərkən beynəlxalq təşkilatlar onların fundamental hüquqlarının qorunmasına kömək edəcək həll yolları tapmalıdır”,– deyən aparat rəhbəri müsəlman qadınların hüquqlarının inkarının Avropada, xüsusən də Fransada artan islamofobiya kontekstində baş verdiyinə diqqəti çəkib: “İslamofobiya Fransa dövlətinin siyasətidir. Bu ölkədə müsəlman qadınların fundamental hüquqları pozulur, həm din, həm də cinsi zəmində ayrı-seçkilik edilir. Bəzi Avropa ölkələri istənilən formada dini dözümsüzlük və gender bərabərsizliyinə qarşı qətiyyətli mövqe tutmalıdırlar”.
Oxucularımıza xatırladaq ki, hicabı qadağan edən Fransa müsəlman qadınların təhsil və iş kimi əsas hüquqlara çıxışına da mane olur. Bəli, insanın təməl hüquqlarının kobud şəkildə pozulmasına bu ölkənin hakimiyyəti özü rəvac verir. Hesab edirik ki, Yelisey sarayı bu gün Bakıdan ünvanına edılən çağırışlara biganə qalmayacaq, beynəlxalq təşkilatlar da özlərinin prinsipial mövqelərini ortaya qoyacaqlar. Əks–təqdirdə, dünya daha dərin qütbləşmə, ictimai harmoniyanın pozulması və sivilizasiyalararası qarşıdurma ilə üz-üzə qala bilər.
“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Konfransın sonunda birgə kommunike qəbul olunub. Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Sonda onu da qeyd edək ki, bu gün beynəlxalq konfrans iştirakçıları 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfər edəcəklər.
Gündüz İSMAYILOV,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
– Hazırda dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib. Avropanın bəzi ölkələrində islamofobiya aşağıdan yuxarı deyil, yuxarıdan aşağı yayılmaqdadır. Buna misal olaraq deyə bilərik ki, 2019-cu ildə Fransanın dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları özəl sektorda çalışanlarla müqayisədə daha çox olub. Fransa, eləcə də Avropanın digər ölkələri ilə bağlı ortada konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Bu ölkənin əhalisinin 10 faizi müsəlmandır. Amma həmin məscidlər cəmi bir otaqdan ibarətdir. Müsəlmanlara kənardan dəstəyi isə Makron hakimiyyəti Fransanı islamlaşdırmaq cəhdləri kimi qəbul edir.
Bir maraqlı faktı deyim: Fransanın özəl təhsil müəssisələrində dini təhsil almaq üçün müraciət edən gənclərin 60 faizdən çoxu imtina cavabı alır. Bu səbəbdən Avropanın bəzi ölkələrində müsəlmanlar işə, təhsil ocağına CV-lərini təqdim etdikdə dini inanclarını göstərməməyə meyilli olurlar. Yeri gəlmişkən, Avropada, xüsusilə də Fransada müsəlmanlar arasında işsizlik faizi həddindən artıq yuxarıdır. Bu ölkədə müsəlmanlara qarşı islamofobiya xarakterli çıxışların 80 faizi məhz qadınlara qarşı yönəlir. Araşdırmalar göstərir ki, Fransada dini təmayüllü təhsil yalnız özəl müəssisələrdə tədris olunur. Başqa konfessiyalardan fərqli olaraq, müsəlman dini icmaları dövlətdən güzəşt əldə etməkdə çətinlik çəkirlər.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Avropanın Azərbaycana ikili münasibəti daim özünü büruzə verir. Ermənistan otuz il Azərbaycan torpağını işğal altında saxlayanda Fransa parlamenti, Rusiya Dövlət Duması, ABŞ hökuməti bununla bağlı mənfi mövqelərini bildirdilərmi? Xeyr! Bəs Avropanın digər ölkələrinin parlament və hökumətləri necə, bir addım atdılarmı? Xeyr! Hətta bizimlə dost ölkə sayılan Ukrayna rəsmiləri səslərini çıxardımı? Bəli, ümumi şəkildə ərazi bütövlüyünü dəstəkləyirdilər, amma konkret olaraq, Ermənistanı qınamağa cürəti çatmırdı. Halbuki, işğal da, etnik təmizləmə də göz qabağında idi.
Biz onlar tərəfindən tamamilə fərqli münasibəti İkinci Qarabağ müharibəsindən sonra gördük. Fransa Senati separatçı rejimi tanıması ilə bağlı qərar qəbul edir. Bu ölkənin hökuməti isə Azərbaycanı etnik təmizləmədə ittiham etməyə girişir. Hansı haqla? Altı yüz min insan Qarabağdan, iki yüz əlli min soydaşımız Ermənistandan qovulanda niyə erməniləri qınamırdılar?
Qarabağımızda Azərbaycan məscidləri, tarixi abidələri dağıdılır, Xan qızı Natəvanın yaşadığı ev, onun büstü, məzarı vəhşicəsinə təhqir olunur, həmin ölkələrin isə cınqırları da çıxmır. Amma Fransa Qarabağda, guya, hərbçilər üçün kilsəfason bir şey tikmişdi, üstünə də böyük bir xaç qoymuşdular. Nə tarixi, nə də sənət dəyəri olan həmin tikili söküləndə dünyaya car çəkirlər. Təbii ki, bu, ikili yanaşmanın təzahürüdür. Biz onu da müşahidə edirik ki, Avropanın bir çox ölkələrində radikal, ekstremist qruplar formalaşdırılır və onlara hökumət himayədarlıq edir. Meydanda, Türkiyə səfirliyinin önündə Quranı yandırmazdan əvvəl həmin sağçı dini radikallar polisdən təhlükəsizliyini qorumağı tələb edir. Qərbin dünyaya sırımaq istədiyi demokratiya, azadlıq budurmu? Azərbaycan bütün bunlara susmur, Bakıda keçirilən elmi konfransda bu hallara kəskin münasibət bildirilir.
İmran BƏDİRXANLI