- Daxili siyasət
- 11:03 30.09.2024
Heç şübhəsiz, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirləri Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın dediklərindən daha inandırıcıdır. Məsələ heç də onda deyil ki, birinci sərt reallıqları ifadə edir. Başlıca məqam ikincinin söylədiklərinin arxasında heç bir gerçəkliyin dayanmamasıdır. Bəlkə də Zaxarova Qriqoryanın yerində olsaydı, gülməli görünərdi. Amma birinci öz yerindədir, ikinci isə özünə yer tapa bilmir. Elə Ermənistan kimi...
Başlayaq A.Qriqoryandan. Ermənistanın təhlükəsizlik şurasının katibi deyir ki, ölkəsi öz təhlükəsizlik zəmanətini ən azı 2021-ci ilin dekabrınadək Rusiyaya etibar etmişdi. Lakin həmin müddətdə Azərbaycan üç irimiqyaslı hücum gerçəkləşdirdi və Ermənistan ərazisini işğal etdi. İddia çox gülüncdür. Söhbət ondan getmir ki, ölkəmiz heç bir dövlətin ərazisini ələ keçirməyib. Azərbaycan–Ermənistan sərhədi şərtidir, yəni dəqiqlik yoxdur, hərbçilərimiz sadəcə təhlükəsizlik baxımından strateji nöqtələri tutublar.
Məsələ ondadır ki, İrəvanın Azərbaycanı işğalçı kimi təqdim etməsi 2022-ci ildən sonraya təsadüf edir. Daha doğrusu, həmin ilin sentyabrında şərti sərhəddə yaşanmış gərginlikdən sonrakı dövrə. Ancaq, görünür, Qriqoryanın fantaziyası və anti-Rusiya köklənişi o qədər güclüdür ki, zamanı səhv salır. Nə isə... Qriqoryan demək istəyir ki, Rusiyaya bel bağladıq, bizə kömək olmadı, ona görə üzümüzü Qərbə tutmuşuq. Əlbəttə, bu yerdə Ermənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibədə Qərb dövlətlərinə aramsız telefon zənglərini və yalvarışlarını xatırlatmağa ehtiyac var. Həmin dövlətlərdən hansısa biri İrəvana kömək göstərdimi? Xeyr! Müharibəni dayandıran kim oldu? Rusiya Prezidenti Vladimir Putin.
Moskva, necə deyərlər, Ermənistanı Azərbaycanın əlindən aldı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasına nail oldu. Çox güman, Rusiya rəhbərliyində heç kim sənədin ərsəyə gəlməsindən üç il sonra Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvanın sözügedən bəyanatla Qarabağı Azərbaycana verməsinə dair sərsəmləyəcəyini ağlına gətirməzdi. Ümumən, Kremldəkilər nə zamansa İrəvanın onların üzünə belə ağ olacağını da düşünməzdilər. Amma, necə deyərlər, sən saydığını say, görək fələk nə sayır.
İş elə gətirib ki, hazırda Ermənistan tam şəkildə üzünü Qərbə çevirib. Qriqoryan və digər erməni rəsmiləri isə arqumentləri, daha doğrusu, gətirdikləri bəhanələr ilə İrəvanın əsaslı şəkildə siyasi kurs dəyişməsinə haqq qazandırmağa çalışırlar. Əlbəttə, onlara bu işdə Qərb dairələri yaxından kömək göstərirlər. Məsələn, Qriqoryanın hazırkı, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin isə “Armenpress”ə bir neçə gün əvvəlki açıqlaması arasında tam oxşarlıq var. Fransız səfir Ermənistan üçün 2020-ci ildən sonrakı təhlükəsizlik təminatlarının faydasızlığı ritorikasına baş vurmuşdu. Onun sözlərindən gəlinən qənaət bu idi ki, Rusiya Qarabağda Ermənistana bağlı idarəçiliyin, yəni separatçı rejimin saxlanmasını təmin etməli idi, lakin bunu bacarmadı.
Əlbəttə, Dekotini və Qriqoryan Moskvanın hansı səbəbdən Ermənistanın arxasında dayanmadığını açıqlamırlar. Məsələn, onlar Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun vaxtilə səsləndirdiyi və Azərbaycan cəmiyyətində böyük qıcıq doğurmuş fikirlərini yaddan çıxarırlar. Lavrov Qarabağın statusunun həlli məsələsinin sonraya saxlanılmasının tərəfdarı olduğunu bildirmişdi. Hər halda, İrəvana qızıl məcməyidə nə isə verəsi deyildi...
Ən böyük jesti isə Prezident Putin etmişdi. O, Ermənistan rəhbərliyinə Qarabağla bağlı müzakirələr aparmaq üçün meydan verdiyini vurğulamışdı. Yeri gəlmişkən, Rusiyanın dövlət başçısının bu fikri də Qarabağdakı rus sülhməramlılarının bölgəyə silah-sursat daşınmasındakı fəallığı da ölkəmizdə böyük qəzəb və hiddət doğurmuşdu. Amma məsələ bunda deyil.
Məsələ ondadır ki, rəsmi İrəvan Kremlin jestlərinə ciddi yanaşmamış, üzünü tamamilə Qərbə çevirmək üçün fürsət axtarmış, Azərbaycanla danışıqlar prosesini Qərb platformasına çıxarmış, habelə çalışmışdı ki, Qarabağ avantürasını bu müstəvidə davam etdirsin. Əlbəttə, istəyinə nail ola bilməmiş və qəribədir ki, hər uğursuzluqda Rusiyanı ittiham yolu tutmuşdu. Paşinyan administrasiyası çox həyasızcasına bir tərəfdən Qərbə güvənmək kursu götürmüş, digər tərəfdən isə bu kursun nəticəsində meydana çıxmış neqativ durumlara görə Kremli günahlandırmaq xətti seçmişdi. Həqiqətən, paradoks yaranır. Necə ola bilər ki, Fransaya arxalanıb Avropa İttifaqının mülki müşahidə missiyasını Azərbaycanla sərhədə gətirəsən, Moskvanın təhlükəsizlik zəmanətini heçə sayasan, sonra da deyəsən ki, bütün günahlar Rusiyadadır? Görünür, erməni düşüncə tərzi üçün bu kimi hallar münasibdir...
Əlbəttə, Rusiya da Ermənistandan az nə isə istəməyib. Moskva Qərbpərəst Paşinyan hakimiyyətinin Kremlin orbitinə qayıtmasında israr göstərib və göstərməkdədir. Yəni yuxarıda sadaladığımız jestlər bundan irəli gəlirdi. Rusiya bu gün də Ermənistanla bağlı hadisə və proseslərə “bəlkə də qayıtdılar” məntiqi ilə yanaşır.
...Kreml göstərmək istəyir ki, Ermənistanın Qarabağ avantürası yalnız onun patronajlığı altında davamını tapa bilər. Həmin avantürizmi Qərbin dəstəyi ilə yaşatmağı düşünən, məqsədinə çatmayan Paşinyan administrasiyası hər uğursuzluqda bir qədər də azğınlaşır. Hazırda İrəvan öz avantürizmini, daha doğrusu, işğalçılıq niyyətini tam şəkildə Qərbin musiqisinin notlarına kökləyib. Bu köklənişdəki ən böyük motiv daha qlobaldır – Moskvanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaq. Rəsmi İrəvan hesab edir ki, əgər proses reallaşsa, Qərb ona mükafat qismində itirilmiş mövqelərini geri qaytarmağa, Azərbaycan üzərində üstünlük qazanmağa şərait yaradacaq. Şübhəsiz, bu, xam xəyaldır. İndiki durumdakı reallığı isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayır.
***
Ümumən, xanım Zaxarova hazırda Rusiyanın Ermənistana qarşı qəzəbinin obrazıdır. İstər XİN rəhbəri Sergey Lavrov, eləcə də digər ölkə rəsmiləri fikirlərini korrekt şəkildə ifadə edirlərsə, Zaxarovada bu baxımdan heç bir “stop” yoxdur. Diplomat, əvvəldə də bildirdiyimiz kimi, gerçəkliyi, kifayət qədər, çılpaq tərzdə ifadə edir. Məsələn, o deyir ki, Ermənistan sülh şəraitində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində alver predmetinə çevrilməməlidir: “Ermənistan soyqırımları, öz suverenliyi, mədəniyyəti uğrunda mübarizəni, mürəkkəb ərazi mübahisələrini, münaqişələri əhatə edən çətin tarixi yolu keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində sövdələşmə obyektinə çevrilməməlidir”.
M.Zaxarova obrazı həm də Rusiyanın xəbərdarlıq məntiqinin özüdür. Sitatdan da göründüyü kimi, bu obraz rəsmi İrəvana Ermənistanı indiyədək ayaqda saxlayan avantürizm motivlərini bir-bir açıqlayır. Belə bir açıqlama təsadüf sayıla bilməz. Zaxarova həmin avantürizm meyillərinin hər birində Rusiyanın rolunun olduğuna dair subliminal mesaj verir. Xanım diplomat, eyni zamanda Qərbin vaxtilə Ukrayna hakimiyyətinin təmsilçilərinə çox şey vəd verdiyini və sonra “onları tərk etdiyini” vurğulayır. Yəni o, İrəvanın yağlı vədlərə inanmasının yanlışlığını əsaslandırır.
Rusiya XİN-in sözçüsü fikirlərini geniş şəkildə, ən əsası sentimental tonda çatdırır. Bildirir ki, ölkəsi tam səmimiyyəti ilə Ermənistana sülh arzulayır: “Biz bu dövlətə, həm bu ölkəyə və xalqa sevgi, həm də praqmatik baxımdan səmimi qəlbdən sülh, sabitlik və firavanlıq arzulayırıq. Çünki regionun rifahı sabitlikdən və firavanlıqdan asılıdır. Amma təəssüf ki, Qərb Ukrayna ilə kifayət qədər oynayıb onu “sındırıb”, qolu və ayağı olmayan döyülmüş gəlincik kimi küncə ataraq, yeni qurban axtarmağa başlayıb. Qoy, Ermənistan aldadılaraq, bu yeni qurbana çevrilməsin”.
Özünün bədii təfəkkürünü işə salan M.Zaxarova onu da deyib ki, bəzi erməni liderlər Aİ-nin artan diqqətini Panaçeya (qədim mifologiyaya görə hər dərdin dərmanı – red.) kimi görürlər. “Daha dərinə baxmaq lazımdır. Bu ki güzgünü göstərən, yerli əhalidəki ən dəyərli şeyləri ələ keçirməyən “ağ adam”ın xarakterik xüsusiyyəti idi. Təəssüf ki, Ermənistanın bəzi siyasi xadimləri ölkəni Qərb geosiyasətinin başqa alətinə, əyləncəsinə çevirdiklərini düşünmürlər. Hesabı boyunlarına götürürlər”, – deyən Rusiya XİN-in sözçüsü son nöqtəni qoyub: Aİ Ermənistana regiona “giriş nöqtəsi” kimi baxır.
***
Əlbəttə, A.Qriqoryanın məsələ ilə bağlı təsəvvürü başqadır. Yuxarıda həmin təsəvvürün bir vacib elementini diqqətə çatdırdıq və bildirdik ki, Ermənistanın təhlükəsizlik şurasının katibi İrəvanın Qərblə yaxınlığını yeni təhlükəsizlik rıçaqları tapmaq istəyi ilə əsaslandırır. Bu istəyin Ermənistan üçün hansı nəticələr doğuracağı önəmlidir. Yeri gəlmişkən, məsələ erməni cəmiyyətində də geniş müzakirə olunur. Ona görə müzakirə olunur ki, Ermənistanda ölkənin iqtisadi dayanıqlılığının Rusiyadan asılı olduğunu anlayanlar var. Zaxarovanın, belə demək mümkünsə, bədii tonlu xəbərdarlığından sonra belələrinin sayının daha da artacağı şübhəsizdir.
Bəli, hazırda Ermənistan rəhbərliyi ölkənin iqtisadi inkişaf tempi ilə öyünür. Rusiya iqtidarının nümayəndələri və onlara yaxın şəxslər isə hər imkandaca bu inkişafın, əslində, Moskva seqmentinin mövcudluğunu əsaslandırırlar. Yəni, demək istəyirlər ki, it araba kölgəsində yatıb, həmin kölgəni özününkü zənn etməsin. Elə jurnalistlərin Qriqoryana ünvanladıqları növbəti sual da dolayısı ilə məhz bu deyimdən qaynaqlanır. Media təmsilçiləri təhlükəsizlik şurasının katibindən Rusiya ilə gərgin münasibətlər fonunda Lars sərhəd-keçid məntəqəsinin tamamilə bağlanma mövzusuna toxunurlar. Qriqoryanın cavabında fərqli motiv yoxdur. Əgər o, ölkənin təhlükəsizlik alətlərinin genişləndirilməsi xüsusunda söz açıb, bu baxımdan Qərblə yaxınlıq amilini qabardırdısa, eyni düşüncəni iqtisadi ritorikaya da daşıyır. Bu dəfə Ermənistan iqtisadiyyatının şaxələndirilməsindən, yeni tərəfdaşlar tapmaqdan danışır: “Uzunmüddətli perspektivdə problemlərimizin olmaması üçün Ermənistan öz iqtisadiyyatını şaxələndirmək, yeni tərəfdaşlar tapmaq yolu ilə gedir”.
***
Sonda onu deyək ki, Ermənistanın hansı yolla getdiyi nə Qriqoryana, nə də N.Paşinyana bəllidir. Ölkə obrazlı desək, ikimərtəbəli avtobusun yuxarı mərtəbəsinə çıxıb orada sürücü axtaran birinə oxşayır. Ermənistan adlı sınıq avtobus isə tüstüləyə-tüstüləyə, ətrafa pis qoxu saça-saça gedir. Hazırkı erməni iqtidarı bu hərəkəti inkişaf kimi görür. Ancaq tam aydındır ki, həmin iqtidarın inkişaf məsələsinə baxışda ciddi problemləri var. Elə bir problemlər ki, üfüqdə iflas perspektivini görməyəcək qədər korluq gətirir. A.Qriqoryanın bildirdikləri korluq durumunun təsviri, Zaxarovanın vurğuladıqları isə korun ya eynək taxmayacağı, ya da gözünü müalicə etdirməyəcəyi halda yıxılıb başını-gözünü dağıdacağının anonsu idi.
Ə.CAHANGİROĞLU