- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana səfəri və həmkarı Məhəmməd Rza Aştiani ilə görüşü siyasi müşahidəçilərin və ekspertlərin diqqət mərkəzindədir. Bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.
Məlum olduğu kimi, İran – Ermənistan əməkdaşlığı hər zaman özünün çoxqütblülüyü ilə fərqlənib. Əgər İran – Azərbaycan münasibətlərində zaman-zaman gərginliklər qeydə alınıbsa, bu baxımdan Tehran – İrəvan əlaqələrində hansısa diskomfort yaşanmayıb. Məsələyə bir qədər geniş yanaşsaq, İranın, böyük ölçüdə, nə Rusiya, nə Türkiyə, nə də Gürcüstanla problemi olub.
Onu da demək lazımdır ki, İranda anti-Azərbaycan və anti-Türkiyə qüvvələrin baş qaldırdıqlarını görmüşük. Bu mənfi meyil rəsmi Tehranın kursuna da təsir edib. Ümumən, İran – Azərbaycan münasibətlərindəki gərginliyin hər zaman Ermənistan fazasının olduğunu da vurğulamalıyıq.
Digər tərəfdən, vaxtilə Ermənistanın İrana yanaşmasında Rusiya faktoru mühüm rol oynayıb. Yəni, Moskva hara qədər icazə veribsə, İrəvan həmin məsafəyədək Tehranla işbirliyi qurub. Əslində, mövcud reallığı İslam respublikasının rəsmi dairələri də yaxşı biliblər. Sadəcə, durum onlara sərfəli olduğundan, əməkdaşlıq xəttini davam etdiriblər.
Demək olmaz ki, 2018-ci ildə Qərbpərəst Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın Qərbin düşməni kimi qəbul edilən İranla münasibətlərində hansısa soyuqlaşma qeydə alınıb. İrəvan rəsmiləri anlayıblar ki, eyni anda həm Azərbaycana, Türkiyəyə və Rusiyaya, həm də İrana qarşı çıxmaq mümkünsüzdür. Yəni, bu səriştəsizlər və siyasi qısırlar yığını, heç olmasa, bu məsələdə düzgün davranıblar.
Ermənistan rəhbərliyi İranın, xüsusən, 44 günlük müharibədən sonrakı mövqeyinə arxalanmaq xətti seçib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçıran rəsmi İrəvan ölkənin ərazi bütövlüyü və suverenliyi məntiqini, belə demək mümkünsə, satışa çıxarıb. Obrazlı desək, bu məntiqin ən birinci “alıcısı” məhz İran olub. Beləliklə, rəsmi Tehranın Azərbaycanın “Zəngəzur dəhlizi” (Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol – red.) ideyasına qarşı çıxmasına dair siyasi klişe yaranıb.
Ancaq o zaman İrəvan Qərbi Cənubi Qafqaza indiki qədər əzmlə gətirməmişdi. Paşinyan Naxçıvana yola özünün də imzasının yer aldığı üçtərəfli bəyanatda əksini tapmış təminat məsələsini Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması kontekstində yanaşmış və mövcud istiqamətdə manipulyasiyalara əl atmışdı. İslam respublikası isə İran–Ermənistan ənənəvi quru yolunun bağlanmasının yolverilməzliyi üzərində dayanmışdı. Halbuki, sonradan tam aydın oldu ki, Azərbaycanın Naxçıvana yolu Ermənistan ərazisinə qəsb deyil. Bakı, sadəcə, həmin yolda sərhəd və gömrük nəzarətinin tətbiqini istəmir. Yəni, “Azərbaycandan Azərbaycana yol” məntiqini əsas götürür.
O da məlumdur ki, hazırda Ermənistan bu məntiqə, başqa sözlə desək, ölkəmizin mövqeyinə Qərbə arxalanaraq qarşı çıxır. Mövcud prosesdə biz Qərbin Cənubi Qafqaza daha çox nüfuz etmək və Rusiyanı bölgədən tamamilə sıxışdırmaq niyyətini görürük. Heç şübhəsiz, durum İranın da diqqət mərkəzindədir və bunu Aştiani ilə Papikyanın Tehran görüşündə səslənmiş fikirlərdən də duymaq mümkündür.
Ancaq hələ buna qədər vurğulanmalı bir məqam da var. Söhbət “3+3” regional platformasından gedir. O platforma ki, “region region ölkələri üçündür” prinsipini rəhbər tutur. Ermənistan sözügedən müstəvidə təmsil olunur. Ancaq onun təmsilçiliyi candərdi xarakter daşıyır. Əksinə, İran üçün məsələ son dərəcə aktualdır və kifayət qədər ciddi təminatdır. Cənubi Qafqazın ənənəvi oyunçuları Azərbaycan, Türkiyə və Rusiya Tehranı əmin edirlər ki, “3+3” həm də onun regional maraqlarının nəzərə alınmasıdır. Əlbəttə, bu xüsusda region dövlətlərinin sərhədlərinin dəyişməzliyi amili də var ki, bu isə İranın hazırkı mövqeyi ilə səsləşən siyasi tezisdir.
Bəs Ermənistan hansı xətti götürür? İrəvan əvvəlki kimi, ölkənin ərazi bütövlüyü və suverenliyi məntiqini satışa çıxarır və görünür, Qərb özünün Cənubi Qafqaz avantürizmi müstəvisində İrandan daha yaxşı alıcıdır. Əgər hazırda Tehran üçün sərhədlərin dəyişməzliyi prinsipi prioritetdirsə, Ermənistan özünün destruktiv mövqeyi ilə həmin prinsipə, bir növ, zor tətbiq etməklə məşğuldur. Birincisi, ölkə Azərbaycanla şərti sərhəddə təxribatlar törədir, Bakını işğalçı kimi qiymətləndirib silah-sursat alır. İkincisi, sürətli silahlanmanın Azərbaycana qarşı yeni müharibəyə başlamaq məqsədini yalnız biz yox, erməni mediasının özü vurğulayır. Belə olan halda, İranın prinsipial xəttində dəyişikliyin formalaşması mütləqdir. Çünki hazırkı durumda Azərbaycana qarşı müharibə həm də Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq əzminin göstəricisidir. Rusiyasız Cənubi Qafqaz məntiqinə gəldikdə, bu, o deməkdir ki, Moskvadan sonra növbə Tehranındır. Şübhəsiz ki, İslam respublikasında məsələnin yaxşı fərqindədirlər.
Yəqin, bütün bunlara görədir ki, Papikyanın Tehranda iranlı həmkarı Aştiani ilə görüşü heç də rəvan müstəvidə keçməyib. Regional təhlükəsizliklə bağlı məsələlərin müzakirəsinin aparıldığı görüşdə Aştiani bütün qonşularla əlaqələrin gücləndirilməsinin İran İslam Respublikasının xarici siyasətinin prinsiplərindən biri olduğunu bildirib. O, mövcud xüsusda Ermənistanla da əlaqələrə böyük əhəmiyyət verildiyini deyib. Müdafiə nazirinin bu fikirləri İranın regionda münasibətlər baxımından paritet yaratmaq istədiyinin göstəricisidir. Qeyd edək ki, indiyədək İran – Ermənistan təmasları baxımından mövcud ritorika heç də indiki qədər qabarıq olmamışdı. Hesab edirik ki, belə yanaşma ikincinin avantürizminin birinci tərəfindən qəbul edilməməsinin təsdiqidir.
Maraqlıdır ki, Məhəmməd Rza Aştiani İranın ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı prinsipinə sadiqliyini ölkəsinin regionda sülhün bərqərar olmasına dəstəyi kontekstində ifadə edib. Bu, nə deməkdir? Belə düşünmək mümkündür ki, əgər bölgədə sülhü pozmağa yönəlmiş qüvvələr aktivləşəcəksə, sözügedən prinsiplərin Tehran üçün heç bir əhəmiyyəti qalmayacaq. Həmin qüvvələrin kim olduqları isə hər kəsə yaxşı məlumdur.
Bəli, İran rəhbərliyi həmin qüvvələrin kimliyini yaxşı dərk edir. Elə məhz buna görə də cənab Aştiani bildirir ki, İslam respublikası Qafqaz regionu ilə bağlı siyasətinə sadiq qalacaq və Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyəcək. Birbaşa danışıq təklifini irəli sürən Bakıdır, ondan imtina yolu tutan isə İrəvan. O zaman Qərbin Cənubi Qafqazda möhkəmləndirmək məqsədinin olduğunu yenidən vurğulayaq. Aydındır ki, İran məhz bu tendensiyanı regional təhlükəsizlik üçün təhdid kimi görür. Ona görə ölkənin müdafiə naziri deyir ki, regional təhlükəsizlik region ölkələri tərəfindən dəstəklənməlidir və bu siyasətə zidd hansısa yanaşma heç bir şəkildə qəbuledilməzdir.
O zaman gəlin, görək S.Papikyan Tehranda iranlı həmkarı ilə görüşdə nələrdən söz açıb. Yox, elə düşünməyin ki, erməni nazir böyük mətləblərə baş vurub. Onun Aştianinin sadaladığımız fikirlərinin qarşılığında deyəcək heç bir tutarlı sözü ola bilməz. Fikrimizi erməni mediası da təsdiqləyir. Hiss olunur ki, Papikyan Tehrana getməyinə əməlli-başlı peşman olub.
Əslində, yazıda vurğuladığımız ayrı-ayrı məqamlarla İran – Ermənistan münasibətlərindəki hazırkı ziddiyyət trayektoriyasının müxtəlif qütblərini diqqətə çatdırdıq. Ancaq bu baxımdan erməni nazirin dilə gətirdiyi yalnız bircə cümlə (mediada ancaq bu cümlə yer alıb – red.) hər şeyi deyir: “Bizim üçün hər iki ölkənin regionda sabitliyə eyni münasibət bəsləməsi çox vacibdir”.
Bəli, Papikyanın əlavə olaraq Tehran və İrəvan arasında daha sıx ikitərəfli münasibətlərə çağırış səsləndirməsi yalnız və yalnız təfərrüatdır. Çünki İran və Ermənistan regional təhlükəsizlik və sabitlik məsələlərinə fərqli münasibət bəsləyirlər. Bunu Aştianinin fikirləri də göstərdi, həmin fikirlərə qarşılıq Papikyanın bircə cümləlik münasibəti də. Hiss olunur ki, İrəvan Tehranı özünün saxta səmimiyyətinə inandırmaq və qəti şəkildə öz tərəfinə çəkmək niyyətindədir. Tərəf bəllidir. Ən əsası isə Ermənistan tərəfində İrana nəinki yer olmadığı, ölkəni parçalamaq istəyən qüvvələrin pusquda dayandıqları da gün kimi aydındır.
Ə.RÜSTƏMOV