- Daxili siyasət
- 11:03 30.09.2024
Ermənistan–Avropa İttifaqı (Aİ) münasibətlərinin mülkidən daha çox hərbi xarakter daşıdığı əvvəlcədən bəlli idi. Fransanın dominantlıq etdiyi bu qitə təşkilatının Ermənistanda yerləşdirdiyi bədnam “mülki missiya”nın nadincliyi barədə dəfələrlə yazmışıq. Faktiki olaraq kəşfiyyat xarakterli missiyanı yerinə yetirən, istefadakı fransız jandermeriyasının və ordudan tərxis olunmuş alman hərbçilərinin təmsil olunduğu bu kontingent birtərəfli qaydada İrəvanı qorumaqla məşğuldur. İki ölkə arasında situasiyanın monitorinqini həyata keçirdiyini bəyan edən bu missiya ermənilərin Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara nəinki susur, əksinə, birtərəfli qaydada Bakını günahlandırmağa cəhd göstərir. Yeri gələndə isə faktları təhrif edir, reallığa uyğun olmayan məsuliyyətsiz bəyanatlar səsləndirir.
Məsələnin maraqlı tərəfi həm də odır ki, Yelisey sarayının diktəsi ilə hərəkət edən missiyanın davranışından ermənilərin özləri də məmnun deyil. Onlar bu barədə tənqidlərini açıq şəkildə yazır və dilə gətirirlər. Aİ missiyasının ünvanına həmin iradlar onun bölgədə mövcudluğundan qəti narazı Rusiyanın, yaxud İranın mediasında deyil, Ermənistan mətbuatında yayılır. Axı, sadəcə, adı mülki olan bu missiyanın Cənubi Qafqazda peyda olması Bakıdan da çox Moskvada və Tehranda qıcıq yaradır.
***
Rusiyanın “Grey Zone” teleqram kanalı Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının baş diplomatı Josep Borrelə məktubu ilə bağlı material dərc edib. Həmin məktubda Papikyan Aİ-dən Avropa Sülh Fondu (ASF) vasitəsilə “logistika və hərbi tibb sahəsində” Ermənistana yardım göstərilməsini istəyib. Papikyan yazır ki, bu yardım “Ermənistanın təhlükəsizlik arxitekturasının şaxələndirilməsində mühüm rol oynayacaq” və bu, “regionda mövcud reallıqları nəzərə alaraq, Ermənistan üçün həyati əhəmiyyətə malikdir”.
Məktubun məzmunundan göründüyü kimi, Ermənistan və Aİ arasında birgə əməkdaşlıq münasibətləri prinsipcə yeni mərhələyə qədəm qoyur. Bu, artıq Aİ-nin ASF vasitəsilə Ukrayna silahlı qüvvələri üçün səxavətlə həyata keçirdiyi layihənin Ermənistana “tamhüquqlu əməkdaşlıq” formasında yardım kampaniyası ola bilər. Papikyanın məktubundan bu məntiqi nəticə çıxır. Aydın məsələdir ki, “məktub olayı”nın ortaya çıxarılmasında başqa məqsədlər də var. Yəni, Moskva özündən sürətlə uzaqlaşmanın sürətlənməsi kontekstində İrəvana göstərmək istəyir ki, onun atdığı və atacağı bir addım belə Rusiya xüsusi xidmət orqanlarının diqqətindən kənarda qalmır.
Rəsmi İrəvanın atdığı bu addımın bir sıra məqsədlərdən xəbər verdiyini deyən Qərbi Kaspi Universitetinin professoru, siyasi şərhçi Fikrət Sadıxovun fikrincə, bununla Paşinyan hakimiyyəti elektoratı sakitləşdirməyə çalışır: “Demək istəyirlər ki, müharibədə Azərbaycana uduzmağımıza baxmayaraq, biz artıq silahlanmışıq və özünü müdafiə etməyə qadir dövlətə çevrilmişik. Digər tərəfdən, demək istəyirlər ki, baxın, bizi dəstəkləyən qüvvələr az deyil. Bu, həm də region ölkələrinə, o cümlədən Azərbaycana yönəlik ismarıcdır. Amma bu ideyanın nə dərəcədə reallaşacağını zaman göstərəcək. Çünki Aİ Ukraynaya yardım göstərmək planında bir sıra problemlərlə üzləşib. Misal üçün, Macarıstan buna etirazını bildirmişdi. Aİ üzvləri yalnız müxtəlif vasitələrlə Budapeşti ram edəndən sonra Kiyevə hərbi kömək edə bildilər”.
Tanınmış politoloq Papikyanın Borrelə məktubunun altında Paşinyanın beynəlxalq müstəvidə hesablanmış siyasi addımının gizləndiyini də istisna etmir: “Paşinyan ölkəsinin Rusiyaya çox tellərlə sıx bağlı olduğunu yaxşı başa düşür. İrəvanın atdığı yeni addımlar reallaşacağı təqdirdə, bu, Kremli ciddi şəkildə narahat edəcək. Bu narahatlıq və narazılığın, hətta, regionda, ilk növbədə, Ermənistanda hərbi qarşıdurmaya gətirib çıxaracağını istisna etmək olmaz. Belə texnologiyaların ustası sayılan Rusiya tərəfdaşlarına kömək adı altında Ermənistanda olduqca mürəkkəb hərbi-siyasi situasiya yarada bilər. Paşinyan bu cür təhlükəli oyunlara gedəndə, görünür, bu amilləri yaddan çıxarır. Bu, ya onun diplomat kimi səriştəsizliyindən, ya da bunu, guya, region ölkələrinə əzələ nümayişi kimi qələmə vermək planından irəli gəlir”.
***
İndi İrəvan sanki özü üçün nəyin pis, nəyin isə daha pis olduğunu aydınlaşdırmağa çalışır. S.Papikyanın J.Borrelə, demək olar ki, gizli məktubunu ələ keçirən Moskva bununla hər tərəfə çatacaq uzun qollara malik olduğunu bir daha göstərdi. Bu iki ölkənin münasibətlərində səsi eşidilən “həqiqət saatı”nın yaxınlaşdığının sübutu kimi başqa bir faktı da yada sala bilərik. Söhbət Antalyada keçirilən diplomatik forumda erməni həmkarı Ararat Mirzoyanın ona yaxınlaşmasını səbirlə gözləyən Rusiya Xarici işlər naziri Sergey Lavrovun, bu, baş vermədiyindən Moskvaya qayıtdıqdan dərhal sonra “ələkeçməz” diplomata telefon açmasından gedir. Telefon danışığının təfsilatı açıqlanmasa da, Lavrovun Mirzoyana Antalyada eşitməkdən qaçdığı nə barədəsə xəbərdarlıq etdiyi şübhə doğurmur.
“Əgər tezliklə erməni mallarının Rusiya ərazisinə girişi qadağan edilsə, buna təəccüblənmərəm. İrəvanın anti–Rusiya ritorikası üzərində bizim təsir rıçaqlarımız var”. Bu sözləri isə rusiyalı ekspert Yevgeni Mixaylov söyləyib. O, daha sonra erməni xalqına yazığı gəldiyini bildirsə də, fəqət İrəvan indiki siyasətini davam etdirərsə, bunun yaxşı heç nəyə gətirib çıxarmayacağına əminliyini ifadə edib.
Mövzu ilə bağlı “XQ”yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İrəvanın Moskva ilə artıq “va-bank”a getdiyini dedi: “Baş nazir Nikol Paşinyan, eləcə də hökumətin digər üzvləri açıq şəkildə bildirirlər ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub və bu qurumu tərk etmək barədə ciddi düşünür. Bu fikri Paşinyanın özü də açıqlayıb. Bu isə o deməkdir ki, lap yaxınlarda bu məsələ rəsmi şəkildə qaldırılacaq. Artıq İrəvan Moskvaya rəsmi məktubla müraciət edərək, rus sərhədçilərinin “Zvartnos” hava limanından çıxmalarını tələb edib. Yəni, Rusiya ilə aralarındakı körpülərin hamısını yandırmağa başlayıblar. İntəhası, Paşinyan onu da yaxşı anlayır ki, əgər o, Rusiyadan uzaqlaşırsa, bunun alternativini tapmalıdır. Yaranacaq təhlükəsizlik boşluğunu kimsə doldurmalıdır. Avropa İttifaqına müraciətlərin sayı məhz buna görə artıb. Üstəgəl, Ermənistanın bu quruma üzvlüyü ilə bağlı daxildə müzakirələr başlayıb. Bir növ Paşinyan məsələlərə kompleks yanaşır. O, başa düşür ki, əgər Rusyadan sürətlə qopacaqsa, həmin sürətlə o boşluğu doldurmalıdır. Əks–təqdirdə Moskva Ermənistanı və Paşinyanın özünü çox ciddi şəkildə cəzalandıra bilər”.
İrəvanın alternativ gücü yalnız Avropada gördüyünü vurğulayan E.Şahinoğlu Avropa İttifaqının Ukraynada necə hərəkət etdiyini də göz önünə almağın vacibliyini önə çəkdi: “Ukrayna az qala Avropanın tərkib hissəsi sayılan ölkə olsa da, artıq iki il idi Aİ Kiyevə normal hərbi texnika göndərə bilmirdi. İndiki vəziyyətdə Paşinyana da müxtəlif şirin vədlər verilə bilər. Amma bu, həmin vədlərin yerinə yetiriləcəyi mənasına gəlmir”.
***
Beləliklə, Ermənistan hökuməti Rusiya ilə münasibətləri aşkar şəkildə kəsməyə başlayıb. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistan hökuməti Moskva ilə əlaqələri nümayişkaranə şəkildə kəsir: “Buna səbəb axtarır, bir addımın ardınca digəri gəlir, bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə–desinlər, yavaş-yavaş KTMT-dən çıxmağı həyata keçirirlər. Sonra da Gümrüdəki 102-ci hərbi bazamızın çıxması məsələsini qaldıracaqlar”.
Bununla paralel olaraq, göründüyü kimi, “daşlar ölkəsi”ni cənubdan da sıxmağa başlayıblar. Həmin Papikyanın iki gün bundan əvvəl Tehrana səfər erməsi də əbəs deyildi. Eyni vaxtda Qərbyönlü erməni KİV-ində anti-İran isterikasının güclənməsi də təsadüf sayıla bilməz. Bu barədə özünün Telegram kanalında politoloq Sergey Melkonyan müəyyən fikirlərini paylaşıb. Onun tezislərinin Moskvanın Ermənistandakı “Verelq” kimi ideoloji ruporu tərəfindən dərc edilməsi müəyyən qənaətə gəlməyə əsas verir. Belə tezisləri, bir qayda olaraq, Rusiya əleyhinə təbliğat aparan saytlar və ayrı-ayrı şəxslər yayırlar.
İrəvanın yeritdiyi xarici siyasət xəttinin nəticələrini indidən görmək mümkündür. Ermənistan hakimiyyəti Rusiya ilə körpüləri yandırmaqda davam edərsə, digər tərəfdən, İranla da münasibətləri bilərəkdən pisləşdirərsə, o zaman yaranan boşluğu dolduracaq yeganə regional güc Türkiyə ola bilər.
Bu barədə fikirlərini “XQ” ilə bölüşən politoloq Fərhad Məmmədovun sözlərinə görə, İran indi “Ermənistandan gözləntilərinə cavab tələb edir: “O cümlədən Azərbaycanla şərti sərhəddə İran missiyasının yerləşdirilməsi, habelə Tehranın Moskva ilə birlikdə Qərbi Zəngəzurda hərbi bazasını yerləşdirməsi planı var. İran hazırda Hindistan silahlarının çatdırılması üçün Ermənistana öz ərazisindən istifadə imkanı yaradır və bu xidmətindən rəsmi İrəvanı şantaj etmək üçün yararlanmağa çalışır. Bu minvalla Ermənistan tədricən klassik tərəfdaşları arasında qarşıdurmaya sürüklənir və bu qarşıdurma informasiya cəbhəsində də davam edir”.
Münasibətlərin açıq qarşıdurmaya keçidin zaman məsələsi olduğunu deyən F.Məmmədov bunun qarşısını ilin əvvəlindən haqqında danışılan daxili siyasi böhran və ya növbədənkənar seçkilərin ala biləcəyinə diqqəti çəkdi: “Rusiya ilə İranın strateji müttəfiqliyini nəzərə alsaq, Moskva və Tehranın İrəvana eyni vaxtda təzyiq etmək qərarına gəldiklərini ehtimal etmək olar. Ermənistan mətbuatında İran əleyhinə kampaniya Paşinyan tərəfindən deyil, ABŞ səfirliyinin təşəbbüsü ilə aparılır. Bu kampaniyaya ABŞ-ın Ukraynadakı keçmiş səfiri və informasiya resurslarının formalaşdırılması üzrə mütəxəssis rəhbərlik edir”.
***
Hələlik Paşinyan eyni vaxtda iki, üç, yaxud daha çox stulda oturmağa cəhd edir. Amma görünən odur ki, Ermənistanın Qərb himayədarları artıq bu variantdan heç də razı deyillər. İndi Paşinyana təkcə daxildəki Rusiyayönlü müxalifət deyil, həm də ofisinin divarları arasında daha radikal Qərbyönlü düşərgə dayanıb. Bu arada Tehran səfəri zamanı İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşən Ermənistanın müdafiə naziri Suren Papikyan hər iki ölkənin regional sabitlik məsələsində oxşar mövqedə olmasının vacibliyindən, təhlükəsizliyə nail olmaq üçün əlaqələri daha da sıxlaşdırmağın əhəmiyyətindən danışıb. Öz növbəsində M.R. Aştiani bütün qonşularla münasibətlərin möhkəmləndirilməsinin İranın xarici siyasətinin tərkib hissəsi olduğunu, amma Ermənistanın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir Tehranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində qətiyyətli mövqeyini bir daha bəyan edib.
Cənubi Qafqazın təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır. Əks- halda, o, bu gün İrəvanın atdığı yanlış addımların sonucunda fövqəldövlətlər arasında hərbi teatr meydanına çevrilə bilər.
İmran BƏDİRXANLI