- Daxili siyasət
- 09:37 20.09.2024
Bu gün doğma Qarabağımızda gedən geniş bərpa-quruculuq işləri ilə bağlı xəbərlərə sevinirik. Yeni yollar çəkilir, binalar inşa edilir, torpağa onun sahibinin nəfəsi dəyir və bunları görən təbiət də canlanır.
Amma Xankəndidə binalar sökülür. Niyəsi hər kəsə məlumdur. Gəlin əvvəlcə sökülən binaların “tarixinə” qısaca nəzər yetirək.
Hayların “Artsax parlamenti” adlandırdıqları birinci binanın açılışı Xankəndidəki xunta rejiminin elan olunmasının 16-cı ildönümündə – 2007-ci il sentyabrın 2-də olub. “Təntənəli mərasimdə” iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan həmin tikilini “Dağlıq Qarabağ Respublikası”nın “möhkəm dayandığını” göstərən növbəti “sübut və möhtəşəm hadisə” adlandırıb.
“Artsax respublikasının qəhrəmanlarının xatirəsinə” inşa edilmiş ikinci bina. Onun tikintisi separatçı rejimin “müdafiə nazirliyinin” dəstəyi, eləcə də erməni diasporunun zəngin nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Moskvada həbs olunmuş, canını elə həbsxanada tapşırmış Levon Ayrapetyanın xeyriyyə fondu, Qarabağın işğal olunmuş ərazilərinə böyük sərmayə yatırmış “VALLEX-qrup”, Rusiyanın müxtəlif şəhərlərindəki erməni diasporlarının sponsorluğu ilə aparılıb. “Qəhrəmanlar binası”nın açılış mərasimi 2013-cü il mayın 9-da Ermənistanın o zamanki prezidenti Serj Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyanın iştirakı ilə keçirilib. Separatçı xunta rejimi həmin gün Xankəndinin mərkəzi meydanında düzənlədikləri “bayram tədbirində” həm də Şuşanın işğalını “qeyd” ediblər.
Yada salaq ki, Xankəndi şəhərinin baş planı hələ SSRİ vaxtında Azərbaycanın rəhbəri, ulu öndər Heydər Əliyev tərəfindən təsdiqlənib. Sovetlər dönəmində şəhərdə geniş inşaat işləri həyata keçirilib. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Bədnam qonşular xaricdəki dəstəkçilərinin hesabına torpaqlarımızı işğal etdikdən sonra Xankəndinin memarlıq simasını da haylaşdırmaqla məşğul olublar. Beləcə, şəhərin özünəməxsus şərq memarlığı tamamilə pozulub. Tamamilə doğru olaraq Xankəndinin milli memarlıq üslubuna zidd, hay zəkasının məhsulu sayılan əcaib-qəraib tikililərin hamısının sökülməsinə qərar verilib. Başqa cür ola da bilməzdi. Öz doğma şəhərlərində yaşayacaq vətəndaşlarımız niyə hər gün “işğal yadigarları” sayılan “separatçı abidələri” görməli və əsəbiləşməlidirlər?
Sökülən iki binanın adına fikir verin: “Artsaxı azad etmiş döyüşçülərin” şərəfinə tikilən “Veteranlar binası” və “Artsax parlamentinin” binası. “Parlament” adlanan bina Azərbaycana qarşı işğalın, hərbi cinayətlərin və soyqırımı ssenarilərinin yazıldığı, alçaq qərarların qəbul olunduğu terrorçu yuvası olub. Terrorun, separatizmin, riyakarlığın və nifrətin rəmzi olan həmin binalara nə bizim, nə də bəşəriyyətin ehtiyacı var. İşğal dönəmində Şuşada “dqr“ parlamentinin binasının bünövrəsi atılmışdı. Vətən müharibəsinin gedişində o bina topçularımızın nişangahına tuş gəldi. Yəqin ki, oxucular Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin binanın qarşısındakı çıxışını yaxşı xatırlayırlar.
İndi Xankəndidə tarixin ədalət axarı ilə baş verənlərə bəzi ölkələr hay-küylə yanaşır, xunta rejiminin “rəmzi”, “yadigar”ı kimi inşa edilmiş binaların sökülməsinə rəsmi İrəvan siyasi don geyindirməyə çalışırlar. Qoy səslərinin qalın yerinə salıb ürəkləri istədikləri qədər bağırsınlar. Bizim onlara qulaq kəsilməyə vaxtımız yoxdur. Çünki Qarabağı dirçəltməklə, ona işğala qədərki simasını qaytarmaqla məşğuluq.
Əgər Xankəndidə sökülən binalar daşınan əmlak olsaydı, yəqin separatçılar Qarabağdan köçərkən onları da unitaz kimi bellələrinə şələləyib özləri ilə aparardılar. Aparıb indi üz tutduqları xarici ölkələrdə basdırardılar. Axı həmin “hay memarlıq abidələrinin” harada olmasının onlar üçün nə fərqi var: Kaliforniyada, Marseldə, Beyrutda, yoxsa Armavirdə?
Biz öz işimizi görürük və bu işlərə qanını Vətən torpağına qatan minlərlə şəhidimizin ruhu şadlanır, qazilərimiz qürurlanır, qurtuluş savaşında çiynini çiynimizə dayamış, mənəvi dəstəyini əsirgəməmiş dostlarımız xalqımızla bərabər sevinir.
Bəli, biz qurub-yaradan xalqıq. Amma Azərbaycan vətəndaşına işğalı xatırladan hər şeyi silməkdə, yerlə-yeksan etməkdə də qərarlıyıq!