- Daxili siyasət
- 09:37 20.09.2024
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani deyib ki, İİR üçün region ölkələrinin beynəlxalq sərhədlərinin dəyişməsinə səbəb olacaq hər hansı geosiyasi dəyişikliklər qəbuledilməzdir. Cənab Kənani əvvəllər də oxşar bəyanatlar verib. Lakin indi onun söylədikləri Ermənistan siyasi dairələrində daha çox müzakirə olunmaqdadır. Sanki, cənab Kənani haylarda arxayınlıq yaradıb. Təxminən belə: nə istəyirik edəcəyik, İran arxamızdadır. Ancaq başqa məqamlar da var. Yazının son bölümündə məsələyə aydınlıq gətirəcəyik.
Qeyd edək ki, Kənani fikirlərini jurnalistlərin “Zəngəzur dəhlizi” ilə bağlı suallarını cavablandırarkən dilə gətirib. Nəticədə Ermənistan İrana arxayın kimi görünür. Nəzərə alaq ki, rəsmi İrəvan “Zəngəzur dəhlizi” məntiqini ölkənin ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi qiymətləndirir. Əlbəttə, bu ritorikaya üstünlük verilməsi heç də təsadüf sayılmamalıdır.
Ermənistan Azərbaycana qarşı çıxır və “Zəngəzur dəhlizi” kontekstində Bakının bəyanatlarına əhəmiyyətsiz yanaşır. Ölkəmiz isə Ermənistana heç bir ərazi iddiası irəli sürmür. Bakı, sadəcə, Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” kimi fəaliyyət göstərməsini istəyir. Yəni, həmin yolda sərhəd və gömrük nəzarəti olmasın. Heç şübhəsiz, rəsmi Tehran məsələnin bu qoyuluşundan xəbərdardır. O zaman sual olunur: nəyə görə cənab Kənani “Zəngəzur dəhlizi” ilə bağlı sualı cavablandırarkən, region ölkələrinin sərhədlərinin dəyişilməzliyi məntiqinə köklənir?
Əlbəttə, tam mümkündür ki, İran rəsmisi suala “Zəngəzur dəhlizi” məsələsinin sırf Ermənistan tərəfindən qəbul edilmə tərzinə uyğun reaksiya verir. Buna görə cənab Kənaniyə hansısa irad tutmaq istəyindən uzağıq. Bildirdiklərimiz bu baxımdan qiymətləndirilməməlidir. Ancaq Ermənistanın “Zəngəzur dəhlizi” məntiqini inkar etməsi səbəbindən, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun İran ərazisindən keçməsinə dair müqavimətinə nəzər salmalıyıq. Axı mövcud istiqamətdə Bakı-Tehran anlaşması var.
***
Bəli, hazırda Ermənistan rəhbərliyi Qərblə daha çox yaxınlaşmaq əzmini tipik erməni avantürizmi şəklində ortaya qoyur. Tehranın sərhədlərinin dəyişməsinin yolverilməzliyi ilə bağlı bəyanatını tirajlayan İrəvan nədənsə İran İslam Respublikası üçün digər prioritet sayılan məqamın üzərindən sükutla keçir. Məsələn, İranın rəsmi dairələri bildirirlər ki, region ölkələrinin işlərinə kənar müdaxilə yolverilməzdir. Baş nazir Nikol Paşinyan administrasiyası isə Qərbi Cənubi Qafqaza gətirməklə məşğuldur. Hər halda, İrana Avropa İttifaqının mülki müşahidə missiyasının onun sərhədlərində dayanması xoş deyil. Həm də ona görə xoş deyil ki, həmin missiyanın silahlı birliyə çevrilməyəcəyinə heç bir təminat yoxdur. Bir halda ki, Ermənistan sürətlə silahlandırılır, sözügedən missiyanın üzvləri də əllərinə silah ala bilərlər. Yeri gəlmişkən, onlar əksəriyyət etibarilə fransız jandarmları və pensiyaya çıxmış alman polisləridir.
Onu da nəzərə alaq ki, İran İslam Respublikası Qərb dünyasının barışmaz düşmənidir. Bu günün İranı Qərbin sanksiya siyasətinə ən çox məruz qalan ölkələrdəndir. Tehranın iqtisadiyyatının həmin sanksiyalardan necə böyük əziyyət çəkdiyi bəllidir. Üstəlik, Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsinə dair söz-söhbətlər gedir. Təsəvvür edək ki, ani siyasi kataklizmlər və Rusiyanın Ermənistana aşkar təzyiqi nəticəsində İrəvan tələm-tələsik AB-yə üzv qəbul edildi. O zaman kim təminat verə bilər ki, İranın Ermənistan ərazisindən keçməklə, Qara dənizə çıxış kimi nəzərdə tutduğu “qədim zamanlardan qalan yol”u bağlanmayacaq. Ermənistanın seçim qarşısında həmin yoldan imtina edəcəyi birmənalıdır. Görəsən, hadisələr bu səmtə doğru getsə, Tehran nə edəcək?
Əlbəttə, ehtimallara güc vermək məqsədindən uzağıq. Ancaq Ermənistan rəhbərliyinin aşkar Qərbpərəst xətti ortadadır. Hazırda sürətli silahlanma kursu götürmüş İrəvanın davranışları şübhə doğurur. “Zəngəzur dəhlizi” məntiqinə qarşı çıxan kollektiv Qərbin Naxçıvana yolun İran ərazisindən keçməsinə mənfi münasibətindən xəbərdarıq. Mövcud fonda son günlər Ermənistan – Azərbaycan şərti sərhədində birincinin törətdiyi təxribatlar göz önündədir. Bu təxribatların məramı aydındır – regional kommunikasiyalar Ermənistan ərazisindən keçməklə açılmırsa, yəni Azərbaycan buna qarşı çıxırsa, onu cəzalandırmaq, hətta, imkan daxilində işğal edib onun vəziyyətlə barışmasına nail olmaq. İranın belə niyyətlərdən xəbəri yoxdur?.. Ölkə Azərbaycanın torpaqlarının otuz ilə yaxın sürmüş işğalını susqunluqla, yalnız başdansovdu bəyanatlarla qarşılayıb. Görəsən, ikinci belə cəhd qeydə alınsa, Tehran nə edəcək? Yenə bitərəf qalacaq, yoxsa regionda sərhədləri dəyişdirmək cəhdinə qarşı cəbhə açacaq?
Ayrıca bunu da vurğulayaq – İran, əslində, cəbhəni indidən açmalıdır. Çünki hazırda “Zəngəzur dəhlizi” məntiqinin onun deyil, Ermənistanın ərazisindən keçməsini istəyənlər aktivləşiblər və ən müxtəlif vasitələrlə Azərbaycana təzyiq yolu tuturlar. Bu yerdə Naxçıvana gedən yola “Azərbaycandan Azərbaycana yol” məntiqində yanaşan rəsmi Bakı haqlı tərəfdir. Tehran ölkəmizin haqqını nəinki rəsmi qaydada tanımalı, eyni zamanda, müdafiə etməlidir.
İrəvan və havadarları Naxçıvana yolun İrandan keçməsinə əngəl törətməməlidirlər. Amma buna cidd-cəhdlə baş vururlar. Üstəlik, yeni müharibə hədə-qorxuları gəlirlər. Göstərmək istəyirlər ki, Naxçıvana yol, İrandan keçsə, həmin yolun təhlükəsizliyi olmayacaq. Məgər bu, regionda pozuculuq yaratmaq istəyi deyil? Bəlkə cənab Kənaninin münasibəti mövcud xüsusdadır? Ancaq...
***
Bəs Ermənistanda İrana yanaşma necədir? Artıq qeyd etdik ki, İrəvan Tehrana öz avantürizmini gerçəkləşdirmək baxımından sipər kimi yanaşır. Bu, öz yerində. Daha bir sual var: Qərbpərəst Ermənistan nə vaxtadək İrana, guya, onunla xoş münasibətlərdə, dostluq və qardaşlıq içərisində olduğunu göstərib imitasiya edəcək? Axı hazırda İrəvan ənənəvi dostlardan uzaqlaşmaq xətti götürür. Rusiya kimi tarixi hamidən üz döndərmiş Ermənistan İrana bunu etməzmi? Edər, özü də lap yaxşı edər.
Nəzərə alaq ki, İran Qərb üçün şiə fundamentalizminin mənbəyidir, ölkəyə terrorçu dövlət münasibəti göstərilir. İrəvanın mövcud baxışı dəyişdirmək üçün potensialı və niyyəti əsla yoxdur. Amma Qərbin anti-İran cəbhəsində aktiv təmsilçiyə çevrilmək ona dividend gətirər. Avantürist Ermənistan hakimiyyətinin bu dividenddən faydalanmaq arzusu şübhəsizdir. Görünür, elə buna görə də hazırda Ermənistanda İran əleyhinə təbliğata başlanılıb. Yəni, İran XİN-in sözçüsü N.Kənaninin açıqlaması məhz belə bir dövrə təsadüf edir.
***
Əvvəldə yazının son bölümündə aydınlıq gətirəcəyimizi bildirdiyimiz məsələyə gələk və deyək ki, Ermənistanda anti-İran təbliğatının nüvəsində iqtidaryönümlü informasiya resursları və ictimai xadimlər, Paşinyan hakimiyyətinə qarşı açıq şəkildə çıxmayan və onunla fəal əməkdaşlıq edənlər dayanırlar. Bəzi erməni politoloqların rəyləri onu deməyə əsas verir ki, hazırda mövcud təbliğatın bir neçə forması var. İlk forma budur: İran Azərbaycanın dostudur, ona görə Ermənistana kömək etmək fikrində deyil. İkincisi, İran Ermənistanın cənub rayonlarını ələ keçirmək istəyir, mövcud istiqamətdə Bakı və Ankara ilə sövdələşməyə hazırdır. Üçüncü məqam – İran Ermənistandan öz ərazisində hərbi baza yaratmağı tələb edir, Ermənistan bunun üçün özünü müdafiə edə bilməyən duruma düşməlidir. Aydındır ki, adi halda Qərbprəst Paşinyanın Tehranın hərbi baza yaratmasına şans tanıması mümkünsüzdür.
Ermənistanda Tehranla bağlı anti-təbliğatın motivindəki növbəti məsələ budur ki, guya, İran heç nəyə qadir deyil, ona görə onunla əməkdaşlığı dərinləşdirməyin mənası yoxdur. Erməni siyasilər Tehranın regionda kommunikasiyaların açılmasında maraqlı olmadığına dair fikri də tirajlayırlar. Onlar deyirlər ki, nəqliyyat kommunikasiyaları blokdan çıxarılmasa, Ermənistan təcriddə qalacaq. Hətta, belə bir tezis də aktualdır: İran bilərəkdən Ermənistana silah verilməsinin qarşısını alır ki, ikinci zəif olub, asılı vəziyyətə düşsün.
Maraqlı məqam isə ondadır ki, sadaladığımız tezislər ənənəvi olaraq Rusiya əleyhinə təbliğat aparan erməni saytları və ayrı-ayrı şəxslər tərəfindən də gündəmə gətirilib. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Paşinyan administrasiyası belə yanaşmaları dövriyyəyə buraxmaqla ölkədə anti-İran əhval-ruhiyyəsi yaratmaq fikrindədir. Nikol və tərəfdarları hesab edirlər ki, belə bir ab-hava Tehrandan uzaqlaşmaq qərarına haqq qazandırmağa və gələcəkdə ona qarşı çıxmağa əsas yaradacaq. Əlbəttə, təbliğatda erməni iqtidarının İranla hərbi-texniki əməkdaşlıqdan imtinaya haqq qazandırmaq məqsədi də var. Bütün bunlardan sonra İran XİN-in rəsmi nümayəndəsi cənab N.Kənaninin kefi çəkirsə, yenə sərhədlərin dəyişməsinin yolverilməzliyindən söz açsın. Amma yaxşı olar ki, fikrini bir cümlə ilə yox, əhatəli təqdim etsin. Sevə-sevə diqqət yetirərik.
Ə.RÜSTƏMOV