- Daxili siyasət
- 11:03 30.09.2024
Sərlövhənin altındakı sualın müəllifi hazırda Ermənistanda sığınacaq tapmış Qarabağ separatçılarının keçmiş liderlərindən biri, general–leytenant, “Artsax qəhrəmanı” Samvel Babayandır. O bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, regionda yeni müharibə qaçılmaz olacaq. Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə açıqlama verən Babayanın sözlərinə görə, yeni müharibədən qaçmağın və regional nəqliyyat qovşağından kənarda qalmamağın iki yolu var: “Ermənistan bundan sonra hansı yolla gedəcəyinə qərar verməli, siyasətini də bunun üzərində qurmalıdır”.
İndi Paşinyana “ağıllı məsləhətlər” verən Babayan beş ay bundan əvvələ qədər Ermənistan baş nazirinin “dqr”da ən inanılmış kadrı, Xankəndidəki separatçıların “ideoloji atası” sayılırdı. Bu, həmin Samvel Babayandır ki, Qarabağ ermənilərinin “xalq hərəkatı”nın mütləq “qələbə çalacağını” bəyan etmişdi. Bu gün isə Ermənistan və Azərbaycan arasında yeni müharibəni proqnozlaşdırmaqla məşğuldur. Qarşıdakı fəlakətdən qurtulmağın iki yolunu göstərən Babayanın fikrincə, birinci yol İrəvanın Azərbaycanı Naxçıvanla birləşdirəcək magistral yolun Meğri (Zəngəzur – red.) vasitəsilə açılmasını təmin etməsidir. Amma bu zaman həmin yol üzərində Ermənistanın suverenliyini qoruyub saxlamasının “vacibliyini” önə çəkir: “Amma bu təqdirdə bizim İranla problemlərimiz ola bilər. Tehran hesab edir ki, əgər Naxçıvana yol açılsa, onun Azərbaycana təsir imkanları azalacaq. Digər tərəfdən, bu gün Bakının İran vasitəsilə Naxçıvana çıxışı var”.
“Azadlıq” radiosuna müsahibəsində Babayan onu da qeyd edib ki, Paşinyanın “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi regionda heç də sülhə deyil, əksinə, müharibəyə aparıb çıxaracaq.
“Artsax qəhrəmanı”nın erməni cəmiyyətini yeni müharibə ilə qorxutması birinci dəfə deyil. O, keçən ilin dekabrında da rəsmi İrəvanın hazırladığı sülh müqaviləsini bu cür “yıxıb-sürümüşdü”: “20-25 ildən sonra mənim nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, amma, bu, sülh yox, müharibədir. Sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürlər. 100 il əvvəl olmuş hadisələrə görə bu gün Türkiyə ilə münasibət qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”. Babayanın belə ikibaşlı açıqlamaları kifayət qədərdir.
* * *
Yeri gəlmişkən, xatırladaq ki, Paşinyanın layihəsinə görə, Ermənistan öz gömrük və sərhəd nəzarətini tətbiq etməklə Naxçıvanla Azərbaycanı birləşdirən nəqliyyat kommunikasiyalarını açır, eyni zamanda, Azərbaycan ərazisindən İran və Rusiya ilə tranzit əlaqəsini əldə edir. Fəqət Paşinyanın “Dünyanın kəsişməsi” qərbli tərəfdarları tərəfindən dəstəklənsə də, regional güclərin diqqətindən kənarda qaldı.
Paşinyanın “Dünyanın kəsişməsi” layihəsinin niyə sülhə yox, müharibəyə səbəb olacağını açıqlayan S.Babayan narahatlığını belə ifadə edib: “Bu il Türkiyə Naxçıvanla sərhədə qədər 220 kilometrlik dəmir yolu və avtomobil yolunun tikintisi üçün tender elan edib. Azərbaycan Rusiya ilə sərhədinədək nəqliyyat rabitəsini bərpa edib, Rusiya isə öz növbəsində Azərbaycana qədər yeni avtomobil yolu çəkib. Eyni zamanda, Azərbaycanda Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolunun tikintisi başa çatdırılır. İrəvan isə Meğridən (Zəngəzurdan – red) keçən yolu açmaq istəmir. O, Naxçıvanla əlaqə saxlamaq üçün Kafan, Sisian, Zod və ya Dilicandan keçən Azərbaycan yollarını təklif edir. Azərbaycan bizim mövqeyimizə məhəl qoymadan artıq bu yolların tikintisini davam etdirir. Türkiyə hərbi büdcəsini 17 milyard dollardan 43 milyard dollara, Azərbaycan isə hərbi xərclərini 6 milyard manata çatdırıb”.
“Üfüqdə sülh görünmür və biz müharibəyə doğru gedirik", – deyən Babayan onu da xatırladıb ki, Azərbaycan Prezidentinin köməkçisi Naxçıvana gediş-gəlişin “Kalininqrad versiyası”nı təklif edib. O, bunun ardınca açıqlamasına ironik ton verməyə çalışıb: “Bu, maneəsiz səyahət variantlarından biridir”.
Separatçı generalın fikrincə, Ermənistan Meğridən keçən yol məsələsində Azərbaycana güzəştə getməklə İranın Naxçıvana təsirini azalda bilər. Amma bu zaman Babayan xatırladıb ki, İran Zəngəzur yolunun açılmasını özünün qırmızı xətti elan edib və Ermənistanın siyasi rəhbərliyinə öz mövqeyini çatdırıb.
“Növbəti addım rəsmi Tehranı incitməmək və bu yolun açılmasından imtina etməkdən ibarət deyil. Bütün hallarda ordunu gücləndirmək, Tehran və Moskva ilə əməkdaşlığı dərinləşdirmək lazımdır. İki yol var: Qərb bunu istəyir. Yəni qonşularımıza qarşı çıxmadan, həm də müttəfiqlərimizin maraqlarına zidd getmədən bu addımı atmağımızı tələb edir. Üçüncü variant yoxdur. Üçüncüsü “Dünyanın kəsişməsi”dir ki, bu da yeni hərbi qarşıdurmaya, regional müharibəyə gətirib çıxaracaq. Bu halda İran və Rusiya istəsələr də, istəməsələr də həmin müharibədə iştirak edəcəklər”, – deyə Babayan bildirib.
* * *
Özünün reallıqdan uzaq proqnozları ilə ictimai rəylə manipulyasiya etməyə çalışan “general–leytenant” bununla Ermənistanın üç od arasında qaldığını nümayiş etdirir. İrəvandanmı, Yelisey sarayındanmı aldığı tapşırığa uyğun olaraq, S.Babayanın açıqlamasının altından Azərbaycana qarşı qərəz, riyakar mövqe boylanır. İndiki məqamda “Azadlıq” radiosunun erməni xidmətinin Babayandan müsahibə götürməsi qətiyyən təsadüfi sayıla bilməz.
ABŞ-dan maliyyələşən bu radionun sifarişli yazılar yazmaq sahəsi üzrə ixtisaslaşan “Le Fiqaro”, “Le Point” kimi ermənipərəst nəşrlərdən fərqi yoxdur. Məhz həmin nəşrlərdə Azərbaycan Fransaya qarşı genişmiqyaslı informasiya hücumu təşkil etməkdə günahlandırılır. “Le Fiqaro” Yelisey sarayından verildiyi şübhə doğurmayan tapşırıqlar, tezislər əsasında heç bir fakt və arqumentə söykənməyən, cəfəng iddialar ortaya atır. Nəşrin yazdığına görə, Azərbaycan, guya, yeni müharibəyə hazırlaşır. “Erməni hərbçiləri Azərbaycan tərəfdən gözlənilən yeni müharibə təhlükəsi səbəbindən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib” – nəşr iddia edib. Qəzetin bu xəbərdarlığı ermənilərin özlərini belə təəccübləndirib.
İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması istiqamətində ikitərəfli danışıqların canlandığı indiki məqamda bu cür riyakar, ikiüzlü diplomatiyanın nümayiş etdirilməsini qərəzin son həddi adlandırmaq olar.
“Dahi strateq” Babayan Hayastanın düşdüyü böhrandan qurtuluş yollarını arayır. Amma bu zaman reallığı və sadə bir həqiqəti unudur ki, onun ölkəsi üçün ən optimal çıxış yolu Parisdə hazırlanan riyakar planların yedəyində getməmək, Bakının təklif etdiyi sülh prosesinə qoşulmaqdır. Axı həm daxildə, həm də xaricdə düçar olduğu uğursuzluq zolağından çıxa bilməyən Makron iqtidarı Ermənistana sağlam nə vəd edə bilər? Onun haylara “bəxşiş” edə biləcəkləri yalnız özlərinə sərf edən müharibə, səfalət və gərginlik ola bilər. Əslində, rəsmi İrəvanın özü də bu gün Fransanın içində çapaladığı rəzil durumu düzgün qiymətləndirməli, qonşuları ilə buna uyğun şəkildə davranmalıdır.
Özünü saldığı qondarma müharibə xofu fobiyasından ayıla bilməyən İrəvan Bakı ilə sülhə gəlməkdən savayı yolunun qalmadığını birdəfəlik anlamalı və bu həqiqəti qəbul etməlidir. Onu da başa düşməlidir ki, nə qədər ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu və daim qan qoxusu gələcək konstitusiyasını dəyişməyib, digər normativ-hüquqi sənədlərini beynəlxalq hüquqa uyğunlaşdırmayıb, o vaxtadək müharibə xofu “Damokl qılıncı” kimi Hayastan cəmiyyətinin başı üzərində parıldayacaq. Bunu biz arzulamasaq belə...
İmran BƏDİRXANLI