- Daxili siyasət
- 11:03 30.09.2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda Ermənistanla bağlı dilə gətirdiyi fikirlər İrəvan siyasi dairələrində əməlli-başlı təlaş doğurub. Əlbəttə, bu təlaş hələ heç də o demək deyil ki, rəsmi İrəvanın təmsilçiləri qorxudan tez-tələsik Kremlin orbitinə qayıtmaq barədə qərar verəcəklər. Əksinə, Rusiya XİN başçısının bildirdiklərinə münasibətdə müqavimət görürük. Müqavimət necədir və mövcud xüsusda hansı məqamlar qabardılır? Söhbətimiz, əsasən, bu barədədir. Ancaq əvvəlcə Lavrovun nə dediklərinə diqqət yetirək.
Beləliklə, Rusiyanın XİN başçısı bildirib ki, ölkəsi Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və əməli addımlarını həmin bəyanatları nəzərə alaraq planlaşdıracaq. İlk mesaj budur. Ancaq başqa mətləblər də var. Məsələn, Lavrov deyib ki, Rusiya öhdəliklərin yerinə yetirilməsi və birgə inteqrasiya strukturlarında iştirakı ilə bağlı Ermənistandan cavab alacağına ümid bəsləyir.
Yəni, bu vaxtadək İrəvana heç nə demirdik, artıq deməyə başlayacağıq. Gəldiyimiz qənaət XİN rəhbərinin növbəti fikirləri fonunda daha qabarıq nəzərə çarpır: “Biz həqiqətən istəyirik ki, erməni tərəfdaşlarımız qarşılıqlılıq prinsipinə əsaslanan müxtəlif inteqrasiya strukturlarında, o cümlədən, KTMT-də bizi bağlayan razılaşmaları necə həyata keçirmək istədiklərini özləri başa düşsünlər”.
Deməli, özləri başa düşsünlər, biz başa salmayaq. Əslində, bir qayda olaraq, Rusiya heç bir müttəfiqindən maksimalist tonda nə isə tələb etmir. Adətən, Kremlin hansısa dövlətlərlə bu baxımdan imzaladığı müqavilə yaxşı halda neytrallığı əsas götürür. Tutaq ki, Rusiya hazırda Ukrayna ilə müharibə aparır. Özü də Ukrayna müharibəsi, bütövlükdə, dünyaya qarşı açılmış savaş məntiqinə köklənib. Amma Moskva müttəfiq münasibətlərində olduğu heç bir ölkədən öz ordusu ilə ona kömək göstərməsini istəmir. Məsələ yalnız onda deyil ki, Rusiyanın hərbi qüvvələri kifayət qədər güclüdür və kənardan yardıma ehtiyac duymur...
Moskva müttəfiqlik anlamından daha çox tərəfdaşlarını müəyyənləşdirmək siyasi konseptinə köklənir. Ermənistan isə Rusiyanın birbaşa strateji müttəfiqidir. Söhbət konkret müqaviləli şəkildə müəyyənləşmiş müttəfiqlikdən gedir. Mənəvi anlamda da ikincinin birincidən nəyisə tələb etmək üçün daha böyük haqqı var. Ən azından, Rusiyanın otuz ilə yaxın müddətdə Ermənistanı bəslədiyini vurğulaya bilərik. Moskva, hətta, Birinci Qarabağ müharibəsi zamanı İrəvanın işğalçılıq niyyətlərinin gerçəkləşməsində də ciddi və həlledici rol oynayıb...
Bütün bunlara baxmayaraq, Lavrovun nəzərdə tutduğu qarşılıqlılıq prinsipində elə böyük mətləblər yoxdur. Ancaq, əlbəttə, böyük mətləblərin nəzərə alınmaması kimi durum da ola bilməz. Bir halda ki, Ermənistan baş naziri Nikol Paşinyan Parisə işgüzar səfəri zamanı “France 24” telekanalının efirindən ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu deyir, deməli, Lavrov və ya qeyrisi buna aydınlıq gətirilməsini istəməlidir. Dondurmaq nə deməkdir? İrəvan bu qədər özbaşınadır ki, Rusiyanın hakim rol oynadığı qurumla məzələnir?
Əlbəttə, Ermənistan KTMT-də qalmaq istəmirsə, bəyanat verib oradan çıxa bilər və məsələ tamamilə bağlanar. Yox, əgər bunu edə bilmirsə, sərsəm ritorikadan uzaq durmalıdır. Nəhayət, hər şeydə bir əndazə olmalıdır. İrəvan üçün isə əndazə anlayışı yoxdur. Çünki dövlətin başında siyasi etikadan tam uzaq birisi – Nikol Paşinyan dayanır.
Məlum olduğu kimi, indiyədək Ermənistan rəhbərliyi KTMT-ni, guya, üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırır. Rəsmi İrəvan bildirir ki, qurum 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan şərti sərhədində yaşanmış insidentə səssiz qalıb. Daha dəqiq desək, guya, Ermənistanın torpaqlarının işğalına göz yumub, məsələyə siyasi qiymət verməyib.
KTMT-nin Azərbaycan–Ermənistan münasibətləri, o xüsusən də ikincinin birincini işğalçı adlandırması ilə bağlı müştərək qərarı budur: Azərbaycanla Ermənistan arasında sərhədlər dəqiqləşmədiyindən, qurumun səlahiyyət dairəsini, daha doörusu, ikincinin ərazisinə təcavüzün gerçəkləşib-gerçəkləşmədiyini müəyyənləşdirmək mümkünsüzdür. Belə yanaşma həm də İrəvanın, ilk növbədə, Bakı ilə gərginliyi aradan qaldırmalı olduğunun mesajıdır. Nəzərə alaq ki, KTMT üzvlərinin hər birinin Azərbaycanla çox ciddi ikitərəfli münasibətləri var. Ancaq indinin özündə də İrəvan Bakı ilə əlaqələri qaydaya salmaqda maraqlı görünmür. Deməli, həm də KTMT üzvlərinin iradəsinə qarşı çıxır.
Əlbəttə, Ermənistanın istər KTMT müstəvisində, istərsə də digər istiqamətlərdəki anti-Rusiya davranışı Qərbin sifarişidir. Kreml neçə müəddətdir buna dözür və ümid bəsləyir ki, İrəvan öz məhvərinə qayıdacaq, Moskva ilə normal münasibətlər saxlayacaq. Ən azı, Qərbin anti-Rusiya cəbhəsində iştirakdan, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq oyunlarından geri duracaq. Belə bir hal isə müşahidə edilmir, üstəlik, Ermənistan hər ötən gün Rusiyaya qarşı yeni həyasızlıq motivləri uydurur. Mövcud durumda Lavrov dilə gəlməyib, İrəvana nələri isə xatırlatmayıb nə etməlidir?
***
Bəli, əvvəldə də vurğuladığımız kimi, S.Lavrovun haqqında söz açdığımız fikirləri Ermənistanın siyasi dairələrində təlaş yaradıb. Ancaq demək olmaz ki, bu hiss durumu düzgün səmtə doğru yönləndirmək, rasional davranma baxımından yetərlidir. Hazırda İrəvan, obrazlı desək, daha çox qorxusundan quyruğunu bulayan, ancaq hürməyi də yaddan çıxarmayan itin günündədir.
Məsələn, politoloq Armen Petrosyan deyib ki, Ermənistan–Rusiya münasibətlərində dərin böhran hökm sürür, bunu siyasi və sözlü atışmalar sübuta yetirir. O, böhranın dərinləşdirilməsi təşəbbüsünün kimdən gəldiyini söyləməyin çətinliyini vurğulasa da, Ermənistanın təşəbbüskar qismində çıxış etməsinin fakt kimi qələmə verilməməsinin tərəfdarıdır. Bu, o deməkdir ki, İrəvan münasibətlərin gərginləşməsində təşəbbüskardır, amma bunu heç də boş yerə etmir. Çünki Rusiyanın Ermənistandan gözləntiləri var. Gözlənti nədir? Azərbaycanla danışıqlar platformasında Rusiyanı seçmək. Görəsən, Rusiya bunu istəməməlidir? İstəməlidir, çünki 44 günlük müharibəyə son qoyaraq, Ermənistanı Azərbaycanın əlindən alan, ölkəni tam iflasdan qurtaran Moskvadır, nə Avropadır, nə də ABŞ.
Politoloq A.Petrosyan Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan və Rusiya nümayəndə heyətlərinin görüşünün reallaşmamasına da diqqət çəkib. Onun fikrincə, 2024-cü il qlobal dəyişikliklər baxımından həlledici olacaq və bu kontekstdə Rusiyanın aydın mövqeyi nəzərə çarpır. Petrosyan hesab edir ki, əgər əvvəllər Moskva Ukrayna probleminə görə İrəvandan gələn bəyanatlara və hərəkətlərə passiv reaksiyalar göstərir və özünə qarşı ikinci cəbhənin açılmasından yayınmağa çalışırdısa, indi qəti addımlara hazırdır. Rusiya deyir: “Ya bütün istiqamətlərdə bizimləsən, ya da heç bizimlə deyilsən!”.
Erməni politoloq onu da bildirib ki, 2024-cü ilin aprel ayında Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Moskvanın Ermənistana qarşı daha aydın addımlar atacağı gözləniləndir. “Məsələn, Rusiya Ermənistanda qazın qiymətini artırarsa, bu, ciddi iqtisadi problemlər yaradacaq. Amma çətin ki, Ermənistana qaz nəqli dayandırılsın. Çünki bu, Ermənistan hakimiyyətinə deyil, Rusiyada bütün səviyyələrdə dost elan edilmiş erməni xalqına qarşı qeyri-dost addım kimi qəbul olunacaq”, – deyən Petrosyanın erməni həyasızlığına kökləndiyi tam aşkardır.
Bəli, erməni ictimai rəyini təmsil edən şəxslər Moskvanın qəti addımlarına qarşı mənəvi amillərdən yararlanmağa çalışacaqlar. Bu, hiss olunmaqdadır. Əlbəttə, onlar başqa məqamları da gündəmə gətirirlər. Məsələn, Petrosyan deyir ki, Rusiyanın iqtisadi sıxmaları nəticəsində Ermənistan hakimiyyətinə qarşı əhali arasında daha kəskin narazılıq formalaşacaq. Bu isə qonşu ölkələrin – Azərbaycanın, Türkiyənin və İranın öz enerji resurslarını İrəvana satmasına şərait yaradacaq.
Heç şübhəsiz, belə bir ritorikanın yada salınması Moskvanı şantaj cəhdidir. Nəzərə alaq ki, Petrosyan tək deyil. Lavrovun açıqlamasından sonra haqqında söz açdığımız məsələni gündəmə gətirənlər siyasi meydanda, necə deyərlər, at oynatmağa başlayıblar.
A.Petrosyan açıqlamasında başqa mesajları da çatdırır. Deyir ki, Ermənistan rəhbərliyinin Avropa Birliyinə üzvlüyə namizəd statusu üçün ərizə verməyə hazır olması ilə bağlı bəyanatları Moskvanın kəskin addımları qarşılığında İrəvanın nə edə biləcəyinə dair Rusiyaya açıq siqnalın ünvanlanmasıdır. Onun sözlərinə görə, Aİ bu halda çox cəld reaksiya verəcək. Çünki qurum Ermənistanı Rusiyadan tam qoparmaq üçün fürsət gözləyir.
***
Sonda bildirək ki, politoloq A.Petrosyan hazırda Ermənistanın hakim siyasi komandasına yaxın çevrələrin təmsilçisi statusundadır. Yəni, bu şəxs Moskvanın İrəvana qarşı tutarlı addımlarına qarşı cavab məntiqi üzrə, bir növ, ümumiləşdirilmiş obrazdır. Əlbəttə, qarşıdakı müddətdə belə obrazların sayının artacağını gözləmək mümkündür. Onlar özlərinin bəyanatları ilə Rusiyanı daha da qıcıqlandırmaq yolu tutacaqlar.
Əlbəttə, S.Lavrovun Antalyada səsləndirdiyi fikir fonunda Kremlin Ermənistana qarşı birmənalı sərt ritorikaya əl atacağını söyləmək tələsik olardı. Amma, hər halda, mesaj var idi. Hazırda İrəvandakı reaksiyalar bu mesajın, belə demək mümkünsə, süngü ilə qarşılandığının təsdiqidir. Deməli, Ermənistan hakimiyyəti anti-Rusiya fəaliyyətini aktiv saxlayacaq.
Ə.CAHANGİROĞLU